Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Rusiyanın “İrAero” aviaşirkəti Ufadan Bakıya uçuşları bərpa edir

    Rusiyanın “IrAero” aviaşirkəti aprelin 4-dən Ufa hava limanından Bakıya uçuşları bərpa edəcək.

    "Report" aviadaşıyıcıya istinadən xəbər verir ki, Ufa-Bakı marşrutu üzrə uçuşlar cümə axşamı günləri "Superjet-100" təyyarəsi ilə həyata keçiriləcək.

    Qrafikə əsasən, təyyarə Ufadan Bakıya yerli vaxtla saat 11:00-da yola düşəcək və saat 12:40-da Azərbaycanın paytaxtına çatacaq. Uçuş müddəti 2 saat 40 dəqiqədir.

    Uçuşlar cari ilin aprelin 4-dən oktyabrın 24-dək müddətdə həyata keçiriləcək.

    Ufa hava limanından verilən məlumata görə, Ufadan Bakıya uçuşlar həmçinin “Azerbaijan Airlines” (AZAL) və “Utair” şirkətləri tərəfindən həyata keçirilir.

  • “Tour Press Club” jurnalının əməkdaşları L.və M.Rostropoviçlərin ev-muzeyində

    Rusiyanın Sank-Peterburq şəhərində nəşr olunan “Tour Press Club” jurnalının baş redaktoru Anatoli Kovalev və jurnalistlər, blogerlər aprelin 2-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin qonağı olublar.

    Bu barədə AZƏRTAC-a muzeydən bildirilib.

    Bakıda doğulan Anatoli Kovalev bildirib ki, Bakı şəhərində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyinin olduğunu bilən kimi muzeyi ziyarət etmək istəyib.

    Muzeyin əməkdaşları tərəfindən qonaqlara muzey haqqında geniş məlumat verilib. Leopold və Mstislav Rostropoviçlərin həyat və yaradıcılığı ilə yaxından tanış olan qonaqlar bir daha bu iki dahi musiqiçinin yaradıcılığına heyran qaldıqlarını söyləyiblər.

    Qonaqlar muzeyin xatirə kitabına ürək sözlərini və təəssüratlarını yazıb, xatirə şəkilləri çəkdiriblər.

    Qeyd edək ki, “Tour Press Club” jurnalı 2000-ci ildən nəşr olunan peşəkarlar üçün ixtisaslaşmış nəşrdir. Turizm və mədəniyyət bir-biri ilə sıx bağlıdır və bunu jurnalın səhifələrində çıxış edən məşhur ekspertlər də təsdiqləyir. Jurnalın alıcıları arasında məşhur muzeylər, teatrlar, konsert salonları var.

  • “Aşıq dastanları” adlı çoxcildlik nəşrə hazırlanır

    Azərbaycan Aşıqlar Birliyində (AAB) növbəti layihə həyata keçirilir. Bu dəfə aşıq dastanlarına üstünlük verən AAB-də nəşrə hazırlanan “Aşıq dastanları” adlı çoxcildlik antologiyanın birinci cildi artıq yaxın günlərdə çap olunacaq.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, bu, yeni səciyyəli bir nəşridir. Burada əsas məqsəd klassik aşıq dastanlarının çağdaş aşıqların repertuarında hansı səciyyədə yaşadığını və gələcəyə daşındığını göstərməkdir. Təqdim olunan dastanlar son illərdə ustad aşıqların dilindən və repertuarından yazıya alınıb. Təqribən otuza yaxın dastanın yer alacağı bu antologiyada XXI əsrin ilk rübündə saz-söz aləmində dəyərli xidmətləri olan Arif Əsgərov, Hüseyn Qoşqarlı, Məmməd Bozalqanlı, Ürfan Əli, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Elbrus Hüseynov, Şöhrət Kərimov, Elməddin Məmmədli, Ağamurad Şirvanlı, Elman Talıstanlı, Babək Şakirli, Şəhriyar Qaraxanlı və bu sıradan olan başqa dəyərli saz-söz sənətkarlarının söylədikləri dastanlar canlı ifadan yazıya alınaraq lüğət və şərhlərlə birlikdə oxuculara təqdim olunur.

    Antologiyanın birinci cildində doqquz dastan yer alıb.

    Saz-söz ictimaiyyətinə, aşıqşünas, musiqişünas və folklor araşdırıcılarına dəyərli bir töhfə olan antologiyanın elmi məsləhətçisi AAB-nin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfi doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

  • “Qobustan” jurnalının Türkiyədə xüsusi nömrəsi işıq üzü görüb

    “Qobustan” sənət toplusunun Türkiyədə xüsusi yaz nömrəsi işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, ötən ilin noyabr ayında Türkiyənin nüfuzlu ədəbi təşkilatı olan Türk Ədəbiyyatı Vəqfi və onun mətbu orqanı “Türk ədəbiyyatı” dərgisi ilə qarşılıqlı razılaşmaya əsasən bu nömrə türk mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına həsr olunub.

    Jurnalda Xalq yazıçısı Anar, akademik İsa Həbibbəyli, professor Vilayət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, şair-publisistlər Fərid Hüseyn, Aysel Xanlarqızı, Pərvin Nurəliyeva, sənətşünaslar Natiq Əfşar, Dürdanə Qurbanova və digər müəlliflərin məqalə və esselərində böyük türk mədəniyyətinin müxtəlif istiqamətləri təhlil olunub.

    Bu nömrədə, həmçinin yazıçı-tərcüməçi İmdat Avşar kimi müəlliflərin timsalında qardaş türk yazılı ədiblərinə də yer verilib. Türk və Azərbaycan mədəniyyətini vəhdətdə göstərən dərgi qardaşlığın sənətdəki əksini də önə çəkib. Dərginin bu nömrəsində redaksiya heyəti bir yeniliyə də imza atıb. Belə ki, dərginin mündəricatında QR kodu oxutmaqla yeni, “Baş redaktor təqdim edir” rubrikasını videoformatda izləmək imkanı yaranır. Bir neçə dəqiqədə dərgidəki yazıların ümumi ideyasını ifadə edən redaktor Pərvin Nurəliyeva “Qobustan”ın bu nömrəsini niyə oxumalısınız? - sualının cavabını oxucularla bölüşür.

    P.Nurəliyeva dərginin bu nömrəsi ilə bağlı digər yenilikləri də bölüşüb: “Bu ildən qarşımıza yeni hədəflər qoymuşuq. Görünən odur ki, zaman internet və sosial şəbəkələr zamanıdır və bu vasitələrlə oxucuya çatmaq, ona xitab etmək daha doğrudur. Əlbəttə ki, bizdən ötrü bu, yeni bir yoldur, hələ incəlikləri öyrənməyə çalışırıq. Amma bununla belə necəsə başlamağa və ədəbiyyat aləmindən uzaq internet izləyicilərinə də necəsə görünməyə çalışırıq. Dərginin sosial şəbəkə hesablarında qısa, amma maarifləndirici videomateriallar yerləşdirməklə, qısa özəti yenə videoformatda danışmaqla müəyyən bir təbliğat yolu tapmaq istəyirik”.

    Onun sözlərinə görə, bu xüsusi nömrənin “Poeziya” əlavəsi də yaxın günlərdə işıq üzü görəcək: “Türkiyə özəl sayının kitab əlavəsi də çapdadır. Yaxın zamanlarda çağdaş türk poeziyasının orjinal nümayəndələrindən biri Furkan Çalışkanın şeir kitabını da oxucularımıza təqdim edəcəyik. Şeirləri Azərbaycan dilinə şair Aysel Xanlarqızı çevirib”.

  • Görkəmli musiqiçi Rafiq Babayevin 88 illiyi münasibətilə konsert təşkil edilib

    Şəhriyar adına Mədəniyyət Mərkəzində “JIDIR JAZZ” layihəsinin təşkilatçılığı ilə Azərbaycan caz səhnəsinin əsas simalarından biri olan Rafiq Babayevin anadan olmasının 88-ci ildönümü münasibətilə konsert keçirilib.

    AZƏRTAC xəbər verir ki, Mərkəzin foyesində görkəmli bəstəkar və musiqiçiyə həsr olunmuş fotoşəkillərdən ibarət sərgi təşkil edilib. Buradakı eksponatlar vasitəsilə caz həvəskarları və pərəstişkarları Rafiq Babayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat əldə edə biliblər.

    Musiqili axşamın özü təkcə Rafiq Babayevin yaradıcılığını və irsini ən dərindən təqdim edən xüsusi hadisəyə çevrilmədi. Aparıcı, Əməkdar mədəniyyət işçisi Rahib Azəri səhnədən ətraf aləmin əksini öz yaradıcılıq axtarışlarında tapmış musiqiçinin həyatının müxtəlif dövrlərindən xüsusi hərarətlə danışdı. Böyük istedada malik olan bəstəkar çoxlu sayda caz parçaları, xalq və estrada mahnılarının çoxsaylı aranjemanları, iyirmidən çox kinofilm üçün musiqilər bəstələyib.

    İlhamə Qasımova və Hidayət Sadıxbəylinin ifasında təqdim olunan musiqi əsərlərinin premyeraları ilə Rafiq Babayevin kamilliyə can atmaqdan yorulmayan, başqa musiqiçilərin bəstələri üzərində səhərdən axşamadək işləməyi bacaran, onların gündəlik həyatımızın ritmində yox olmasının qarşısını alan və qoruyub saxlayan, gələcək nəsillərə çatdıran əsl yaradıcı insan kimi böyük xidmətləri bir daha vurğulanıb. Tofiq Cəfərov və Ələsgər Abbasov da Rafiq Babayevə həsr olunmuş xüsusi yazılmış caz kompozisiyalarını ifa ediblər.

    Musiqili gecə aktiv dünya konsert fəaliyyəti səbəbindən bir tədbirdə toplaşması çətin olan iştirakçıların tərkibi ilə zaldakı tamaşaçıları heyran edib. Səhnədə Firudin Həmidov ilə “H3 Collective” qrupu, “QAYA” ansamblı, Ənvər Sadıxovun “Qaytağı” qrupu, Ələsgər Abbasov, Teyyub Aslanov və Nicat Aslanovun triosu, Emil Əfrasiyab, “Cəngi” qrupu ilə Mircavad Cəfərov, “Savab” qrupu ilə Cəmil Əmirov, Salman Qəmbərovun “Bakustic Jazz” ansamblı, Əfqan Rəsulun triosu, Tofiq Cabbarov və “Bakuba” qrupu, Vasif Ayyanın triosu və digər musiqiçilər çıxış ediblər.

    Bəstəkarın qızı Fərizə Babayeva qeyd edib: “Deyə bilərəm ki, bu, Rafiq Babayevə həsr olunmuş ən parlaq konsertdir. Hər şeydən əvvəl ona görə ki, onun “məkanına” çoxlu amillər daxil olub. Birincisi, konsert günü şəhərdə olan bütün musiqiçilər konsertdə iştirak etmək arzusunu bildirdilər. Səhnəyə çıxan on beş heyət öz sözünü deyir. İkincisi, bu konsertin artıq kiçik layihələrə imza atmış caz musiqiçilərini və müxtəlif peşə sahiblərini birləşdirən gənclər birliyi olan “JIDIR JAZZ” layihəsinin təqdimatına çevrilməsi və onların təşkilatçı qismində çıxış etməsi çox vacibdir. Bu, “JIDIR JAZZ”ın debütü idi və uğurlu alındı. Konsertdən əvvəl foyedə nümayiş etdirilən fotosərgi də musiqili gecə üçün uyğun ahəng və ab-hava yaratdı. Orada, foyedə rəssam Şərqiyyə Rəhmanlının gözəl əsəri sərgilənirdi - o, bu rəsmdə Rafiq Babayevin musiqisinin enerjisini çatdırıb. Xüsusilə qeyd etmək istərdim ki, konsert zamanı biz Rafiq Babayevin ifasında caz standartlarının ilk notlarını təqdim etdik. Kompozisiyalardan biri gecədə iştirak edən Fərəc Qarayev üçün sürpriz olub. Məlum faktdır ki, atamın vəfatından sonra praktiki olaraq heç bir musiqi notu qalmayıb. Onun bütün musiqiləri bu gün yalnız audio versiyada mövcuddur. Bu axşam isə Afşin Əlizadə və Pərviz Quliyevin audioyazılarından köçürülərək çap olunmuş “Bir cənub şəhərində” (F.Qarayev) və “Təxminə” (E.Sabitoğlu) filmlərinin caz təfsirlərindən ibarət dəftərlər təqdim olunub. Nəhayət, mənim üçün bu konsertin dəyərli cəhəti bir neçə nəslin iştirakı oldu. Musiqiçilər iki nəsildə ifa ediblər: Ənvər Sadıxov və onun oğlu, Ələsgər Abbasov və qızı, Teyyub Aslanov və oğlu, həm də nəzərə alsanız ki, bu layihənin təşkilində qardaşım oğlu Natiq Kələntərli və oğlum Mikayıl Hüseynzadə də iştirak edib, bu, artıq Rafiq Babayevdən sonrakı üçüncü nəsildir!”

    Özünün unikal üslubu və milli caz musiqisinə böyük töhfəsi ilə seçilən Rafiq Babayev bu konsertdə müasir Azərbaycan musiqisi mədəniyyətinin əsas simalarından biri kimi təqdim olundu. Dahi bəstəkar Qara Qarayevin təbiri ilə desək, “...Rafiq Babayev demək olar ki, hər şeyə qadirdir!”

  • “Avroviziya-2024”də təmsilçilərimizin səhnə quruluşçusu bu şəxs olacaq

    “Avroviziya-2024” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Fahree və İlkin Dövlətovun ifa etdiyi “Özünlə apar” mahnısının səhnə quruluşçusu ukraynalı Evgeni Timoxin olacaq.

    Bu barədə AZƏRTAC-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

    İctimaiyyətə və incəsənət aləmində daha çox Timó kimi tanınan Evgeni Timoxin 2004-cü ildən rejissor, səhnə quruluşçusu və klipmeyker kimi fəaliyyət göstərir. 2006-cı ildə onun musiqi klipi Eurovideo Grand Prix müsabiqəsində 1-ci yerə layiq görülüb. 2011-ci ildə onun “LOVE” musiqili videosu 24 saatdan az müddətdə bir milyondan çox baxış yığıb ki, bu da keçmiş sovet ölkələri arasında ilk belə göstəricidir. Timó bir sıra beynəlxalq layihə və müsabiqələrdə iştirak edib, onun yaratdığı səhnə və kliplər Beyonce, Lady Gaga, Madonna kimi tanınmış ifaçıların prodüser və xoreoqrafları tərəfindən yüksək dəyərləndirilib.

    Evgeni Timoxin Azərbaycanda ilk dəfə İctimai Televiziyada yayımlanan və böyük marağa səbəb olan “Maska" şousunun musiqili səhnələrinin quruluşçu rejissoru olub.

    Beləliklə, “Avroviziya-2024” müsabiqəsində Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov Timó-nun qurduğu səhnə ilə bu ilin 7 may tarixində İsveçin Malmö şəhərində çıxış edəcəklər.

  • “Nəcəf bəy Vəzirov – 170” adlı kitab sərgisi açılıb

    Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı, maarifçi dramaturq, nasir və publisist Nəcəf bəy Vəzirovun doğum günü münasibətilə “Nəcəf bəy Vəzirov – 170” adlı kitab sərgisi açılıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə dramaturqun zəngin ədəbi fəaliyyətini gözlər önündə canlandıran əsərləri, həyatı və yaradıcılığı haqqında kitablar nümayiş olunub.

    Sərgi bir həftə davam edəcək.

    Qeyd edək ki, Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 2-də Şuşa şəhərində anadan olub. Azərbaycan dramaturgiyasının inkişafında, onun ideya-estetik məzmun, bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında ədibin müstəsna rolu olub. O, bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli azadlıq hərəkatına yaxından kömək göstərib, Azərbaycanda feodal-patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib. N. bəy Vəzirov humanizm, yüksək bəşəri idеallar tərənnüm еdən, bədii və ictimai fikir tariximizdə xüsusi yеr tutan “Müsibəti-Fəxrəddin” əsəri ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub.

    O, “Yağışdan çıxdıq yağmura düşdük", “Əti sənin, sümüyü mənim”, “Ev tərbiyəsinin bir şəkli”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Dələduz”, “Vay şələküm-mələküm”, “Pul düşkünü Hacı Fərəc”, “Ağa Kərim xan Ərdəbili”, “Pəhləvani zəmanə”, “Keçmişdə qaçaqlar” və s. kimi qiymətli əsərlərin müəllifidir. Eyni zamanda, müxtəlif mətbuat səhifələrində -“Həyat”, “İrşad”, “Təzə həyat”, “Tərəqqi”, “Yeni irşad”, “Sədayihəqq”, “Açıq söz” və “Mirat” qəzetlərində publisistik yazılarla çıxış edib.

  • Rus Dram Teatrının aprelin 1-15-nə olan repertuarı

    5 aprel – “Üç gözəl”

    Valentin Krasnoqorovun pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.

    6 aprel – “Yuxularımdan çıx”

    İkipərdəli melodrama Xalq yazıçısı Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı əsasında səhnələşdirilib və ədibin 80 illik yubileyinə həsr olunub. Onun premyerası 2018-ci il iyunun 30-da olub. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.

    Zaur və Təhminənin ehtiraslı eşq macərasından bəhs edən tamaşada mühafizəkar cəmiyyətdə belə sevgilərin xoşbəxt sonluqla bitmədiyi vurğulanır. Zaurun ailəsi intriqalar və öyüd-nəsihət yolu ilə onu fikrindən daşındırmağa çalışır və qonşunun Firəngiz adlı qızı ilə evləndirir. Amma o, vəfatından əvvəl vida məktubu yazan Təhminəyə olan hissələrini unuda bilmir, sevdiyi qadının obrazı yuxularından çıxmır.

    7 aprel - “Sevgi, @ nöqtə.RU” (“Любовь, собак@Точка.RU”)

    Leon Aqulyanskinin pyesi əsasında komediya özündə həyatın daimi məsələlərini, çoxsaylı komik səhnələri və parlaq aktyorların mənasız davranışını birləşdirir. Premyerası 2022-ci il noyabrın 12-də keçirilən tamaşa Azərbaycanın Xalq artisti Aleksandra Nikuşinanın yubileyinə həsr olunub. Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

    Tamaşanın qəhrəmanları uzun müddət şəbəkə vasitəsilə ünsiyyət qururlar və nəhayət, şəxsən tanış olmağa qərar verirlər. Uğurlu işgüzar qadın və tanınmış plastik cərrah. Onlar bir-biri üçün doğulmayıblarmı?

    12 aprel – “Sevgiyə görə bağışla” (“Aydın”)

    Tamaşanın premyerası 2019-cu il noyabrın 23-də olub və Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlının anadan olmasının 120 illik yubileyinə həsr edilib.

    Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, quruluşçu rəssamı Sankt-Peterburqdan dəvət olunmuş Tatyana Melnikova, xoreoqrafı Xalq artisti Aleksandra Nikuşina, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur. Aydın obrazını Murad Məmmədov, Gültəkin rolunu Həcər Ağayeva və Natəvan Hacıyeva ifa edirlər.

    Cəfər Cabbarlı “Aydın” pyesini 1922-ci ildə qələmə alıb. Azərbaycan səhnəsində dəfələrlə səhnələşdirilən əsər Rus Dram Teatrında iki dəfə - 1957-ci və 1980-ci illərdə tamaşaya qoyulub.

    Əsərin süjet xəttini Aydın ilə Gültəkinin faciəli taleyi, var-dövlət ilə insanlara bədbəxtlik gətirən tiplərin obrazı olan Dövlət bəyin məkri təşkil edir.

    13 aprel – “Səkkiz sevən qadın”

    Ünsiyyət, ailə və nəsillərin münaqişəsi problemlərinin satirik tədqiqatını təsvir edən təsirli detektiv pyesin quruluşçu rejissoru Raulya Turkkandır. Pyes 1958-ci ildə Rober Tom tərəfindən yazılıb və ilk dəfə Parisdə 1961-ci ildə “VII Eduard” teatrının səhnəsində tamaşaya qoyulub.

    Hadisələr şəhərkənarı evdə səkkiz qadının Milad bayramını qeyd etməyə hazırlıqları səhnəsi ilə başlayır. Lakin birdən hər şey dəyişir, kabinetdə kürəyinə bıçaq sancılmış ev sahibinin meyiti tapılır. Müxtəlif səbəblərdən polisin gəlişi ləngiyir. Nəticədə səkkiz qadının hər biri şübhə altında olur.

    Bir vaxtlar gözəl, xoşsifət qadınlar adətən çox çətin vəziyyətlərdə olduğu kimi bir-birini öldürməyə, mehriban və xoşbəxt ailə idilliyasını dağıtmağa hazırdırlar. Sirlər və gizli istəklər üzə çıxır, illərlə qalaqlanan ailə problemləri elə həvəslə müzakirə olunur ki, qətl mövzusu ikinci plana keçir.

    14 aprel – “Əli və Nino”

    Tamaşa Qurban Səidin dünyada məşhur romanı əsasında hazırlanıb. Rejissor İlqar Safatdır.

    Dünya tarixi bizim üçün müxtəlif millətlərdən, dinlərdən, kastalardan, siniflərdən olan oğlan və qız arasındakı sevgi haqqında mifləri, əfsanələri və hekayələri qoruyub saxlayıb. Onlarda sevgi haqqını qazanmaq cəhdi həmişə sevgililərin faciəli sonu ilə başa çatıb. Aristokrat Şirvanşirlər nəslindən olan azərbaycanlı Əlinin və bu yaxınlarda zadəgan titulu almış Kipiani ailəsindən olan gürcü Ninonun hekayəsi bir çox dünya versiyalarından əhəmiyyətli dərəcədə fərqlənir. Bir-birini tanımaq yolunda sevgililər çox maneələri, o cümlədən mədəniyyətlər arasında fərqi dəf etməli olurlar. Ancaq hisslər ağıldan daha güclüdür. Onların sevgisinin aşa bilməyəcəyi heç bir maneə yoxdur.

    Romanın hekayəsi 1911-1918-ci illərdə Bakıda baş verən real hadisələrə əsaslanır.

  • Gənclər Kitabxanasında “Narkomaniya bəşəriyyətin faciəsidir” adlı disput təşkil edilib

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələri gənc oxucuların iştirakı ilə "Narkomaniya bəşəriyyətin faciəsidir" adlı disput təşkil edib.

    AZƏRTAC xəbər verir ki, kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizənin mühüm əhəmiyyətə malik olduğunu bildirib. “Bu istiqamətdə yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və maarifləndirmə tədbirlərində iştirak etmək hər bir vətəndaşın borcudur. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”da maarifləndirmə məsələlərinə xüsusi yer verilir. Kitabxanada bu səpkidə mədəni-kütləvi tədbirlər, sosial aksiyalar keçirilir. Eyni zamanda kitabxananın fondunda narkomaniya və onun faciəvi nəticələri mövzusunda qələmə alınan ədəbiyyat nümunələri var”,- deyə o əlavə edib.

    Tədbirdə “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin “Narkomaniya gələcəyimiz üçün böyük təhlükədir”, “Reablitasiya mərkəzlərində narkotik istifadəçilərinə göstərilən qayğı”, “Sağlam gənclik, sağlam nəsil naminə narkomaniyaya yox deyək”, “Narkomaniyaya qarşı həyata keçirilən tədbirlər” mövzusunda çıxışları dinlənilib.

    Kitabxananın Metodiki təminat və layihələrlə iş şöbəsinin müdiri Tamella Məmmədova bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın müasir dövrün ən ağrılı problemlərindən biri olduğunu söyləyib.

    Tədbirdə narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat-təşviqat aksiyalarının vacibliyi, ailə və ətrafın məsələyə məsuliyyətli yanaşmasının zəruriliyi kimi mövzular müzakirə edilib.

    Sonda “Narkomaniya – geri dönüşü olmayan yol” adlı videomaterial nümayiş olunub.

  • “Mən gəldim, qızlar” yenidən səhnədə

    Aprelin 7-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti dəfə “Mən gəldim, qızlar” tamaşası nümayiş olunacaq.

    Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa İsveç dramaturqu Lars Nurenin “Müharibə” əsəri əsasında hazırlanıb.

    Psixoloji dram janrında qurulan səhnə əsərində əsas rolları Xalq artisti Qurban İsmayılov və Əməkdar artist Kəmalə Müzəffər ifa edəcək.

    İki hissəli tamaşa milli, irqi, dini mənsubiyyət və sosial mənşəyindən asılı olmayaraq, hər bir millətin başına gələ biləcək hadisələri özündə əks etdirir.