Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

    Bu gün Bakıda 6, 10, 53, 77 və 205 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişdirilərək alternativ küçələrlə təşkil edilib.

    Report Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, dəyişiklik Səbail rayonu, İstiqlaliyyət küçəsinin sol zolağında aparılan təmir işləri ilə əlaqədardır.

    Belə ki, 6, 10, 53, 205 nömrəli marşrutlar İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Ə.Cavad küçəsindən, 77 nömrəli marşrutlar isə A.Şaiq, M.Əliyev, M.Muxtarov, Əhməd Cavad küçələrindən keçməklə daha sonra öz hərəkət sxemi üzrə təşkil edilib.

  • VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına filmlərin qəbuluna başlanılıb

    Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

    Festivalın təşkilat komitəsindən AZƏRTAC-a bildirilib ki, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilir. Müraciətlər üçün ən son tarix iyulun 1-dir. Əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunur.

    Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:

    • Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.

    • Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.

    • Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.

    • Tamaşaçı rəğbəti mükafatı.

    • Tərəfdaşların xüsusi mükafatları.

    Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin

    50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.

    “Animafilm” Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

  • “Yelo Bank”dan fermerlər üçün ilk kredit kartı

    Hər zaman müştəri ehtiyaclarını nəzərə alan “Yelo Bank”dan daha bir yenilik! Bank bu dəfə kənd təsərrüfatı ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlar üçün ölkədə ilk aqro kredit kart məhsulunu təqdim edir. Həm kredit, həm də debit kart funksiyalarına malik bu məhsulun aşağıdakı üstünlükləri var:

    • Kredit məbləği: 5000 AZN-dək
    • Kredit xəttinin müddəti: 24 ay
    • Güzəşt müddəti: 12 ayadək
    • Kredit xəttindən təkrar istifadə imkanı
    • Çevik rəsmiləşdirmə prosesi
    • Rəsmiləşdirmə komissiyası yoxdur

    Kartın əsas üstünlüyü olan güzəşt müddəti kartla nağdlaşdırılmış hər vəsaitə şamil olunur, yəni bu kartla nağdlaşdırılmış istənilən məbləğli əməliyyata görə 12 ayadək güzəşt müddəti tətbiq olunacaq.

    Xərcləriniz və kredit ödənişinizə nəzarət etmək üçün parlaq Yelo App də 24/7 xidmətinizdədir. Qeyd edək ki, aqro kredit kartı pulsuzdur. Kart vasitəsilə Yelo Bank ATM və ofislərindən, həmçinin “Azərpoçt” ATM-lərindən nağdlaşdırma komissiyasızdır.

     

  • Ötən il Azərbaycana səfər edən rusiyalıların sayı artıb

    Rusiya turizm operatorları 2022-ci ildə Azərbaycana səfər etmək istəyənlərin sayının artdığını bildiriblər.

    AZƏRTAC xəbər verir ki, Rusiya Turizm Operatorları Assosiasiyasının apardığı sorğunun nəticələrinə görə, turoperatorlar Azərbaycana turların sayının artmasına səbəblərdən biri kimi, Rusiya regionlarından birbaşa aviareyslərin açılmasını və biletlərin qiymətinin aşağı düşməsini göstərirlər.

    Eyni zamanda, Rusiya turizm mütəxəssisləri qeyd edilər ki, Azərbaycana giriş üçün koronavirus məhdudiyyətlərinin olması rusiyalı turistlərin ölkəmizə marağını nisbətən azaldır. Onların fikrincə, koronavirus məhdudiyyətlərinin ləğvi Rusiyadan Azərbaycana turist axınını 30-40 faiz artıra bilər.

    Turoperatorlar rusiyalıların Azərbaycana, əsasən, ekskursiya və şəhər turlarına, eləcə də müalicə məqsədilə gəldiklərini vurğulayırlar. Bu il, həmçinin Azərbaycan kurortlarında qış turizmi də rusiyalılar üçün cəlbedici olub.

  • Azərbaycanlı ifaçılar Şalyapin Beynəlxalq Opera Festivalında

    Azərbaycanın incəsənət ustaları Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən 41-ci Şalyapin Beynəlxalq Opera Festivalında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, builki festivalın xüsusi özəlliyi onun dahi rus opera müğənnisi Şalyapinin 150 ilik yubileyinə həsr olunmasıdır.

    Bununla əlaqədar Kazana İtaliya, Azərbaycan, Gürcüstan, Belarus və Rusiyanın aparıcı opera teatrlarından müğənni və dirijorlar dəvət olunmuşlar. Festival Coakkino Rossininin “Sevilya bərbəri” operasının premyerası ilə açılıb. Doqquz operadan ibarət böyük festival proqramında Azərbaycandan olan musiqiçilərə xüsusi yer ayrılmışdır. Festivalda Azərbaycanın Əməkdar artisti Azər Zadə italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay” operasında Pinkerton partiyasını canlandırıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev festivalda C.Verdinin “Nabukko” operasının tamaşasını idarə edib.

    Fevralın 27-28-də festivalın qala-konsertində isə Rusiya Böyük Teatrının solistləri, Azərbaycanın Xalq artistləri Elçin Əzizov və Dinara Əliyevanın, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Əli Əsgərovun çıxışı gözlənilir.

    Qeyd edək ki, festival məşhur rus opera müğənnisi Fyodor Şalyapinin xatirəsinə 1982-ci ildə təsis olunub. Əvvəlcə yerli, 1985-ci ildən Ümumrusiya miqyasında keçirilən festival 1991-ci ildə beynəlxalq status alıb.

  • Heydər Əliyev Sarayında “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq

    Fevralın 19-da Heydər Əliyev Sarayında “Nataliya Başevanın teatr emalatxanası”- Kamera Dram Teatrının “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşa braziliyalı yazıçı Paulo Koelyonun eyniadlı dünya bestselleri əsasında hazırlanıb.

    "Veronika ölməyə qərar verir " gözəl və ruhlandırıcı, gücləndirici, parlaq şəkildə işlənmiş və ironik metaforalarla doludur. Bu, hər günü bir möcüzə kimi görməyə çağıran, ölüm qarşısında yaşamaq ehtirasından bəhs edən real bir hekayədir. İnsanlar nə qədər xoşbəxt ola bilirlərsə, bir o qədər də bədbəxt olurlar. Tamaşa nədən bəhs edir? Sadəcə həyat, ölüm, sevgi haqqında. Üstəlik dəlilik haqqında - hamımıza təsir edən “Dərd” və xilası hər bir halda mümkünsüz olan həmin o dəlilik haqqında...

    Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Nataliya Başeva, musiqi müəllifi Boris Qrebenşikovdur.

    Tamaşa 2 saat 30 dəqiqə davam edir.

  • Azərbaycanın Xalq artisti “Arena di Verona” opera festivalında iştirak edəcək

    Rusiyada yaşayan tanınmış vokalçı soydaşımız, Azərbaycanın Xalq artisti Yusif Eyvazov İtaliyada “Arena di Verona” opera festivalında iştirak edəcək.

    AZƏRTAC xəbər verir ki, iyunun 16-dan avqustun 31-dək keçiriləcək festivalda Yusif Eyvazov italyan bəstəkarı C.Verdinin “Aida” operasının yeni quruluşda tamaşasında çıxış edəcək və “Riqoletta”nın yeni quruluşunda hersoq Mantuan partiyasını ifa edəcək.

    Bu barədə sosial şəbəkə səhifəsində paylaşım edən müğənni deyib: “Əziz dostlar, fəxrlə əfsanəvi “Arena di Verona”nın 100 illik yubiley festivalında iştirak etdiyimi elan edirəm. Çoxlarınız bilirsiniz ki, opera ifaçısı kimi formalaşmağım və ilk addımlarım məhz İtaliyada olub. Ona görə də yubiley festivalında iştirak mənim üçün böyük əhəmiyyət kəsb edir. Bu həm də mənim kiçik yubileyimdir – düz 10 il əvvəl Veronada debüt etmişdim”.

  • Şəhid Murad Nağıyev haqqında sənədli film və kitab təqdimatı

    Bakı Gənclər Mərkəzinin (Suraxanı rayonu Bakıxanov qəsəbəsi) təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi leytenant, tank komandiri Murad Nağıyev haqqında “Qayıtsaydım...” adlı sənədli filmin və “Murad” adlı kitabın təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidin doğmaları və yaxınları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

    Şəhidin həyatı, keçdiyi döyüş yolu haqqında məlumat verilib və sənədli film nümayiş etdirilib.

    Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda doğulub. Kiçik yaşında ikən ailəsi Bakıya köçüb. Murad Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə C.Naxçıvanski adına Hərbi liseyə qəbul imtahanlarında iştirak edib və yüksək nəticə göstərərək İstanbulda Kuleli Hərbi liseyinə seçilib. 2015-ci ildə liseyi başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. 2016-cı ildə Azərbaycana qayıdıb və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) davam etdirib.

    Tank komandiri Murad Nağıyev 2020-ci il sentyabrın 27-dən, Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib, oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub.

    Bakıda II Fəxri xiyabanda dəfn olunub.

    Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

  • Bu gün Xalq artisti Muxtar Avşarovun doğum günüdür

    Oynadığı rolların böyük və kiçikliyindən asılı olmayaraq personajın fikrini, düşüncələrini özünəməxsus tərzdə təbii boyalarla vermək arzusu, rolun səciyyəvi xüsusiyyətlərinə uyğun davranış, əvvəldən axıradək bu xəttin düzgün aparılması Muxtar Avşarovun sənət amalı olub. Əsərlərdəki surətlərin müsbət və yaxud mənfi olmasından asılı olmayaraq onların daxili çalarlarını peşəkarcasına, düzgün tapdığına görə tamaşaçılar M.Avşarovu hər zaman sevib.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Muxtar Avşarovun anadan olmasının 109-cu ildönümü tamam olur.
    Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətiriblər. Burada dəmir yolu məktəbində təhsil alan M.Avşarov Ağasəlim Manaflının dram dərnəyinin aktyoru kimi ara-sıra səhnəyə çıxıb. Bir müddət sonra dərnəyə rəhbərlik edən görkəmli aktyor Ülvi Rəcəb Aleksandr Şirvanzadənin “Namus” pyesində Sumbat rolunu M.Avşarova tapşırıb.
    M.Avşarov Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları məharətlə ifa edib. Ömrünün 65 ilini peşəkar səhnəyə bağlayan, zəngin dünyagörüşünə malik olan, daim səhnəni düşünən sənətkar Gəncə Dövlət Dram Teatrına dəvət olunub. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M.Avşarov sonralar Səməd Vurğunun “Vaqif” pyesində Zülfüqar, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərlərində rollar alıb.

    1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb.
    Görkəmli aktyor “Dəli Kür”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babamızın babasının babası”, “Gün keçdi”, “Kişi sözü”, “Qatır Məmməd”, “Yenilməz batalyon”, “Topal Teymur”, “Tütək səsi” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

    M.Avşarov 1960-cı ildə Əməkdar, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Realist yaradıcılığı, müsbət şəxsi keyfiyyətləri ilə yadda qalan aktyor 2004-cü il dekabrın 1-də dünyasını dəyişib.
    Muxtar Avşarovun sənət aləmində izləri bu gün də onu sevən minlərlə insanın qəlbindən silinməyib. Şablonçuluqdan uzaq, sənətə özünəməxsus dəst-xətini, istedadlı tapıntılarını, və əvəzolunmaz peşəkarlıq keyfiyyətlərini özündə təcəssüm etdirən M. Avşarov bu gün də unudulmayıb, ürəklərdə yaşayır.

  • “Baku” jurnalının yeni nömrəsi: Həyat gözəldir...

    On beş il bundan əvvəl Moskvada “Baku” jurnalının ilk nömrəsinin təqdimatı keçirilib. Ötən illər ərzində bu nəşrin çoxsaylı pərəstişkarları və xeyirxah dostları yaranıb. Azərbaycanın və ölkə paytaxtının necə dəyişməsini birlikdə müşahidə etmişik, dəyişikliklər isə çox olub.

    AZƏRTAC xəbər verir ki, “Baku” jurnalının yeni nömrəsi populyar nəşrin baş redaktoru Leyla Əliyevanın bu sözləri ilə başlanır.

    Leyla Əliyeva yazır: “Bu 15 il ərzində biz Bakını əziz sayan hər kəs üçün ünsiyyəti məkanı yaratdıq, heç vaxt bu şəhərdə olmayanları da Bakı ilə tanış etdik. Sonuncuların sayı azalmaqdadır: dəqiq bilirik ki, hər kəs heç olmasa ömründə bir dəfə Bakını ziyarət etməyə şad olacaq”.

    Ənənəyə görə, jurnalın bu nömrəsində də həm son hadisələr barədə məlumat, həm də Azərbaycanın mədəniyyətinə və tarixinə həsr olunmuş məqalələr, ölkəmizi məşhurlaşdırmış şəxsiyyətlərlə müsahibələr dərc edilib.

    Dirçəldilməkdə olan Qarabağa həsr edilmiş “Ərazi” («Территория») rubrikasında Ağdam (Qarabağ) Atçılıq zavodunun tarixindən bəhs edilir. Vurğulanır ki, ötən il oktyabrın 4-də həmin zavodun yerləşdiyi ərazidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Cins Atçılıq Mərkəzinin təməli qoyulub. Qeyd edilir ki, həmin zavodda 1949-cu ildən Qarabağ atları yetişdirilirdi. 35,5 hektar (50 futbol meydançası boyda) ərazidə dözümlü, sədaqətli, gözəl kürən atların ən yaxşı cinsi bərpa edilir. 2022-ci ildə Prezident İlham Əliyevin adından kraliça II Elizabetə hədiyyə edilmiş “Şöhrət” ləqəbli ayqır məhz burada doğulub və böyüyüb.

    “Baku” jurnalının yeni nömrəsində baş redaktor tərəfindən Türkiyənin Konya (məşhur sufi şairi, mütəfəkkir Cəlaləddin Ruminin vətəni), Milas şəhərləri, habelə tarixi Pamukkala və Kappadokiya bölgələri barədə hazırlanmış reportaj “Müdriklə görüşə” («На встречу с мудрецом») başlığı altında dərc edilib.

    Oxucular “Moda”, “Bakılılar”, “Bakılılıq”, “Yer. Daxildə”, “Səyahətlər. Dünya” («Мода», «Бакинцы», «Бакинство», «Место. Внутри», «Путешествия. Мир») rubrikalarında yerləşdirilmiş məqalələrdən çox maraqlı faktlar öyrənəcəklər. “Yemək. Sirrlər” («Еда.Секреты») rubrikasında isə xurma, qaysı və qara gavalı dolmalarının reseptləri təqdim edilib.