Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Almaniya ilə menecerlərin ixtisasının artırılması üzrə əməkdaşlığı genişləndirir

    “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”nda daha çox azərbaycanlı sahibkar və menecerlərin iştirakına şərait yaradılacaq.

    Bu barədə Reporta Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

    Digər bir yenilik isə proqrama “ağıllı kənd təsərrüfatı”, “yaşıl iqtisadiyyat” və “Sənaye 4.0” kimi yeni istiqamətlərin əlavə edilməsidir ki, bu sahələrdə menecerlərimiz üçün təlimlər və təcrübə keçiriləcək.

    Bu barədə Berlində keçirilmiş “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı”nın Müşahidə Şurasının 3-cü iclasında razılıq əldə edilib.

    İclasda Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və nazirliyin əməkdaşları, Almaniyanın Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, proqramın Azərbaycan tərəfindən əlaqələndiricisi olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və GİZ-in nümayəndələri iştirak ediblər.

    Tədbirdə 2009-cu ildən uğurla həyata keçirilən Almaniya-Azərbaycan Birgə Proqramının Azərbaycan sahibkarlarına inkişaf üçün əlavə imkanlar yaratdığı, indiyədək 500-dən çox sahibkar və menecerin proqramdan yararlandığı diqqətə çatdırılıb. İclasda KOBİA tərəfindən son 3 ildə proqram çərçivəsində görülmüş işlərə dair hesabat təqdim olunub, Agentlik tərəfindən proqram iştirakçıları arasında keçirilmiş sorğunun nəticələri açıqlanıb.

    Xatırladaq ki, Almaniya-Azərbaycan Birgə Proqramında iştirak etmək istəyən azərbaycanlı sahibkar və menecerlərin müraciətləri il ərzində KOBİA tərəfindən elektron qaydada qəbul edilir (https://smb.gov.az/az/nav/beynelxalq-ixtisasartirma-kursu).

  • Azərbaycanda ilk sənaye partlayıcıları zavodunun inşasına başlanılıb

    “AzerGold” QSC-nin törəmə şirkəti olan “AzerBlast” MMC tərəfindən Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşasına başlanılıb.

    Reportun “AzerGold”a istinadən verdiyi məlumata görə, ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilməkdədir.

    İllik istehsal gücü 31 000 ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulacaq müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri H-ANFO, ANFO-nun istehsalı həyata keçiriləcək. İlkin mərhələdə ölkə üzrə cari təlabata uyğun olaraq aylıq 500 ton, illik 6 000 ton partlayıcı maddənin istehsalı planlaşdırılır. Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib.

    Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müsəsisələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda regionda yeni iş yerlərinin yaradılmasıdır.

    Qeyd edək ki, “AzerBlast” MMC dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilərək, 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC “AzerGold” QSC-nin sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış törəmə cəmiyyətidir. Şirkətin ümumi paylarının 51 %-i “AzerGold” QSC-yə, 49 %-i “DM Servis” MMC-yə məxsusdur.

  • “SOS uşaq kəndi”ndə yaşayan uşaqlara kitab hədiyyə edilib

    Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən “SOS uşaq kəndi”ndə yaşayan uşaqlara müxtəlif yaş qruplarına dair kitablar hədiyyə edilib.

    AZƏRTAC xəbər verir ki, Respublika Uşaq Kitabxanası 2014-cü ildən hər il Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə müxtəlif məkanlarda 100-lərlə kitab hədiyyə etməklə uşaqları sevindirməyə davam edir. Keçirilən bu tədbirin əsas məqsədi gənc nəsildə kitaba sevgi hissi yaratmaq, mütaliə mədəniyyətinin formalaşmasında kitabın mühüm əhəmiyyətini diqqətə çatdırmaqdan ibarətdir.

    Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə “yola düşür” və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

  • Bakıda daha bir yerüstü piyada keçidi inşa edilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Mərdəkan prospektinin Qala-Pirallahı avtomobil yolu ilə kəsişməsində yerüstü piyada keçidi inşa edib.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilib ki, layihə üzrə keçidin uzunluğu 65,4 metr, eni 4,5 metr, aşırım hissəsinin uzunluğu 50,6 metrdir.

    Yol səviyyəsindən hündürlüyü 5,5 metr təşkil edən keçid üstüaçıq və torşəkilli metal konstruksiyadan ibarətdir. Keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılıb.

  • Turizm sahəsində qrant alanlar istifadə etmədikləri məbləği geri qaytarmayacaqlar

    “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda edilən dəyişikliyə əsasən Azərbaycanda turizm sahəsində keçirilən müsabiqə üzrə qrant alanlar istifadə edilməmiş məbləği donora qaytarmayacaqlar.

    AZƏRTAC xəbər verir ki, qeyd edilən qaydanın layihə üçün ayrılmış vəsait tam xərclənmədikdə, qalıq məbləğ donorun hesabına qaytarılmalı olduğunu göstərilən 6.7-ci maddəsi ləğv edilib.

    Bundan əlavə həmin sənədin 5.6-cı maddəsi də ləğv edilib ki, bununla da layihə üzrə ayrılan qrant vəsaitindən sub-qrantların ayrılmasına yol verilməməsi qüvvədən düşüb.

    “Turizm sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nda həmçinin apelyasiya şikayətlərinin verilməsi müddəti də uzadılıb. Bununla bağlı olan 4.12. maddədə dəyişdirilərək müraciət müddəti 10 gündən 10 iş gününə qaldırılıb.

  • Gənclər Kitabxanasının əməkdaşları Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar materiallar hazırlayıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar hazırladıqları materialları virtual rejimdə istifadəçilərə təqdim ediblər.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda mütaliənin, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində olan əvəzsiz rolundan, faydalarından bəhs edilir. Videoçarxda Kitab Bağışlama Gününün tarixi, məqsədi, qeyd edildiyi dünya ölkələri haqqında geniş məlumat verilir, bu günün kifayət qədər müasir və gənc bayram olduğu qeyd edilir. Materiallarda, həmçinin Gənclər Kitabxanasında mütaliə ilə əlaqədar keçirilən tədbir, aksiya və görüşlərdən fotolar da nümayiş olunur.

  • Azərbaycanın turizm imkanları İsraildə təbliğ edilir

    Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunur.

    DTA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və Dağ Yəhudiləri Muzeyi də daxil olmaqla ümumilikdə 14 yerli turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.

    Ziyarətçilər Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, adət-ənənələri, dağ-xizək mərkəzləri, şərabçılıq, qolf, sağlamlıq, dağ və qış turizmi imkanları ilə yanaşı, ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumatlandırılırlar.

    Sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə ikitərəfli görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

    Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycana 23 min 935 nəfər İsrail vətəndaşı səfər edib.

    Bununla yanaşı, 14-17 fevral tarixlərində Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti İsraildə keçirilən Qlobal Turizm İnnovasiya Forumunda iştirak edir. Forumda təmsil olunmaqda əsas məqsəd “Slou Fud” Böyük Qafqaz səyahət marşrutunun interaktiv xəritəsinin yaradılmasıdır.

    Qeyd edək ki, 2021-ci ildən İsraildə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.

  • Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib

    14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları “14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual sərgi hazırlayıblar.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

  • Bir şair ömrü: İslam Səfərli 100

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında görkəmli şair, dramaturq, Əməkdar incəsənət xadimi İslam Səfərlinin 100 illik yubileyinə həsr olunmuş “Bir şair ömrü” adlı tədbir keçirilib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şairin zəngin yaradıcılığı, lirik və vətənpərvərlik ruhlu, doğma Azərbaycanı tərənnüm edən şeirləri, bir-birindən maraqlı poemaları, dram əsərləri, eyni zamanda, tərcüməçilik fəaliyyəti haqqında geniş söhbət açılıb.

    İslam Səfərlinin əsərlərindən ibarət elektron kitab sərgisi, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, nəğməkar şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

    Sonda ədibin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər və kitabxanaya kitablar hədiyyə ediblər.

  • Daşkənddə ilk dəfə Azərbaycan-Özbəkistan gənclərinin dostluq və əməkdaşlıq forumu təşkil olunub

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Daşkənd şəhərində ilk dəfə Azərbaycan-Özbəkistan Gənclərinin Dostluq və Əməkdaşlıq Forumu keçirilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin konfrans zalında Gənclərin Dostluq və Əməkdaşlıq Forumu hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

    Daha sonra forum iştirakçıları qardaş Türkiyədə zəlzələ nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Tədbirə Azərbaycandan gələn “İslahatçı Gənclər” İctimai Birliyi, Gənclər Fondu, media təşkilatlarının nümayəndələri, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasında Gənclər Parlamenti, habelə Senatı yanında Gənclər Parlamentinin rəhbərləri və təhsil sahəsində ekspertlər qatılıblar.

    Forumda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tarixdə ilk dəfə baş tutan belə bir tədbirin Azərbaycan və Özbəkistan gəncləri arasında mədəni, ədəbi, təhsil əlaqələrinin möhkəmlənməsi, gənclər arasında yeni əlaqələrin qurulması, ənənəni və innovativ təcrübələrin mübadiləsi baxımından çox böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, bu tarixi hadisə münasibətilə forum iştirakçılarını təbrik edib.

    S.Abbasov Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu gənclər siyasətinin bu gün də dövlətin əsas prioriteti olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətini hər zaman diqqət mərkəzində saxladığını qeyd edib. Diplomat 1996-cı ildən bu yana Azərbaycan dövləti tərəfindən gənclərin sosial, elmi və mədəni inkişafına hesablanmış onlarla dövlət proqramının qəbul olunduğunu bildirərək, bu gün Azərbaycan gəncinin dövlət tərəfindən qəbul olunmuş bu proqram sayəsində özünü inkişaf etdirməklə yanaşı, dövlət idarəçiliyində də əhəmiyyətli rol oynadığını vurğulayıb.

    S. Abbasov çıxışında Prezident İlham Əliyevin “Mən Azərbaycan gəncliyinə hər zaman güvənmişəm, hər zaman Azərbaycan gəncliyinin yanında olmuşam, Azərbaycan gəncliyi də hər zaman mənə arxalana bilər” fikrini səsləndirib.

    O, forumun iki qardaş ölkə gəncləri arasında gələcəkdə sıx əlaqələr yaratmaq baxımından çox böyük perspektivlər açdığını qeyd edərək, rəhbərlik etdiyi təşkilatın gənclərlə iş, həyata keçirdiyi layihələr barədə məlumat verib.

    Azərbaycanın “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanla Özbəkistan arasında sıx əlaqələrin qurulması, gənclər arasında əməkdaşlıq, qloballaşan dünyada çox böyük əhəmiyyətə malik gənclər siyasəti haqqında danışaraq, Azərbaycan üçün Özbəkistanın təkcə regionda deyil, bütün dünyada vacib bir partnyor, müttəfiq qardaş ölkə olduğunu qeyd edib. O, iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində gənclərin sıx əməkdaşlıq quraraq birlikdə daha uğurlu, səmərəli fəaliyyət göstərə biləcəklərini qeyd edib.

    Fərid Şahbazlı “İslahatçı Gənclər” İctimai Birliyinin Azərbaycanda gənclərin cəmiyyətimizin ictimai həyatında aktiv iştirakını təmin edən fəaliyyəti və bu istiqamətdə həyata keçirdikləri layihələr barədə danışıb.

    Tədbirdə çıxış edən Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasında Gənclər Parlamentinin sədri Şahnoza Yoldaşova Azərbaycan tərəfinin təşəbbüsü və təşkilatçılığı ilə iki ölkə tarixində ilk dəfə olaraq keçirilən belə bir forumun gələcəkdə hər iki ölkənin gənclərinin birgə fəaliyyəti üçün böyük imkanlar yaradacağını qeyd edib. O, Özbəkistanda həyata keçirilən gənclər siyasəti, gənclərin dövlət siyasətində aktiv iştirakı, qanunvericilik palatalarında təmsil olunması və dövlət tərəfindən gənclər üçün yaradılan şəraitdən danışıb.

    Forumda iştirak edən Azərbaycan Respublikası Gənclər Fondunun nümayəndəsi İbrahim Mehdiyev bu Forumun iki ölkə gəncləri arasında dostluq-əməkdaşlıq əlaqələrinin qurulması, möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyərək belə forumların davamlı olaraq keçirilməsinin vacibliyini vurğulayıb və növbəti belə bir forumun yaxın gələcəkdə Azərbaycanda keçirilməsini təklif edib.

    Paneldə çıxış edən Özbəkistan Respublikası Senatı yanında Gənclər Məclisinin sədri Bexzod Toxtamurodov Azərbaycanla Özbəkistan gəncləri arasında yeni əlaqələrin qurulması, müasir dövrdə çağırışlar, qloballaşma dövründə gənclərin vətənə bağlı, habelə müasir texnologiyalardan yararlanması, hər iki ölkənin uğurlu gənclər siyasəti modelinin gələcəkdə qarşılıqlı olaraq tətbiqi məsələləri barədə çıxış edib. O, ələdə edilmiş təcrübələrin paylaşılmasının iki ölkə gəncləri üçün çox əhəmiyyətli olacağını vurğulayıb.

    Özbəkistanda fəaliyyət göstərən Azərbaycan təhsil şirkəti “Study First Academy Uzbekistan” rəhbəri Mikayıl Mirzəzadə iki ölkə arasında bütün sahələrdə yaranmış sıx əlaqələrin təhsil sektoruna da böyük təsir göstərəcəyini vurğulayıb. O, qardaş ölkə gənclərinin təhsil sahəsində də sıx əməkdaşlıq qura biləcəklərini, ölkələr arasında imzalanmış sazişlərə əsasən hər iki ölkə gənclərinin qaraşlılıqlı olaraq Azərbaycan və Özbəkistanın aparıcı ali təhsil ocaqlarında öz təhsillərini davam etdirmələri üçün yeni imkanların yarandığını söyləyib.

    Azərbaycan Respublikası Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də hər iki ölkə gənclərinin birgə, ortaq fəaliyyətinin, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkədə medianın daha da inkişafına müsbət təsir edəcəyini, gənclərin, gənc media mənsublarının iştirakı ilə beynəlxalq tədbirlərin, qarşılıqlı səfərlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

    Forum iştirakçılarına Azərbaycan-Özbəkistan gəncləri arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə Azərbaycan tərəfinin fəxri diplomları və hədiyyələri təqdim olunub.

    Forumda iştirakçı gənclərin iki ölkənin gənclər siyasəti, bu istiqamətdə əməkdaşlıq məsələləri, həyata keçirilən birgə layihələr, bu sahədə yaradılan imkan, təcrübə mübadiləsi, gənclərin təhsil almaq imkanlar barədə sualları cavablandırılıb.

    Qeyd edək ki, Forum iştirakçıları tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş "Gələcəyimiz və zəfərə aparan gəncliyimiz" adlı foto və kitab sərgisi ilə tanış olublar.