Bakıda “Chagh Art Platform” un təşkilatçılığı, “Baba Budan’s Coffee&Sweets”in ev sahibliyi ilə bir qrup rəssamın əsərlərindən ibarət “Serenada” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə nümayiş olunan əsərlərin əsas mövzusu dünya incəsənətinin əsas mövzularından olan insan sevgisi və məhəbbətidir.
Sərgidə nümayiş olunan rəsmlər də bu mürəkkəb insan hisslərini göstərir. “Serenada" da bir araya gətirilən əsərlərin hər biri izləyiciləri rəngkar və heykəltəraşların fərqli hisslərinin, sevgi ilə bağlı düşüncələrinin əks olunduğu sənət incilərini seyrə dəvət edir.
Burada tamaşaçı rəssamlar Rafael Əliyev, Fikrət İbrahimli, Fərhad Yalquzaq, Leyla Altunay, Ellada İsmayıl, Cavid Məmmədov, Sahib Yaqubov, Elçin Hüseyn, Çinarə Baxşıyeva, Müşfiq Heydərov, İnara Nəzərli, Rəşad Rzayev, Zamik Rzayev, Alina İqnatova, Sara Nizam, Nəzrin Həsənova, Bənövşə İmanova kimi rəssamların sevgini təcəssüm etdirən, bir-birindən maraqlı kompozisiyaları ilə qarşılaşır: Rəfail Əliyevin ülvi hissləri simasına yansıyan qadın portreti, Fərhad Yalquzağın ən isti sevgi ocağı olan ailə, Leyla Altunayın sevgi sonsuzluğunu işığa bənzədən kompozisiyaları, Ellada İsmayılın qoy hər zaman sevgililərin günü olsun şüarlı əsəri və digər rəngkarlıq əsərləri hər kəsə öz hekayəsini xatırladır. Məhəbbətli ilahiləşdirən Elçin Hüseynin əfsanəvi cütlük obrazları, Zamik Rzayevin eşqin ecazkar rəqsi tanqo oynayan cütlükləri, Çinarə Baxşıyevanın nağılları anımsadan sevgi hekayəsi, Sahib Yaqubovun əfsanəvi sevgi tarixçəsinin qəhrəmanları Leyli-Məcnunu, Müşfiq Heydərovun sevgi hekayəsindən yadigar xatirələri izləyicilərdə maraq doğurur.
Sərginin açılışında çıxış edən tanınmış sənətşünas alim Qalib Qasımov “Chagh Art Platform”un fəaliyyətindən, sərginin əhəmiyyətindən danışıb. O, çıxışında rəssamların romantik və lirik üslubda yaratdıqları bir-birindən maraqlı əsərlərin bədii estetikasından bəhs edib.
Sərginin kuratorları, gənc sənətşünaslar Nigar Hətəmova, Şəbnəm Əzizova və Dürdanə Qurbanovanın kuratorluq fəaliyyətlərinə toxunan natiq ölkəmizdə kuratorluq işinin inkişafında gənclərin rolunu xüsusi qeyd edib.
Sərgi fevral ayının 16-dək davam edəcək.
Fevralın 17-də Azərbaycan Milli Xalça Muzeyində tanınmış dəzgah və kitab qrafikası ustası, Xalq rəssamı Arif Hüseynovun 80 illik yubileyi münasibətilə fərdi sərgisi açılacaq.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan nağılı” adlı sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, “Azərxalça” ASC, Rəssamlar İttifaqı və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Qeyd edək ki, Arif Hüseynovun əsərləri hazırda Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Moskvada Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi, həmçinin şəxsi kolleksiyalarda saxlanılır.
YARAT Müasir İncəsənət Mərkəzində rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi nümayiş olunacaq.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, fevralın 22-də göstəriləcək ekran əsəri uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir.
Uzunmüddətli həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.
Film, Tallin “Black Nights” Film Festivalı daxil olmaqla, bir sıra festivallarda iştirak edib və bir neçə mükafata layiq görülüb.
Filimdə rolları aktyorlar Qurban İsmayılov, Elşən Əsgərov, Natavan Abbaslı ifa edirlər.
Xronometrajı 88 dəqiqə olan ekran əsəri ingilis dilində subtitrlərlə göstəriləcək.
Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.
AZƏRTAC xəbər verir ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.
2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.
Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.
Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.
Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir.
2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.
Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.
Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək “əyarlı” peşəkar telekanala çevrilərək, ən son texniki standartlara tam uyğunlaşıb.
Həyata gözümüzü açdığımız ilk gündən etibarən bu dünya bizi hər zaman sevə-sevə bağrına basıb, əllərimizi də möhkəmcə uğura doğru səsləyirmiş kimi sıxıb. Bəzən heç buraxmayacaqmış kimi oxşayıb, bəzən də incəldiyi yerdən qoparmağa, ən ağır cəzalara məhkum etməyə çalışıb. Haqqında sizlərə söhbət açacağım Xədicə Qayıbovanın da taleyini bu dünya özü dəyişib, onu ən ağır imtahanların girdabından keçirib. Gah mavi, gah da boz pəncərələrdən boylanmağa vadar edib.
Bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Azərbaycanın ilk qadın pianoçusu” sərlövhəli məqaləsində yer alıb.AZƏRTAC məqaləni təqdim edir.
“Xədicə Qayıbova (1893-1928) Azərbaycanın ilk qadın pianoçularından biri idi. Ailənin altıncı övladı olan Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX yüzildə Tiflisdə məskunlaşan tatar Terequlovlar nəslindən idi. Hər ikisi ziyalı olan valideynləri qızlarının yaxşı təhsil almasını istəyirdilər.
Xədicə xanım Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurur. Professor N. Nikolayevin Fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirir. Həmin il Tiflisdə vərəm xəstəliyi yayılır. Bu bəla Xədicəgilin ailəsindən də yan keçmir. Xədicə xanım gənc yaşında atasını, bacısını və qardaşını itirir. Bu səbəbdən də bir müddət təhsilini davam etdirə bilmir. Ailəsini itirməsi ona çox pis təsir edir və dərin sarsıntı keçirir.
Ailə bağları və ya eşqin rəngi
Xədicə xanım Azərbaycanın ilk şəfqət bacısı Nigar Şıxlinskayanın qardaşı mühəndis Nadir Qayıbovla 1911-ci ildə ailə qurur. Nadir Qayıbov Qafqazın müftisi, böyük maarifpərvər Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu idi. Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dörd cildlik toplunun müəllifidir. O, bütün Qafqazda məşhur olan və Azərbaycan mədəniyyəti, həm də maarifi tarixində xüsusi yeri olan Qori seminariyasının Azərbaycan bölməsinin açılmasında təşəbbüskarlardan biri olub.
Xədicə xanım bir müddət Tiflisdə Azərbaycan məktəbində dərs deyir. 1919-cu ildə Qayıbovlar ailəsi Bakıya köçür. Çünki Bakıda Xədicə xanım üçün əlverişli musiqi mühiti vardı. O dönəmlərdə Bakıda xanım musiqiçilərə çox böyük ehtiyac yaranmışdı. Bu ehtiyacın yaranma səbəbi dahi Üzeyir bəy Hacıbəyli idi. O, qadın musiqiçilərin səhnəyə cəlb edilməsinə xüsusi önəm verirdi.
Xədicə xanım səhnə üçün yaranmışdı və səhnə də ona qollarını geniş açmış şəkildə gözləyirdi. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı. Xüsusi görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının yüksək mədəni təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclislərinin sədası onun evindən ətrafa yayılırdı. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, özəlliklə Türkiyədən gələn alimlər, şairlər olurdu. Araşdırmalarda göstərilir ki, bu musiqi məclislərində həm də Ü.Hacıbəyli, R.Qliyer, H.Sarabski, Bülbül, F.Köprülüzadə, İ.Hikmət və başqaları yaxından iştirak ediblər.
Sovet dövründə Xədicə Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra layihələrlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti əsasən maarifçilik missiyalı idi. Sonra o, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılır. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi o, respublikanın mədəni həyatında fəal iştirak edirdi. Dövrünün görkəmli sənətkarları ilə çalışır, Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak edirdi.
Adıkeçən kurs ləğv edildikdən sonra o, 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında Nəzəriyyə və bəstəkarlıq ixtisası üzrə professor L.Abdan dərs alır. Xədicə xanım tək musiqi fəaliyyəti ilə kifayətlənmir, ictimai həyatda da fəal iştirak edirdi.
Həyat şərtlərinə boyun əyməyən qürur
Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir. Ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də 1933-cü ildə sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə xanımı 3 ay müddətinə həbs edir. O da həyat yoldaşı kimi “casusluq”da ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil tapmadıqlarına görə həbsdən azad etməli olublar.
Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım konservatoriyada elmi fəaliyyətlə məşğul olmağa başlayır, ömrünü Azərbaycanın musiqi mirasının araşdırılmasına sərf edir. Çox keçmir ki, 1937-ci ildə onun həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır və Rəşad Qayıbov 1938-ci ildə qətlə yetirilir. Taleyin amansız sınaqlarına baxmayaraq, X.Qayıbova enerjili, nikbin və təşəbbüskar bir qadın idi.
1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın Birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi. Arayışda bildirilirdi: “Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə xanım Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Qayıbova öz evində Müsavat Partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əksinqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb olunmalıdır”. Bu arayış öz ardı ilə çox böyük fəlakətlər gətirdi.
Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 saylı orderinə əsasən həbs edilir. 1938-ci il aprelin 28-dək Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilir və 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə, casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnir.
Zaman zalımların və elə cəlladların da cəlladı ola bilər, öz hökmünü gec versə belə... – Güllələnmə hökmünə səbəb olanlar bir müddət sonra özləri də məhkəmə qarşısına çıxarılır.
1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunaraq güllələnməsi haqqında Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir.
Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.
Bu qadının maarif işığını söndürməyə, onun yolunu çox kəskin ittihamların ağırlığı ilə kəsməyə, ən əsası da ruhunu susdurmağa, sındırmağa çalışdılar. Bunu fiziki baxımdan bacarsalar da, mənəvi baxımdan bacarmadılar, uduzdular – tarixə yenildilər!..
Xədicə xanım Qayıbova yaradıcı ömründən-günündən ayrılmağa məcbur edildiyi o məşum gündən hələ də boylanır... Onun pianosunun dilləri ətrafa işıq saçır. Onun – Xədicə xanım Qayıbovanın ruhu şaddır; onun yaradıcılığı, şəxsiyyəti, öz keçmişi bütün kəsafətlərə qarşı mənəvi mübarizədədir və qalibdir!
Azərbaycanda sabahdan ticarət obyektlərində alış-veriş zamanı polietilen torbalar üçün ayrıca haqq alınacaq.
Reportun iri market şəbəkələrində apardığı araşdırmaya görə, fevralın 15-dən kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılacaq.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Report”a bildirilib ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.
Sorğuya cavabda deyilir ki, Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib: "Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır.
İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər”.
Bildirilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir.
"Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir", - Xidmətin cavabında deyilir.
“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Dəmir qadın: Neslican” türk bioqrafik dram filminın nümayişinə başlanılıb.
Report xəbər verir ki, filmin rejissoru Özgür Bakar, ssenari müəllifi isə Nalan Merter Savaşdır.
Baş rollarda Naz Çağla Irmak, Deniz Uğur, Məsut Akusta çəkilib.
Film real hadisələr əsasında çəkilib və 2019-cu ildə xərçəng xəstəliyindən dünyasını dəyişən “Dəmir qadın” kimi tanınan Neslican Tayın həyatından, xərçəng diaqnozu qoyulandan sonra keçdiyi müalicə prosesi və bu müddət ərzində onun həyat mübarizəsindən bəhs edilir.
Xatırladaq ki, İstanbul ticarət mərkəzində Neslicanın valideynləri, qardaşı və bacısının iştirakilə filmin qala gecəsi baş tutub.
Bakıdakı Rus Evinin Kino klubunda qısametrajlı filmlər nümayiş etdirilib.
Bu filmlər ötən il dekabrın 14-21-də Moskvada keçirilmiş “Qısametrajlı kino günləri” adlı beynəlxalq kino festivalı çərçivəsində təqdim edilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “əks-sədası” fevralın 15-dək davam edəcək festival Rusiya mədəni təşəbbüslər Prezident Fondu və Rusiya Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Muvistart” prodüser mərkəzi tərəfindən təşkil edilib.
İndiyə qədər Kino klubunda “Qoruqda tonqal”, “Kındıkan”, “66 nömrəli laboratoriya”, “İşıq şüası”, “Məhəbbət”, “Mənim günəşim”, “Ay tənhadırmı?”, “İlk inciklik” və başqa filmlər nümayiş etdirilib.
Xalq artisti, “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenli ustad xanəndə Əlibaba Məmmədovun şəxsi əşyaları muzeylərə və Milli Arxiv İdarəsinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Əlibaba Məmmədovun irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı məlumat verib. Musiqişünas bildirib ki, ustad xanəndənin öz vəsiyyətinə uyğun olaraq, şəxsi əşyaları dövlət muzeylərinə ailəsi tərəfindən təqdim edilib.
Bir neçə gün əvvəl musiqişünas müvafiq təşkilatların nümayəndələri ilə birlikdə sənətkarın evində olub və sənədlər çeşidlənərək aidiyyəti üzrə təhvil verilib.
Sənətkarın əşyaları Dövlət Səs Yazıları Arxivinə, S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Milli Kitabxanasının fonduna verilib. Buraya sənətkarın tar aləti, səhnə geyimləri, əl çantası, müxtəlif dövlət təltifləri, afişalar və fotoşəkillər, müxtəlif illərdə sənətkar haqqında yazılmış qəzet və jurnallardakı məqalələr daxildir.
Martın 2-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Səadət Təhmirazqızının “Ustad xatirələrdə” kitabının təqdimatı və sənətkarın muzeyə hədiyyə edilən şəxsi əşyalarının sərgisi keçiriləcək. Martın 29-da isə Beynəlxalq Muğam Mərkəzində Əlibaba Məmmədovun xatirəsinə həsr edilən konsert proqramı təqdim olunacaq.