Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Xalq artisti Əliabbas Qədirovun doğum günüdür

    Bu gün Azərbaycanın Xalq artisti Əliabbas Qədirovun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 77-ci ildönümü tamam olan sənətkar yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaradaraq böyük tamaşaçı rəğbəti qazanıb.

    Xalq artisti 1946-cı il fevralın 13-də Bakıda dünyaya gəlib. O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə qəbul edilib. Sənət müəllimi, ixtisas kurs rəhbəri Xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi Əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.

    Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın”, Hüseyn Cavidin “Azər”, Afanasi Salinskinin “Təbilçi qız” tamaşalarında maraqlı rollar yaradıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Azərbaycan Milli Dram Teatrında quruluş verdiyi Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. O, ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub.

    Əliabbas Qədirov 1970-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında çalışıb. Onun “Xəyyam”, “Aydın”, “Sevil”, “Oqtay Eloğlu”, “Hacı Qara”, “Xırs quldurbasan”, “Vaqif”, “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Tənha iydə ağacı”, “Torpağa sancılan qılınc” və başqa səhnə əsərlərində böyük ustalıqla yaratdığı obrazlar milli teatrımızın parlaq səhifələrini təşkil edir. Aktyor 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru vəzifəsində çalışıb.

    O, daxilən hərarətli və ehtiraslı temperamentə, dinamik plastikaya malik aktyor idi. Oynadığı rollar janr xüsusiyyətlərinə görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir bağışlayırdı. Onun aktyor təbiətində ilk baxışda "gizli" görünən, ancaq duzlu və cazibəli yumor vardı. O, bu yumordan həssaslıqla, yığcam "xəsisliklə", lakin bədii məziyyətləri cazibəli, könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla istifadə edirdi.

    Xalq artisti oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini müəyyənləşdirərdi. Səhnədə diqqətcil və həssas olardı, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan aktyor idi.

    Ə.Qədirov “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 62 bədii və tammetrajlı filmlərdə biri-birindən maraqlı personajlar yaradıb. "Sevinc buxtası" filmində oynadığı Nazim roluna görə Dövlət mükafatına layiq görülüb.

    Televiziyada "Komediyalar aləminə səyahət" verilişinin ilk aparıcısı olan Əliabbas Qədirov uzun illər pedaqoji fəaliyyətlə də məşğul olub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

    Aktyor 2006-cı il martın 8-də 60 yaşında leykemiya xəstəliyindən dünyasını dəyişib.

  • “Gün keçdi” bədii filmi böyük ekranda

    Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 və Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) 60 illiyi münasibətilə AKİ, klassik Azərbaycan filmlərinin nümayişinə başlayır.

    AKİ-dən AZƏRTAC-a bildirilib ki, ilk nümayişdə tamaşaçılara fevralın 14-də "Azərbaycan" CinemaPlusda ("Hard Rock" kafesinin arxası) “Gün keçdi” filmi təqdim olunacaq.

    Qeyd edək ki, “Gün keçdi” filmi 1971-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunub. Yazıçı Anarın ssenarisi əsasında çəkilən filmə rejissor Arif Babayev quruluş verib.

    Filmin operatoru Rasim İsmayılov, rəssamı Elbəy Rzaquliyev, bəstəkarı Emin Sabitoğludur. Mahnıların mətni Vaqif Səmədoğluna məxsusdur.

    Filmdə Leyla Şıxlinskaya (Əsmər), Həsən Məmmədov (Oqtay), Çingiz Əlioğlu (Camal), Turə Zeynalova (qonşu qadın) və digər aktyorlar çəkilib.

  • Xalça Muzeyində növbəti mühazirə

    Azərbaycan Milli Xalça Muzeyində “Orta əsrlərdə Yaxın Şərqdə gümüş böhranı və onun Şirvanşahlar dövlətinin tarixinə və sikkələrinə təsiri” adlı mühazirə keçirilib.

    Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, mühazirə Azərbaycan Filateliya İttifaqı nəzdində “Filateliya və numizmatika” klubunun üzvü Rüstəm Hüseynov tərəfindən təqdim olunub.

    O, Şərq ölkələri tarixində baş vermiş fenomen bir hadisə - “gümüş böhranı” və həmin dövrdə Şirvanşahlar dövlətinin öz sikkələrini zərb etməyə başlaması, tədricən bütün regiona böyük təsir göstərən, qonşu ölkələr üçün örnək olan müxtəlif nominallı sikkələr sisteminin yaradılması barədə təfərrüatlı məlumat verib.

  • Rejissor Vadim Abdraşitov vəfat edib

    Rusiyanın Xalq artisti rejissor Vadim Abdraşitov 79 yaşında vəfat edib.

    AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası Kinematoqraflar İttifaqı məlumat yayıb. Məlumata görə, o, koronavirusun fəsadları səbəbindən dünyasını dəyişib.

    Vadim Abdraşitov daha çox “Rəqqasın vaxtı”, “Plumbum, yaxud təhlükəli oyun”, “Tülkü ovu”, “Qulluqçu” filmləri ilə tanınıb.

  • Bakıda Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilir

    Bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının (IACCI) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Azərbaycan-İsrail İnnovasiya Forumu keçirilir.

    Report xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslər, müxtəlif təşkilatların, biznes assosiasiyaların, ali təhsil müəssisələrinin nümayəndələri, ekspertlər və iş adamları iştirak ediblər.

    Forum Azərbaycan və İsrail iş adamları arasında təhsil və kənd təsərrüfatı sahələrində tətbiq olunan texnogiyalar və innovasiyalar sahəsində təcrübə mübadiləsi üçün imkan yaradıb.

    İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışlarında forumun məqsədi, Azərbaycan-İsrail əlaqələri, iş adamları arasında innovasiyalar sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.

    Tədbir ümumi, təhsil və kənd təsərrüfatı üzrə panel iclaslarla öz işini davam etdirib. Ümumi paneldə elm və təhsil naziri Emin Əmrullayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və “Ramat-Negev” Regional Şurasının rəhbəri Eran Doron Azərbaycan və İsrail arasında münasibətlər, ölkəmizdə aqrar, təhsil və elm sahələrində son illər ərzində tətbiq edilən texnologiyalar, müvafiq sahələrdə Azərbaycan-İsrail əməkdaşlığı və bu sektorlarda əlaqələrin genişləndirilməsi perspektivləri, rəqəmsal iqtisadiyyat, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində tətbiq olunan müasir yanaşmalar ilə bağlı fikirlərini bildiriblər.

    Gün ərzində davam edəcək təhsil üzrə paneldə ölkəmizdə və İsraildə fəaliyyət göstərən müxtəlif təhsil müəssisələrinin rəhbərləri, ekspertlər müvafiq sahədəki çağırışlar, təhsildə innovasiyaların rolu, bu sahəyə investisiya qoyuluşu, süni intellekt, rəqəmsal platformalar, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparacaqlar.

    Azərbaycan və İsraildən olan dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilən kənd təsərrüfatı üzrə paneldə isə aqrar sahədə texnologiyalar, məhsuldarlığın artmasında, torpaq və su resurslarından daha səmərəli istifadə olunmasında innovasiyaların rolu, bu sahədə Azərbaycan və İsrail iş adamlarının təcrübə mübadiləsi, aqrar startapçıların innovativ ideyalarının reallaşması və s. məsələlərə dair fikir mübadiləsi aparılacaqdır.

    Forum çərçivəsində startaplar və iş adamları arasında ikitərəfli görüşlər də keçiriləcəkdir..

  • Azərbaycanda kənd təsərrüfatının inkişafına yönəlmiş sənəd hazırlanıb

    “Azərbaycan hökuməti və Sahibkarlar Konfederasiyası ölkədə kənd təsərrüfatının inkişafına yönəlmiş sənəd hazırlayıb”.

    Report xəbər verir ki, bunu "Kənd təsərrüfatı və təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda Azərbaycan Sahibkarlar Konfederasiyası prezidentinin müşaviri Fərid Vəlizadə deyib.

    Onun sözlərinə görə, Azərbaycanda həmçinin aqrar sektor üzrə xüsusi komissiya yaradılıb və bu, sözügedən sahə üçün kadr potensialını gücləndirməyə imkan verir.

    İsrail ilə əməkdaşlıqdan danışan F.Vəlizadə bildirib ki, Azərbaycan və İsraildə bir sıra tədbirlərin keçirilməsinə dair memorandumun imzalanması imkanları nəzərdən keçirilir ki, bu da ölkələr arasında əməkdaşlığı gücləndirəcək.

  • İlham Əliyev: “Azərbaycan Avropaya qazın həcminin artırılmasını təmin edəcək”

    Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, Azərbaycan Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcək.

    Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı tədbirdə iştirak edərkən bildirib.

    “Əlbəttə, bütövlükdə energetika sahəsində əməkdaşlıq ənənəvidir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik”, - deyə dövlət başçısı bildirib.

    Prezident İlham Əliyev qeyd edib ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir: “Bu məsələ artıq bir müddətdir ki, müzakirə edilir, o cümlədən bu ayın əvvəlində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında geniş müzakirə edilib. Əminəm ki, biz bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən "yaşıl enerji" potensialı Avropa üçün yeni imkanlar açacaq”.

  • Yeni elektrik stansiyası Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək

    Yeni elektrik stansiyası Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək.

    Report xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bildirib.

    Dövlət başçısı deyib ki, yeni tikiləcək elektrik stansiyasının müasir standartlara cavab verməsi nəticəsində karbon qazının miqdarı 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq: “Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. Onu da bildirməliyəm ki, mənə verilən məlumata görə, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq və elektroenergetika sahəsini yaxından bilən insanlar bilirlər ki, təxminən 1300 meqavat gücündə olan stansiya neçəyə başa gələ bilər. Yəni, bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır”.

  • Tviterin işində problem yaranıb

    Dünyanın bir sıra ölkələrində tviter sosial şəbəkəsinin işində nasazlıqlar müşahidə olunur.

    Report xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

    Qeyd edilir ki, nasazlıqlardan ən çox ABŞ, Kanada, Böyük Britaniya, Almaniya və Fransada yaşayan sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

    Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi sayt və proqramın işində nasazlıqların olmasından gileylənirlər.

  • Şuşada “Wonderland Şuşa-2023” beynəlxalq skaut düşərgəsi təşkil olunacaq

    Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Wonderland Şuşa-2023” beynəlxalq skaut düşərgəsi təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planın”da yer alıb.

    İl ərzində keçiriləcək festivalla bağlı işlərin icrası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.