Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Cari il ərzində qala-şəhərdə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış”, “Əhməd bəy Ağaoğlu və Türk dünyası” və “Şuşa Türk dünyası tarixində” mövzularında beynəlxalq konfranslar təşkil olunacaq. Həmçinin “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda Şuşada “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olacaq.
Cari ilin iyul-sentyabr aylarında Şuşada türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Bu tədbirlərə Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərginin açılması və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı kitab-kataloqun təqdimatı, həmçinin “Məclisi-üns” ədəbi məclisinin təşkili daxildir.
Tədbirlərin icrası ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.
Azərbaycanda 6308 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına götürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, abidələr dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri kimi təsnif edilib.
Dünya əhəmiyyətli abidələr 82, ölkə əhəmiyyətli abidələr 2059, yerli əhəmiyyətli abidələr 4167-dir.
Dövlət Turizm Agentliyinin (DTA) dəstəyi ilə yaradılan Azərbaycan Aşpazlar Milli Komandasının üzvü Emil Zeynalzadə dünyanın ən nüfuzlu kulinariya yarışmalarından biri sayılan 9-cu Beynəlxalq Gənc Aşpaz Olimpiadasının (Young Chef Olympiad - YCO) qalibi olub.
DTA-dan AZƏRTAC-a bildirilib ki, Hindistanın Kəlkütə şəhərində keçirilən bağlanış mərasimində Azərbaycan təmsilçisinə qızıl kubok və pul mükafatı təqdim olunub.
“CASA” Kulinariya Mərkəzinin məzunu olan Emil Zeynalzadənin qatıldığı olimpiadada dünyanın 53 ölkəsindən olan iştirakçılar “Dünyanın ən yaxşı gənc aşpazı” adı uğrunda yarışıblar.
Müsabiqənin finalına Azərbaycanla yanaşı, İngiltərə, Fransa, Hindistan, Malayziya, Hollandiya, Yeni Zelandiya, Sinqapur, Tailand və ABŞ-dan aşpazlar vəsiqə qazanıblar.
Müsabiqədə ikinci yerə Tailand, üçüncü yerə isə Hindistan nümayəndəsi layiq görülüb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi milli mətbəx nümunələrimizin təbliği, Azərbaycanın qastronomiya destinasiyası kimi tanıdılması, kulinarların təhsil səviyyəsinin yüksəldilməsi istiqamətində işləri davam etdirməkdədir.
Ötən il DTA-nın dəstəyi ilə beynəlxalq standartlar əsasında aşpazlardan ibarət yeni milli komanda yaradılıb.
Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Şuşa yaradıcılıq emalatxanası” beynəlxalq gənclər düşərgəsi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
İl ərzində keçiriləcək festivalla bağlı işlərin icrası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.
Şuşada türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlər təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
İl ərzində qala-şəhərdə türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayişi, eyni zamanda kulinariya günlərinin keçirilməsi nəzərdə tutulub. Həmçinin cari il ərzində türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili də gözlənilir.
Bu ilin iyun ayında Şuşada Uşaq Yaradıcılıq festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Festivalla bağlı işlərin icrası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə həvalə olunub.
Bu gün böyük yazıçı-dramaturq, maarifçi-publisist, naşir Cəlil Məmmədquluzadənin anadan olmasının 154-cü ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.
Cəlil Məmmədquluzadə ədib realist hekayələri, povestləri, dram əsərləri (“Dəli yığıncağı”, “Anamın kitabı”, "Ölülər") ilə Azərbaycan ədəbiyyatına dəyərli töhfələr verib. 1906-1932-ci illərdə (fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori Seminariyası) bitirib, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik (1887-1897) edib. İlk məlum bədii əsəri sayılan “Çay dəstgahı” (1889) alleqorik pyesini, “Danabaş kəndinin əhvalatları” (1894-cü ildə nəşr olunub) povestini də bu dövrdə yazıb.
1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa gedib, bu şəhərlərin mədəni həyatı ilə tanış olub. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında işləyib. Cəlil Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində bu qəzetin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olub. 1903-cü ildə yazdığı "Poçt qutusu” hekayəsi 1904-cü ildə "Şərqi-Rus” qəzetində çap olunub. “Kişmiş oyunu”, L.Tolstoydan tərcümə etdiyi “Zəhmət, ölüm və naxoşluq” hekayələri də ilk dəfə bu qəzetdə dərc edilib.
1905-ci ilin əvvəllərində “Şərqi-Rus” bağlananda Cəlil Məmmədquluzadə jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açıb. 7 aprel 1906-cı ildə Tiflisdə "Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunub.
C.Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda, Cənubi Qafqazda deyil, İran və Türkiyədə də ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərib.
Cəlil Məmmədquluzadənin publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını yalnız məzmunca deyil, formaca da zənginləşdirib. O, xüsusilə kiçik hekayə janrının misilsiz ustasıdır. Onun ən yaxşı hekayələri çox mühüm sosial mətləbləri son dərəcə yığcam bir şəkildə, məharətlə əks etdirmək baxımından dünya ədəbiyyatının kamil nümunələri ilə bir sırada durur.
XX əsr Azərbaycan dramaturgiyasının inkişafında yeni bir mərhələni təşkil edən "Ölülər" komediyası 1909-cu ildə yazılıb. Əsərdə din, mövhumat və feodal həyat tərzi əleyhinə mübarizə öz əksini tapıb. "Ölülər"də cəhalət, gerilik, ikiüzlülük və yalan ifşa olunur. Avamlıq və nadanlığın nə kimi bəlalar yaratdığı göstərilir. Bu komediyanı yazmaqda böyük dramaturqun məqsədi müsəlman ölkələri xalqlarını uzun əsrlər cəhalətdə saxlayan, mövhumat içində çürüdən, dini, şəriəti soyğunçuluq vasitəsinə çevirən yalançı, fırıldaqçı ruhanilərin həqiqi simasını olduğu kimi xalqa tanıtmaq olmuşdur. Cəlil Məmmədquluzadənin tərcümeyi-halı ilə əlaqədar olan materiallar, arxiv sənədləri və xatirələr göstərir ki, Şeyx Nəsrullah surətinin yaradılmasında müəllifin şahidi olduğu konkret tarixi faktların və həqiqətlərin böyük təsiri olmuşdur. Şeyx Nəsrullah bütün Yaxın və Azərbaycan üçün səciyyəvi olan canlı, tipik və mürəkkəb bir ruhani obrazıdır. Ədib Şeyx Nəsrullahın əksi olaraq yaratdığı Kefli İskəndər obrazı vasitəsilə xalqı oyatmağa çalışmışdır. 1916-cı ildə Bakıda səhnəyə qoyulmuş "Ölülər" komediyası uzun müddət Azərbaycan və Şərq ölkələrinin teatrlarında oynanılmışdır.
Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərib.
Ədib yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verib. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunub) pyesində feodal-patriarxal münasibətləri, din və fanatizmi kəskin tənqid atəşinə tutub.
Cəlil Məmmədquluzadə 1907-ci ildə ədib Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurub. Bu izdivacdan onların Midhət və Ənvər adlı iki oğulları dünyaya gəlib.
Böyük ədib 4 yanvar 1932-ci ildə Bakı şəhərində vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Fevralın 11-də Bakıdakı Rus evində Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının və Beynəlmiləl Yazıçılar İttifaqının üzvü şair Sahib Məmmədovun ustad dərsi təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində bildiriblər.
O, gənc şairlərə şeir sənətinin əsas qaydaları və bədii yaradıcılıq xüsusiyyətləri barədə söhbət açacaq.
Sahib Məmmədov 1986-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, boks üzrə idman ustası, “Nəsimi” festivalının iki dəfə qalibi, Bakıda keçirilən “LiFFt” IV Avrasiya ədəbiyyat festivalının mükafatının laureatıdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Forum çərçivəsində may-iyun aylarında Beynəlxalq Türk Akademiyası ilə birgə türk dünyasında ortaq mədəni irsin, tarix-memarlıq abidələrinin qorunması, bərpası və tanıdılmasına həsr olunmuş tədbirin təşkili nəzərdə tutulub. Həmçinin TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısı və Türk Dünyasının Mədəni Marşrutu layihəsinin təqdimatı keçiriləcək. Eyni zamanda, Türk dünyası mədəniyyət paytaxtlarının Şuşa şəbəkəsinin yaradılması və ilk görüşünün təşkili, elədə də TÜRKSOY Muzeylər Birliyinin toplantısının keçirilməsi planlaşdırılır.
Qeyd olunan işlərin icrası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.