Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kənd Təsərrüfatı Nazirliyi istixana sahiblərinə müraciət edib

    İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları hesabatlarını fevral ayının 15-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etməlidirlər.

    Bu barədə Reporta Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

    Məlumata görə, Azərbaycan Prezidentinin 2020-ci il 30 iyul tarixli 1117 nömrəli Fərmanı ilə 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanla təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib. Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları EKTİS-də “Tədarükçü modulu”nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.

    Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyatı üçün modullar yaradılıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti tədarükçü və istehsalçı olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci il üzrə yekun və cari ilin yanvar ayı üzrə müvafiq hesabatları fevral ayının 15-nə qədər EKTİS-də (https://eagro.az/) təqdim edilməlidir.

    Həmçinin, Fərmanın tələbinə uyğun olaraq sahibkarlıq subyektlərini bir daha EKTİS-də qeydiyyatdan keçməyə və hesabatları təqdim etməyə çağırırıq.

    EKTİS-də qeydiyyat və hesabatların daxil edilməsi ilə bağlı sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə və ya Dövlət Aqrar İnkişaf mərkəzlərinə də müraciət edə bilərlər.

  • Güney azərbaycanlı şair 92 yaşında vəfat edib

    Güney Azərbaycanın Marağa şəhərində yaşayan Mirza Hüseyn Kərimi Marağayi vəfat edib.

    Report xəbər verir ki, məlumatı Güney Azərbaycana bağlı informasiya mənbələri yayıb.

    Bildirilib ki, o, Marağada müalicə olunduğu “Əmir əl-Möminin" xəstəxanasında 92 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

    Qeyd edək ki, o, 1931-ci ildə Marağa şəhərində anadan olub. İranda Azərbaycan türkcəsində məktəbin olmamasına baxmayaraq tanınmış satiraçı şeirlərinin demək olar ki, hamısını Azərbaycan türkcəsində yazıb. İranda siyasi, ictimai və mədəni hadisələrə dair çatışmazlıqları satira dilində qələmə alan Mirzə Hüseyn Kəriminin yaradıcılığı güney azərbaycanlılar tərəfindən rəğbətlə qarşılanırdı.

  • “Qardaş köməyi" platforması çərçivəsində toplanmış yardım Türkiyəyə yola salınıb

    Türkiyədəki zəlzələdən zərər çəkənlər üçün "Qardaş köməyi" platforması çərçivəsində toplanmış yardım Lökbatandakı "Agro" terminaldan qardaş ölkəyə yola salınıb.

    Report xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

    Məlumata görə, növbəti günlərdə yardım aparan daha bir neçə TIR Türkiyəyə göndəriləcək.

    "Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqələndirilməklə, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (MÜSİAD Azərbaycan), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş "Qardaş köməyi" platforması kimi təşəbbüsləri KOBİA olaraq dəstəkləyir və sahibkarları fəal iştiraka dəvət edirik", - deyə məlumatda deyilir.

    Qeyd edək ki, fevralın 8-də “Bakı KOB evi”ndə Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqələndirilməklə, ASK-nın təşkilatçılığı ilə, "MÜSİAD Azərbaycan", ATİB, TÜİB, eləcə də bir sıra ictimai birliklərin dəstəyi ilə təsis olunmuş "Qardaş köməyi" platformasının təqdimatı keçirilib.

    Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

  • Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyəti açıqlayıb.

    Report açıqlamaya istinadən xəbər verir ki, “ZƏFƏR” yolunda zəif qar yağır, 7-8 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Toğanalı - Kəlbəcər - İstisu yolunda zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 13-22 dərəcə şaxta müşahidə olunur. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən “Ömər aşırımı” istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

    Bakı - Quba yolunda yağıntı yoxdur, Qusar rayonu ərazisində yolun buz bağlamış sahələrinə qum-duz səpilib.

    Xınalıq kəndi ərazisində 16 dərəcə şaxta var. Hazırda yolda əmələ gəlmiş buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Giləzi - Xızı yolunda yağıntı yoxdur, Xızı rayonu ərazisində 4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Bakı-Qobustan yolunda zəif qar yağır, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Qobustan - Şamaxı - Muğanlı yolunda zəif qar yağır, Şamaxı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yolun buz bağlamış sahələrinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Muğanlı – Ağsu - Yevlax yolunda zəif qar yağır, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Muğanlı - İsmayıllı yolunda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun 7-19 km hissəsində buz bağlamış hissələrə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    İsmayıllı - Qəbələ - Oğuz- Şəki: Yolun İsmayıllı və Qəbələ rayonları ərazisində zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun İsmayıllı-Qəbələ hissəsində güclü buzlaşma əmələ gəlmiş, bununla əlaqədar qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Yevlax - Şəki - Qax - Zaqatala: Yağıntı yoxdur, Qax rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Şəmkir - Gədəbəy yolunda gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 2-10 dərəcə şaxta var. Yolda buzlanma var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Gəncə - Daşkəsən yolunda gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 7-8 dərəcə şaxta var. Hava dumanlıdır, yolda buzlanma var. Yolun qardan təmizlənməsi və bununla yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Ələt - Astara yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Masallı – Yardımlı yolunda yağıntı yoxdur, yolun buz bağlamış sahələrinə qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Lənkəran – Lerik: Lerik rayonu ərazisində qar yağır, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, bununla yanaşı qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax avtomobil yolunda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

  • Dövlət Səs Yazıları Arxivi yeni videoxülasə-toplu hazırlayıb

    Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Səs Yazıları Arxivi “Qarabağa gedən yol silsiləsindən... Füzuli rayonu” adlı videoxülasə-toplu hazırlayıb.

    İdarədən AZƏRTAC-a bildirilib ki, videoxülasədə Füzuli rayonunun işğaldan öncə mədəni həyatı, işğal dövrü və işğaldan azad olunduqdan sonra görüntüləri yer almaqla bərabər, bu qədim yaşayış məskəninin xalqımıza bəxş etdiyi sənətkarlar, mədəniyyət xadimləri, onların fəaliyyəti haqqında geniş məlumat verilir.

    Təqdim edilən media resurs adıçəkilən arxivdə daimi mühafizə edilən fono və videosənədlər əsasında hazırlanıb.

    Adıçəkilən videoxülasə-toplu ilə İdarənin rəsmi yutub kanalından tanış olmaq mümkündür.

  • Bu gün Xalq rəssamı Mirəli Mirqasımovun doğum günüdür

    Bu gün Azərbaycan heykəltəraşlıq sənəti tarixində adı böyük ehtiramla çəkilən Xalq rəssamı Mirələsgər (Mirəli) Mirqasımovun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 99-cu ildönümü tamam olan Xalq rəssamı istər dəzgah, istərsə də monumental heykəltəraşlıq sahəsində yaddaqalan yaradıcılıq nümunələri ilə incəsənət xadimləri və sənətsevərlər tərəfindən xüsusi rəğbət qazanıb.

    O, 1924-cü il fevralın 9-da Bakı şəhərində AMEA-nın ilk prezidenti olmuş görkəmli akademik, Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri Mirəsdulla Mirqasımovun ailəsində dünyaya göz açıb. Təsviri sənətə olan böyük həvəsi onu Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirib çıxarıb. 1944-cü ildə həmin məktəbi bitirən Mirəli təhsilini İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib və 1950-ci ildə təhsilini uğurla başa çatdıraraq, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltəraşı olub.

    Qeyd etmək lazımdır ki, heykəltəraş yaradıcılığının ilk illərində animalistik janrda heykəllər yaratmağa üstünlük verib. Ümumiyyətlə, Azərbaycan heykəltəraşlıq sənətində nədənsə animalistik janrda heykəltəraşlıq əsərləri az yaradılıb. Bu baxımdan M.Mirqasımovun bu sahədə olan yaradıcılıq fəaliyyəti təqdirəlayiqdir. Onun müəllifi olduğu dəzgah heykəltəraşlığı əsərlərinə nümunə olaraq “M.Ə.Sabirin büstü” (1948), “At” (1950, gips), “Şir” (1950, gips), “Qız portreti” (1955, mərmər), “Ana portreti” (1956, gips), “Qız göyərçinlə” (1956, mərmər), “Şah yaylaq” (1957, gips), “C.Cabbarlı” (1958, mərmər), “Neftçi Qurban” (1959, bürünc), “Azadlıq” (1959, bürünc), “İkar” (1962, bürünc), “Xəzri” (1966, bürünc), “Akademik Mirəsədulla Mirqasımov” (1980, bürünc), “Hərəkət qüvvətdir” (1982, bürünc), “C.Cabbarlı” (1987, bürünc) və başqalarını göstərmək olar. Sadalanan hər bir sənət əsərinin ərsəyə gətirilməsi heykəltəraşın gərgin yaradıcılıq axtarışları və zəhməti hesabına başa gəlib.

    M. Mirqasımov mənsub olduğu ailənin gözəl ənənələrindən qaynaqlanan yüksək intellektuallığı və əməksevərliyi, seçdiyi sənətə sonsuz bağlılığı sayəsində heykəltəraş kimi böyük yaradıcılıq yolu keçib və onun yarım əsrdən artıq müddət ərzindəki fəaliyyəti Azərbaycanda heykəltəraşlığın inkişafında mühüm rol oynayıb. Mirəli Mirqasımovun monumental plastika sahəsindəki xidmətləri xüsusilə yüksək qiymətə layiqdir. Heykəltəraşın xalqımızın görkəmli oğul və qızlarının mərmərdə, qranitdə və tuncda əbədiləşdirdiyi obrazları küçə və meydanları, böyük sərgi və muzeyləri bəzəyən sənət inciləridir. Bakıda Cəfər Cabbarlının, Naxçıvanda Cəlil Məmmədquluzadənin monumental abidələri, Sumqayıtda Nəriman Nərimanovun büstü incəsənətimizin qızıl fonduna həmişəlik daxil olub.

    M.Mirqasımovun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən sənət əsəri, heç şübhəsiz ki, görkəmli yazıçımız Cəfər Cabbarlının Bakıda ucaldılan heykəlidir. Əzəmətli – hündürlüyü 5,5 metrə çatan abidə son dərəcə mükəmməl kompozisiya və bədii işlənilmə xüsusiyyətlərinə malikdir. Hündür qranit postamentin üzərində yazıçının ayaq üstə, başını sola çevirmiş, əlləri sinəsində qoşalanmış vəziyyətdə və gərgin fikirlər keçirdiyi məqamda, orijinal formada monumental bədii obrazı yaradılıb. Dramaturqun bədii obrazında ekspressiv, üsyankar və barışmaz “mən”i daha çox surətin zahiri quruluşu ilə üzə çıxarılıb. Dramatizm və dinamizm, yazıçının daxili gərginliyi abidənin ümumi plastik həlli yolu ilə açılıb. Heykəltəraş bu əsərində də paltodan obrazın ümumi bədii həllində vahid element kimi istifadə edib. Yazıçının çiyinlərindən sallanan palto sanki teatrın pərdələrini xatırladır və obrazın monolitliyini və monumentallığını artırır. Postamentdə teatr maskalarının əks etdirilməsi abidənin vahid kompozisiya biçimində həllinə xidmət edir və surətin bədii ifadəliyinə əlavə estetik zövq gətirir. C.Cabbarlının heykəli Azərbaycan heykəltəraşlıq sənətində bədii və texniki işlənilmə, həmçinin qranitdən yonulmuş ən monumental heykəltəraşlıq abidəsi kimi daxil olub. Bu abidə SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb.

    Heykəltəraşın əsərləri Rusiya, Polşa, Bolqarıstan, Almaniya, Kanada, Misir və başqa ölkələrdə uğurla nümayiş etdirilərək, Azərbaycan heykəltəraşlıq məktəbinə şöhrət qazandırıb.

    Həyatın ağır sınaqlarına sinə gərmək Mirəli Mirqasımovda mübarizlik ruhu yaratmışdısa da, onun əsərlərində nikbin ovqat və romantiklik üstünlük təşkil edir. Sənətlərin sintezi probleminin gözəl həlli, monumental duyum və lakoniklik onun yaradıcılığının başlıca səciyyəvi cəhətləridir.

    Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında var qüvvəsini sərf etmiş M.Mirqasımovun xidmətləri həmişə yüksək qiymətləndirilib. O, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif olunub. Onun mənalı yaradıcılıq yolu gənc heykəltəraş nəsilləri üçün zəngin sənət məktəbidir.

    Respublikanın görkəmli heykəltəraşı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Xalq rəssamı Mirəli Mirqasımov 2003-cü il noyabrın 9-da ömrünün 80-ci ilində vəfat edib.

  • ATAA Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün yardım kampaniyasına qoşulub

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) rəhbərliyi və üzvləri qardaş ölkə Türkiyədə böyük insan tələfatına səbəb olan zəlzələ nəticəsində köməyə ehtiyacı olan insanlar üçün yardım kampaniyası həyata keçirib.

    ATAA-dan AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində toplanan ianələrlə evsiz və köməksiz qalan insanlar üçün yataq, yorğan-döşək, qış geyimləri, konservləşdirilmiş qidalar, eləcə də uşaq qidaları, uşaq bezləri, dərman preparatları, gigiyenik vasitələr, əl fənəri, generator, poverbank kimi vacib olan əşyalar alınaraq növünə və istifadəsinə uyğun xüsusi bağlamalarda qablaşdırılıb və Heydər Əliyev adına İdman Sarayındakı toplama mərkəzinə təhvil verilib.

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyası bir daha qardaş Türkiyədə çoxlu insan tələfatına səbəb olan güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət diləyir, xəsarət alanlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayır.

  • Azərbaycanın avtomobil yollarındakı son vəziyyət açıqlanıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.

    Report açıqlamaya istinadən xəbər verir ki, “ZƏFƏR” yolunda qar yağır, 6-7 dərəcə şaxta var. Hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

    Toğanalı - Kəlbəcər - İstisu yolunda zəif qar yağır, hazırda yolun qardan təmizlənməsi işləri ilə yanaşı buzlaşmaya qarşı da müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 9-27 dərəcə şaxta müşahidə olunur. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən “Ömər aşırımı” istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

    Bakı - Quba yolu: Quba və Qusar rayonları ərazisində qar yağır, 6 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülür.
    Xınalıq kəndi istiqamətində, yolun 26-38 km hissəsində güclü qar yağır, yolda 20 sm qar var. Şaxta 12-14 dərəcə təşkil edir. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

    Giləzi - Xızı yolunda zəif qar yağır, lakin güclü külək əsir. Xızı rayonu ərazisində 8-10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Bakı-Qobustan yolu: Gecə saatlarında Qobustan rayonu ərazisinə qar yağıb, hazırda isə yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

    Qobustan - Şamaxı - Muğanlı yolu: Şamaxı rayonu ərazisində zəif qar yağır, 3-4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Muğanlı – Ağsu - Yevlax yolu: Muğanlı ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Muğanlı - İsmayıllı yolunda gecə saatlarından başlayaraq qar yağır, 3-4 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

    İsmayıllı - Qəbələ - Oğuz- Şəki yolunda zəif qar yağır, yolda qar yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 3-4 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Yevlax - Şəki - Qax - Zaqatala yolunda yağıntı yoxdur, Qax rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Şəmkir - Gədəbəy yolunmda gecə saatlarından başlayaraq marşrut boyu qar yağır. 4-9 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

    Gəncə - Daşkəsən: Marşrut boyu zəif qar yağır. 8-10 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi və buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Sürücülərə qış fəsli üçün nəzərdə tutulan şinləri olan nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

    Ələt - Astara yolun Cəlilabad-Astara hissəsində yağış yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Masallı – Yardımlı: Masallı rayonu ərazisində sulu qar, Yardımlı rayonu ərazisində qar yağır. 1-2 dərəcə şaxta var. Hazırda yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Lənkəran – Lerik: Lənkəran rayonu ərazisində sulu qar, Lerik rayonu ərazisində qar yağır, 5-6 dərəcə şaxta var. Hazırda yol qardan təmizlənir, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Bakı - Ələt – Hacıqabul – Ucar – Yevlax - Gəncə - Qazax yolun Gəncə-Qazax hissəsinə zəif qar yağır, yolda qar yoxdur. Yolboyu nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

    Hacıqabul – Bəhramtəpə – Horadiz: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

  • Türk rejissorun filmi YARAT-da göstəriləcək

    Fevralın 14-də YARAT Müasir İncəsənət Mərkəzində türk rejissor Pelin Əsmərin “10-dan 11-ə qədər” dram filmi nümayiş etdiriləcək.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, “Multiperspektivdə” qrup sərgisi çərçivəsində nümayiş olunacaq ekran əsərinin xronometrajı 110 dəqiqədir.

    Filmdə hadisələr belə cərəyan edir: Mithat bəy təqaüddə olan dövlət qulluqçusudur. Əli onun yaşadığı binada konsyerjdir. İki qəhrəman eyni binada yaşasalar da, fərqli dünyalara mənsubdurlar. Amma bir gün həyat onları vacib məsələ üçün birləşdirir - yaşadıqları ev zəlzələyə davamlı olmadığı üçün sökülür...

  • İstiqlal Muzeyi beynəlxalq konfransda təmsil olunub

    Fevralın 9-da Azərbaycan İstiqlal Muzeyinin nümayəndəsi Rusiya Qələbə Muzeyinin Stalinqrad döyüşünün 80 illiyi münasibətilə təşkil etdiyi beynəlxalq konfransda iştirak edib.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində muzey əməkdaşı Stalinqrad döyüşlərində qəhrəmanlıq göstərmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolu haqqında məruzə ilə çıxış edib.

    Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Rusiya Qələbə Muzeyi ilə imzaladığı qarşılıqlı memorandum çərçivəsində müxtəlif vaxtlarda sərgi və beynəlxalq konfranslarda muzey əməkdaşları ilə təmsil olunur.