Dünyanın ən xoşbəxt məkanında qara günlər başlayıb. Bu günlərdə Amerikanın əyləncə sənayesi sektorunda multiplikasiya studiyaları bazasında yaradılmış “Walt Disney” bəyan edib ki, kompaniyanın işçi qüvvəsinin 3,2 faizi – təqribən 7 min nəfər ixtisara düşəcək.
AZƏRTAC xəbər verir ki, əyləncə sektorunun bu nəhəngi səhmdarlarına verdiyi məlumatda bu addımın xərclərin azaldılması və 5,5 milyard dollara yaxın vəsaitə qənaət olunması strategiyasının tərkib hissəsi olduğunu bildirib. Kompaniya, həmçinin əməliyyat xərclərini də 2,5 milyard dollar məbləğində azaltmaq niyyətindədir.
Ötən ilin oktyabrınadək bütün dünya üzrə kompaniyada təqribən 220 min əməkdaş çalışıb.
“Walt Disney”in baş direktoru Robert Ayqerin sözlərinə görə, hələ istehsal mərhələsində olan, əyləncə və beynəlxalq məzmun kəsb edən serialların və filmlərin “aqressiv yoxlanılması” aparılacaq. Kompaniya audiovizual kontentdən imtina etməklə 3 milyard dollar vəsaitə qənaət etməyi planlaşdırır.
“Walt Disney” yenidənqurma prosesində üç bölməyə bölünəcək: onlardan biri kino və televiziyada əyləncəli kontent, ikincisi idman proqramları, üçüncüsü isə tematik parklar, mallar və kruiz laynerləri ilə məşğul olacaq.
“Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında yeni işıqlanma sistemi qurulub.
Bu barədə Reporta qurumun mətbuat xidmətindən məlumat verilib.
Qurumun açıqlamasında deyilir ki, işıqlandırma sistemində edilən yenilənmə tələbata əsasən həyata keçirilib:
“İşlər stansiya yollarında hərəkətin təşkili və təhlükəsizliyi, habelə sərnişindaşıma prosesinə maneə törətmədən, əsasən, gecə növbəsində aparılıb. Bu məqsədlə stansiya yollarında müvəqqəti işıqlanma təmin edilməklə, köhnə şəbəkə sökülüb və yenisinin quraşdırılması üçün müvafiq hazırlıq tədbirləri görülüb. Köhnəlmiş, həmçinin enerji sərfiyyatı çox olan 72 Vt-lıq 67 lampa çıxarılaraq dairəvi formalı plafonlardan ibarət 33 LED lampa ilə əvəz edilib.
Yeni şəbəkə əvvəlki illə müqayisədə daha etibarlı, uzunömürlü, qulluğu asan və qənaət baxımından çox əlverişlidir. Plafonların dairəvi formada olması 360 dərəcə boyunca işıqlandırmanı yüksək səviyyədə təşkil etməyə imkan verir. Həmçinin LED lampalar stansiya yolunun estetik görkəminə əlavə rəng çaları qatmaqla yanaşı, platformanın memarlıq ansamblının ümumi estetik görkəmini daha effektli edir.
Qeyd edək ki, hazırda “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarında da eyni qayda ilə işıqlanma sistemi tətbiq olunub.
Prezident İlham Əliyev fevralın 9-da Xalq artisti Aleksandr Şarovskinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, fəxri diplom A.Şarovskiyə Azərbaycanda teatr sənətinin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru olan Aleksandr Şarovski ötən illər ərzində səhnədə 50-dən çox obraz yaradıb, 4 kinofilmdə çəkilib, 54 tamaşaya quruluş verib.
Xalq artisti həm də Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.
Bu il Şuşada türk dünyasının tanınmış şair və yazıçılarının iştirakı ilə ədəbi-bədii tədbirlər keçiriləcək.
Report xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Festivalın iyul-sentyabr ayında keçiriləcəyi planlaşdırılır.
Həmçinin Vaqif poeziya günləri çərçivəsində TÜRKSOY-a üzv ölkələrin şairlərinin görüşü, Mir Möhsün Nəvvab Qarabağinin 190 illiyinə həsr olunmuş sərginin təşkili və “Mir Möhsün Nəvvab Qarabağinin silah kolleksiyası” adlı kitab-kataloqun təqdimatı, “Məclisi-üns” ədəbi məclisi təşkil ediləcək.
Tədbirlərin icraçı orqanları Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Bu il Şuşada “Xarıbülbül” VI Beynəlxalq Folklor Festivalının keçiriləcək.
Report xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Festivalın may ayında keçiriləcəyi planlaşdırılır.
Festivalın icraçı orqanları Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Bu il Şuşada türk dünyası xalqlarının adət və ənənələrini özündə əks etdirən tədbirlər təşkil ediləcək.
Report xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Həmçinin türk dünyası xalqlarına məxsus qədim idman növlərinin nümayiş etdirilməsi, türk dünyası xalqlarının kulinariya günlərinin
keçirilməsi, Türk dünyası dövlətlərinin aktiv və mədəni turizm sahəsində səyahətçi, bloger və digər şəxslərin Şuşaya səfərlərinin təşkili planlaşdırılır.
Eyni zamanda İl ərzində “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində beynəlxalq konfrans, elmi seminar və digər tədbirlərin keçiriləcək. “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın keçirilməsi; “Əhməd bəy Ağaoğlu və Türk dünyası” mövzusunda beynəlxalq konfransın keçirilməsi; - “Şuşa Türk dünyası tarixində” mövzusunda beynəlxalq konfransın keçirilməsi, “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda elmi seminarın keçirilməsi, “Xarıbülbül əfsanəsi” sənədli filminin təqdimatı olacaq.
Tədbirlərin icraçı orqanları Gənclər və İdman Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyidir.
Bu il Şuşada “Qorqud Ata Türk Dünyası” Film Festivalı keçiriləcək.
Report xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
Belə ki, festival oktyabr ayında baş tutacaq.
Festivalın icraçı orqanları Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsidir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evində "Səhnə" teatrının təqdimatında "Qaranlıqdan işığa" adlı tamaşa nümayiş olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşada, narkotikə aludə olmuş bir gəncin keçirdiyi iztirablardan, yaşadığı əzablı həyat tərzindən, ailəsinə gətirdiyi faciələrdən və düçar olduğu qaranlığın içindən işığa doğru necə çıxdığından bəhs edilir.
Tamaşanın əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə çağırmaqdır.
Qeyd edək ki, tamaşanın müəllifi Pakizə Hüseynova, quruluşçu rejissoru Mirzə Ağa Mirzəyevdir.
Bakıdakı Rus evində azərbaycanlı rəssam Diana Əliyevanın fərdi sərgisi açılıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, tədbirdə diplomatik korpus, incəsənət, biznes dairələrinin nümayəndələri iştirak ediblər.
Diananın əsərlərində Azərbaycan konkret və ümumiləşmiş obrazda göz önünə gəlir, tarixlə müasirlik isə bir-biri ilə uzlaşır. Mücərrəd motivlərlə işləyən Diana Əliyeva usanmadan xəyala qapılaraq, işıq harmoniyasını məharətlə yaratmaqla burada, bu torpaqda, bu günəşin altında tam gücü hiss etməyə, sevməyə, xoşbəxt olmağa səsləyir.
Sərgi martın 1-dək davam edəcək.
Fevralın 8-də Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanında dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, yeni dəyişikliyə əsasən, Dövlət Turizm Agentliyinin tabeçiliyində Bakı-Abşeron, Gəncə, Şəki, Lənkəran, Mingəçevir, Quba, Qarabağ və İsmayıllı Regional Turizm idarələri yaradılacaq.
Fərmanda deyilir: Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilsin”.