Dövlət Tərcümə Mərkəzi Azərbaycan dilinin və tərcümə sahəsinin təkmilləşdirilməsi istiqamətində kifayət qədər təkmilləşdirici tədbirlər həyata keçirir. Dilimizin qanun kitabı sayılan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” üzərində 2016-cı ildən etibarən təhlil və araşdırma işləri aparılıb və kitab 60 min orfoqrafik, qrammatik qüsurlardan, heyvan səslərindən, loru sözlərdən, söyüşlərdən, qurama və əcnəbi ifadələrdən təmizlənərək təkmilləşdirilib.
Bu sözləri AZƏRTAC-a Dövlət Tərcümə Mərkəzinin İnformasiya departamentinin rəhbəri Yaşar Əliyev deyib.
“2017-ci ildə nəşr olunan “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”, 2020-ci ildə işıq üzü görmüş “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 100 illik milli orfoqrafiya lüğəti tariximizdə ilk mükəmməl lüğətlər hesab edilir. Mərkəzin bu sahədə ərsəyə gətirdiyi digər lüğətlər də – neft, kimya sahəsinə aid “Azərbaycanca-ingiliscə-rusca terminoloji lüğət”, “Yeni alınma sözlər lüğəti”, “Çex-Azərbaycan dili lüğəti”, “Serb-Azərbaycan dili lüğəti”, “Azərbaycan-ərəb dili danışıq kitabçası”, “Azərbaycan-alman danışıq kitabçası”, “Azərbaycan-ispan danışıq kitabçası”, “Mifoloji lüğət” kimi dəyərli nəşrlər bu sahəyə verilən qiymətli töhfələrdir ki, bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur”, - deyə o vurğulayıb.
Tərcümə Mərkəzinin təşkil etdiyi seçim turları haqqında məlumat verən Y.Əliyev deyib ki, bu istiqamətdə də böyük irəliləyişlərə nail olunub: “2018-ci ildən etibarən ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi məqsədilə keçirilən turlar əsasında tərcüməçilərin mərkəzləşdirilmiş məlumat bazası, yəni reyestri formalaşdırılıb. Hazırda seçim turlarının 9-cu mərhələsi üzrə qeydiyyatlar davam edir. Budəfəki turlarda spesifik sahələr üzrə ixtisaslaşmış tərcüməçilərin dil arealı bir qədər də genişləndirilib. Bu dəfə turlarda ingilis, rus, türk, alman, fransız, ispan, ərəb, fars dilləri ilə yanaşı, artıq portuqal, italyan, polyak, macar, bolqar, İsveç, Niderland, yunan, fin, gürcü, ivrit, yapon, Çin və hind dili üzrə tərcümə mütəxəssisləri də iştirak edə biləcəklər”.
Fevralın 10-da görkəmli opera müğənnisi Fyodor Şalyapinin 150 illik yubileyi ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə Bakıdakı Rus evində konsert keçiriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, konsert proqramında Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Məryəm Yusifova, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Teymir Kazımov, eləcə də BMA-nın tələbələri iştirak edəcəklər.
Konsert proqramının aparıcısı və təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakinadır.
Rus opera müğənnisi Fyodor Şalyapin XX yüzilliyin əvvəllərində tanınmış simalardan olub. Dünyanın ən nüfuzlu teatrlarında çıxış edən müğənni rəsm və heykəltaraşlıqla məşğul olub, bir neçə bədii filmdə çəkilib. Bəstəkarlar Sergey Prokofyev və Anton Rubinşteyn onun istedadının pərəstişkarları arasında olublar. Maksim Qorki Şalyapini “rus sənətinin ayrıca dövrü” adlandırırdı.
Azərbaycan ədəbiyyatının dünyada təbliği Dövlət Tərcümə Mərkəzinin fəaliyyət istiqamətləri sırasında prioritet yerlərdən birini tutur. Bu gün dünyanın bir çox dövlət və ictimai qurumları, nəşriyyatları, ədəbiyyat jurnalları, mədəniyyət portalları Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq edir. Bu çərçivədə Mərkəz ölkəmizin klassik, müasir və ən yeni ədəbiyyatını nəşr formatında, eyni zamanda beynəlxalq internet məkanında və dünya sosial şəbəkələrində kifayət qədər uğurla işıqlandırmaqdadır. Milli ədəbiyyatımızın İngiltərə, Fransa, Almaniya, İspaniya, Ukrayna, Bolqarıstan, Gürcüstan, Avstriya, Macarıstan, Çexiya, Türkiyə, Rusiya, Misir, Belarus, Kolumbiya kimi ölkələrdə nəşri, şəhərlərin mərkəzi kitabxana və universitetlərinə yerləşdirilməsi, geniş təqdimat mərasimlərində beynəlxalq ədəbi ictimaiyyətin nəzərinə təqdim edilməsi milli ədəbiyyat tariximizdə baş verən ilk və sözün əsl mənasında tarixi hadisələrdir.
Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Tərcümə Mərkəzinin İnformasiya departamentinin rəhbəri Yaşar Əliyev deyib.
“Nizami Gəncəvinin “Yeddi gözəl” və “Leyli və Məcnun” əsərlərinin ötən il Madriddə, Frankfurtda, Kiyevdə və Moskvada nəşrini, kitabların təqdimat və tanıtım mərasimlərinin keçirilməsini, bu günlərdə İmadəddin Nəsiminin Parisin məşhur “Hemispheres editions & Maisonneuve Larose” nəşriyyatında işıq üzü görmüş və Fransa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmış “Haqq yolu mən özüm oldum” kitabının əldə etdiyi uğurları xüsusi qeyd etmək istəyirəm. Bütün bunlarla yanaşı, Mərkəz son illər Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərdən də kənarda qalmayıb. Azərbaycanın, xüsusən Qarabağın qədim tarixi, mədəniyyəti, ölkədə və onun ətrafında baş verən ictimai-siyasi hadisələrlə bağlı kifayət qədər layihələr ərsəyə gətirib. Bu mövzuda müxtəlif formatlı nəşrlər, toplanan mətn və məlumatlar əsasında hazırlanan videoçarxlar və s. 12 dildə, dünyanın 100-dən artıq kütləvi informasiya vasitələrində işıqlandırılıb”, - deyə Yaşar Əliyev qeyd edib.
O əlavə edib ki, Mərkəz bu il – “Heydər Əliyev İli” çərçivəsində müasir müstəqil Azərbaycanın qurucusu, Ulu Öndərin 100 illiyi münasibətilə onun həyatını, işıqlı ideya və amallarını əks etdirən bir neçə nəşr layihəsi hazırlayıb. Bu kitabların, eləcə də Şuşanın qədim tarixindən bəhs edən “Qarabağın incisi – Şuşa”, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, Mikayıl Müşfiqin, Azərbaycanın Xalq yazıçıları Yusif Səmədoğlunun, İsa Hüseynovun və Elçinin əsərlərinin Rusiya, İspaniya, Misir və Gürcüstan kimi ölkələrdə nəşri və təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulub.
Türkiyənin cənub-şərqində baş vermiş şiddətli zəlzələlərlə əlaqədar ölkədə elan olunmuş ümummilli matəm səbəbilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib.
AZƏRTAC xəbər verir ki, bununla Fond tərəfindən təşkilatın qurucu üzv ölkəsi Türkiyə Respublikasına və qardaş türk xalqına həmrəylik mesajı verilib.
Qeyd edilməlidir ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu hadisənin meydana gəldiyi ilk saatlardan etibarən bəyanat yayıb. Bəyanatda deyilir: “Can Türkiyəmizdə, episentri Kahramanmaraş şəhərində yerləşən güclü zəlzələnin baş verməsi xəbərini böyük sarsıntı ilə qarşıladıq. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu kədərli gündə Türkiyənin yanında olduğunu bildirir, fəlakət nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara tezliklə şəfa diləyir.
Fond dağıntılar altında qalan vətəndaşların sağ-salamat xilas edilməsini arzulayır, lazımi dəstəyi göstərməyə hər zaman hazır olduğunu bildirir.
Dualarımız qardaş və bacılarımızladır...”
Fevralın 25-də Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı təsviri sənət sərgisi açılacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə açılacaq sərgiyə əsər qəbulu davam edir.
Əsərlərin mövzusu, ölçüsü və texnikası sərbəstdir, 18 yaşdan yuxarı istənilən vətəndaş müraciət edə bilər.
Sərgiyə təqdim olunan əsərlərin fotoları ilə yanaşı, ad, soyad, əsərin adı, əsərin ölçüsü, texnikası və əlaqə nömrəsinin hisslerim2023@gmail.com elektron adresinə göndərilməsi vacibdir.
Bir müəllif tərəfindən ən çox 3 əsər göndərilə bilər. Son müraciət tarixi fevralın 25-dəkdir. Qeyd edək ki, əsəri seçilmiş müəlliflərin siyahısı Xətai Sənət Mərkəzinin media hesablarında yayımlanacaq. Bir müəllifin 1 və ya 2 əsəri sərgilənə bilər. Əsəri seçilmiş müəlliflərə sertifikat təqdim olunacaq.
Tamaşaçıların seçdiyi ən yaxşı əsərin müəllifi də hədiyyə ilə təltif olunacaq.
Əlavə suallar üçün (051) 310 74 01 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.
Bakı Nəqliyyat Agentliyi (BNA) fevralın 9-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlığına əsasən hərəkət iştirakçılarını müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Report xəbər verir ki, bu barədə BNA məlumat yayıb.
"Qarlı və şaxtalı hava şəraitində sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrinə tövsiyə edirik. Həmçinin sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir", - BNA bildirir.
Sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amilləri nəzərə almağa və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmağa çağrılıb. Ümumilikdə isə kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi tövsiyə edilir.
Azərbaycanda tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma qaydası müəyyənləşib.
Reportun məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Elektroenergetika haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Belə ki, tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması qoşulma müqaviləsi əsasında həyata keçirilir və sifarişçiyə müqavilənin tərkib hissəsi olan texniki şərt verilir. Bildirilir ki, tikinti obyektlərinə tələb olunan gücün hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulmasına görə sifarişçi enerji təchizatı müəssisəsinə və ya dövlət elektroenergetika müəssisəsinə yeni maddədə nəzərdə tutulmuş qaydada qoşulma xidmətinə görə ödəniş həyata keçirir.
Məişət abonentlərinin və tələb olunan gücü 150 kVt-a qədər olan (150 kVt da daxil olmaqla) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkəyə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti-quraşdırma işləri enerji təchizatı müəssisəsi tərəfindən həyata keçirilir. Həmin tikinti obyektlərinin yerləşdiyi ərazidə 0,4 kV-luq şəbəkə olmadıqda, onların enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması bu maddənin beşinci hissəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksək gərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti obyektlərindən elektrik şəbəkəsinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı (elektrik enerjisi istehsalçılarına münasibətdə yalnız podratçı), yaxud enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən sifarişçinin hesabına həyata keçirilir.
Qoşulma nöqtəsi tikinti obyektlərinə (enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri istisna olmaqla) ən yaxın məsafədə yerləşən yarımstansiyada, transformator məntəqəsində, elektrik xəttində, paylayıcı lövhədə müəyyən edilir. Enerji istehsalçılarının elektrik enerjisi istehsal edən tikinti obyektləri gərginlik səviyyəsi və elektrik şəbəkəsinin gücü baxımından uyğun olan və elektrik stansiyasına ən yaxın məsafədə yerləşən qoşulma nöqtəsinə (yarımstansiya və ya elektrik verilişi xətti) qoşulur. Başqa istehlakçının mülkiyyətində olan transformator məntəqəsində, elektrik xəttində və paylayıcı lövhədə olan qoşulma nöqtəsi yeni abonentlə həmin mülkiyyətçi arasında razılaşdırılmalıdır. Qoşulma nöqtəsində elektrik şəbəkəsinin gücləndirilməsi ilə bağlı tələb olunan bütün işlər texniki şərti verən müəssisə tərəfindən onun öz hesabına yerinə yetirilir (elektrik enerjisi paylayıcısının tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması halı istisna olmaqla). Elektrik enerjisi paylayıcısının tikinti obyektinin elektrik şəbəkəsinə qoşulması zamanı qoşulma nöqtəsində elektrik şəbəkəsinin gücləndirilməsi müvafiq elektrik enerjisi paylayıcısının vəsaiti hesabına həyata keçirilir.
Yeni əlavə olunmuş maddənin dördüncü və beşinci hissələri ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə mövcud və ya inşa ediləcək tikinti obyektlərinə aid olunur. Ərazi planlaşdırılması sənədləri təsdiq edilməmiş ərazilərdə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması bu maddənin beşinci hissəsinə uyğun olaraq həyata keçirilir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının azyaşlı və gənc tamaşaçılar üçün hazırladığı yeni səhnə əsərlərindən olan “Sehrli nəğmə” tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, “Cartier Evi”nin əməkdaşlığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gələn səhnə əsəri fevralın 11-də saat 12:00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən olan teatr mütəxəssislərinin hazırladığı tamaşanın bəstəkarı Diana Hacıyeva, libretto müəllifi dramaturq Polina Korotıç, quruluşçu rejissoru Anton Morozovdur.
Süjet xəttinin əsasında ümumbəşəri mövzu dayanan bu tamaşada əsərin baş qəhrəmanı xəyalən öz nağıl dünyasından real aləmə keçid etməkdə çətinlik çəksə də, sonradan hər işin öhdəsindən çox asanlıqla və böyük məharətlə gəlir. Bu çək-çevirli, imtahanlı dünyanın möcüzəli səyahətlərində ona Ana laylası bələdçilik edir. Tamaşanın süjet xəttinin rəngarəngliyi fonunda əsas məqsəd insan həyatını poetik çalarlarla göstərmək və özünüdərk məfhumunu aşılamaqdır.
Layihənin art direktoru Miroslav Bayda, yaradıcı prodüseri Anastasiya Şevçenko, icraçı prodüseri Yelizaveta Lyubimova, folklor üzrə məsləhətçiləri Fərhad Fərzəli, Mariya Nəzərova, əsərin bədii tərcüməsinin müəllifi isə Aytən İsmixanovadır.
Tamaşanın ideya müəllifi və yaradıcı direktoru Viktoriya Motornyuk, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, bədii tərtibatçısı və geyim üzrə rəssamı Alina Korıtova, rəqslərin quruluşçusu, xoreoqraf Maks Petrov, işıq üzrə rəssamı Konstantin Binkin, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, rejissor assistenti Afər Tağıyevadır.
Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, İqrar Salamov, aktyorlar Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Hüseyn Əlili, Zaur Əliyev, Diana Hacıyeva, Nigar Qarayeva, Ofeliya Məmmədova, Hidayət Əliyev, Murad Əliyev, Adelin Öztürk, Əli Kərimov, xor artistləri Elşad Qasımov, Fatimə Vəliyeva, balet artistləri Kamran Həsənov, Mehrac Talıbzadə, Aynurə Əsgərova, Yaqub Bəhramov, Roman Krasnov, Məhəmməd Abdullayev, Elvira Əzizova, Anna Cabbarova, Mətanət Rəcəbli və Cəmilə Mənsurova iştirak edəcəklər.
Tamaşada səsləndirilən laylaların musiqiləri Əməkdar incəsənət xadimi Zakir Bağırova, sözləri isə Xalq şairi Bəxtiyar Vahabzadəyə aiddir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.
Bu gün görkəmli bəstəkar Əşrəf Abbasovun anım günüdür
Dünyaya göz açdığı mühit, ilk təhsili, qarşısına çıxan yaradıcı və xeyirxah insanlar onu hələ erkən gənclik çağlarından öz gələcək yolunu müəyyənləşdirməyə yönəldirdi. Bu, heç də asan olmayan, istedadla yanaşı, böyük zəhmət, gərgin axtarışlar tələb edən bəstəkarlıq yolu idi. Üzeyir Hacıbəylinin xeyir-duası ilə bu sənətə gələn Əşrəf Abbasov unudulmaz müəlliminin çox ləyaqətli davamçısı olduğunu öz zəngin və dərin məzmunlu yaradıcılığı ilə təsdiq etmişdir.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Əşrəf Abbasovun vəfatından 31 il ötür.
Əşrəf Cəlal oğlu Abbasov 1920-ci il martın 23-də Azərbaycanın dilbər guşəsi, musiqiçilər diyarı Şuşada anadan olub. İlk orta və tar ixtisası üzrə musiqi təhsilini bu şəhərdə alıb. Təhsil aldığı müddətdə musiqi məktəbində nəzəri fənlər müəllimi - Üzeyir Hacıbəylinin tələbəsi olmuş Fatma Zeynalova onu dünya bəstəkarlarının yaradıcılıqları ilə tanış edir. Musiqiyə marağı onu tar üçün kiçik həcmli pyeslər yazmağa həvəsləndirmişdi. Tez-tez Şuşaya gələn Üzeyir Hacıbəyli bu gəncin istedadını görür və onu Bakıya təhsil almağa dəvət edir. Beləliklə, 1936-cı ildən etibarən Əşrəf Abbasovun həyatında maraqlı dövr başlayır. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını), 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirib. Ömrü boyu Şuşa musiqi mühitinin və Üzeyir Hacıbəylinin əsasını qoyduğu peşəkar bəstəkarlıq məktəbinin ənənələrini yaradıcı şəkildə davam etdirib.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında Əşrəf Abbasovun xidmətləri böyükdür. O, xalq musiqisinə yaradıcılıqla yanaşaraq, özünün yeni əlavələri ilə orijinal əsərlər yazıb. Eyni zamanda, klassik irsi dərindən mənimsəməsi, müasir musiqinin ən yaxşı nümunələrindən bəhrələnməsi onun əsərlərinin mükəmməlliyini təmin edən amillərdəndir. Odur ki, bəstəkarın əsərləri yüksək peşəkarlığı, bədii məzmunun aydınlığı, mövzularının müasirliyi, emosionallığı, səlis üslubu ilə diqqəti cəlb edir. Həmişə axtarışda olan bəstəkarın əsərləri janr müxtəlifliyi ilə də seçilib.
Əşrəf Abbasovun yaradıcılığında xüsusi yeri simfonik musiqi tutur. Bu sahəyə bəstəkar bütün yaradıcılığı boyu müraciət edib. Onun simfonik orkestr üçün ilk əsəri tələbə ikən yazdığı “Rəqs süitası” olub. Aydın ifadə tərzinə, melodik zənginliyə və forma vəhdətinə malik bu əsər 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya incəsənəti ongünlüyündə böyük maraqla qarşılanıb.
Əşrəf Abbasovun fortepiano ilə orkestr üçün “Konsert”, simfonik orkestr üçün “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik poema”sı bəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. O, simfonik orkestr üçün süitalar da yazıb. Bütün bu əsərlər Niyazi, Alqis Cüraytis, Rauf Abdullayev kimi görkəmli dirijorların təfsirində səslənərək, müəllifinə böyük şöhrət gətirib.
Bəstəkarın yaradıcılıq zirvəsində duran “Qaraca qız” baleti həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bu əsər S.S.Axundovun eyniadlı hekayəsi əsasında hazırlanıb. Librettonun müəllifi isə Xalq artisti Əfrasiyab Bədəlbəyli idi.
Müəllif “Qaraca qız”da milli xoreoqrafiya ilə klassik balet ənənələrinin gözəl vəhdətinə nail olub. O, hadisələrin dramatizmini və obrazların psixoloji səciyyəsini gərgin və parlaq harmonik ahənglər, tembr rəngarəngliyi, maraqlı polifonik vasitələr, xalq musiqi intonasiyalarından istifadə etmək yolu ilə verib. Klassik balet ənənələrinin ən gözəl nümunələrindən biri olan bu səhnə əsərini təkcə uşaqlar deyil, böyüklər də maraqla seyr ediblər.
Zəngin yaradıcılığa malik Əşrəf Abbasovun musiqi bəstələdiyi mahnı və romanslar şeirlərin mətni ilə poetik vəhdət yaradıb. Onun M.Füzulinin, M.P.Vaqifin, M.Müşfiqin, A.Şaiqin sözlərinə yazdığı musiqilər həzinliyi, emosionallığı ilə dinləyicinin ruhunu oxşayır. “Heyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl”, “Gözəl yar”, “Qarabağın qızları” və digər romansları, mahnıları uzun illərdir ki, məhəbbətlə ifa edilir.
Bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” komediyalarına yazdığı musiqi ifadəliyi, coşqunluğu, lirizmi ilə seçilib. O, tamaşa müəlliflərinin ideyalarını, obrazların xarakterini musiqinin dili ilə müvəffəqiyyətlə əks etdirib. Bu tamaşalar uzun illər Məmmədsadıq Nuriyev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Mobil Əhmədov kimi görkəmli aktyorların ifasında Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) repertuarında olub.
Əşrəf Abbasov instrumental musiqiyə də müraciət etmiş, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün də əsərlər yazıb. Onun bir sıra əsərləri tədris proqramlarına daxil edilib.
Bəstəkarlıqla yanaşı, elmi tədqiqatlarını və pedaqoji fəaliyyətini də ardıcıl davam etdirən Əşrəf Abbasov 1952-ci ildə Moskvada “Üzeyir Hacıbəyli və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülüb. O, Azərbaycan bəstəkarları arasında həm də ilk sənətşünaslıq namizədi olmuş, musiqişünaslarımızın bir çox elmi əsərlərini redaktə edib.
Əşrəf Abbasov müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, kafedra müdiri vəzifələrində çalışıb. Onun musiqi mədəniyyətimizin inkişafında xidmətləri layiqincə qiymətləndirilmiş və respublikamızın ən yüksək fəxri adlarına layiq görülüb.
Görkəmli bəstəkar, musiqişünas və pedaqoq, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor Əşrəf Abbasov 1992-ci ildə Bakıda vəfat edib.
Bütün ömrünü, istedadını, yaradıcılığını musiqimizin inkişafına həsr etmiş Əşrəf Abbasovun adı musiqi tariximizdə əbədi həkk olunub, onun əsərləri zamanın imtahanından şərəflə çıxaraq, xalqımızın qəlbində özünəməxsus yer tutub.
"Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun yaşadığı binaya xatirə lövhəsi vurulub, Bakının küçələrindən birinə onun adı verilib. Eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır".
Report xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışında bildirib zamanı söyləyib.
“Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq ki, Heydər Əliyev Azərbaycan ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi”, - deyə dövlətimizin başçısı əlavə edib.
Prezident İlham Əliyev, həmçinin bildirib: “Tofiq Quliyev, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi”.