Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xalça Muzeyində batika üzrə mühazirə olacaq

    Martın 11-də Azərbaycan Milli Xalça Muzeyində Əməkdar rəssam İnna Kostinanın “Göyün yeddinci qatı” adlı fərdi yubiley sərgisi çərçivəsində batika üzrə mühazirə keçiriləcək.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, mühazirə İnna Kostina tərəfindən rus dilində təqdim olunacaq.

    İştirak üçün öncədən https://forms.gle/Sx6YeA2sWY7hhh7T7 linkinə müraciət edərək qeydiyyatdan keçmək olar.

  • Nikolay Qoqolun maskası hərraca çıxarılıb

    Dahi rus yazıçısı Nikolay Qoqolun ölümdənsonrakı maskası hərraca çıxarılıb.

    AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, “Litfond” hərrac evinin məlumatına görə, əntiq əşya - 1852-ci ildə Nikolay Ramazanov tərəfindən gipsdən hazırlanan maska 250 min rubl (red. – təqribən 6000 azn) başlanğıc qiymətlə satışa çıxarılıb.

    Fevralın 9-da keçiriləcək hərracda digər lotlar da - 1580-ci ilin “Əhdi-cədid”i, bəstəkar Dmitri Şostakoviçin şəxsi məktubları və Mixail Bulqakovun avtoqrafı yer alıb.

  • "Mübariz İbrahimov – 35” adlı videoçarx hazırlanıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 35 illiyi ilə əlaqədar “Mübariz İbrahimov – 35” adlı videoçarx hazırlayıb.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun ömür və keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilir.

    “Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Azərbaycanın igid oğlu Mübariz İbrahimov üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli və hər şeydən uca idi. O, Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı”, - kimi fikirlərin yer aldığı videoçarx kitabxananın yutub kanalında yerləşdirilib.

  • AzTV Türkiyədəki zəlzələ ilə əlaqədar proqramında dəyişiklik edib

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar olaraq TV və radio proqramında dəyişiklik edib.

    QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, AzTV, “Mədəniyyət” TV, “İdman” TV və Azərbaycan Radiosunda yayımlanması nəzərdə tutulan musiqili-əyləncəli verilişlərin yayımı matəm səbəbi ilə dayandırılıb.

    Qeyd edək ki, AzTV-nin Türkiyədəki yerli büroları ilə bərabər Azərbaycandan da bir qrup əməkdaş zəlzələ ərazisinə ezam olunub. TV-nin hazırda 3 çəkiliş qrupu Kahramanmaraş, Adana və Malatyadan gün ərzində baş verənlərlə bağlı canlı bağlantılar vasitəsilə tamaşaçıları məlumatlandırır.

    Bundan əlavə, QSC-nin TRT və “Anadolu” agentliyi ilə əməkdaşlığı çərçivəsində AzTV ən son xəbərləri ilk əldə edənlərdəndir və Azərbaycan izləyicisini yeni məlumatlar və görüntülərlə təmin edir.

  • Bu gün Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür

    Bu gün görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın anım günüdür.

    AZƏRTAC xəbər verir ki, müğənninin vəfatından 30 il ötməsinə baxmayaraq ifa etdiyi mahnılar ürəklərə yol taparaq yaddaşlarda əbədi həkk olunub. Şövkət Ələkbərova o nadir şəxsiyyətlərdəndir ki, sağlığında özü haqqında xoş təəssürat, dünyasını dəyişəndən sonra isə xoş xatirələr qoyub. Bu isə insanın fəxr etdiyi ən yüksək zirvədir.

    Bu gün bənzərsiz ifaları ilə könülləri fəth edən Şövkət Ələkbərovanın möhürünü qoyduğu mahnılar tələbələrinin, tanınmış və gənc sənətçilərin ifasında yenidən səslənir. Onun ifasında dinlədiyimiz hər bir nəğmə harada səslənməsindən asılı olmayaraq bu böyük sənətkarı xatırladır.

    1922-ci il oktyabrın 20-də Bakıda dünyaya gələn unudulmaz sənətkar Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

    1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında solist kimi çalışan sənətkar, sonralar M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.

    Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini çəkərək onların xeyir-duasına alan Ş.Ələkbərova ömrünün sonunadək ifası ilə özünü sübut etməklə yanaşı, sənətə əsl sənətkar kimi xidmət göstərib. Onun “Qarabağ şikəstəsi”ni məlahətli səsi ilə mükəmməl səviyyədə ifa etməsi peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazandı.

    Dünyanın bir çox şəhərlərində uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkarlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. Şövkət xanım haqqında bir çox bəstəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirişli və başqaları öz xatirələrini bölüşüblər. Bu sənət adamlarının dediklərində bir ümumi xətt var. O da Şövkət xanımı əsl professional kimi xarakterizə etməkdir. Burada ümumi bir fikirlə də rastlaşırıq: “Şövkət Ələkbərova istər xalq lirik mahnılarının, istərsə də bəstəkarlarımızın yaratdıqları lirik mahnıların bənzərsiz ifaçısıdır”.

    “Dərələr”, “Ağ çiçəyim”, “Bir könül sındırmışam”, “Gedək üzü küləyə”, “Ağlaya-ağlaya”, “Haradasan”, “Məhəbbət”, “Tez gəl”, “Süsən sünbül”, “Dəli Ceyran”, “Ay qadası”, “Yar gəldi”, “Kürdün gözəli”, “Ceyran” və digər onlarla mahnı böyük sənətkarın ifasında möhürlənib. Şövkət xanımın repertuarında olan mahnılarda söz, musiqi və ifa bir-birini tamamlayaraq, vəhdət təşkil edib. Elə buna görə də, müğənninin ifa etdiyi mahnılar ilk ifadan dinləyicilərin ürəklərinə yol taparaq yaddaşlarda dərin iz buraxıb. Onun konsertlərində iştirak edən insanlar etiraf edirlər ki, Şövkət Ələkbərovanın mahnıları dillər əzbəri olduğundan tamaşaçıların dodaqlarının tərpənməsini müşahidə etməmək mümkünsüz idi.

    Musiqidə belə bir məqam var ki, xalq tərəfindən sevilən mahnılar zaman keçdikcə xalq mahnıları kimi qəbul olunur. Sözsüz ki, belə mahnıları yaradan sənətkarlar üçün bu, böyük xoşbəxtlikdir. Şövkət xanımın ifa etdiyi mahnılar məhz bu qəbildən idi. Onun mahnıları səsləndikcə Şövkət xanımı da yaşadacaq.

  • Xalq artisti Tofiq Tağızadənin anadan olmasından 104 il ötür

    Kino sənətində ilk yaradıcılıq işindən uğur qazanmaq hər rejissora nəsib olmur. Lakin onun ilk ekran əsəri “Görüş”, həm də tamaşaçı auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə bağladı. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən filmi kino tariximizdə iki ölkənin aktyorlarının ilk müştərək ekran işi kimi olduqca qiymətlidir. Filmin quruluşunu isə gənc azərbaycanlı rejissor Tofiq Tağızadə verib. Onun debütü çox uğurlu alınıb və gənc rejissor bu ilk işindən nəyə qadir olduğunu göstərə bilib. Şübhəsiz, “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim” filmlərinə baxmayan insan az tapılar. Bu filmlərin hər birinin öz süjeti vardır. Rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinomuza yeni üslub və nəfəs gətirib.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan, adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz bir çox filmlərdən maraqlı epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasından 104 il ötür.

    O, 1919-cu ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazıb.

    Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri Azərbaycan kinosunun ən nadir nümunələridir. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da aktuallığını qoruyub saxlayır.

    Görkəmli rejissorun “Görüş”dən sonra ərsəyə gətirdiyi “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir. Bu ekran əsərlərindən çox şey öyrənmək, əxz etmək mümkündür.

    Tofiq Tağızadə hər birimizin yaddaşımızda zamanın problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər ətrafında düşünməyə sövq edən görkəmli rejissor kimi qalıb. Rejissorun daxili dünyası onun filmlərində əksini tapır. Hər bir filmində onun böyük bir insan və şəxsiyyət kimi dəyərləri görünür. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur.

    Rejissorun İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi bütün zamanlarda Azərbaycan tamaşaçılarının sevə-sevə baxdıqları ekran əsəridir. Rejissorun yaratdığı Mixaylo obrazı bu gün də tamaşaçılar tərəfindən sevilir. Bu ekran əsəri 1959-cu ildə Kiyevdə Ümumittifaq Kinofestivalında diploma layiq görülüb, dahi bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verilib.

    Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.

    Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.

    Qeyd edək ki, Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Tağızadənin anadan olmasının 100 illiyi ölkə başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd edilib.

  • “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olunub

    Dövlət Tərcümə Mərkəzi dil, tərcümə, xalqlararası ünsiyyət və anlaşma sahəsinə yararlı olacaq yeni, daha geniş formatlı “Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr edib.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kitabçada toplanan söz və ifadələr “Yolda”, “Sərhəddə”, “Hoteldə”, “Şəhərdə”, “Yeməklər və içkilər”, “Rabitə vasitələri”, “Tibbi yardım”, “Alış-veriş və xidmətlər”, “Gündəlik istifadə olunan söz və ifadələr”, “Vaxt və tarix” kimi fəsillər üzrə təqdim edilib.

    Sözlüyün tərtibçisi – Mərkəzin ərəb dili üzrə mütəxəssisi Fərid Camalov, redaktorları – Bәhlul Abbasov və Şəfiqə Şəfadır.

    Qeyd edək ki, nəşr ərəb ölkələrinə işgüzar və turist səfərinə gedənlər, eləcə də ərəb dilinə şifahi ünsiyyət vasitəsi ilə yiyələnmək istəyənlər üçün nəzərdə tutulub.

  • Mikayıl Cabbarov: “Naxçıvanın inkişafı üçün mövcud biznes mexanizmlərini tətbiq edəcəyik”

    Naxçıvan iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmləri tətbiq ediləcək.

    Report xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

    "Naxçıvana səfəri çərçivəsində həmkarlarla birlikdə yerli sahibkarlarla görüşüb iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr apardıq”, - M.Cabbarov deyib.

  • Kəlbəcərdə yolların qardan təmizlənməsi işləri dayanmadan aparılır

    Kəlbəcərdə müxtəlif təyinatlı yolların qardan təmizlənməsi işləri dayanmadan aparılır.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyini təmin etmək üçün yolların qardan təmizlənməsi istiqamətində bir an belə fasilə olmadan işlər aparılır.

  • Azərbaycan “Microsoft”a lisenziyaların qiymətini aşağı salınmasını təklif edəcək

    Azərbaycan “Microsoft” şirkətinə dövlət qurumları üçün lisenziyaların nisbətən daha ucuz qiymətə verilməsini təklif edə bilər.

    Report xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bu gün XRİTDX-nın təşkilatçılığı ilə keçirilən “Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı”nda çıxışı zamanı deyib.

    "Danışıqlar müsbət olmasa biz “Linux” üzərində qurulan əməliyyat sistemlərinə keçid edə bilərik”, - T. Məmmədov bildirib.

    Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyaları sahəsində ən əsas xərclərdən biri lisenziyaların alınmasıdır: "Əsasən “Windows” əməliyyat sisteminin istifadəsi üçün alınan korporativ lisenziyaların qiyməti yüksəkdir:

    Dövlət qurumları bu sahədə xərcləri azaltmağa çalışır. Büdcəsi məhdud olan qurumlar üçün bu böyük bir problemdir”.

    Qeyd edək ki, “Linux” üzərində qurulan əməliyyat sistemlərindən istifadə üçün icazə tələb olunmur.