Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Rəssamlarımızın gülüşü

    Bu gün gülüşü bizə bəxş edən təkcə bir-birimizlə münasibətimiz deyil. Belə ki, uzun əsrlərdir ədəbiyyat və incəsənət vasitəsilə biz təlx olmuş ovqatımızı əvvəlki nikbin durumuna qaytarmağa çalışırıq. Oxunan satirik hekayə və təmsil, tamaşa etdiyimiz komediya, eşitdiyimiz məzəli mahnı, kitab-jurnallarda və sərgi salonlarında gördüyümüz karikatura və şarjlar bizə bol gülüş bəxş edir, desək, yanılmarıq. Bu mənada aprelin 1-nin bayram kimi qəbul olunması da insanların buna ehtiyaclarının göstəricisidir.

    Bu fikirlər Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Rəssamlarımızın gülüşü” yazısında yer alıb. Yazını təqdim edirik.

    Ümumdünya Gülüş Günündə bir-neçə kəlmə Azərbaycan rəssamlarının yaradıcılığında bu insani yaşantıya bədii münasibətdən söz açmaq istəyirik. Qeyd etmək lazımdır ki, rəsmli satiraya Azərbaycan təsviri sənətində hələ orta əsrlərdə - miniatür üslubunda çəkilmiş əsərlərin arasında rast gəlmək mümkündür. Sonrakı dövrlərdə bu sahə özünün davamlı təzahürünü 1906-cı ildən nəşr olunmağa başlayan “Molla Nəsrəddin” jurnalında göstərmişdir. Sovet dönəmində isə bu ənənəni bu günə kimi çap olunan “Kirpi” jurnalı davam etdirməkdədir. Azərbaycan rəssamlarının bütün nəsillərinin yaradıcılığında, bəzən hətta özünü tamamilə başqa janrlara həsr etmiş fırça ustalarının (S.Bəhlulzadə, T.Salahov, M.Abdullayev və s.) bədii irsində insanlara gülüş bəxş edən karikatura və şarjlara rast gəlmək mümkündür. Bununla belə, gülüşə bədii münasibəti yaradıcılığında geniş yer ayıran sənətkarlarımız da az olmayıb. Ə.Əzimzadə, Q.Xalıqov, H.Haqverdiyev, Nəcəfqulu, İ.Axundov, K.Kazımzadə, A.Quliyev, B.Hacızadə, B.Qasımxanlı, Y.Səmədov, Elturan, H.Nəsiroğlu, S.Soltanlı, S.Cəfərli, Y.Əsədli və s. rəssamların yaradıcılığında həyatımızın çox müxtəlif sahələrinə özündə satirik münasibəti əks etdirən karikaturalar görmək mümkündür. Bu mənada yığcam tutumlu satirik rəsmi və yaxud hansısa məşhur insana həsr olunmuş şarjı hər hansı iri həcmli yazıdan daha təsirli hesab edənlər yanılmırlar. Bizdə bu ənənə olmasa da xarici ölkələrin əksəriyyətində vəzifə sahiblərinin çoxu onlara şarj həsr olunmasını özlərinə şərəf hesab edirlər...

  • Bu gün Ümumdünya Gülüş Günüdür

    Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd olunması heç də səbəbsiz deyil. Bunu şərtləndirən başlıca səbəb insanların həyatlarını gülüşsüz təsəvvür etməmələridir. “Gülüş bir günəşdir, o qışı insanın üzündən götürür” deyimi də yəqin ki, insanların bu mənəvi-psixoloji dəyərə verdikləri ən düzgün qiymətdir.

    AZƏRTAC xəbər verir ki, Gülüş Günü 500 il əvvəl Fransada yaranıb. O vaxt fransızlar yeni ili məhz həmin gün qarşılayırdılar. Amma Fransa kralı qərar verdi ki, yeni il yanvarın 1-də qeyd olunsun. Xalq kralın qərarından narazı qaldı. Buna etiraz etmək üçün müxtəlif tədbirlər keçirirdilər. Camaat kralın adamlarını lağa qoyurdu. Onları qonaqlığa dəvət edir, özləri həmin yerə gəlmir, yalan xəbərlər yayırdılar. Amma kral qərarını dəyişmədi.

    Aradan illər keçdi. Xalq yavaş-yavaş Yeni ili yanvarın 1-də qeyd etməyə öyrəşdi. Bununla belə, 1 apreli də unutmadılar. Həmin günkü zarafatları yada salıb 1 apreli Gülüş Günü kimi qeyd etməyi qərara aldılar.

    Tezliklə bu ənənə bütün dünyaya yayıldı. Həmin gün insanlar bir-birini aldadır, özü də bundan heç kim incimir. Düzdür, hamı çalışır ki, 1 apreldə aldanmasın. Amma buna çox az adam nail olur.

  • Milli İncəsənət Muzeyi Belarus Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalayacaq

    Azərbaycan Milli İncəsənət Muzeyi aprelin 1-dən 3-dək Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus Milli Rəsm Muzeyi ilə əməkdaşlıq sazişi imzalayacaq. Bu barədə AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir.

    Belarus Milli Rəsm Muzeyinin baş direktoru Anna Kononovanın sözlərinə görə, Azərbaycan Milli İncəsənət Muzeyində “Belarus rəssamların gözü ilə” sərgisi açılacaq. Burada belaruslu rəssamlar Anton Vırvo, Anna Kononova, Qleb Oçik, Anna Sadovskaya və Vladimir Urodniçin əsərləri sərgilənəcək. “Bu rəsmlər doğma torpağa həsr olunub və əsasən mənzərə janrında çəkilib. Sərgidə, həmçinin Belarusun nasist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr olunmuş əsərlər nümayiş etdiriləcək”, - deyə baş direktor bildirib.

    A.Kononova “bu gözəl ölkənin milli koloriti orijinal, parlaq, təkrarolunmaz və cazibədardır” deyərək, Azərbaycanla incəsənət sahəsində əməkdaşlığın aktuallığını və dəyərini qeyd edib: “Hesab edirəm ki, milli koloritlərimizin bu sahədə qovuşması təsviri sənət üzrə təcrübə mübadiləsi və nailiyyətlərimizdən qarşılıqlı sevinc üçün əla birlik olacaq”.

    Bu il Belarusda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu deyən muzeyin baş direktoru Belarusun əhəmiyyətli yerlərində Azərbaycan mədəniyyəti, o cümlədən rəngkarlıq və dekorativ-tətbiqi sənət sahəsində çoxlu nadir mədəniyyət layihələrinin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

  • Xalq artisti Muxtar Avşarovun anadan olmasının 110 illiyi qeyd ediləcək

    Aprelin 4-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli teatr və kino aktyoru Muxtar Avşarovun anadan olmasının 110 illiyinə hər olunan gecə keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, tədbiri Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə gerçəkləşəcək.

    Tədbirdə sənətkarın Azərbaycan teatr və kinosunun inkişafına verdiyi töhfələrdən söz açılacaq, həmkarları aktyorla bağlı xatirələrini bölüşəcək. Muxtar Avşarovun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.

    Qeyd edək ki, Muxtar Avşarov 1914-cü il fevralın 15-də İrəvan şəhərində anadan olub. 1918-ci ildə ermənilərin apardıqları soyqırımı siyasəti nəticəsində qohum-qardaşlarını itirən yüzlərlə soydaşlarımızdan biri kimi onların da sağ qalan ailə üzvləri Türkiyəyə üz tutub və ara sakitləşəndən bir müddət sonra Gəncə şəhərinə pənah gətiriblər. Burada dəmir yolu məktəbində təhsil alan M.Avşarov Ağasəlim Manaflının dram dərnəyinin aktyoru kimi ara-sıra səhnəyə çıxıb. Bir müddət sonra dərnəyə rəhbərlik edən görkəmli aktyor Ülvi Rəcəb Aleksandr Şirvanzadənin “Namus” pyesində Sumbat rolunu M.Avşarova tapşırıb.

    M.Avşarov Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rolları məharətlə ifa edib. Ömrünün 65 ilini peşəkar səhnəyə bağlayan, zəngin dünyagörüşünə malik olan, daim səhnəni düşünən sənətkar Gəncə Dövlət Dram Teatrına dəvət olunub. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxan M.Avşarov sonralar Səməd Vurğunun “Vaqif” pyesində Zülfüqar, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” əsərlərində rollar alıb.

    1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilən sənətkar 1990-cı ilin sonlarınadək burada çalışıb. 1992-ci ildən ömrünün sonunadək isə Bakı Bələdiyyə Teatrında çalışaraq maraqlı obrazlara həyat verib.

    Aktyor “Sevil” (film-opera; 1970), “Ulduzlar sönmür”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Birisigün, gecəyarısı”, “Atları yəhərləyin”, “Qəm pəncərəsi”, “Kişi sözü”, “İşarəni dənizdən gözləyin”, “Qətl günü” və s. filmlərdə yaddaqalan obrazlar qalereyası yaradıb.

    M.Avşarov 1960-cı ildə Əməkdar, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Realist yaradıcılığı, müsbət şəxsi keyfiyyətləri ilə yadda qalan aktyor 2004-cü il dekabrın 1-də dünyasını dəyişib.

  • Bakının Əhməd Rəcəbli küçəsi təmir olunur

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsini təmir edir.

    "Report" Agentliyə istinadən xəbər verir ki, təmir işləri sözügedən küçənin Albert Aqarunov küçəsindən Ziya Bünyadov prospektinə qədər olan 910 metrlik hissəsində icra olunur.

    Ortalama eni 31 metr təşkil edən küçədə təmir çərçivəsində hazırda küçəboyu frezlənmə, vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkilərinin bərpası işləri davam edir, yararsız səki daşlarının yenilənməsi və piyada panduslarının quraşdırılması işləri aparılır.

    Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

    “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunmaqla küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

  • “Koroğlu” metrostansiyasının keçidlərində yükləmə terminalları quraşdırılıb

    “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının keçidlərində yükləmə terminalları quraşdırılıb.

    "Report" bu barədə səhmdar cəmiyyətinə istiunadən xəbər verir.

    Məlumata görə, son 2 ildə bu stansiya sərnişin sayına görə ən giriş-çıxışlı stansiyaya çevrilib. Bu dövrdə stansiyada təhlükəsizlik tələbləri və hərəkət rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlər görülüb. Lakin stansiyanın vestibülündə sərnişinlərin həm gediş haqqı yükləməsi, həm də yoxlanış məntəqəsinin yerləşməsi sərnişin sıxlığına səbəb olur, davamlı hərəkət axınına maneələr yaradırdı. Davamlı addımların daha biri kimi, stansiyanın daha çox sərnişin axını olan keçidində gediş haqqının yüklənməsi üçün 2 terminal yerləşdirilib. Eyni zamanda vestibüldə sərnişinlərin hərəkət intensivliyini daha da artırmaq məqsədilə həmin sahədən daha bir terminal da keçid zonasında qoyulub.

    Hər 3 terminal stansiyanın sərnişinlərin giriş zonasına axını istiqamətində hərəkətə mane olmayan xüsusi ayrılmış sahədə yerləşdirilib. Terminallar yerləşdirildikdən sonra aparılan müşahidələr və sərnişin rəyləri müsbət olmaqla, vestibüldə hərəkətin daha nizamlı və sürətli təşkilinə şərait yaradıb.

    QR bilet sisteminin təşviqi, eyni zamanda sərnişinlərin məlumatlılığının artırılması məqsədilə bütün stansiyaların giriş qapıları, eyni zamanda, vestibüllərin uyğun zonalarında QR biletdən istifadə ilə bağlı Azərbaycan və ingilis dilində məlumat lövhələri yerləşdirilib. Bu proses stansiyaların bütün uyğun zonalarında təmin ediləcək.

    Sərnişinlər Azərbaycan və ingilis dilində məlumatlarlarla stansiyalardan kənarda da tanış olmaq üçün informasiya lövhələrində olan QR kodlardan istifadə edərək, metropolitenin saytındakı müvafiq bölmələrə daxil ola bilərlər.

    Bundan savayı, metropolitenin gediş haqqının yüklənməsi üçün terminalların qoyulduğu vestibül zonalarında da QR biletdən istifadə qaydaları, ardıcıllığı və digər faydalı informasiyalar yerləşdirilir. Xüsusi təsvirlərin müşayiəti ilə verilən lakonik məlumatlar sərnişinlərin bu sistemlə tanışlığını daha rahat edir. Eyni zamanda həmin lövhədəki QR-kodu skan etməklə sərnişinlər daha geniş məlumatla saytda da tanış ola bilərlər.

  • Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı dəyişib

    Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı dəyişib.

    "Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi barədə fərmanı ilə təsdiqini tapıb.

    Dəyişikliklərə əsasən, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” bundan sonra “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adlanacaq.

  • Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

    Rusiyada Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb. Bu albomdan əldə ediləcək bütün vəsait martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktından zərər çəkmiş insanlara dəstək üçün yönəldiləcək.

    AZƏRTAC xəbər verir ki, bu məlumatı “VK muzıka” yayım xidməti yayıb.

    Məlumatda bildirilir ki, “Qolos moy uslish” (“Səsimi eşit”) adlı alboma Emin Ağalarov, Hammali, Navai, Vladimir Presnyakov, Stas Mixaylov, “Lyube”, Valeriya, Polina Qaqarina, Vanya Dmitriyenko, Basta, “Tri dnya dojdya”, Macan və digər artistlərin ifasında Müslüm Maqomayevin 12 mahnısı daxil edilib.

    Alboma “VK muzıka”, “Yandeks muzıka”, “MTS muzıka” vasitəsilə də qulaq asmaq olar.

  • Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

    Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Mstislav Rostropoviçin anadan olmasının 97 illiyi münasibətilə “Bir ömrün simfoniyası” adlı klassik musiqi konserti olub.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycan musiqi ictimaiyyətinin tanınmış simaları - Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının Əməkdar müəllimi, violonçelist Kamal Paşazadə, kino-rejissor Ziya Şıxlınski, musiqiçi, dirijor Eyyub Quliyev, Rusiya səfirliyinin nümayəndə heyəti və digər qonaqlar iştirak ediblər.

    Səfirliyin məsləhətçi-müşaviri Pyotr Volokovıxa rəssam Nataliya Şevçenkonun M.Rostropoviçə həsr etdiyi portretini muzeyə təqdim edib. O, rəsm əsərinin yaranması, həmçinin süjeti barədə qonaqlara məlumat verib.

    Tədbirdə digər çıxış edənlər - Firəngiz Əlizadə, Kamal Paşazadə və Ziya Şıxlınski Maestro haqqında xatirələrini bölüşüb, dahi musiqiçi ilə olan sıx yaradıcılıq əlaqələrindən söhbət açıblar.

    Daha sonra Respublika və Beynəlxalq müsabiqələr laureatları M.Tağıyev, V.Qurbanov, K.Talıblı, E.Gülnaz, E.Səbinə, M.Osman yerli və dünya klassiklərinin repertuarlarından əsərlər səsləndiriblər.

  • Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

    Milli Kitabxana tərəfindən “Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi: Teymur Elçin - 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Teymur Elçinin 100 illik yubileyi münasibətilə hazırlanan virtual sərgidə ictimai xadimin əsərləri, tərcümələri, sözlərinə bəstələnmiş musiqi notları, haqqında ədəbiyyatlar və dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr, fotolar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Teymur_Elchin/index.htm linkindən istifadə edə bilərlər.

    Sərgi 1 həftə davam edəcək.

    Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi, ictimai xadim Teymur Elçin 1924-cü il martın 28-də Şuşada anadan olub.

    Teymur Elçinin Azərbaycan uşaq ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olub.

    Ədəbi yaradıcılığını bütünlüklə uşaqlara həsr edən şairin “Qar qız”, “Qulaq asın, danışım”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr, nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”, “Torağayın nəğməsi”, “Babalar, nənələr, nəvələr ”, “Kirpinin laylası”, “Turacın laylası”, Siçan balası” və s. kimi şeirlərində uşaq aləminin min bir məqamı öz əksini tapıb.

    Onun bir sıra şeirlərinə Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və başqa bəstəkarlar tərəfindən çox sayda mahnılar bəstələnib.

    Teymur Elçinin bədii tərcümə sahəsində də xüsusi xidmətləri olub. Onun İ.V.Turgenev, S.Marşak, K.Çukovski, P.Voronko, Y.Raynis və başqalarının əsərlərindən etdiyi tərcümələr bu gün də Azərbaycan klassik tərcümə irsimizin ən gözəl nümunələri kimi Azərbaycan oxucularının ən çox sevdiyi və mütaliə etdiyi əsərlər sırasında öz yerini tutmaqdadır.

    Teymur Elçinin həm də bir ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olub. O, uzun illər Dövlət Radio və Televiziya Komitəsinin və Mədəniyyət Nazirliyinin rəhbərliyində çalışıb və bu sahədə böyük təşkilatçılıq fəaliyyəti göstərib.