Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • YARAT-da “Radio Sarajevo” fotokitabının təqdimatı olacaq

    Fevralın 10-da YARAT Müasir İncəsənət Mərkəzində məşhur türk fotoqraf Engin Güneysunun “Radio Sarajevo” fotokitabının təqdimatı olacaq.

    YARAT-dan AZƏRTAC-a bildirilib ki, beş fəsildən ibarət fotokitab, keçmiş Yuqoslaviyadan tutmuş indiki Bosniyaya qədər dövrü – “Sarayevo-1984 Qış Olimpiyadası”, “Bosniya müharibəsi”, “Srebrenitsa qətliamı”, “Duje Reabilitasiya Mərkəzi”, “müasir Bosniya” dövrlərini əhatə edir.

    Tədbirdə fotokitabın yaranma tarixindən, əsərlərin arxasında dayanan hekayələrdən və fotoqrafın təcrübəsindən bəhs ediləcək.

    Engin Güneysunun fotoəsərləri bir çox müsabiqələrdə mükafatlara layiq görülüb, onların arasında Türkiyədə keçirilən beynəlxalq “National Geographic” yarışmasında ikinci yerə çıxıb. Onun fotoşəkilləri 2011-ci ildə açılan Türkiyənin Fotoqrafiya Muzeyinin daimi kolleksiyasına daxil edilib.

    Hazırda müxtəlif jurnallarda fotoredaktor kimi fəaliyyət göstərir. O, "Radio Sarajevo" fotokitabı layihəsinə 2012-ci ildə start verib.

  • Bu gün Xalq artisti Ağaxan Abdullayevin doğum günüdür

    Xalq artisti Ağaxan Abdullayev Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xəti olan sənətkarlardandır. O, milli musiqi ifaçılığında özünəməxsus bir yol açıb. A.Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərirdi.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli xanəndə, Xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 73-cü ildönümü tamam olur.

    Ağaxan Abdullayev 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.

    Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Ağaxan Abdullayev Azərbaycanı qarış-qarış gəzib-dolaşıb, dünyanın 20-dən çox ölkəsinə qastrol səfərlərinə çıxıb. Hər yerdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını böyük şövqlə, əsl ustalıqla ifa edib. O, nə oxuyubsa ürəkdən oxuyub. Onun Azərbaycan musiqisinin inkişafı naminə gördüyü işlər hər zaman yüksək qiymətləndirilib və xanəndə fəxri adlar, orden və medallarla mükafatlandırılıb. Ağaxan Abdullayevin böyük məharətlə və ilhamla ifa etdiyi muğam dəsgahlarının audio və videoyazıları Azərbaycan Televiziyasının qızıl fondunda saxlanılır.

    Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə böyük önəm verib. O, 1977-ci ildən ömrünü sonunadək A.Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib, bir çox tanınmış xanəndələrin ustadı kimi tanınır. O, dəfələrlə televiziya muğam müsabiqələrinin münsiflər heyətinin üzvü olub.

    Böyük ustad Ağaxan Abdullayev uzun sürən ağır xəstəlikdən sonra 2016-cı il dekabrın 25-də 66 yaşında Bakıda vəfat edib. Vəsiyyətinə əsasən, Türkan qəsəbəsi kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

    Ağaxan Abdullayevin sənəti solmaz və əbədiyaşardır. Bu ecazkar səs, bu sənət gələcək nəsillərə, əsrlərə ünvanlanıb.

  • Gəlirlərinə görə “Titanik”i üstələyən ekran əsəri

    Məşhur rejissor Ceyms Kemeronun “Avatar: Suyun yolu” filmi beynəlxalq kassada “Titanik”i üstələyərək tarixin ən çox gəlir gətirən üçüncü filmi olub. O, xarici bazarlarda 1,538 milyard dollar toplayıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə “The Variety” məlumat yayıb.

    Bununla belə, ekran əsərinin birinci hissəsi 2,1 milyard dollarla xaricdə ən çox gəlir əldə edən film olaraq qalır, “Avengers: Endgame” isə 1,9 milyard dollarla ikinci yerdədir.

    Qeyd olunub ki, beynəlxalq kassada Çin (240,6 milyon dollar), Fransa (141,5 milyon dollar), Almaniya (130,7 milyon dollar) və Cənubi Koreya (105,5 milyon dollar) liderlik edir.

  • “Azercell”dən Türkiyədəki abunəçilərinə dəstək!

    Lider mobil operator Türkiyədə səfərdə olan abunəçilərinin balansını təmənnasız şəkildə artırıb

    Türkiyədə baş vermiş yeraltı təkanlarla əlaqədar olaraq “Azercell Telekom” MMC bu ölkədə olan abunəçilərinin ailələri və yaxınları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə onların nömrələrinin balansını təmənnasız şəkildə artırıb. Şirkət hazırda Türkiyədə rouminq xidmətlərindən istifadə edən həm fakturalı, həm də fakturasız xətt abunəçilərinin balansına vəsait yükləyib.

    “Azercell” bu fəlakət nəticəsində həlak olanların yaxınlarına, bütün qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir.

    “Azercell” Əlaqə Mərkəzinə edilən zənglər pulsuzdur! Əlaqə üçün: +994506565000

    Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin qaynar xətti:

    +90 532 577 61 68

    #TürkiyəSəninləyik

  • Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb

    Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft terminalında əməliyyatlar dayandırılıb.

    Reportun məlumatına görə, bu barədə “Reuters” agentliyinə Türkiyənin energetika nazirliyinin nümayəndəsi məlumat verib.

    Bununla belə, İraq neftini Ceyhana nəql edən Kərkük-Ceyhan və Azərbaycan neftini Türkiyəyə daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinə ziyan dəyməyib. Bu kəmərləri ilə neftin nəqli davam etdirilir.

    Həmçinin qeyd edilir ki, hazırda bu məsələ ilə bağlı təcili toplantı keçirilir.

    Qeyd edək ki, Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.

    Qeyd edək ki, Türkiyənin Kahramanmaraş Pazarcık rayonunda zəlzələ Bakı vaxtı ilə 05:26-da baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya ve Adana başda olmaqla ətraf ərzailərdə, o cümlədən Ankarada da hiss edilib.

    Zəlzələ nəticəsində azı 284 nəfər ölüb, 2 323 insan xəsarət alıb, 1710 bina tamamilə dağılıb.

  • Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi qeyd ediləcək

    Prezident İlham Əliyev fevralın 3-də Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, 2023-cü ildə 150 illiyi tamam olan Azərbaycan peşəkar milli teatrının yubileyi ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

    Sərəncamda vurğulanır ki, Azərbaycan teatrı xalqımızın mədəni sərvətidir. Həmin sərvətin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Respublikamıza rəhbərlik etməyə başladığı ilk illərdən milli-mənəvi dəyərləri ön planda tutmaqla tarixi-mədəni irsimizə münasibətdə dönüş yaradan Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycan teatrının 100 illik yubileyinin təntənəli qeyd olunması diqqətəlayiq mədəniyyət hadisəsinə çevrilmiş və teatrımızın çiçəklənməsinə yeni stimul vermişdir.

  • Ölkəmizin turizm potensialı Hindistanda beynəlxalq sərgidə təbliğ olunur

    Azərbaycan Turizm Bürosu Hindistanın Mumbay şəhərində keçirilən "OTM Mumbai 2023” səyahət sərgisində milli stendlə təmsil olunur.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Hava Yolları” QSC də daxil olmaqla ümumilikdə 14 yerli turizm sənayesi nümayəndəsinin iştirak etdiyi sərgidə milli stendimizə və təbliğ edilən turizm məhsullarına xüsusi maraq müşahidə edilir.

    Sərgi çərçivəsində Hindistandan olan tərəfdaşlarla gələcək əməkdaşlığa dair müzakirələr aparılır, media nümayəndələri ilə görüşlər keçirilir.

    Tədbir zamanı Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov “Postpandemiya dövründə turizm sənayesinin üzləşdiyi çətinliklər və yeni imkanlar” mövzusunda təşkil olunan paneldə spiker qismində çıxış edib.

    Fevralın 4-dək davam edəcək beynəlxalq sərgidə dünyanın 55-dən çox ölkəsindən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən mindən çox turizm sənayesi nümayəndəsi, 25 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

    Qeyd edək ki, 2022-ci ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 60731 nəfər təşkil edib. Hindistan həmin ildə Azərbaycana ən çox ziyarətçinin səfər etdiyi ölkələr sırasında 6-cı yerdə qərarlaşıb.

  • Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

    Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 4 marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

    Bu barədə Reporta Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.

  • Azərbaycan şalot soğanı idxalını gömrük rüsumundan azad edib

    Azərbaycana şalot soğanın idxalına tətbiq olunan gömrük rüsumu üzrə güzəşt müddəti və məbləği azaldılıb.

    Report xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

    Qərara əsasən, şalot soğanın idxalına 2023-cü ilin sonuna qədər tətbiq edilən 0,6 ABŞ dolları məbləğində gömrük rüsumu, bu ilin mayın 1-nə qədər 0 % dərəcəsi ilə əvəz edilib.

  • “Hasarın o üzü” tamaşası yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində

    Fevralın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti dəfə “Hasarın o üzü” tamaşası nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov olan səhnə əsəri tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.

    Qeyd edək ki, Allaha sığınmağı hər nemətdən üstün tutan bir ziyalı ailəsində baş verən dramatik hadisələr tamaşanın əsas süjet xəttini təşkil edir. İnsan mənəviyyatı, əxlaq prinsipləri, milli mentalitet və cəmiyyətin bu dəyərlərə münasibəti bir ailə timsalında bütün kəskinliyi ilə bədii obrazlar vasitəsilə önə çəkilir.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.