Martın 5-də Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Koray Avcının konserti olacaq.
AZƏRTAC xəbər verir ki, qısa zamanda böyük pərəstişkar kütləsi toplayan, mahnıları dildən-dilə dolaşan və özünəməxsus səs sahibi olan müğənni ən sevilən musiqiləri ilə paytaxtımızda pərəstişkarları qarşısında çıxış edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Azərbaycan Çinin “Voyage Magazine” jurnalının hər il keçirdiyi “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunub.
Report xəbər verir ki, bu barədə Azərbaycan Turizm Agentliyi məlumat yayıb.
“Voyage Magazine” jurnalı tərəfindən belə bir mükafata layiq görülməyin qürurverici olduğunu qeyd edən Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, turizmin davamlı inkişafı destinasiyanın maddi irsinin, eləcə də yerli əhalinin turizmin təşviqinə cəlb edilməsindən başlayır.
O qeyd edib ki, mədəni irsin və davamlı turizm təcrübələrinin təbliğ edilməsi ATB üçün vacib prioritetlərdəndir və qurum bu istiqamətlərdə səylərini davam etdirməkdə qərarlıdır.
“Dayanıqlılıq mükafatları 2022” tədbiri Çində səyahət sahəsi üzrə keçirilən ən böyük və populyar tədbirlərdən biridir. Kampaniyanın rəsmi həştəqi təbliğat dövründə 32 milyon 485 mindən çox insana çatıb.
Digər qaliblər arasında Serbiyanın Milli Turizm Təşkilatı, İspaniya Turizm İnstitutu (“Turespaña”), Honqkonq Turizm Bürosu və İtaliya Milli Turizm Bürosu da yer alır.
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli sənətkarımız, Xalq artisti Rafiq Əzimovun 85 yaşı tamam olur.
AZƏRTAC xəbər verir ki, fevralın 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında növbəti dəfə təqdim ediləcək İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa Rafiq Əzimovun anadan olmasının 85 illik yubileyinə və səhnə fəaliyyətinin 60 illiyinə həsr olunacaq. Dövlət sifarişi ilə hazırlanan tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Rafiq Əzimov, Kazım Abdullayev, Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Elçin Əfəndi, Vüsal Mustafayev, Ramin Şıxəliyev, Lalə Süleymanova, Məhsəti Tahirzadə, Rüstəm Rüstəmov, Tural İbrahimov iştirak edirlər.
Tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Əsərdə Natəvanı həm doğma Şuşanın, həm də ikiyə bölünmüş Azərbaycanın taleyi narahat edir. Tamaşaçı onu müdrik, Vətəninə, eləcə də xalqına bağlı ictimai xadim, həm də həssas, zərif bir qadın, ana kimi tanıyır və sevir. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır. Burada tarixi hadisələrin timsalında xalqın taleyi, azadlığı və birliyi ideyası ön plana çəkilib. Xalqın taleyi Natəvanı düşündürən əsas məsələdir.
Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən ölkəmizdə ilk dəfə çoxseriyalı tarixi bədii televiziya filmi çəkilir. AzTV-də yayımlanacaq “Atabəylər: Şəmsəddin Eldəniz” adlı ekran işi üçün ötən il dekabrın 21-də musiqi (soundtrack) müsabiqəsi elan olunmuşdu. Bəstələrin son qəbul tarixi bu il yanvarın 25-i təyin edilmişdi.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqəyə 20-dən çox bəstəkar əsərini təqdim edib. Müsabiqənin nəticələri yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, iki mövsüm üçün nəzərdə tutulan çoxseriyalı bədii televiziya filminin ilk mövsümü 24 bölümdən ibarət olacaq. Filmdə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Nəsrəddin Tusi, Memar Əcəmi Naxçıvani, Sultan Səncər, Vəzir Kəmaülmülk və başqa şəxsiyyətlərin obrazları canlandırılacaq.
Filmin çəkilişi Türkiyədə və ölkəmizdə fəaliyyət göstərən peşəkar kino işçilərindən formalaşdırılan yeni prodakşn “Şahdağfilm”ə həvalə olunub.
Kinoalmanaxın nümayişindən əldə olunacaq vəsait “YAŞAT” Fonduna ianə ediləcək
Fevralın 2-də paytaxtın bütün kinoteatrlarında “Qarabağ hekayələri: dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanılıb. Kinoalmanax üç qısa filmdən ibarətdir. Nizami Kino Mərkəzində qısametrajlı filmlərin yaradıcı heyəti ilə görüş və təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə kinoalmanaxın “Sizə məktub var...” filminin rejissoru Məzahir Həşimov ekran işi haqqında məlumat verib. Bildirdi ki, film “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Əsas rolları Əli Əliyev və Dəniz Tacəddinin canlandırdığı film Daşkəsən rayonunda lentə alınıb. Ekran əsərində öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir...
Film bir il müddətinə hazırlansa da, çəkilişlər qocaman rejissor Akif Rüstəmovun (ikinci rejissor) sayəsində 4 gün müddətində başa çatıb. Xronometrajı 40 dəqiqə olan film festival üçün deyil, yerli tamaşaçılar üçün nəzərdə tutulub.
Kinoalmanaxın ikinci filmi olan “Arxa cəbhə” Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Karvan Production”ın istehsalı olan filmin rejissoru və ssenari müəllifi Gülay Babayeva, əsas rollardan birinin ifaçısı Kəmalə Piriyeva çəkilişlərlə bağlı təəssüratlarını bölüşdülər. Rejissor filmdə uşaqların da rol aldığını bildirdi. Dedi ki, uşaqlarla işləmək çətin olsa da, bir o qədər uğurlu alındı.
Ailəsini Bərdədə qoyub döyüşə gedən oğlan filmin əsas qəhrəmanıdır. O, vaxtaşırı arxa cəbhədə, Bərdədə qalan ailəsi ilə danışır. Bir gün bu danışığı bir bomba partlayışı kəsir...
Silsilənin üçüncü ekran işi “Ultra Production”da istehsal edilən “Hasar” filmidir. Rejissor Qulu Əsgərov diqqətə çatdırdı ki, film bir müddət əvvəl Qısametrajlı filmlər festivalında mükafata layiq görülüb. Ssenari müəllifi Nicat Dadaşov, əsas rolların ifaçıları Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı və Əlibala Əsgərovdur.
“Hasar” filmi də “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. Ekran əsərində Birinci Qarabağ müharibəsində oğlunu itirən Elçin Qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə əngəl olur...
Yaradıcı heyət bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri və sonrakı vəziyyəti əhatə edən kinoalmanax dram janrındadır. Qeyd edildi ki, kinoteatrlarda qısametrajlı filmlərə baxış ənənəsi bərpa olunmalıdır.
Diqqətə çatdırılıb ki, gənc rejissorlara dəstək baxımından “Böyük qayıdış” layihəsi uğurlu addım idi. “Arxa cəbhə”nin icraçı prodüseri Elməddin Alıyev dedi ki, hər üç filmin yaradıcı heyətinin birgə təşəbbüsü ilə filmlərin nümayişindən əldə olunan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
Çıxışlardan sonra filmlər nümayiş olunub. Ekran əsərləri maraqla qarşılanıb.
Teatr və kino sənətinin usta aktyorlarından olan Əməkdar artist, respublika Dövlət mükafatı laureatı Hamlet Xanızadə cəmi 49 il ömür yaşayıb, amma bu müddətdə yaratdığı obrazlarla adını əbədi olaraq kino tariximizə həkk edə bilib.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkarın vəfatından 33 il ötür.
Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdı. Uşaqlıqdan teatra həvəsi vardı. Amma atası Bəbir kişi oğlunu aktyor görmək istəmirdi. Onun uşaqlığı İkinci Dünya müharibəsinin dəhşətli qovğalarına təsadüf etdi. Xüsusilə də ağlı kəsəndən maraqla baxdığı filmlər gənc Hamletin arzularını məhz bir istiqamətə yönəltmişdi. Elə buna görə də Teatr İnstitutunda təhsil alan Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başladı. Bu möhtəşəm səhnədə ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf müqabili olub, - bilmirik. Amma onun rollarının sırasına boylananda heyrətlənməyə bilmirsən. Son dərəcə fərqli və ziddiyyətli surətləri bir aktyor öz ruhundan, varlığından keçirərək onları necə ustalıqla yarada bilmişdi: Həsən Səbbah ("Xəyyam"), İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") və başqaları. Əgər bir az da diqqət yetirsək ki, Hamlet Xanızadə məhz hansı müəlliflərin əsərlərində özünü bir aktyor kimi taparaq təsdiq edirdi, - onda sənətkarın yaradıcılığı haqqında müfəssəl düşüncəyə sahib ola bilərik. Təbii ki, ilk növbədə Hamlet Xanızadənin məftun olduğu, sevdiyi dramaturqlar vardı: Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və başqaları. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökümə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb. Tanrının bağışladığı istedad öz yerində, Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlardan öyrənərək həm də öz məktəbini yaradırdı.
Unudulmaz aktyorun yaradıcılığında ikinci bir mərhələni də kino sənətindəki xidmətləri təşkil edirdi. "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı"... və nəhayət, "Qətl günü" filmlərində yaratdığı müxtəlif xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus orijinal yozumu hiss olunmaqdadır. O, bu obrazları elə bir şəkildə təqdim edib ki, ikinci bir ifaçı haqqında düşünmək belə ağla gəlmir. "Qətl günü" filmindəki Sədi Əfəndi onun son rolu oldu. Həyat yoldaşı Nailə xanımın sözləridir: "Çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: "Gör biz neçə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq".
Həyatın bu amansızlığı imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın tamaşaçılar tərəfindən necə maraqla qarşılandığının şahidi olsun.
Hansı rolda çəkilməsindən asılı olmayaraq aktyor oynadığı rolun məsuliyyətini gözəl dərk edirdi. O, rejissorlarla çox asan dil tapırdı. Olduqca səmimi, işgüzar bir insan idi. Onu tanıyanlar deyirdilər ki, Hamlet heç vaxt insanların qəlbinə toxunmazdı. Rolları isə əksinə qəddar, zalım, qaniçən insanlar olurdu.
Hamlet Xanızadə güclü yaradıcı potensiala malik aktyor idi. Onun zəngin daxili aləmi müxtəlif xarakterli rolları yaratmağa imkan verirdi. Əməkdar artist idi. Xalq onu sevirdi. Mükafatı isə bir dövlət mükafatı və bir də xalqın ürəyində qazandığı məhəbbət idi. Bu məhəbbət bu gün də var, sabah da olacaq.
Cəmi 49 il ömür sürmüş Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib.
“Avroviziya 2023” müsabiqəsinə builki seçim zamanı mahnı müəlliflərinin azərbaycanlı olmasına xüsusi diqqət ayrılıb. Bu amillə yanaşı, digər parametrlər də nəzərə alınaraq, 5 ifaçı və onların mahnıları seçilib. Həmin istedadlı musiqiçilər - Leyla İzzətova, Humay Aslanova və Əmrah Musayev dueti, “Mamagama” qrupu, Turan və Tural Bağmanovlar dueti və Azər Nəsibovdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın “Avroviziya”da nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova seçim prosesi və potensial qaliblər barədə məlumat verərkən deyib.
“Mahnıların səsyazma keyfiyyəti baxımından fərqli olmasının yekun qərara təsir etməməsi və sağlam rəqabət imkanının təmin edilməsi üçün bu 5 namizədin ifaları eyni səsyazma studiyasında və eyni şəraitdə işlənilib. Səsyazmadan sonra canlı ifalarının videoçəkilişləri edilib. Performansların hər iki formatda (yazılmış audio və canlı video) fokus qruppasına təqdim edilməsi nəzərdə tutulub. Hazırda həmin videolar üzərində iş gedir”,-deyə İ.Dadaşova bildirib.
Fevralın 4-də Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı isə Xaliq Cabbarovdur.
“Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Mirzə Fətəli Axundzadənin 1850–ci ildə yazdığı sayca üçüncü komediyadır. Bu əsər Azərbaycan teatrı səhnəsində tamaşaya qoyulmuş ilk əsərdir. Əsərin süjeti 1800–1801-ci illərə təsadüf edir. Hadisələr Lənkəran xanının vəziri Mirzə Həbibin evində və xanın sarayında cərəyan edir. Komediyada saray və ailə intriqaları fonunda vəzirin baldızı Nisə xanım və xanın qardaşı oğlu Teymur ağanın saf məhəbbəti əsas götürülüb. Əsərdə olduğu kimi, tamaşada da bütün hadisələr komik dillə, eləcə də şən musiqi keçidlərlə tamaşaçıya təqdim olunur.
Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası Şuşa Dövlət Musiqili Dram Teatrında ilk dəfə 2012–ci ildə oynanılıb. Tamaşanın premyerası “Sərgüzəşti – Mirzə Fətəli Axundzadə” teatr festivalının bağlanışında təqdim olunub. Bundan əlavə tamaşa 2013–cü ildə Tatarıstanın Kazan şəhərində keçirilən türkdilli xalqların “Nauruz” XI Beynəlxalq Teatr Festivalında və 2014–cü ildə I Şəki Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub.
Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. İşıqlı, parlaq və gözəl gələcəyimizin qarantı olan gənclərin bu vacib gününü, 2 Fevral - Azərbaycan Gəncləri Gününü “Azərxalça” ASC yaradıcı qrupu məhz gənclərlə birlikdə qeyd edib.
Fevralın 2-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA), Elm və Təhsil Nazirliyi, "bədii xalça" ixtisasında təhsil alan SABAH qrupları tələbələri, onların diplom rəhbərləri və digər müəllim heyəti “Azərxalça”nın Qobuda yerləşən xalça emalatxanasında "Xalça istehsalında bir gün" adlı tədbir təşkil edib.
“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı xalçaçılıq ixtisası üzrə təhsil alan dördüncü kurs tələbələri buraxılış işlərinin layihələrini və çeşnilərini təqdim ediblər.
ADRA müəllim heyəti və “Azərxalça” yaradıcı qrupunun nümayəndələri buraxılış işlərini müzakirə edərək, onlara öz fikir və təkliflərini bildiriblər.
Daha sonra gələcəyin xalçaçıları “Azərxalça”nın istehsalat üzrə mütəxəssislərinin rəhbərliyi ilə bu xalçaların istehsalının bədii-texniki xüsusiyyətlərini müzakirə edib, həmçinin istehsal prosesi ilə birbaşa tanış olublar. Tələbələr həmçinin “Azərxalça”nın ən yaxşı toxucularından ustad dərsi alaraq, özlərini xalça toxuma prosesində də sınayıblar.
“Azərxaça” ASC ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında əməkdaşlığın davamı olaraq tələbələrin xalçalarının eskizləri əsasında 6 xalça “Azərxalça” emalatxanalarında toxunaraq tədris ilinin sonunda diplom işi kimi təqdim olunacaq. Adi çəkilən layihənin ideya müəllifi ADRA–nın professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovdur.
Yaradıcı gənclərə dəstək və təhsil müəssisələri ilə fəal əməkdaşlıq “Azərxalça”nın qarşısında duran əsas vəzifələrdən biridir. Belə tədbirlər istehsalla təhsil arasında daha geniş qarşılıqlı əlaqəyə təkan verərək gənclərin milli mənəvi sərvətimizə marağını daha da artıracaq.
Məlumat üçün bildirək ki, 1997-ci ildən hər il fevral ayının 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Ümummilli liderimizin 1997-ci il 2 fevral tarixində imzaladığı Fərmana əsasən həmin tarix Azərbaycan Gəncləri Günü kimi elan edilmişdir. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında, ilk dəfə olaraq, Azərbaycanda qeyd olunub.
Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illiyi ərəfəsində onun əziz xatirəsini anan gənclər çıxış edərək, Azərbaycan gəncliyinin vətənə məhəbbət, elmli, hərtərəfli savadlı və sağlam inkişafı üçün yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildirdilər.
“Azərxalça” ASC hər zaman gənclərlə çalışmağa, onlar üçün öz istedadlarını ortaya çıxarmağa imkan yaratmağa hazırdır!
"Azərbaycan Hava Yolları" QSC-nin tərkibinə daxil olan aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yeni Bakı-Soçi-Bakı marşrutu üzrə aviabiletlərin satışını elan edir.
Bu barədə Reporta AZAL-dan bildirilib.
Məlumata görə, Soçi Rusiyanın Qara dəniz sahilində yerləşən məşhur kurortdur. Qara dəniz sahilinə uçuşlar martın 18-dən etibarən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
Bu istiqamət üzrə biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə) əldə etmək mümkündür. Həmçinin, aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə əldə etmək olar.