Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon Heydər Əliyev Mərkəzində rayon məktəbliləri arasında “Ulu Öndərin izləri ilə” adlı inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqə “Heydər Əliyev İli”nə həsr edilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəblilərə, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin irsi haqqında geniş məlumat verilib.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən müsabiqədə Fatimə Rüstəmzadə (180 nömrəli tam orta məktəb) və Şəbnəm Sadıqova (288 nömrəli tam orta məktəb) I yerə, Aytac Bünyadova (180 nömrəli tam orta məktəb) və Yetər Vəliyeva (166 nömrəli tam orta məktəb) II yerə, Ləman Səfərzadə (106 nömrəli tam orta məktəb), Mədinə Məmmədova (166 nömrəli tam orta məktəb) və Ləman Baxşəliyeva (139 nömrəli tam orta məktəb) III yerə layiq görülüblər.
Sonda iştirakçılara diplom və hədiyyələr təqdim olunub.
Abunəçilərə müasir texnoloji xidmət və əlverişli təkliflərlə yeni imkanlar yaradan "Azercell" “Hədiyyəli eSİM nömrələr” kampaniyasını təqdim edir!
Kampaniyanın şərtlərinə əsasən xüsusi olaraq ayrılmış gözəl eSİM nömrələri alan yeni abunəçilər seçimindən asılı olaraq müxtəlif hədiyyələr qazanacaqlar.
Belə ki, abunəçi Fakturasız xətt kampaniya nömrələri əldə etdikdə, nömrənin dəyərinin yarısı həcmində hədiyyə balansı alacaq və bu bonus məbləği 6 ay ərzində istənilən Sərbəst və GəncOl tariflərinin alınmasına istifadə edə biləcək. Abunəçi Fakturalı xətt kampaniya nömrəsi əldə etdikdə isə, onun dəyərindən asılı olaraq Sərbəst 15, Sərbəst 25 və Sərbəst 50 tarif paketlərindən birinə ödəniş etmədən qoşulmaq imkanı qazanacaq.
Kampaniya nömrələri və onlara uyğun təkliflər haqqında məlumatı www.azercellim.com səhifəsindən, hədiyyəli eSİM nömrələri isə "Azercell"in istənilən rəsmi dilerindən əldə etmək mümkündür.
Küveytlə Azərbaycan arasında turizm münasibətlərinin inkişaf etdirilməsi və qarşılıqlı səfərlərin sayının artırılması Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevlə Küveyt Dövlətinin Azərbaycandakı səfiri Abdullah Məhəmməd Abdullah Almauid arasında fevralın 2-də keçirilən görüşdə müzakirə olunub.
DTA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Fuad Nağıyev Azərbaycanla Küveyt arasında turizm əlaqələrinin inkişaf etməkdə olduğunu, 2022-ci il ərzində Küveyt Dövlətindən ölkəmizə səfər edən vətəndaşların sayının 22 min nəfərdən çox təşkil etdiyini və bu rəqəmin bu il daha da artmasına ümid etdiyini bildirib.
Fuad Nağıyev bildirib ki, 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun Vətən müharibəsindəki qalibiyyətindən sonra Qarabağın turizm potensialının qiymətləndirilməsi və yeni turizm destinasiyası kimi inkişaf etdirilməsi Dövlət Turizm Agentliyi qarşısında qoyulan əsas vəzifələrdən birdir. O, Qarabağa və ölkənin turizm potensialı yüksək olan digər ərazilərinə investisiya qoyuluşu üçün əlverişli mühitin mövcudluğunu diqqətə çatdırıb.
Səfir Abdullah Məhəmməd Abdullah Almauid siyasi əlaqələrin inkişafının turizm əlaqələrinin də genişləndirilməsinə töhfə verdiyini qeyd edərək, yalnız ikitərəfli deyil, beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunub.
O, iki ölkə arasında ortaq dəyərlərin, ölkəmizdə inkişaf etmiş turizm infrastrukturunun mövcudluğunun, həmçinin Azərbaycanın təhlükəsiz və ailəvi turizm destinasiyası kimi üstünlüklərə malik olmasının ölkəyə səfər edən Küveyt vətəndaşlarının sayının artmasına təsir etdiyini bildirib.
Görüşdə Azərbaycana səyahəti asanlaşdıracaq prosedurlar, hazırda həyata keçirilən birbaşa uçuşların sayının artırılması, çarter reyslərinin təşkil edilməsi kimi mövzular barəsində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Bakıdan Küveytin Əl-Küveyt şəhərinə “Kuwait Airways” və “Jazeera Airways” hava yolları vasitəsilə həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir. Küveyt vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş “e-visa” sistemi tətbiq olunur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2 Fevral - Azərbaycan Gənclər Günü ilə əlaqədar silsilə materiallar - videoçarx, ənənəvi sərgi və “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal hazırlayaraq istifadəçilərə təqdim edib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videomaterialda Azərbaycanda “2 Fevral Gənclər Günü”nün tarixi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti - “Gənclər İli”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclər Fondu”nun yaradılması, gənclər üçün “Prezident Mükafatı”nın təsis edilməsi, Könüllülük hərəkatı, gənclərlə əlaqədar elm, təhsil, mədəniyyət sahəsində qəbul edilən proqramlar haqqında geniş məlumat verilib. Azərbaycan gəncliyinin elmi, mədəni, iqtisadi, siyasi sferalarda qazandığı uğurlar, cəlb olunduğu beynəlxalq layihələr işıqlandırılıb. Materialda Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin gənclərə xitabən söylədikləri nitqlərdən parçalar da təqdim olunub.
“Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmalda dövlət gənclər siyasəti haqqında qəbul edilən rəsmi sənədlər, mövzunu əhatə edən 20-dən çox kitabın biblioqrafik təsviri və annotasiyası, gənclik haqqında aforizmlər və digər maraqlı məlumatlar əks olunub.
Kitabxanada təşkil edilən ənənəvi sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal sərgilənməkdədir.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən IX “Gəncliyin səsi” festivalının ilk konserti Beynəlxalq Muğam Mərkəzində təşkil olunub.
AZƏRTAC xəbər verir ki, VIII “Muğam” Televiziya Müsabiqəsi qaliblərinin iştirakı ilə baş tutan konsert gəncliyin ruhuna uyğun rəngarəng proqramla tərtib edilib.
Konsert proqramından əvvəl ölkəmizdə Gənclər Gününün təsis edilməsi və “Gəncliyin səsi” festivalı haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla təsis olunan Gəncləri Günü Azərbaycan gəncliyinə, gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Artıq ənənəyə çevrilən “Gəncliyin səsi” festivalı isə yaradıcı gənclərin istedadının üzrə çıxarılması və tanıdılmasına töhfələrini verməkdədir.
Tədbirdə gənc xanəndələrin ifasında xalq mahnıları, təsniflər, bəstəkar mahnıları dinlənilib. Ənənəvi milli duetlər, vətənpərvərlik ruhlu ifalar festivalın ilk konsertinə xüsusi əhval bəxş edib.
Qeyd edək ki, festival fevralın 8-dək davam edəcək.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “İohan Sebastyan Baxa ithaf” adlı konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, gecədə Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.
Orkestr solistlərinin ifasında dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi İohann Sebastyan Baxın əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib.
Fevralın 9-da YARAT Müasir İncəsənət Mərkəzində “Memarlıq və incəsənət” mövzusunda mühazirə keçiriləcək.
Bu barədə AZƏRTAC-a YARAT-dan bildirilib.
Qeyd edilib ki, mühazirə çərçivəsində memarlıq və incəsənət mövzusunda fikir mübadiləsi aparılacaq.
“Mühazirə zamanı memar və urbanist Ucal Qorçu “Memarlıq tarixi nəyə lazımdır?”, “Hazırda kreativ seçimlərimizin konteksti anlamaq üçün tarixə sinxronoptik baxış bizə necə kömək edə bilər?”, “Memarlığın sosial funksiyasının incəsənət ilə əlaqəsi nədir?”, “Əsrlər boyunca memar personası necə dəyişib və incəsənət xadimləri bu imicə necə təsir göstərir?”, “Memarlıq diskursundan xəbərdar olmağın başqa kreativ təbəqələr üçün faydası nə ola bilər?” kimi sualları cavablandıracaq”, - deyə vurğulanıb.
Bu gün görkəmli qələm ustası, roman, povest və hekayələr müəllifi, Xalq yazıçısı Əli Vəliyevin vəfatından 40 il ötür.
AZƏRTAC xəbər verir ki, ədəbi yaradıcılığa gənc yaşlarından başlayan Əli Vəliyev özündən sonra zəngin bir ədəbi irs qoyub.
Əli Vəliyev 1901-ci il fevralın 27-də Azərbaycanın qədim Zəngəzur qəzasının Ağudi kəndində anadan olub. Kəndin 3 sinifli rus məktəbində, daha sonra Şuşa Firqə məktəbində və Bakı Mərkəzi Firqə məktəbində təhsil alıb. Ali təhsilini Azərbaycan Dövlət Darülfünununda davam etdirib. Əmək fəaliyyətinə "Şərq qapısı" qəzetinin redaktoru vəzifəsində başlayıb. Sonrakı dövrlər “Kommunist” qəzetinin baş redaktoru, Yazıçılar İttifaqının katibi, "Azərbaycan" jurnalının baş redaktoru kimi vəzifələrdə çalışıb. Beş övlad atası olub.
Əli Vəliyev 1920–1930-cu illərdən başlayaraq dövri mətbuatda oçerk və hekayələrlə çıxış edir. Həmin illər işıq üzü görmüş “Allahın səyahəti”, “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Qəhrəman”, “Ordenli çoban”, “Sübut” kimi kitabları tez bir zamanda geniş oxucu auditoriyasının rəğbətini qazanır.
Böyük Vətən müharibəsi illərində cəbhəyə könüllü yollanan yazıçı, iştirakçısı və şahidi olduğu döyüşlər, əsgərlərimizin qəhrəmanlığı haqqında silsilə məqalələr yazır. Həmin dövrlər onun müharibədən bəhs edən “Cəbhə hekayələri”, “Ərköyün”, “Sovqat” adlı kimi kitabları nəşr olunur.
1950–1970-ci illərdə yazıçının “Madarın dastanı”, “Ürək dostları”, 6 cildlik “Seçilmiş əsərləri” “Turaclıya gedən yol”, “Budağın xatirələri” romanları, “Zəngəzur qartalları”, “Bir cüt tərlan” povestləri, “Uşaqlara sovqat”, “Əziz nəvələrimə”, “Anaqız”, “Bir cüt ulduz”, “Yeni həyat” hekayələr kitabı, “Zamanın ulduzları”, “İstedad”, “Samovar tüstülənir”, “Gəncliyimi tapdım”, “Durna qatarı” adlı roman, povest, hekayə və oçerkləri toplanan kitabları işıq üzü görür. 1980-ci illərdə “Qarabağda qalan izlər”, “Narahat adam” romanları, “Qənirsiz gözəl”, “Zamanın ulduzları” adlı povest və hekayələrinin toplandığı kitabları kütləvi tirajlarla nəşr edilir.
1950-ci ildə “Gülşən” povestinin motivləri əsasında görkəmli bəstəkar Soltan Hacıbəylinin bəstələdiyi eyniadlı balet Azərbaycan Opera və Balet Teatrının, 1953-cü ildə isə Ə.Nəvai adına Daşkənd Böyük Teatrının səhnəsində tamaşaya qoyulur.
1958-ci ildə yazıçının “Gülşən” povesti və “Çiçəkli” romanı M.F.Axundov adına Dövlət mükafatına, 1952-ci ildə SSRİ Dövlət mükafatına layiq görülür. Müxtəlif dövrlərdə Lenin, “Qırmızı Əmək Bayrağı”, “Oktyabr İnqilabı”, “Şərəf Nişanı” ordenləri və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilir.
Dilinin zənginliyi, rəvanlığı, xalq danışığından bəhrələnən şirin sadəliyi, şəxsiyyətindən doğan səmimiyyəti ilə Əli Vəliyev dövrünün ən çox oxunan, sevilən yazıçılarından olub. Janrından asılı olmayaraq əsərlərindən duyulan torpaq, çörək ətri, halallıq qoxusu bu gün də öz təzəliyini, təravətini qoruyub saxlayır. İstedadı və yaradıcı zəhməti ilə Azərbaycan ədəbiyyatının inkişafına, dilin zənginləşməsinə misilsiz töhfələr vermiş yazıçı sözün çəkisini, namusunu ləyaqətlə qorumuş, sovet rejiminin ən çətin sınaqlarından alnıaçıq, üzüağ çıxaraq, mənliyini, qürurunu, ədəbiyyata, dosta sədaqətini hər şeydən uca tutmuşdur.
Öz “tərcümeyi-hal”ında yazdığı bu sözləri Əli Vəliyevin ömür yolunun devizi qəbul etmək olar: “Öz namuslu əməyi ilə həyat sürmək, sənəti ilə yaşayıb ömrü başa vurmaq, əsərləri ilə oxucuların qəlbinə yol tapmaq yazıçı üçün ən böyük sərvətdir”.
Əli Vəliyev 1983-cü il fevralın 2-də Bakı şəhərində vəfat edib.
Azərbaycan ABŞ ilə Cənub Qaz Dəhlizi|nin genişləndirilməsi və Azərbaycanın Yaşıl Enerji təşəbbüsləri üzrə birgə əməkdaşlığı müzakirə edib.
Report xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında məlumat verib.
P. Şahbazov Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində Nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Nazirlərin 1-ci iclasında iştirak etmək üçün Azərbaycana gələn ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanla görüşüb.
"ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxmanla görüşdə Cənub Qaz Dəhlizi|nin genişləndirilməsi və Azərbaycanın Yaşıl Enerji təşəbbüsləri üzrə birgə əməkdaşlığı müzakirə etdik”, - deyə nazir əlavə edib.
Şəhər və rayonlararası avtobus marşrutlarında məsafəyə uyğun olaraq sərnişin biletlərinin qiyməti dəyişib.
Report Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu qiymətlər Tarif (qiymət) Şurasının 2023-cü il yanvarın 31-i tarixinə olan qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanıb.