Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Xalq artisti Hüseynqulu Sarabskinin anım günüdür

    Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Şərqlə Qərbin musiqili teatr ənənələrinin qovuşuğunda meydana gəlmiş və dünya opera sənətinin unikal hadisəsinə çevrilmiş muğam operasının təşəkkülündə onun ifaçı kimi müstəsna xidmətləri vardır. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olub, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaradıb. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak edib, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr verib.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, Xalq artisti Hüseynqulu Sarabskinin (Rzayev) vəfatından 78 il ötür.

    XX əsr Azərbaycan milli musiqi mədəniyyətinin parlaq şəxsiyyətləri sırasında öz yeri və mövqeyi olan sənətkar, səhnəmizin əfsanəvi Məcnunu Hüseynqulu Sarabski 1879-cu il martın 20-də Bakıda kasıb bir ailədə anadan olub.

    Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilib. Özünün xatirələrində yazdığı kimi, məhərrəmlik vaxtında dini nəğmələr oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda, el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi.

    Hüseynqulu ilk dəfə 12 yaşında teatr tamaşasına baxır. Bu həvəskarların ifasında “Xan Sarabi” adı ilə səhnəyə qoyulmuş Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də bu güclü təəssüratın nəticəsidir. Elə həmin gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşıb.

    Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlib. Teatrı “şeytan əməli”, aktyorluğu isə “kişiyə yaraşmaz peşə” hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərərək öz arzuları və xəyallarına doğru inamla gedib. Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən, dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu yeni əsrin səsini eşidib. O, oxumaq, təhsil almaq istəyi ilə özünü oda-közə vurur, qazandığını kitaba, dəftərə verib. Hüseynqulu ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçib, onlara bənzəmək istəyib. İlk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirib. O, səhnəyə ilk baxışdan və birdəfəlik vurulub. Səhnə onun əbədi məhəbbətinə çevrilib. Bu məhəbbət qarşılıqlı oldu.

    Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhimbəy Haqverdiyevin, Rəhimbəy Məlikovun, həmkarları - Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olub.

    İlk dəfə 1902-ci ildə N.Nərimanovun “Dilin bəlası” pyesində Rəsul rolunu oynayan Hüseynqulu sonralar teatr səhnəsində M.F.Axundzadənin, N.Vəzirovun, Ə.Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin “Əlmənsur” pyesində ərəb səyyahının rolunu oynayarkən oxuduğu təsiredici “Hicaz” muğamı onu Azərbaycan mədəniyyətinin yeni bir aləminə - musiqili teatra, operaya gətirib. Məhz bu tamaşada Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan “Leyli və Məcnun” üzərində işləyən Üzeyir bəy Hacıbəylinin diqqətini cəlb edib. Bu, zirvəyə gedən yolun başlanğıcı olub. Üzeyir bəy Hacıbəyli məlahətli səsə malik, muğamlara bələd olan Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola dəvət edib.

    1908-ci il yanvarın 12-də Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası tamaşaya qoyulur. “Məcnun”u oynayan Sarabski birinci və ikinci pərdələri həyəcan və qorxu içində var qüvvəsi ilə yaxşı oynamağa çalışır. Zaldan “Afərin!” sədalarını eşidən aktyor üçüncü pərdədə özünü tamamilə unudub “Məcnun” olur. Tamaşa bitir, pərdə enir, Hüseynqulu isə yoldaşlarının onun qucaqlayıb öpmələrinə və tamaşaçı alqışlarına yalnız göz yaşları ilə cavab verə bilir.

    Məcnun obrazı ona böyük uğur gətirir, bundan sonra dəfələrlə Bakıda, müxtəlif regionlarda, hətta Tiflisdə “Leyli və Məcnun” oynanılır. Artıq dostlar, ziyalılar arasında onu zarafatla “Məcnun” çağırırdılar, etiraz etmirdi və hətta xoşuna gəlirdi. Məcnun onun üçün doğma idi, çünki o da sənətinin məcnunu idi.

    Sənətini musiqi incisi olan “Leyli və Məcnun” zirvəsindən başlayan Hüseynqulu Sarabski bütün ömrünü bu zirvənin məsuliyyətini, onun ucalığını dərk edərək yaşayıb.

    Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrəti gətirib. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də “oyunbazlıq” kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi olub. Aktyorun özünün yazdığı kimi, “vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar”.

    Səhnədə olduğu 30 ildən artıq bir müddətdə o, 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı, bu rolu tamaşaçıya sevdirib. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanınıb.

    Dünya opera sənətinin nadir bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyildir. O, milli opera tarixində Üzeyir bəy Hacıbəylinin “Əsli və Kərəm”, “Şeyx Sənan”, “Şah Abbas və Xurşidbanu”, “Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Ər və arvad”, “Arşın mal alan” kimi opera və operettalarında, Müslüm Maqomayevin “Şah İsmayıl”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarındakı rolları ilə mədəniyyətimizə iz qoyub. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli, fərqli boyalar tapıb. Məcnunu ifa edərkən tamaşaçılarını göz yaşlarına qərq edib. Şah İsmayılı oynayanda məğrurluğu, əzəməti ilə tamaşaçıları riqqətə gətirib, Kərəm obrazını yaradanda yandırıb-yaxırdı.

    O, Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyov ilə birlikdə çiyin-çiyinə yeni musiqi tarixinin qurucularından biri olub.

    1918-ci ildə Bakıda vəziyyət ağırlaşır, aktyorlar hərəsi bir tərəfə dağılır. H.Sarabski də İrana gedir, amma çox qala bilmir. Pulsuzluq, xəstəlik onu əldən salır və o, Bakıya qayıdır.

    1920-ci ildən sonra Hüseynqulu Sarabski yenidən teatrda işləməyə başlayıb. 1923-cü ildə onun yubileyi qeyd olunub. Görkəmli sənətkar Orta Asiya ölkələrinə, Rusiyaya təşkil olunan qastrollarda iştirak edib. 1932-ci ildə ona “Xalq artist” fəxri adı verilib.

    Teatr xadimi, opera müğənnisi, aktyor, rejissor, pedaqoq olan Hüseynqulu Sarabski 1945-ci il fevralın 2-də dünyasını dəyişib.

  • “Yanardağ”, “Atəşgah” və “Yuxarı Baş” qoruqlarını ötən il 350 mindən çox turist ziyarət edib

    Ötən ilin “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu 110 mindən çox turist ziyarət edib. “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun isə 100 minə yaxın ziyarətçisi olub.

    Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

    Məlumatda deyilir ki, Yanardağ və Atəşgaha gələn turistlərin əksəriyyətinin hər iki qoruğa girişə imkan verən kombinə bilet aldıqlarını nəzərə alsaq, ümumilikdə 2022-ci ildə “Yanardağ” və “Atəşgaha” gələn turistlər bilet üçün 1 milyon 271 min 298 manat ödəyiblər.

    Şəkidəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunu isə ötən il ərzində 141 mindən çox turist ziyarət edib.

  • Bakıda Kubanın Milli Qəhrəmanı Xose Marti Peresə həsr olunmuş sərgi açılıb

    Kubanın Azərbaycandakı səfirliyində inqilabçı şair Xose Marti Peresin anadan olmasının 170 illiyi münasibətilə kubalı rəssam Daniela Pereira və Azərbaycan-Kuba Dostluq Assosiasiyasının prezidenti, Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət sərgi açılıb.

    AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Kubanın Azərbaycandakı səfiri Karlos Enrike Valdes, Xose Martini ən universal kubalı adlandırıb və onun ideya və əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını bildirib.

    Səfir qonaqlara bütün insanların hüquq-bərabərliyi uğrunda, habelə Kubada müstəmləkə hakimiyyətinə qarşı mübarizənin sadiq müdafiəçisi olan Martinin köləlik, irqi ayrı-seçkilik və ictimai ədalətsizliyə qarşı necə mübarizə aparmasından danışıb.

    Azərbaycan-Kuba Dostluq Assosiasiyasının prezidenti, Xalq rəssamı Arif Hüseynov da öz növbəsində Kuba ilə bağlı təəssüratlarını bölüşüb, sərgidəki rəsmlərlə bağlı məlumat verib. O, Xose Martinə həsr etdiyi əsərlərindən birini səfirliyə hədiyyə edib.

    Tədbirdə Bakıdakı diplomatik korpus nümayəndələri, Azərbaycan-Kuba Dostluq Assosiasiyasının üzvləri, müəllim və tələbələr iştirak ediblər.

    Sərgiyə kubalı müğənni Yansel Kasteyonun ifasında musiqili proqramla yekun vurulub.

  • Heydər Əliyev Sarayında xeyriyyə konserti olacaq

    Fevralın 4-də Heydər Əliyev Sarayında 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş xeyriyyə konserti olacaq.

    AZƏRTAC xəbər verir ki, konsert proqramı Mədəniyyət Nazirliyinin təşkil etdiyi IX “Gəncliyin səsi” festivalı çərçivəsində reallaşacaq.

    Konsertdən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş gənclərə ianə ediləcək.

    Qeyd edək ki, gənclərin yaradıcı sahəyə olan marağının artırılması, onların istedadının üzə çıxarılması məqsədilə təşkil olunan IX “Gəncliyin səsi” festivalı fevralın 8-dək davam edəcək.

  • Tacikistan Azərbaycan və Gürcüstana təyyarə reysləri açacaq

    Bu ilin mayında Tacikistan Azərbaycana birbaşa təyyarə reysləri açmağa hazırlaşır.

    “Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Tacikistan Mülki Aviasiya Agentliyinin rəhbəri Dilşod Safarzoda mətbuat konfransında bildirib.

    “Hazırda bununla bağlı bəzi məsələlərin razılaşdırılması üçün görüşlər keçirilir”, - o vurğulayıb.

    Onun sözlərinə görə, Gürcüstanla da hava əlaqələrinin açılması planlaşdırılır: “Bu, apreldə həyata keçirilə bilər”.

    D.Safarzoda hansı hava daşıyıcısının fəaliyyət göstərəcəyi, reyslərin vaxtı və biletlərin qiymətinin hələ məlum olmadığını deyib.

  • Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub

    Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilir ki, yolboyu torpaq işləri, yol yatağı və yol əsasının, yolun 4,2 kilometrlik hissəsində dördbucaqlı su keçidi inşa edilib. Bundan başqa yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 suötürücü boru quraşdırılıb. Yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

    Sonda yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunub.

  • Liverpul “Avroviziya” müsabiqəsinin estafetini qəbul etdi

    Turin şəhəri “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin estafetini Liverpula təhvil verib.

    AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Liverpul şəhərindəki “Müqəddəs Georgi” zalında yarımfinalçıların püşkatma mərasimi də daxil olmaqla, “Avroviziya” mahnı müsabiqəsi rəsmi start götürüb. Səsvermənin yeni qaydalarına əsasən, finala vəsiqə bütün dünya üzrə tamaşaçıların səsverməsinin nəticələrinə əsasən müəyyən olunacaq.

    2022-ci ildə “Kalush Orchestra” qrupunun qələbəsinə baxmayaraq, Ukrayna Rusiyanın hərbi təcavüzü və təhlükəsizlik səbəbindən müsabiqəni qəbul edə bilməyib. Nəticədə ikinci yeri tutan Böyük Britaniya “Avroviziya” müsabiqəsini keçirmək hüququ əldə edib.

    Püşkatmaya əsasən, Azərbaycan yarımfinalda birinci qrupunda yarışacaq. Bu qrupda ölkəmizlə yanaşı, Serbiya, Latviya, İrlandiya, Norveç, Portuqaliya, Xorvatiya, Malta, İsveç, Moldova, İsveçrə, İsrail, Niderland, Finlandiya və Çexiya yer alıb. Ümumilikdə isə Liverpulda keçiriləcək müsabiqəyə 37 ölkə nümayəndələrini göndərəcək.

    Müsabiqənin əsasını qoyan ölkələr – Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, həmçinin ötən ilin qalibi Ukrayna avtomatik olaraq finalda iştirak edəcək.

    “Avroviziya” mahni müsabiqəsi 1956-cı ildən başlayaraq (pandemiya səbəbindən ləğv edildiyi 2020-ci il istisna olmaqla) hər il keçirilir. O, dünyada 160 milyon tamaşaçı ilə ən çox izlənən əyləncə şousudur.

    Şüarı “Musiqi ilə birləşənlər” olan müsabiqənin yarımfinalları və finalı may ayının 9, 11 və 13-də keçiriləcək.

  • Milli Kitabxana “Əhməd Cavad” adlı biblioqrafik göstərici tərtib edib

    Azərbaycan ədəbiyyatının istiqlal şairi, görkəmli maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illiyi münasibətilə Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından şair haqqında ilk fundamental biblioqrafik göstərici tərtib edib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, 1911-2022-ci illərdə çap edilən materialları əhatə edən biblioqrafiya vəsaitində Əhməd Cavadın əsərləri – kitabları, dövri mətbuatda və məcmuələrdə dərc edilən şeirləri və məqalələri, tərcümələri, xarici mənbələrdə çap edilən şeirləri, eləcə də haqqında çapdan çıxan zəngin materiallar toplanıb.

    Materiallar Azərbaycan, türk və başqa dillər üzrə qruplaşdırılıb. Biblioqrafik vəsaitin informativ dəyərini artıran bölmələrdən biri şairin dünyanın iri ölkələrinin milli kitabxanalarında və dünya universitet kitabxanalarında saxlanılan ədəbiyyatın əks olunduğu “Əhməd Cavad dünya kitabxanalarında” bölməsidir. Kitabda bundan əlavə “Əhməd Cavadın həyat və fəaliyyətinin əsas tarixləri”, “Əhməd Cavad yaradıcılığından sətirlər”, “Görkəmli şəxsiyyətlər Əhməd Cavad haqqında” bölmələri də verilib.

    Biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə sonda köməkçi göstəricilər – Əhməd Cavadın əsərlərinin əlifba göstəricisi və Əhməd Cavad haqqında yazan müəlliflərin əlifba göstəriciləri tərtib edilib. Biblioqrafiya ədəbiyyatşünaslar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş istifadəçi kütləsi üçün nəzərdə tutulub.

    Biblioqrafik göstərici ilə daha ətraflı http://anl.az/down/E.Cavad2022.pdf  linkindən tanış olmaq mümkündür.

  • “Hicran” tamaşası HD formatında yayımlanacaq

    Azərbaycan Televiziyası sevilən “Hicran” tamaşasını keyfiyyətli formada yayımlayacaq.

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, SD formatında olan 82 dəqiqəlik tamaşa Türkiyədə HD formatına salınıb.

    TRT-də aparılan işlər zamanı tamaşanın görüntü və səs restavrasiyası edilib. Tamaşa restavrasiya olunduqdan sonra görüntü keyfiyyəti 4 dəfə artıb. Mütəxəssislər “Hicran” tamaşası üzərində 15 gün iş aparıblar.

    Qeyd edək ki, QSC lazımi avadanlıq tam istifadəyə verildikdən sonra arxivindəki materialların restavrasiyası işlərinə başlayacaq.

  • ATAA və “LOT Polish Airlines” şirkəti tərəfdaşlıq əlaqələrini müzakirə ediblər

    Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin (ATAA) sədri Göydəniz Qəhrəmanovla “LOT Polish Airlines” şirkətinin rəsmi nümayəndəsi olan "Aviareps" şirkətinin Qafqaz və Cənubu Asiya ölkələri üzrə İcraçı vitse-prezidenti Robert Obolgogiani və şirkətin Azərbaycan üzrə meneceri Ayan Zeynalova arasında tərəfdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə olunub.

    ATAA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, reyslərin sayının artırılması, qarşılıqlı iş birliyinin yaradılması, eləcə də üzv şirkətlərlə biznes əlaqələrinin qurulması, qiymət siyasətinin tənzimlənməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin turist cəlbediciliyinin artırılması məqsədilə birgə layihələrin hazırlanması müzakirə olunub.

    Qeyd edək ki, 2022-ci ilin may ayından etibarən “LOT Polish Airlines” şirkəti həftədə 4 dəfə olmaqla Varşava-Bakı-Varşava marşrutu üzrə uçuşlar həyata keçirir.Yaz aylarından etibarən reyslərin sayının 5-ə çatdırılması nəzərdə tutulub.