Fevralın 3-də Azərbaycan Rəngkarlığı Muzeyində ilk dəfə təqdim olunan “Yer kürəsi və incəsənət” layihəsi çərçivəsində müzakirələr aparılacaq.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, bu layihə qlobal, sosial və incəsənət aspektlərini özündə birləşdirən, həmin sahələrdə müəyyən töhfələr vermiş peşəkarların fikir mübadiləsini əhatə edir. Layihə yalnız incəsənət deyil, həm də nadir hallarda müzakirə olunan, lakin qlobal statusunu qoruyub saxlayan mövzuları da əhatə edəcək.
Belə ki, tədbirdə “Bəşəriyyətin incəsənətdəki kodları: “METAKOD” sərgisinə yaxın perspektivdən baxış” mövzusu diqqət mərkəzində olacaq.
Layihənin ilk tədbirinin qonaqları hazırda muzeydə nümayiş edilən “METAKOD” sərgisinin kuratorları Fərəh Ələkbərli, Şirin Məlikova və Sabina Şıxlinskaya olacaq.
Moderatoru Mina Abbasova olan tədbirdə müzakirələr Azərbaycan və rus dillərində aparılacaq.
Görkəmli alim, pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) nəzdində Orta İxtisas Musiqi Məktəb-Studiyasının yaradıcısı və direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov uzun sürən xəstəlikdən sonra ömrünün 80-ci ilində vəfat edib.
Bu barədə AZƏRTAC-a Bakı Musiqi Akademiyasının mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətində və təhsilində əvəzsiz yeri olan Tərlan Seyidov yaratdığı Məktəb-studiyaya 43 ildir rəhbərlik edib, BMA-da işlədiyi illərdə çoxsaylı musiqiçilərin yetişdirilməsində böyük əmək sərf edib. O, bir sıra monoqrafiyaların, dərsliklərin, topluların, məqalələrin müəllifidir. Onun müəllif layihələri təkcə Azərbaycanda deyil, həm də ölkə hüdudlarından kənarda böyük marağa səbəb olub.
Allah rəhmət eləsin!
Fevralın 3-də Bakıdakı Rus evində Azərbaycan Gənclər Gününə həsr edilmiş konsert təşkil olunacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konsert proqramı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) tərəfindən hazırlanıb. Tədbirdə beynəlxalq müsabiqələr laureatları, BMA-nın tələbələri və akademiyanın nəzdindəki məktəb-studiyanın tələbələri iştirak edəcəklər. Konsertdə həm klassik, həm də estrada və caz musiqisi səslənəcək.
Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə təsis olunan Azərbaycan Gənclər Günü hər il fevralın 2-də qeyd olunur.
Fevralın 10-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, gecədə bədii rəhbər və baş dirijor, Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə solist Günel Kazımova (piano) çıxış edəcək.
Proqramda dünya klassik bəstəkarlarının əsərlərindən nümunələr səslənəcək.
Fevralın 9-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, musiqili axşamda Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Ağaverdi Paşayev, Əməkdar artist, dirijor İlahə Hüseynova) müşayiəti ilə gənc istedadlar öz ifalarını dinləyicilərə təqdim edəcəklər.
Qeyd edək ki, konsert proqramında Azərbaycan, Rus və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənəcək.
Azərbaycanda yeni ətlik və südlük istiqamətli aqroparkların yaradılması ilə bağlı tikinti işləri yekunlaşmaq üzrədir.
Report xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.
O, qeyd edib ki, ötən il fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir: "Beləliklə, 2022-ci ildə aqroparklarda 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub".
Z.Dibirov bildirib ki, eyni zamanda aqroparklara zəruri xarici infrastrukturun yaradılması, güzəştli kreditlərin və investisiya təşviqi sənədlərinin verilməsi ilə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir: "Belə ki, indiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib".
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlı haqda film hazırlayıb.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Sabah” Yaradıcılıq Studiyasının “Yad et məni” bədii-sənədli filmlər silsiləsindən olan bu film “Cəfər Cabbarlı: azad bir ruh” adlanır. Filmin adı seçilərkən görkəmli dramaturq, şair C.Cabbarlının “Azad bir quşdum” misrasından bəhrələnib.
Filmdə Cəfər Cabbarlının ölümündən qabaq teatrdan küsdürülməsi, bundan sonra heç nə yazmamasına qərar verməsi, tanış simalar tərəfindən izlənilməsindən bəhs edilir. Dramaturq filmdə Mikayıl Müşfiqlə rastlaşır, ona teatrda başına gətirilənləri, ittiham edilməsini, izlənilməsini danışır.
Bədii-sənədli filmdə Cabbarlı ilə Müşfiqin söhbətləri obrazlı şəkildə verilib, faktlar həm onların dilindən, həm də sənədli formada təqdim edilib.
C.Cabbarlının ev-muzeyi qəzalı vəziyyətdə olduğu üçün filmin çəkilişləri binanın içərisində yox, ətrafında baş tutub. Digər çəkilişlər dramaturqun öz adını daşıyan “Azərbaycanfilm” kinostudiyasında edilib.
Filmin quruluşçu rejissoru Sirac Mustafayev, ikinci rejissoru Ramina Qarayeva, ssenari müəllifi isə Seymur Şahbazzadədir.
Qeyd edək ki, “Yad et məni” layihəsinin ideya müəllifi Xalq artisti Ramiz Həsənoğludur.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Veszprem şəhərinin 2023-cü il Avropanın Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar Macarıstanda rəsmi açılış mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Fondun prezidenti Günay Əfəndiyeva Macarıstanın Prezidenti Katalin Novak, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Janos Csak və Veszprem bələdiyyəsinin sədri Gyula Porga ilə görüşüb.
Görüşlərdə Macarıstan ilə türk ölkələri arasında tarixi dostluq bağlarından bəhs olunub. Müasir dövrdə bu münasibətlərin uğurlu inkişafına toxunulub. Gələcək əməkdaşlığın perspektivləri haqqında söhbət aparılıb.
Fevralın 2-dən etibarən bütün kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişi başlanacaq.
“Azərbaycanfilm” kinostudiyasının ictimaiyyətlə əlaqələr və marketinq şöbəsindən AZƏRTAC bildirilib ki, kinoalmanax 3 qısametrajlı filmdən ibarətdir.
Kinoalmanaxın tərkibindəki “Sizə məktub var...” filmi “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Filmin rejissoru və ssenari müəllifi Məzahir Həşimov, əsas rolların ifaçıları Əli Əliyev və Dəniz Tacəddindir. Ekran əsərində öz sevgisini cəbhədəki əsgərdə axtaran gənc xanım, ən yaxın dostunu müharibəyə yola saldıqdan sonra hər şeydən xəbərdar olur. Amma artıq gecdir…
Digər “Arxa cəbhə” filmi Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Karvan Production”ın istehsalı olan filmin rejissoru və ssenari müəllifi Gülay Babayeva, əsas rolların ifaçıları Kəmalə Piriyeva və Niyaz Qasımovdur. “Arxa cəbhə” adlı ekran əsərində ailəsini Bərdədə qoyub özü döyüşə gedən oğlan filmin əsas qəhrəmanıdır. O, vaxtaşırı arxa cəbhədə, Bərdədə qalan ailəsi ilə danışır. Bir gün bu danışığı bir bomba partlayışı pozur.
“Hasar” filmi də Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük qayıdış” müsabiqəsi çərçivəsində çəkilib. “Ultra Production”ın istehsalı olan filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, əsas rolların ifaçıları Vidadi Həsənov, Leyli Vəliyeva, Nurlan Süleymanlı və Əlibala Əsgərovdur. “Hasar” adlı ekran əsərində Birinci Qarabağ müharibəsində oğlunu itirən Elçin Qələbədən sonra doğma diyarına qayıdır və erməni qonşusunu görməmək üçün evin hasarını bərpa etməyə çalışır. Lakin düşmənin kor olan oğlunun itməsi onun işlərinə mane olur.
Ümumilikdə Birinci, İkinci Qarabağ müharibələri və müharibədən sonrakı vəziyyəti əhatə edən kinoalmanax dram janrındadır.
Qeyd edək ki, filmin kinoteatr nümayişindən əldə edilən gəlir “YAŞAT” Fonduna ianə ediləcək.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının dəstəklənməsi istiqamətində “Gəncliyin səsi” festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, təşkil olunan konsertlər Azərbaycanın müxtəlif mədəniyyət müəssisələrini əhatə edəcək.
Festival çərçivəsində bir sıra konsertlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində olacaq.
Fevralın 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Gecədə gənc bəstəkarlar Aysel Əzizova, Tamilla Əhədova, Vüsal Namazlı və Tofiq Rzayevin əsərləri səslənəcək.
Fevralın 6-da F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti keçiriləcək. Gənc solistlər rəngarəng ifaları ilə çıxış edəcəklər.
Fevralın 8-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Orkestrin gənc solistləri öz ifalarını dinləyicilərə təqdim edəcəklər.