Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Heydər Əliyev Mərkəzində “Opera və moda. Sultan Couture 20” konsert-sərgisi olacaq

    Martın 8-də Beynəlxalq Qadınlar Günündə Heydər Əliyev Mərkəzi paytaxt sakinləri və şəhərimizin qonaqları üçün möhtəşəm və fərqli bir hədiyyə hazırlayıb.

    AZƏRTAC xəbər verir ki, həmin gün ziyarətçilərə “Opera və moda. Sultan Couture 20” adlı konsert proqramı və sərgi təqdim ediləcək.

    Opera və moda həmişə bir-birinə sıx bağlı olub. Opera divaları səhnəyə ən gözəl libaslarda və zərgərlik nümunələrində çıxıblar. Opera kostyumları modaya və ya əksinə - geyim dəbləri opera səhnəsinə daim sirayət edib. Tamaşaçılar məşhur opera əsərləri ilə moda evlərinin müştərək səhnə performanslarını da həmişə maraqla izləyib.

    Heydər Əliyev Mərkəzindəki opera və modanın birləşdiyi konsertdə tanınmış opera müğənniləri – beynəlxalq müsabiqələr laureatı Yana Melikayeva (messo-soprano), Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solisti Anastasiya Çernovolos (soprano), Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solistləri Yuliya Süleymanova (soprano), Yekaterina Sannikova (soprano) və “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədova (soprano) iştirak edəcək.

    İncəsənət xadimləri Heydər Əliyev Mərkəzinin səhnəsində Azərbaycan və digər ölkə bəstəkarlarının ən parlaq və məşhur əsərlərini ifa edəcəklər. İfaçıları dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

    Gecəyə fərqlilik gətirən daha bir məqam opera müğənnilərinin səhnəyə rəssam-modelyer Orxan Sultanın məhz Bakı konserti üçün hazırladığı libaslarda çıxması olacaq. Beləliklə, Auditorium zalındakı konsert zamanı yaranmasının 20 illiyini qeyd edən “SULTAN COUTURE&Co” brendinə məxsus 16 geyimdən ibarət kolleksiya nümayiş etdiriləcək. Gecə ərzində səhnəyə çıxacaq müğənnilər həm də “BVLGARI” brendinin zinət əşyalarını təqdim edəcəklər.

    Beləliklə də, konsertdə tamaşaçılar həm gözəl vokal interpretasiyalarının, zəngin repertuarın, həm də cazibədar səhnə geyimləri ilə məşhur zərgərlik brendinin kolleksiyasının şahidi olacaqlar.

    Həmin gün Heydər Əliyev Mərkəzində sərgi də təqdim olunacaq. Sərgidə Azərbaycan operasının ilk qadın müğənniləri haqqında məlumat veriləcək. Qeyd edək ki, tarixini 1908-ci ildən başlayan Azərbaycan operasında qadın ifaçılar xüsusi yer tuturdular. Müsəlman Şərqində ilk dəfə qadın ifaçılar məhz Azərbaycanda teatr səhnəsinə çıxıblar. Sərgidə ilk qadın opera müğənniləri Fatma Muxtarova, Şövkət Məmmədova, Gülxar Həsənova, Sona Aslanova, Sona Mustafayeva, Şərqdə ilk opera yazmış qadın bəstəkar Şəfiqə Axundova haqqında məlumat veriləcək. Azərbaycan operasının qadın ifaçılarının ən məşhur tamaşalardakı səhnə geyimlərində fotoları da sərgilənəcək. Bunların sırasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Nərgiz”, Niyazinin “Xosrov və Şirin”, Əfrasiyab Bədəlbəylinin “Qız qalası”, Cüzeppe Verdinin “Traviata”, Reynqold Qliyerin “Şahsənəm”, Jorj Bizenin “Karmen” operalarından fotolar da yer alacaq.

    Ziyarətçilər iki tarixi geyim: Həqiqət Rzayevanın “Leyli və Məcnun” operasından Leyli obrazındakı geyimi və Nəzakət Məmmədovanın “Od gəlini” operasından Solmaz obrazındakı geyimini görmək fürsəti də əldə edəcəklər.

    Sərginin daha bir bölməsində isə həmin gün geyimləri nümayiş olunan Orxan Sultanın 20 il ərzindəki işləri yer alacaq.

    Biletləri Mərkəzin kassası və iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

  • Bakıdakı Rus evində Stalinqrad döyüşündə qələbənin 80 illiyi qeyd olunacaq

    Fevralın 2-də Bakıdakı Rus evində İkinci Dünya müharibəsinin ən mühüm və şiddətli Stalinqrad döyüşündə qələbənin qazanılmasının 80 illiyi qeyd olunacaq.

    Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində məlumat verilib.

    Bu əlamətdar hadisə münasibətilə Qələbə Muzeyi tərəfindən təqdim olunan materiallar əsasında “Stalinqradın buz ilgəyi” adlı sərginin açılışı olacaq.

    Bakıdakı Rus evinin bədii klubu tərəfindən təşkil olunacaq “Qəhrəmanlar haqqında şeirlər” adlı tədbirdə klubun gənc üzvləri Stalinqrad döyüşü və İkinci Dünya müharibəsindəki qələbəyə həsr olunmuş əsərlər səsləndirəcəklər.

  • “Pillə” İkinci Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edilib

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubiley münasibətilə “Pillə” İkinci Tələbə Tamaşaları Festivalına tamaşa qəbulu elan edilib.

    AZƏRTAC xəbər verir ki, iyunun 5-dən 9-dək keçiriləcək festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir.

    Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə müəyyənləşdiriləcək. Qaliblərə münsiflər heyətinin və gənc tənqidçilərin xüsusi mükafatları təqdim olunacaq.

    Festivalda ADMİU-nun və digər universitetlərin baklavr və magistr pilləsi üzrə təhsil alan tələbələri iştirak edə bilər. Müsabiqəyə göndərilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur. İştirakçılar tamaşaların posterini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilən materiallar 2023-cü il mayın 20-dən gec olmayaraq festival@admiu.edu.az elektron poçt ünvanına göndərilməlidir.

  • Gənclər Günü münasibətilə muzeylərdə “açıq qapı” olacaq

    2 fevral - Azərbaycan Gəncləri Günüdür. Ulu Öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmanla əsası qoyulan əlamətdar gün ölkəmizdə hər il müxtəlif tədbirlərlə qeyd olunur.

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən gənclərin asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə layihələr həyata keçirilir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Gəncləri Günü ilə əlaqədar fevralın 1-2-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə gənclər üçün “açıq qapı” olacaq.

    Bununla əlaqədar həmin günlərdə yaşı 14-dən 29-dək olan şəxslərin muzeylərə sərbəst girişi təmin ediləcək.

  • Bu gün sevilən şair Əli Tudənin doğum günüdür

    Bu gün Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Əli Tudənin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, ömrü boyu azadlıq duyğuları ilə, Cənub həsrəti ilə yaşayıb-yaradan Azərbaycanın sevilən şairlərindən olan Əli Tudənin bu gün anadan olmasının 99-cu ili tamam olur.

    Mühacir Azərbaycan şairi Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən İrandan olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb, atası neft sahəsində fəhləlikdən başlayaraq buruq ustalığına qədər yüksəlib. Uşaqkən valideynlərini itirən Əli nənəsinin himayəsində böyüyür. 13 yaşında Əlinin şeirləri qəzetlərdə çap olunur. Ancaq bu sevincin ömrü uzun çəkmir. Ötən əsrin 30-cu illərindən başlayan qanlı repressiyalar onların da talelərini, yollarını dəyişir. Əli nənəsi ilə birlikdə İrana sürgün olunur. Mühacir həyatı onun tale payı olur. Orada da Əlini sakit həyat gözləmir. Ata yurdu Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olur. Sonra bir müddət Ərdəbildə fəhləlilik edir, vaxt tapan kimi isə ürəyindən süzülən şeirləri kağıza köçürür.

    Sən ey baxıb neçə yerə,

    Nəsə xəbər alan dünya!

    Heç demirsən bircə kərə,

    Nə təhərdi balan, dünya!

    1940-cı illərdə İranda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır.

    Nə qədər döyüş var, mübarizə var,

    Bayrağım vətəndir, silahım qələm.

    - deyən gənc Əli bu hərəkata qoşulur və onun fəallarından biri olur. Milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyir. 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır. “Öz gözlərimlə” kitabında Əli Tudə yazır: “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.

    Tudə təxəllüsünü

    Xalq özü verdi mənə.

    Mərd, fədai olmağı

    Məsləhət gördü mənə.

    Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edir. O zaman Əli Tudənin 22 yaşı vardı... Üzünə gülən taleyi yenə ondan üz döndərir. Qanlar bahasına qurulmuş hökuməti süqut edir. Əli Tudənin üsyankar ruhlu kitabları mətbəədə yandırılır. Əli Tudə barədə şah xüsusi fərman verir: “Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilsin!”.

    O, yenidən Azərbaycana üz tutur. Budəfəki mühacirlik Əli Tudə üçün ömürlük taleyə çevrilir.

    Hər kəsin öz qibləsi var,

    Mənim qibləm Vətəndir

    - deyən şair 60 illik yaradıcılığında bütöv şair ömrü yaşadı. Ayrılığın həsrətini köksündə gəzdirdi və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna sadiq qaldı. Poeziya yolunda yorulmadan çalışdı və böyük Əli Tudə irsi qoyub getdi. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” - bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə yer aldı.

    Əli Tudə 1996-cı il fevralın 26-da vəfat edib. Onun yaradıcılıq yolu nəsillər üçün örnəkdir. Ədəbi əsərlərindən, həyat və yaradıcılığından oxuyub-öyrənməli hələ çox şey var. Azərbaycan oğulları Vətənin cəngavər şairinin, məğrur şairinin - heç vədə öz yolundan dönməyən, öz məsləkindən əl çəkməyən Əli Tudənin indi az qala hər birisi bir şüara çevriləcək qədər mənası olan şeirlərindəki vəsiyyətlərini öz həyat amalına çevirməlidirlər.

  • Həpsi rəngdir...

    Görkəmli şair və publisist Səməd Mənsurun anadan olmasından 144 il ötür

    Yanvarın 31-i Səməd Mənsurun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair və publisist Səməd Mənsurun anadan olmasının 144-cü ili tamam olur.

    Səməd Hacı Əhməd oğlu Kazımov 1879-cu ildə Bakıda doğulub. O, rus-müsəlman məktəbində təhsil alıb, rus, ərəb və fars dillərini mükəmməl bilib. Bir müddət Bakıda “Səfa” Mədəni-Maarif Cəmiyyətinin məktəbində müəllim işləyib. Klassik ədəbiyyatın bilicilərindən olan Səməd Kazımov “Bəsirət”, “İqbal”, “Tuti”, “Molla Nəsrəddin” və digər mətbuat orqanlarında “Mənsur”, “Səməd Mənsur” təxəllüsü ilə şeirlər yazıb. Onun şairlik fəaliyyəti satirik və lirik istiqamətdə olub.

    Yaradıcılığının birinci dövründə, yəni 1918-ci ilin əvvəlinə qədər şair klassik şeirlərlə yanaşı, əsasən, satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib. Satiralarından birində yoxsulluq ucundan həkimə gedə bilməyən xəstələrin şikayətini onların dilindən qələmə alıb:

    Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!

    Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim!

    Səməd Mənsur yaradıcılığının ikinci dövrü 1918-1920-ci illərə təsadüf edir. Şair Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha məhsuldar işləyib. Bu dövrdə “Zənbur” və “Şeypur” satirik jurnallarının ərsəyə gəlməsində onun daha çox əməyi olub. Poeziyamızın qızıl fonduna daxil edilən “Naz et”, “Sən mənim olsan”, “Həpsi rəngdir” və digər əsərlərini yazıb. Ona daha çox şöhrət qazandıran "Həpsi rəngdir" müxəmməsidir. Yaşadığı mühitdə riyakarlar, məsləksizlər arasında sənətkar sanki üsyan qaldırır, "Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya" deyə fəryad edirdi:

    Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,

    “Məslək”ə isnad edər, məslək, dəyanət rəngdir.

    Milli azadlıq, milli mənlik, ana dili məsələləri Səməd Mənsurun yaradıcılığının ana xəttini təşkil edir. Ədib “Şeypur”da dərc etdirdiyi “Ziyalılarımız” sərlövhəli silsilə felyetonlarından birində ana dilini bəyənməyən “ziyalıları” “ruslaşdırma” siyasətindən uzaq olmağa çağırıb: “...İndi mənə deyirlər ki, hökumət müsəlmandır, gərək uşaqlar türk dili danışsınlar. Canım, sən özün yaxşı görürsən ki, burada türk dili bilən biçarələri heç qapıdan içəri qoymurlar ki, gedib dərdlərini öz köhnə ağalarına ərz eləsinlər. Sən özün görürsən ki, tamam böyüklərimiz də hələ sənin uşaqların kimi vaspitannıy adamlardı. Ağızlarının əyilməyindən qorxub, türk dili öyrənməyiblər".

    Şairin yaradıcılığının üçüncü - sonuncu dövrü 1920-1926-cı illəri əhatə edir. Bu dövrdə daha çox pyeslər (“Maarif”, “Cinayət”, “Dərviş” və digər əsərləri) yazmağa üstünlük verib.

    Səməd Mənsurun milli teatr tariximizdə də özünəməxsus yeri var. “Səfa” Cəmiyyətinin teatr bölməsinin rəhbərlərindən biri olan Səməd Mənsur truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında mühüm işlər görüb. O, “Nicat” Cəmiyyətinin truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” teatr dəstəsinin tamaşalarında da müxtəlif xarakterli obrazlar yaradıb.

    1920-ci ildən sonra baş verən siyasi hadisələr, milli azadlığın, müstəqilliyin boğulması şairə olduqca pis təsir edib. Xalqına edilən zülm, təhqir onun mənəvi və ruhi sarsıntılarına səbəb olub. Dövrün haqsızlıqlarına, bəzi insanların məsləksizliyinə dözə bilməyən Səməd Mənsur 1927-ci ildə vəfat edib.

    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra görkəmli maarifçi, şair və publisist Səməd Mənsurun da xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Onun əsərləri latın qrafikasında çap edilib, Suraxanı rayonunda xatirə lövhəsi açılıb.

  • “Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub

    Bu il İngiltərənin Liverpul şəhərində keçiriləcək “Eurovision 2023: Liverpul” mahnı müsabiqəsi üçün ürəklərin birlikdə döyünməsini əks etdirən loqo və "United by Music" adlı rəsmi şüar təsdiqlənib.

    AZƏRTAC xəbər verir ki, mayın 9-u və 11-də müsabiqənin yarımfinal mərhələsi, mayın 13-də isə final mərhələsi keçiriləcək.

    Qeyd edək ki, müsabiqədə ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniyada keçirilməsinə qərar verilib. Hər iki ölkənin bayrağı rəng sxemi üçün loqoda ilham mənbəyi kimi istifadə edilib.

  • Azərbaycanda metro və avtobuslarda minimum gediş haqqı 40 qəpiyə çatdırılıb

    Tarif (qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılıb və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

    Report bu barədə Şuraya istinadən xəbər verir.

    Məlumata görə, müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.

    İclasda təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilib. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb.

    Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,4-1 manat təsdiq edilib. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik olub).

    Tarif dəyişikliyi nəticəsində yaranacaq əlavə vəsait avtobus parklarının yenilənməsinə imkan yaradacaq, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlılığına müsbət təsir göstərəcək.

    İclasda həmçinin, sosial baxımdan həssas qrupların mənafeyinin qorunması məqsədilə tariflərin diferensiallaşdırılmasının, gediş sayına və vaxt limitinə görə fərqlənən çoxpilləli tariflərin tətbiqinin, gediş haqqının nağdsız qaydada ödənilməsini təmin edən zəruri işlərin qısa müddətdə başa çatdırılmasının zəruriliyi vurğulanmışdır.

    Qərar fevralın 3-dən qüvvəyə minir.

  • Çexiya avtomobil və qida sənayesi üzrə Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

    Çexiya müəssisələri başda qida və avtomobil sənayesi olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərir.

    Report İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu “CzechTrade”in Bakı ofisinin rəhbəri Antonin Marcik iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ilə görüşdə bildirib.

    Onun sözlərinə görə, bu istiqamətdə “CzechTrade” səylərini daha da artıracaq.

    Çexiyanın Azərbaycandakı səfiri Milan Sedlaçekinin iştirakı ilə keçirilən görüşdə nazir müavini ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanları və bu sahədə özəl sektorun rolunu artırmağın əhəmiyyətini vurğulayıb, biznes dairələri arasında əməkdaşlığın inkişafı baxımından “CzechTrade”in Bakı ofisinin əlverişli platforma olduğunu qeyd edib.

    Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

  • Marionet Teatrının bədii rəhbəri: Bu il “Aşıq Qərib” dastanının səhnə həllinə başlayacağıq

    Repertuarımıza Üzeyir Hacıbəylinin əsərlərindən ibarət tamaşalar daxildir. İlk tamaşamız “Arşın mal alan”ı səhnələşdirdikdən sonra biz 3 il müddətində “Leyli və Məcnu”nu hazırladıq. Bu proses məqsədli şəkildə aparılırdı, çünki 2013-cü ildən başlayaraq indiki binamızda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təmir-restavrasiya işinə başladıq. Qərara gəldik ki, təmir işləri ilə eyni anda yeni tamaşanı da hazırlayıb təqdim edək. Belə də oldu. Binanın açılışı ilə yeni “Leyli və Məcnun” tamaşasının premyerası da eyni günə salındı. Beləcə repertuarımıza “Leyli və Məcnun” tamaşası da daxil oldu.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Marionet Teatrının təsisçisi, bədii rəhbəri və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu deyib.

    Yeni yaradıcılıq axtarışlarından söhbət açan Əməkdar incəsənət xadimi artıq bir neçə ildir ki, “Aşıq Qərib” tamaşasını hazırlamağı düşündüyünü bildirib: “Aşıq Qərib” məni çox maraqlandırır və bu nəinki Azərbaycanda, eyni zamanda, bir çox başqa ölkələrdə də tanınmış əsərdir. Əsərin tanınmasında Mixail Lermontovun çox böyük əməyi olub. Qafqazda olarkən o “Aşıq Qərib”i qələmə alaraq, rus dilli oxucular üçün adaptasiya edib. Bu əsər, həmçinin bir neçə dillərə də tərcümə olunub. Mən çox düşünürəm ki, “Aşıq Qərib” dastanını biz uğurlu bir tamaşa kimi hazırlaya bilsək, bu da gələcəkdə dastanların səhnəyə yol açmasına vəsilə olacaq”.

    Bakı Marionet Teatrının digər tamaşalarında olduğu kimi bu yeni səhnə əsəri üçün də özəl, məxsusi kuklaların hazırlanacağından bəhs edən teatrın bədii rəhbəri bir səhnə əsərində iştirak edən kuklanın digər tamaşada istifadə olunmadığını qeyd edib. “Bizim teatrın ən böyük özəlliklərindən biri də budur. Repertuarımızda olan “Arşın mal alan”, eləcə də “Leyli və Məcnun” tamaşalarının kuklaları bir-birindən həm ölçü, həm də vizuallıq baxımından çox fərqlənirlər. Bu il artıq yeni layihəmiz olan “Aşıq Qərib” dastanının səhnə həllinə başlayacağıq”, -deyə T.Qorçu bildirib.