Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində çap olunmuş eyniadlı kitabın "Azərkitab" kitab yayım mərkəzində təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri şair-publisist İntiqam Yaşar iştirakçılara kitab haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub.
Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı ortaq türk ölkələrini birləşdirən dəyərin məhz Şuşa olduğunu diqqətə çatdırıb və qeyd edib ki, adıçəkilən layihə fonunda qardaş ölkə nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.
Diqqətə çatdırılıb ki, "Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına" adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb. Kitabda yazıları yer ədəbiyyat nümayəndələri yanvarın 26-29-da Azərbaycanda olub Bakı şəhərində təşkil olunmuş müxtəlif tədbirlər və görüşlərdə iştirak ediblər.
Bildirilib ki, tədbirdə türk dünyasının müxtəlif yerlərindən Azərbaycana gələn ədəbiyyat nümayəndələri arasında Qırğız Respublikasının "Manas" teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan yardımçısı şair Mehrinaz Abbas, yazar-publisist Dilrabo Norkulova, Qazaxıstan Yazıçılar Birliyinin bölüm başqanı Baurxan Xəliulla, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri başqanı Enver Aykol, Başqırdıstan Yazıçılar Birliyinin sədri yazar Aygiz Baymuhəmməd və Qazaxıstan Respublikası "Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi" başqanı Erkinbek Serikbay də var.
Tədbirdə çıxış edən qonaqlar Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu pisləyərək, Azərbaycan xalqına və şəhidin ailəsinə başsızlığı verib , hadisədən təsirləndiklərini təəssüf hissi ilə qeyd ediblər.
Bakıya ilk səfərlərinin olduğunu məmnunluqla vurğulayan qonaqlar türk dünyasını öz ətrafında birləşdirən adıçəkilən layihənin həyata keçirilməsində əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, belə önəmli layihələrin sayı artırılmalıdır.
Kitabda yazıları dərc olunan yerli yazarlar sırasında Yusif Nazim, Ayşən Rəhim və s. layihə haqqında öz fikirlərini bölüşüblər.
Sonda kitabda dərc olunan müəlliflər, tərcüməçilər diplom və fəxri fərmanla təltif olunublar. Eyni zamanda iştirakçılara "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" kitabı hədiyyə edilib.
Qeyd edək ki, kitabın İstanbul və Daşkənd şəhərində də təqdimatları olub.
2 Fevral - Gənclər Günü ənənəvi olaraq hər il ölkəmizdə müxtəlif mədəniyyət layihələri ilə qeyd edilir. Fevralın 1-dən 8-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş IX “Gəncliyin səsi” festivalı keçiriləcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzrə çıxarılması və tanıdılması, sənət fəaliyyətinin təşviq edilməsidir.
Festival çərçivəsində Bakıda və Gəncədə silsilə tədbirlər təşkil ediləcək. İncəsənətin müxtəlif sahələrini təmsil edən gənclərin ölkənin aparıcı teatr-konsert müəssisələrinin səhnəsində çıxışı onlara stimul olacaq. “Gəncliyin səsi” festivalı gənc muğam ifaçılarını, vokalçıları, aşıqları, instrumental ifaçıları, rəqqas və balet artistlərini, aktyorları bir daha sənətsevərlərlə görüşdürəcək.
Azərbaycanın turizm sektorunda uzunmüddətli satışların həyata keçirilməsi üçün turpaketlərin formalaşdırılmasında süni maneələr var.
Report "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir ki, bu məsələr qurumun hotellərlə gələcək əməkdaşlıq əlaqələrinin qurulmasına dair iclasında müzakirə olunub.
Assosiasiyanın Gəlmə Turizm Komitəsi 2022-ci ildə əməkdaşlıq edilən, eləcə də 2023-cü il üçün birgə iş birliyinin qurulması nəzərdə tutulan hotellərlə tərəfdaşlıq əlaqələrinin qurulması və sağlam rəqabətin yaradılması nəzərdən keçirilib. İclasda ATAA üzvlərinin bir sıra hotellərlə biznez fəaliyyətinin qurulmasında üzləşdiyi çətinliklər, qiymət siyasətinin tənzimlənməsi, korporativ müqavilələrin imzalanması, uzunmüddətli satış üçün turpaketlərin formalaşdırılmasında mövcud olan süni maneələrin aradan qaldırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə ötən il ATAA üzvləri ilə bir sıra hotellər arasındada əməkdaşlıq əlaqələrinin qurulmasında meydana çıxan problemlərin qarşılıqlı həllinin tapılması üçün yaxın zamanlarda birgə görüşlərin təşkil edilməsi də müzakirə olunub.
Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Report xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov özünün "Twitter" hesabında bildirib.
"İclas zamanı Xidmətin fəaliyyəti təhlil olunub və müvafiq tapşırıqlar verilib", - deyə o qeyd edib.
Türkiyənin İstanbul şəhərində fevralın 14-15-də Yaxın Şərq, Aralıq dənizi və Mərkəzi Asiyanın təbii qaz istehsal edən ölkələrinin və Avropadan olan istehlakçıların iştirakı ilə İstanbul Qaz Sammiti keçiriləcək.
“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.
O, daha sonra Türkiyədə beynəlxalq təbii qaz qovşağının formalaşdırılması istiqamətində atılan addımlardan bəhs edib.
Nazirin sözlərinə görə, hazırda Türkiyə Bolqarıstanla yanaşı, Şimali Makedoniya, Rumıniya və Moldovaya “mavi yanacaq” nəqli məsələsini müzakirə edir.
F.Dönməz məlumat verib ki, BOTAŞ şirkətinin rəhbəri hazırda Omanda səfərdədir: “Biz Omanla ildə 1,4 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı 10 illik müqavilə imzalamağa hazırlaşırıq”.
Hindistanın Delhi şəhərində Beynəlxalq Otel İdarəetmə İnstitutunun (International İnstitute of Hotel Management) təşkilatçılığı ilə “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023”ün (“Young Chef Olympiad 2023”) açılış mərasimi olub. Azərbaycanın da təmsil olunduğu yarışmada 55 ölkədən gənc aşpazlar iştirak edir.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Hindistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, beynəlxalq yarışmada ölkəmizi gənc aşpaz Emil Zeynalzadə və onun müəllimi təmsil edir. Təmsilçilərimiz Delhidən Qoa şəhərinə gedərək, orada Hindistan, Malayziya, Kolumbiya, Əfqanıstan və digər başqa ölkələrin komandaları ilə mübarizə aparacaq. Komandamız ən uğurlu 10-luq siyahısına düşə bilsə, o zaman Hindistanın Kolkata şəhərində keçiriləcək yarışmanın finalına qatılacaq.
Qeyd edək ki, olimpiada fevralın 4-dək davam edəcək.
"Caspian Energy Club" şirkəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Kiçik və Orta Biznesin İnkişafı Agentliy (KOBİA) və "Times Consulting" şirkətinin tərəfdaşlığı ilə ikinci "CEO Award Azerbaijan" milli müsabiqəsinə start verir.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, "CEO Award Azerbaijan" milli müsabiqəsinin qalibləri 14 fevral – 5 mart tarixləri arasında müstəqil beynəlxalq platformada keçiriləcək onlayn səsvermə nəticəsində müəyyənləşdiriləcək. Səsvermənin nəticələri martın 10-da açıqlanacaq.
Müsabiqədə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin top-menecerləri iştirak edə bilərlər. Müsabiqəyə qatılmaq istəyənlər www.ceo.award.az saytında qeydiyyatdan keçə bilərlər.
Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb.
Report xəbər verir ki, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.
İmzalanma mərasimi bu gün Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra baş tutub.
Azərbaycanın Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Report xəbər verir ki, sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto imzalayıb.
İmzalanma mərasimi bu gün Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra baş tutub.
Azərbaycan Rəngkarlıq Muzeyində rəssamlığa həvəsi olan 16 yaşdan yuxarı gənclər üçün nəzərdə tutulmuş “Özünü kəşf et” adlı ustad dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, bu ilin ilk dərsi fevralın 1-də Hüseyn Haqverdiyevin iştirakı ilə “Həndəsi kodlar” mövzusuna həsr olunacaq. Ustad dərsinin iştirakçıları kağızdan həndəsi fiqurlar kəsib, vizual təsvirlər yaradacaqlar. Bu texnika onlara həndəsə və formalar ilə təcrübə aparmağa imkan verəcək.
Növbəti dərs fevralın 8-də Müşfiq Heydərovun rəhbərliyi ilə “Relyef heykəltəraşlığı” mövzusuna həsr ediləcək.
Ustad dərsi ilk dəfə heykəltəraşlıqda özünü sınamaq və ya bu sənət növündə bacarıqları dərinləşdirmək imkanı verir. İştirakçılar öz unikal heykəltəraşlıq relyeflərini yaradacaqlar.
Fevralın 15-də isə dərslər Miraslan Zeynin rəhbərliyi ilə “Tekstura və kollaj” mövzusunda keçiriləcək. Bu ustad dərsində müasir incəsənətin qarışıq texnikalarından istifadə olunacaq. İştirakçılar kollaj texnikasından istifadə edərək, kətan üzərində əsərlər yaradacaq və əsərlərinə müxtəlif fakturalar verəcəklər.
Fevralın son dərsi 22-də Bəhruz Kəngərlinin iştirakı ilə “Rəngkarlıq fakturası” mövzusunda olacaq.
Ustad dərsi, iştirakçılara ənənəvi rəngkarlığa yeni müasir bucaqdan baxmağa, həmçinin əsas texnika və üsullarla tanış olmağa imkan verəcək. Akril boyalar və markerlərdən istifadə edərək, iştirakçılar öz fikirlərini və ideyalarını kətan üzərinə köçürəcəklər.
Qeyd edək ki, təcrübəsindən asılı olmayaraq hər kəs dərslərdə iştirak edə bilər. Bütün ləvazimatlar muzey tərəfindən qarşılanır.
Yerlər məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat çərşənbə axşamı – bazar günü saat 12:00-dan 20:00-dək aparılır.
Ustad dərsləri ödənişsizdir.