Yanvarın 27-də Milli Kitabxanada Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və İdarə Heyətinin üzvü, professor Əli Əhmədovun anadan olmasının 70 illiyi ilə əlaqədar “İctimai-siyasi xadim, professor Əli Əhmədov” adlı kitab sərgisi açılıb və virtual sərginin onlayn təqdimatı keçirilib.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Əli Əhmədovun müəllifi, elmi redaktoru olduğu kitablar, mətbuat səhifələrində dərc olunan məqalələri, haqqında yazılan məqalələr əks olunub.
Yubiley ilə əlaqədar, həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən “Professor Əli Əhmədov” adlı virtual sərgi də hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub. Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Eli_Ehmedov_/index.htm linkindən istifadə edə bilərlər.
Bu il yanvar ayı ərzində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə (MSXƏEBM) müxtəlif muzeylərdən bərpa edilmək üçün 54 tarixi eksponat daxil olub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mərkəzdən bildirilib.
Verilən məlumata görə, bərpa olunaraq təhvil verilən məmulatlar Mərkəzə Azərbaycan Milli İncəsənət Muzeyi, Şabran, Quba, Gəncə tarix-diyarşünaslıq muzeyləri və Şəki şəhərindəki M.F.Axundzadənin ev-muzeyindən gətirilib.
Bundan başqa, yanvar ayı ərazində Mərkəzdə bərpa edilərək muzeylərə təhvil verilən eksponatların sayı 48-ə çatıb. Qaytarılan eksponatlar Mərkəzə Azərbaycan Dövlət Rəsm Qalereyası, Şəki şəhərindəki S.Rəhmanın ev-muzeyi, M.F.Axundzadənin ev-muzeyi və Bərdə, Masallı, Gəncə tarix-diyarşünaslıq muzeylərindən daxil olub.
Yanvarın 27-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan İstiqlal Muzeyində “Vətənin qürur mənbəyi” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbir 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə 2021-ci ildən etibarən davam edən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində həyata keçirilib. Sərgidə öz cəsarəti, qorxmazlığı ilə Zəfər salnaməsinin unudulmaz qəhrəmanlarından olan şəhid gizir Aydın Abdullayevə məxsus muzeyin fondlarında qorunub saxlanılan müxtəlif şəxsi əşyalar nümayiş olunub.
Tədbirdə şəhid ailələri, Cəmşid Naxçıvanski adına Hərbi liseyin əməkdaşları, “Bir könüllü” tələbə təşkilatı, “ASAN Könüllüləri” təşkilatı və digər qonaqlar iştirak ediblər.
Yanvarın 27-də “Park Bulvar”da Azərbaycanın ilk qadın çobanının həyatından bəhs edən “El adamı” sənədli filminin premyerası olub.
AZƏRTAC xəbər verir ki, çəkilişləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) məxsus ekran əsəri ilk qadın çoban Kəklik Əhmədovanın həyatından bəhs edir.
Ekran əsərində Kəklik Əhmədovanın həyat yoluna işıq salınır, gördüyü işlər və qazandığı nailiyyətlərdən danışılır. Uşaqlıqdan kənddə böyüyən, ömrünü dağlarda keçirən 68 yaşlı çoban qadın torpaqlarımızın düşmən işğalından azad olunmasından sonra Kəlbəcərə yollanıb. Ağcabədinin Hüsülü kəndində yaşayan K.Əhmədova bir müddət orada bələdiyyə sədri kimi də fəaliyyət göstərib.
Ulu Öndər Heydər Əliyev xidmətlərinə görə Kəklik Əhmədovaya avtomobil bağışlayıb.
Filmin rejissoru və ssenari müəllifi Nadir Diridağlı, rejissor assistenti Vüsal Məhərrəmov, montaj rejissoru Zurab Salmanoğlu, layihə rəhbəri isə Elnur Məmmədovdur.
Qeyd edək ki, film yanvarın 28-də saat 15:00-da AzTV-də yayımlanacaq.
Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, kinorejissor Arif Babayevin şəxsi arxiv fondu yaradılıb.
Bu barədə AZƏRTAC-a Dövlət Film Fondundan bildirilib.
Məlumata görə, Fonda görkəmli sənətkarın 200-dən çox fotosənədi, ssenariləri, diplom və fəxri fərmanları, şəxsi sənədləri, qəzet və jurnallar daxil edilib. Şəxsi arxiv fonduna daxil olan sənədlər Arif Babayevin qardaşı, Xalq artisti, rejissor Vasif Babayev tərəfindən təhvil verilib.
Xatırladaq ki, Arif Babayev “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Ömrün ilk saatı”, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”, “Birisigün, gecəyarısı...” bədii filmlərinin quruluşçu rejissoru olub.
Şəxsi arxiv fondu Arif Babayevin anadan olmasının 95 illiyi münasibətilə yaradılıb.
Bu gün tanınmış aktrisa Ofeliya Aslanın anadan olmasının 84-cü ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, öz bənzərsiz istedadı ilə adını Azərbaycan teatr tarixinə yazdırmış Ofeliya Aslanın adı çəkiləndə, heç şübhəsiz, “Hicran” tamaşası, “Çarliston” obrazı daha çox yada düşür.
Ofeliya Aslan 1939-cu il yanvarın 27-də Bakıda, sənətkar ailəsində dünyaya göz açıb. Atası Xalq artisti Rza Əfqanlı görkəmli aktyor, anası Xalq rəssamı Bədurə Əfqanlı isə ilk azərbaycanlı qadın teatr rəssamı olub. O, 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (İndiki Mədəniyyət və İncəsənət Universitetinin) “Musiqili Komediya aktyoru” fakültəsini bitirib, bir müddət A.Şaiq adına Kukla Teatrında aktrisa kimi çalışıb.
Sonradan Musiqili Teatrda əvvəl xor artisti kimi işə başlayıb. Aktrisanın teatrda ilk rolu “Durna” komediyasında Lalə olub. Bundan sonra “Beş manatlıq gəlin” (Gülnaz), “Arşın mal alan” (Telli), “Hicran” (Çarliston), “Axırı yaxşı olar” (Dilbər), “Bankir adaxlı” (Səmayə) və digər tamaşalarda, həmçinin, “Yol əhvalatı”, “Aktrisanın təbəssümü”, “Xoşbəxtlik qayğıları”, “Adı sənin, dadı mənim”, “Evləri köndələn yar” kimi filmlərdə və teletamaşalarda yaddaqalan obrazlar yaradıb. “Mozalan” satirik kinojurnalının onlarca nömrəsində çəkilib.
O, teatr truppası ilə birlikdə SSRİ-nin müxtəlif şəhərlərində qastrol səfərlərində olub. SSRİ-nin Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin Moskvanın Operetta Teatrında tamaşaya qoyulmuş “Ana, mən evlənirəm” əsərində Bibixanım rolunda səhnəyə çıxıb.
Ofeliya Aslan 2010-cu il mayın 18-də vəfat edib.
“Nur Art House” qalereyasında “Arts Council Azerbaijan”ın təşkilatçılığı ilə gənc və həvəskar rəssamların iştirakı ilə rəsm sərgisi açılacaq.
“START” layihəsi çərçivəsində reallaşacaq sərgi Gənclər Gününə həsr olunacaq.
Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov məlumat verib.
Onun sözlərinə görə, layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.
Sərgidə müxtəlif mövzuda işlənən 50-dək sənət əsərlərinin nümayişi nəzərdə tutulur.
Fevralın 1-də təşkil ediləcək sərgi üç gün ziyarətçilər üçün açıq qalacaq.
İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə istifadəni təmin etmək məqsədilə qurumlar arasında müzakirələr aparılmaqdadır.
Bu barədə Reportun sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-dən bildirib.
" Hazırda e-gov.az portalında şirkətin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza ilə 12-si dövlət qurumu olmaqla 70-dən çox müəssisənin inteqrasiyası davam edir: "Bir müddət öncə həyata keçirilən “Elektron Hökumət” portalına inteqrasiya nəticəsində vətəndaşlar SİMA rəqəmsal imza ilə “e-gov.az” portalına daxil olaraq 37 qurum tərəfindən təqdim edilən elektron xidmətlərə giriş imkanı əldə ediblər. Həmçinin “myGov” şəxsi kabinetinə SİMA ilə daxil olaraq fərdi məlumatlarını əldə edə bilərlər. Hazırda vətəndaşların “e-gov.az” portalında təqdim edilən hər bir elektron xidmət üzrə SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmət əldə etməsi məqsədilə müvafiq qurumlarla inteqrasiya işləri davam etdirilir. SİMA ilə İpoteka və Kredit Fonunun təqdim etdiyi xidmətlərə giriş imkanı təmin edilsə də, xidmətlər üzrə sənədlərin və müraciətlərin imzalanması həyata keçirilmir. İnteqrasiya bitdikdən sonra bu xidmət də aktivləşəcək", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, İKZF-nin kreditləşməsi məqsədi ilə bu il banklara ayırdığı limitlər yanvarın 24-də aktivləşdirilsə də, ipoteka krediti üzrə müraciətlər çox olduğu üçün müraciət sistemində nasazlıq yaranıb. Mütəxəssislər nasazlığı "ASAN İmza" sisteminin çökməsi ilə əlaqələndirir. Fond isə açıqlama yayaraq bəyan edib ki, ipoteka kreditləri üzrə müraciətlərin sayının əvvəlki dövrlə müqayisədə daha çox olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir. Bununla əlaqədar ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınıb.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilun mart ayından Rusiyanın Novosibirsk, Yekaterinburq və Samara şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.
Report AZAL-a istinadən xəbər verir ki, martın 16-dan həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı Novosibirskə, martın 19-dan isə həftədə iki dəfə – çərşənbə və bazar günü Yekaterinburqa aviareyslər həyata keçiriləcək.
AZAL-in aşağıbüdcəli törəməsi - “Buta Airways” isə martın 18-dən həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günü Samaraya uçuşlar reallaşdıracaq.
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama- Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci km-dən ayrılan Təzəkənd avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
Bu barədə Report Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
AAYDA tərəfindən yenidən qurulan yolun uzunluğu 3 km, eni ortalama 8 metr təşkil edir.
"Torpaq əsaslı və çınqıl örtükdən ibarət olan sözügedən yol uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan yolboyu əmələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu. Artıq bu problemlər geridə qalır", - məlumatda deyilir.
Belə ki, hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulan avtomobil yolunda qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yolun müəyyən hissəsində əsasın alt layının hamarlanması işləri görülür.
"Aparılan işlər çərçivəsində marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir. Daha sonra "İnşaat Norma və Qaydaları"na əsasən, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edəcək.
Layihənin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Texnoloji ardıcıllığa uyğun olaraq, AAYDA-nın rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri kənd əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmaqla bərabər, yük və sərnişin daşımasını da asanlaşdıracaq.
Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub", - məlumatda bildirilir.