Bu gün türk dünyasının böyük sənətkarı, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun anadan olmasının 84-cü ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, bir-birindən bənzərsiz saz ifaları ilə milyonların məhəbbətini, sevgisini, hörmətini qazanmış ustad Ədalət aşıq sənətinə yeniliklər, müasirlik gətirib. Dədə Ədalətin sazında ifa olunan bütün havalar bir tarix kimi yaddaşlarda yaşayıb, bundan sonra da yaşayacaq. Çünki Aşıq Ədalət bütün aşıq havalarını ruhu ilə, canı ilə ifa edib. “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəm”, “Kərəm Gözəlləməsi” və başqa bu kimi saz havaları ustad Ədalətin ifasında daha gözəl, fərqli, bənzərsiz alınmışdır.
Ədalət Nəsibov 1939-cu il yanvarın 27-də Qazaxda pinəçi ailəsində anadan olub. Saz çalmağı atasından öyrənib. Gənc yaşlarından fitri istedadı üzə çıxıb, məclislərə dəvət alıb. 11 yaşındaykən Kremlin Qurultaylar Sarayında saz çalıb. 1950-ci ildə Bakıya dəvət olunub. Aşıq Ədalət sazı 50-dən çox ölkədə tanıdıb, saza yeniliklər gətirib.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olub. UNESCO-da dünyanın nadir musiqi ifaçıları sırasında diski buraxılıb. Saza 5 pərdə, o cümlədən 7 yarım pərdə, 6 sinə pərdəsi əlavə edib.
Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında deyib: “Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünya mədəniyyəti meydanına çıxa bilərdik”.
Aşıq Ədalətin sənətini türk yazıçısı Əziz Nesin də yüksək dəyərləndirib: “Ədalətin ifası təkrarsız həyat kimidir. Onun üzü daim təzəliyədir, sonu gülüstanlara çıxan dağ çayına bənzəyir. Ələsgər aşiq, söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur”.
Aşıq Ədalət Nəsibovun sənəti dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib.
Sənətkar 2017-ci il sentyabrın 14-də Bakı şəhərində vəfat edib və Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.
Ustad aşığın xatirəsinə hörmət əlaməti olaraq onun qəbri üzərində möhtəşəm qəbirüstü abidə yaradılıb. Həmçinin Xaçmaz şəhərindəki Şəxsiyyətlər parkında da Dədə Ədalətin möhtəşəm büstü ucaldılıb.
Respublika Uşaq Kitabxanasında maarifçi, pedaqoq, ədəbiyyatşünas, Azərbaycan ədəbiyyat tarixçiliyi elminin banisi F.Köçərlinin anadan olmasının 160 illiyi münasibətilə “Firidun bəy Köçərli” elektron- məlumat bazasının təqdimatı keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə F.Köçərlinin həyat və yaradıcılığı, Azərbaycan uşaq ədəbiyyatına verdiyi töhfələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd F.Köçərli yaradıcılığının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi müstəsna rolunu təbliğ etməkdir.
Tədbirdə qonaq qismində iştirak edən və F.Köçərlinin uzaq qohumu sayılan Rüstəm Qayıbova “Balalara hədiyyə” və “Firidun bəy Köçərli Biblioqrafiya” kitabları hədiyyə olunub.
Tədbirin sonunda Firidun bəy Köçərlinin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmi təqdim edilib.
Azərbaycan Dövlət “Yuğ” Teatrı "Toy dəstgahı” tamaşasının premyerasına hazırlaşır.
Bu barədə AZƏRTAC-a sənət ocağının əməkdaşı, teatrşünas Elçin Cəfərov məlumat verib.
Onun sözlərinə görə, yanvarın 27-də təqdim olunacaq tamaşa C.Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik pyesi əsasında hazırlanıb.
“Tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Milli adət-ənənələrin, ritualların vurğulandığı “Toy dəstgahı”nın janrı ambivalent artefaz kimi təyin edilib.
Tamaşada aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Amid Qasımov, Elşən Əsgərov, Günəş Tegin, Elgün Həmidov və Nigar Mürsəlova çıxış edir”, - deyə E.Cəfərov söyləyib.
Qeyd edək ki, səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında nümayiş olunacaq.
Bu gün tanınmış bəstəkar, Xalq artisti, professor Musa Mirzəyevin anadan olmasının 90-cı ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, Azərbaycan bəstəkarlıq məktəbinin seçilən nümayəndələrindən biri olan Musa Mirzəyev yaratdığı rəngarəng əsərləri ilə milli musiqi mədəniyyəti xəzinəmizi daha da zənginləşdirib.
Musa Mirzəyev 1933-cü il yanvarın 26-da Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra o, 1947–1951-ci illərdə Asəf Zeynallı adına Bakı musiqi texnikumunda oxuyub, 1952–1958-ci illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında görkəmli sənətkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.
Əmək fəaliyyətinə 1958-ci ildən etibarən Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində gənclər xorunun konsertmeysteri kimi başlayan Musa Mirzəyev 1978-ci ilədək burada çalışıb, 1978–1979-cu illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında bədii rəhbər vəzifəsini tutub. Sonrakı dövrdə yalnız yaradıcılıqla məşğul olaraq bəstəkarlıq əsərləri meydana gətirən Musa Mirzəyev 1992–1993-cü illərdə “Şur” musiqi nəşriyyatında müxtəlif vəzifələrdə işləyib. Yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək o, 1993-cü ildən ömrünün sonunadək çalışdığı Bakı Musiqi Akademiyasında yeni peşəkar musiqiçilər nəslinin formalaşdırılması işinə töhfələr verib.
Azərbaycan musiqisinin bugünkü simasının formalaşmasında öz dəst-xətti ilə tanınan bəstəkarın təqdirəlayiq xidmətləri vardır. Ayrı-ayrı janrlarda çoxsaylı əsərlər bəstələmiş Musa Mirzəyevin yaradıcılığında xüsusən simfonik və kamera musiqisi janrında yazdığı əsərlər mühüm yer tuturdu. Dərin milli kolorit, nikbinlik ruhu və zəngin dramatizm hər bir əsərinə hədsiz məsuliyyətlə yanaşmış bəstəkarın yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdəndir.
Musa Mirzəyevin əsərləri tanınmış musiqi kollektivləri tərəfindən müvəffəqiyyətlə ifa edilərək respublikada və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bəstəkarın kamera musiqisindən ibarət müəllif konsertləri sənətsevərlərin rəğbətini qazanıb. Musa Mirzəyev bir çox əsərləri simfonik orkestrlə ifa olunmaq üçün yenidən işləmiş və partiturasının hazırlanmasına böyük əmək sərf etmişdir. Onun Azərbaycan və dünya musiqisinə dair məqalələri yetişməkdə olan nəslin estetik zövqünün püxtələşməsinə öz təsirini göstərib.
Onun monumental “I simfoniya”, “Simfonietta”, simli orkestr üçün “II simfoniya”, violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçün “Poema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşıb.
Musa Mirzəyevin yaradıcılığı və müasir Azərbaycan mədəniyyəti qarşısında xidmətləri yüksək qiymətləndirilib. Ölkəmizdə musiqi sənətinin inkişafı sahəsində qazandığı nailiyyətlərə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
Musa Mirzəyev 2016-cı il yanvarın 29-da vəfat edib.
Hollivudun sevilən ekran əsərlərindən olan "Qladiator" filminin ikinci bölümünün çəkilişləri baş rolun ifaçısı Pol Meskalın teatrdakı tamaşada rol üzərində işlərinə görə təxirə salınıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, ekran əsərinin prodüserləri aktyoru itirməmək üçün çəkilişləri iki həftəlik təxirə salmağı qərarlaşdırıblar.
Çəkilişləri başlanan “Qladiator 2” ekran əsəri Rassel Krounun baş rolda oynadığı və 11 “Oskar” nominasiyasına layiq görülərək, onlardan beşində qalib gəlmiş Ridli Skotun “Qladiator” tarixi dramının davamıdır. "Qladiator" öz dövründə dünya miqyasında 500 milyon dollardan çox qazanc əldə edərək kommersiya filminə çevrilib. Filmin ikinci bölümünün də rejissoru Ridli Skot olacaq və baş rolda Pol Meskal çəkiləcək.
Qeyd edək ki, rejissor Ridli Skot “Qladiator 2”nin hazırlanmasına çox vaxt sərf edib, səbəb isə mükəmməl bir davam filmi çəkmək idi. Nöqsanları aradan qaldırmaq üçün ssenari, həmçinin bütün layihə üzərində ciddi işlər görülüb.
Azərbaycan Rəngkarlığı Muzeyində uşaqlar üçün ustad dərsi keçiriləcək.
Bu barədə AZƏRTAC-a YARAT-dan bildirilib.
Qeyd edilib ki, “Səmadan baxış” mövzusuna həsr olunacaq dərslər yanvarın 28-nə nəzərdə tutulur.
“Dərs zamanı iştirakçılar əvvəlcə, “Metakod” adlı qrup sərgisində nümayiş olunan rəssam Aida Mahmudovanın əsərlərini seyr edəcək, onların necə yaranması barədə öyrənəcəklər. Sonra qarışıq texnikadan istifadə edərək, öz məharətlərini göstərəcəklər. Dərslər Gülnarə Xəlilova tərəfindən keçiriləcək.
Dərslərdə iştirak etmək üçün qeydiyyatdan keçmək vacibdir. Qeydiyyat cümə gününə qədər, saat 11:00-dan 18:00-dək aparılacaq”, - deyə məlumatda bildirilib.
Bu gün görkəmli pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Azərbaycan Müəllimlər Seminariyasını yaradan və ona rəhbərlik edən Firidun bəy Köçərlinin anadan olmasının 160 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Maarifçi ziyalı və görkəmli ədəbiyyatşünas alim – Firidun bəy Köçərli” adlı virtual sərgi və videomaterial hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Firidun bəy Köçərlinin uşaqlıq və gənclik illəri, elmi, bədii və pedaqoji fəaliyyəti, müəllifi olduğu əsərlər, tərcümələr, məqalələr haqqında geniş məlumat verilir. Burada görkəmli şəxslərin ədib haqqında söylədikləri və Firidun bəy Köçərlinin elm, təhsil, mədəniyyət mövzusunda səsləndirdiyi bir sıra fikirlər yer alıb. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda ədəbiyyatşünas Firidun bəy Köçərlinin layiq görüldüyü mükafatlar, xatirəsinin əbədiləşdirilməsi, “Firidun bəy Köçərli” mükafatının təsis edilməsi haqqında məlumatlar əks olunub. Virtual sərgidə “Ümmətdən millətə doğru”, “Firidun bəy Köçərli biblioqrafiya”, “Firidun bəy Köçərli – şifahi və yazılı ədəbiyyat”, “Maarif fədailəri” kimi ədibin özünün müəllifi olduğu və haqqında yazılan kitab və məqalələrin biblioqrafik təsviri izləyicilərə təqdim edilir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı yenidən film nümayişlərinə start verir.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, ilk nümayiş yanvarın 31-də “Azərbaycan” kinoteatrında olacaq. Bu dəfə üç rejissorun - Aynur Kazımovanın “Unudulmuş arzular”, Pərviz Həsənovun “Uşaqlıq fotosu”, Elvin Aşirovun “Eviniz haradadır” sənədli filmləri nümayiş olunacaq. Baxışdan sonra tamaşaçılar ilə yaradıcı heyət arasında müzakirələr olacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqının kino nümayişləri üzrə məsul əməkdaşı, rejissor Ülviyyə Əhmədova bildirib ki, bu il Azərbaycan kinosunun 125 illiyi, Azərbaycanfilm” kinostudiyasının 100 illiyidir və bu səbəbdən klassik milli filmlərimizin nümayiş proqramı da planlanır: “Keçən il reallaşdırdığımız “Dünya şedevrləri Azərbaycan dilində” proqramı bu il də reallaşacaq. Proqramda Aleksey German, Nikita Mixalkov, Tengiz Abuladze kimi dünyaşöhrətli rejissorların filmləri var. Ənənəyə sadiq qalaraq 2023-cü ildə də “Visla” Polşa Film Festivalı ilə əməkdaşlıq nəzərdə tutulub”.
Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, mütəmadi nümayişlər milli filmlərin təbliği və zövqlü tamaşaçı ordusunun formalaşması İttifaqın prioritet məqsədlərindəndir.
Azərbaycan Dövlət Tərcümə Mərkəzi – ölkədə peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində ingilis, rus, türk, alman, fransız, ispan, portuqal, italyan, polyak, macar, bolqar, İsveç, Niderland, yunan, fin, gürcü, ivrit, ərəb, fars, yapon, Çin, hind və digər dillər üzrə keçirdiyi seçim turlarına qeydiyyatı davam etdirir.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, turlar ictimai-siyasi, maliyyə, iqtisadiyyat, humanitar, media, tibb, hüquq və digər sahələr üzrə ixtisaslaşmış tərcümə mütəxəssislərinin peşə qabiliyyətinin şifahi və yazılı imtahanı və sertifikatlaşdırılması əsasında aparılır.
Turlarda iştirak üçün aşağıdakı sənədlər (şəxsiyyət vəsiqəsi və CV) bu il mart ayının 31-dək Mərkəzin info@aztc.gov.az ünvanına göndərilə, yaxud kağız formatında Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev küçəsi 27/121A; AZ1033 ünvanına təqdim edilə bilər.
Qeyd edək ki, Mərkəzin elektron poçt ünvanına göndərilən sənədlərin “mövzu” bölümündə dil və tərcümə sahəsi qeyd edilməlidir.
Ömrünün 40 ilini millətinin maariflənməsi və tərəqqisi yolunda xərcləyən Firidun bəy Köçərli ədəbi fikir tariximizdə ən ali məqam sahibi kimi xatırlanır.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbi tənqidi və ədəbiyyatşünaslığının görkəmli simalarından biri, ictimai xadim Firidun bəy Köçərlinin anadan olmasının 160-cı ildönümü tamam olur.
Ötən əsr ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan Firidun bəy Köçərli bu gün mənsub olduğu xalqının yaddaşında ölümsüzləşən ziyalılardandır. O, tarixdə nəzəriyyəçi, tərcüməçi, mətbuat və teatr qurucusu, habelə pedaqoq, maarifçi, ən başlıcası da böyük vətəndaş və milli duyğulara sahib fədai kimi anılır.
1863-cü il yanvarın 26-da Şuşa şəhərində dünyaya göz açan Firidun bəy Köçərli ibtidai təhsilini Mirzə Kərim Münşizadənin məktəbində alıb. Atası Əhməd bəyin elmə, maarifə böyük marağı və həvəsi oğlunun dövrünün ən yaxşı məktəblərində oxutmasına təkan verib. Atasının arzularına rəğmən Firidun bəy doğma şəhərdə fəaliyyət göstərən rus məktəbinə daxil olub. O dövrdə məşhur rus pedaqoqu A.Çernyayevski Qafqazı dolaşaraq Qori Müəllimlər Seminariyası üçün ümidverən gənclər toplayırdı. Firidun bəy Köçərli onun diqqətini çəkib. O, 1879-1885-ci illər ərzində burada təhsil alıb. Seminariyanı bitirən ili bir müddət İrəvan gimnaziyasında dərs deyib. Onu İrəvanda təkcə pedaqoq kimi tanımırdılar. Qori Müəllimlər Seminariyasının məzunu olan Firidun bəy 23 yaşında İrəvanda teatr tamaşası təşkil edir. On ilə yaxın bir müddət ərzində İrəvanda həm pedaqoq, həm də bir mədəniyyət xadimi kimi fəaliyyət göstərən Firidun bəy Köçərli yerli ziyalılardan Mirzə Məhəmməd Qəmərli ilə birlikdə ədəbi gecələr təşkil edir, poeziyaya, ədəbiyyata marağı olan gəncləri bir araya gətirərək onların formalaşmasında böyük zəhmət çəkir. Hələ İrəvan gimnaziyasında müəllim işlədiyi illərdə tərcüməçiliklə məşğul olan Firidun bəy rus ədəbiyyatının tanınmış nümayəndələrindən Puşkinin, Lermontovun, Koltsovun və başqalarının əsərlərini ana dilimizə çevirməyə başlayır. Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” povestini də ilk dəfə rus dilinə məhz Firidun bəy Köçərli çevirib. Bu da faktdır ki, Azərbaycan və rus ədəbiyyatlarının əlaqələri haqqında ilk qeydlər Firidun bəyə məxsusdur.
İrəvanı tərk etdikdən sonra yenidən təhsil aldığı məktəbə qayıdan Firidun bəy Köçərli 1895-ci ildən 1918-ci ilə qədər məzunu olduğu seminariyada dərs deyib. Hətta onu 1910-cu ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı təyin ediblər. Burada çalışdığı illərdə həmvətənlərinin seminariyada təhsil almasına yardımçı olan Firidun bəy Köçərlinin uzun sürən səylərindən sonra Qazaxda Müəllimlər Seminariyası açılıb.
O, klassik Azərbaycan ədəbiyyatı haqqında geniş məlumata, dərin elmi-nəzəri biliyə, incə zövqə malik olduğu üçün hər bir qələm sahibinin yaradıcılığını özünəməxsus şəkildə təhlil etmək qüdrətində olub. O, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani kimi şairlər haqqında çox dəyərli oçerklərin müəllifidir. Onun Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Ələkbər Sabir barəsində ədəbi-tənqidi, realist fikirlərini əks etdirən maraqlı əsərləri var.
Görkəmli ədəbiyyatşünas alimin elmi fəaliyyəti Azərbaycan tarixinin qiymətli səhifələrindən sayılır. Unudulmaz millət aşiqinin “Azərbaycan ədəbiyyatı” əsəri isə ədəbiyyatşünaslığımızın inkişafında böyük rol oynayan və bu gün də aktuallığını itirməyən əsərlərindəndir. Firidun bəy Köçərli millətinin təəssübkeş ziyalılarından idi. O, xalqının gənc və yeniyetmə övladlarının maarifləndirilməsi, təhsil alması və mədəni inkişafında gecə-gündüz məşəl kimi alovlanırdı. Firidun bəyin nəcibliyi millətinin taleyinə xidmət etsə də, düşmənləri də rahat buraxmırdı. O, millətimizin uzaqgörən ziyalılarının olmasını heç vaxt gözügötürməyən ermənilərin məkrli əməllərinin qurbanına çevrildi. Düşmən 57 yaşlı aydının ömür çırağını söndürsə də, onun arzuları və əməllərinin nurunu söndürə bilmədi. Bəli, o nurun işığından Firidun bəyin mənsub olduğu millətinin övladları bu gün də faydalanır.
Ölümündən sonra 1925-ci ildə "Azərbaycan ədəbiyyatı tarixi materialları" kitabının I hissəsi, 1926-cı ildə isə kitabın II hissəsi çap edilib. Uşaqlar üçün yazdığı "Balalara hədiyyə" kitabı isə 1967-ci, 1972-ci və 2013-cü illərdə çap olunub.
Firudin bəyin irsi ilk dəfə 1957-ci ildə ədəbiyyatşünas alim Bəkir Nəbiyev tərəfindən araşdırılıb. O, arxiv materialları toplayaraq Firudin bəyin sağ qalan tələbələri ilə görüşərək 1960-cı ildə "F.Köçərlinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildən Respublika Uşaq Kitabxanası Firidun bəy Köçərlinin adını daşıyır. 2013-cü ildə Firudin bəy Köçərlinin anadan olmasının 150 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd edilib.