Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Süni intellekt üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

    İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platforması ilə əməkdaşlığı çərçivəsində Süni intellekt üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib.

    Bu barədə Reporta nazirlikdən bildirilib.

    Məlumata görə, sənəd IV Sənaye İnqilabı (Sİ) texnologiyaları üzrə İşçi Qrupunun ötən gün keçirilmiş növbəti iclasında müzakirə olunub.

    Aidiyyəti dövlət qurumlarının nümayəndələri və Süni İntellekt (Sİ) icmasının üzvlərinin iştirakı ilə keçirilən iclasda “Sİ hazırlıq indeksi” və "Milli Sİ strategiyasının hazırlanması üçün yol xəritəsi" barədə məlumat verilib, Milli Süni İntellekt Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

    Tədbirdə həmçinin, Dünya İqtisadi Forumunun Süni intellekt və maşın öyrənməsi platformasının rəhbəri Uber Xelop “Milli Sİ strategiyalarının hazırlanması”, Türkiyə Rəqəmsal Transformasiya Ofisinin nümayəndəsi Mervə Ayyücə Kizrak “Süni İntellekt strategiyasının hazırlanmasındakı çətinliklər” və Paşa Bankın Data elmi şöbəsinin rəhbəri İlkər Kurtuluş “Süni İntellekt biznesi necə dəyişdirir” mövzularında təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.

    İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.

  • Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir

    2021-ci il oktyabr ayında təməli qoyulmuş Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam etdirilir.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumata görə, uzunluğu 64,8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3,75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26,5 metr təşkil edir.

    Hazırda I texniki dərəcəli olacaq avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26,5 metr enində yeni yol yatağının, yol əsasının tikintisi, 380 metr uzunluğunda istinad divarının, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin inşası davam edir.

    Yolun km 0-32,4 km-lik hissəsində layihə çərçivəsində 9 ehtiyat keçidi, 16 suötürücü boruların tikinti işləri başa çatdırılıb. Bundan başqa bitki qatının çıxarılması 35.8%, qazma işləri 9.5%, torpaq yatağının tikintisi 21.9% yerinə yetirilib. Hazırda bu hissədə nəqliyyat üçün bir alt keçidinin və bir piyada keçidinin tikintisi davam etdirilir. Layihənin 0-32,4 km hissəsi üzrə fiziki tərəqqi 8.64% təşkil edir.

    Yolun 32,4-64,8 km hissəsində torpaq işləri bitib, hazırda hamarlayıcı qatın və əsasın alt qatının tikintisi aparılır. Layihənin sözügedən hissəsində 4 keçid və 11 kommunikasiya borusu, 25 müxtəlif diametrli suötürücü boru inşa edilib.

    Bu hissədə inşa olunan körpü dayaqlarının tikintisi sona çatmaq üzrədir. Qeyd olunan hissədə torpaq işləri 56 %, süni qurğular 50 %, yol geyimi 11,2 % olmaqla, ümumilikdə tikinti işləri 22 % icra olunub.

    Yolun layihə üzrə nəzərdə tutulan 1, 6, 37 və 63-cü km hissələrində 4 avtomobil körpüsünün inşası aparılır. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi davam edir.

    Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun olaraq yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

    Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir.

  • Gəncəni su ilə təmin etmək üçün Göygöldə yeni drenaj sistemi yaradılıb

    Gəncə şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Göygöl su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan yeni drenaj sistemi yaradılıb.

    Report “Azərsu” ASC-yə istinadən xəbər verir ki, bunu qurumun departament rəisinin müavini Ceyhun Məmmədov bildirib.

    Onun sözlərinə görə, Gəncədə həcmi 4000 kubmetr olan su anbarı tikilib və mənbədən anbara qədər 24,3 km uzunluğunda magistral su kəməri çəkilib.

    Eyni zamanda Qızılqaya su mənbəyində bərpa-yenidənqurma işləri aparılıb, ümumi tutumu 12 min kubmetr olan 3 su anbarı, 11 km magistral su xətləri inşa edilib.

    Şəhərin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarı hesabına təmin olunur. Su anbarının yaxınlığında məhsuldarlığı sutkada 140 min kubmetr olan sutəmizləyici qurğu və buradan Gəncə şəhərinə 27,5 km Şəmkirçay-Gəncə magistral su kəməri inşa edilib.

    Layihəyə əsasən Gəncədə 855 km içməli, 813 km tullantı su şəbəkəsinin yaradılması nəzərdə tutulur. İçməli və tullantı su şəbəkələrinin yenidən qurulması işləri mərhələli şəkildə həyata keçirilir. İndiyə qədər içməli su şəbəkəsinin 375 km-lik, tullantı su şəbəkəsini isə 330 km-lik hissəsi inşa edilib.Təsdiqlənmiş layihəyə uyğun olaraq 2023-cü ildə 16 km içməli, 19 km tullantı su xətləri və kollektorların inşası nəzərdə tutulur.

    Layihəyə əsasən şəhərdə yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi üçün gələcəkdə Samux rayonu ərazisində məhsuldarlığı sutkada 110 min kubmetr olacaq təmizləyici qurğunun inşası da nəzərdə tutulur.

  • Məşhur beynəlxalq sirk proqramı “DZİVA” Bakıda

    Bakı Dövlət Sirki bütün fəsillərdə olduğu kimi, yaz aylarında da öz fəaliyyətini yaddaqalan edəcək. Belə ki, mart ayının 1-dən başlayaraq “DZİVA” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq. Proqram aprel ayının 30-dək davam edəcək.

    Bu barədə AZƏRTAC-a Bakı Dövlət Sirkindən məlumat verilib.

    “DZİVA” adlı sirk proqramının süjet xəttinin əsasını heyvanların - şir və pələnglərin şousu təşkil edəcək. Digər heyvanlardan itlərin də çıxışlarına xüsusi yer veriləcək. Dünyanın ən tanınmış klounlarının da çıxışı proqramı unudulmaz edəcək.

    Bundan başqa, hava gimnastlarının qeyri-adi fərdi və kollektiv fəndləri, halqa şousu, dünyaşöhrətli janqlyorun, akrobatların sirkin manejində kollektiv çıxışları kimi digər nömrələr də göstəriləcək. Proqramın təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.

    Qeyd edək ki, proqramda dünya sirk sənətinin aparıcı janrlarına xüsusi yer verilib.

    Biletləri şəhərin bütün kassalarından və İticket.az saytından onlayn əldə etmək olar.

  • “Cadenza” orkestrinin növbəti konserti

    Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin (Cadenza Contemporary Orchestra) “B-C-B” adlı konserti olub, həmçinin orkestrin saytının (cadenzaorchestra.com) təqdimatı keçirilib.

    Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsert proqramında alman bəstəkarı J.S.Baxın, XX əsrin ən məşhur Amerika bəstəkarlarından biri J.M.Keycin fortepiano əsərləri səslənib.

    Orkestrin müşayiəti ilə solistlər Zərif Kərimova, Günel Quliyeva və Zülfiyyə Muxtarova əsrlər boyu insanları həyəcanlandıran və düşündürən musiqinin dərin duyğularını yüksək peşəkarlıqla təqdim ediblər.

  • Madonnaya həsr edilmiş film layihəsi təxirə salınıb

    Dünyaşöhrətli müğənni Madonnaya həsr olunmuş bioqrafik film layihəsi ləğv edilib.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, adı açıqlanmayan film layihəsinin “Universal Pictures” studiyası tərəfindən təxirə salındığı bildirilir.

    Ekran əsərinin prodüseri Emi Paskal layihənin dayandırıldığını təsdiqləyərək bunun səbəbini Madonnanın dünya turuna çıxması ilə əlaqələndirib: “Filmində Madonna rejissor olmağı planlaşdırmışdı və baş rolu “Ozark” serialının ulduzu Culiya Qarner oynamalı idi. Sevilən müğənninin qastrol səfəri artıq elan edilib və bir çox şəhərlərdə keçiriləcək konsertlərə biletlər satılıb. Bu səbəbdən də film layihəsi təxirə salınıb”.

    Dünyaşöhrətli ifaçı filmi özünün çəkmək istəyini belə izah edib: “Mənim qeyri-adi həyatım olub və düşünürəm ki, həyatımdan bəhs olunan ekran əsəri də fərqli olmalıdır. Bir çox insanlar mənim haqqımda film çəkməyə çalışıblar. Özümdən başqa mənim həyat hekayəmi heç kim təsvir edə bilməz. Çox uzun bir ssenarim var və onu qısaltmaqda çətinlik çəkirəm. Ssenaridə müəyyən qədər ixtisarlar etməyə çalışdım, amma bu, öz bədən əzalarımı kəsmək kimidir”.

  • Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş virtual sərgi

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan milyonçusu, xeyriyyəçi, ictimai xadim, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin 200 illiyi münasibətilə virtual sərgi hazırlayıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyəti, inşa etdirdiyi mədəniyyət, elm, təhsil, səhiyyə müəssisələri, Azərbaycanda mətbuat işi sahəsində gördüyü işlər haqqında geniş məlumat verilib. Materialda Hacı Zeynalabdinin elm, mədəniyyət, təhsilin zəruriliyi haqqında söylədiyi dəyərli fikirlər, layiq görüldüyü təltif və mükafatlar da yer alıb.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Hacı Zeynalabdinin xatirəsinin əbədiləşdirilməsi – Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Bakıda heykəlinin ucaldılması, adına ev muzeyinin olması haqqında məlumatlar da əks olunub. Virtual sərgidə milyonçunun həyat və ictimai fəaliyyətindən bəhs edən “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”, “Azərbaycan milyonçuları”, “Allahın eşqi ilə”, “Savadlı millətin təməli-savadlı qadın (H.Z.Tağıyevin Bakıdakı qızlar məktəbi)” adlı Azərbaycan, rus və ingilis dillərində olan kitabların biblioqrafik təsviri verilib.

  • Milli Kitabxana “Hüseyn Cavid” adlı biblioqrafiya hazırlayıb

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof-şair, böyük dramaturq Hüseyn Cavid ədəbiyyat tarixində öncül yerlərdən birini tutur.

    Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçib və özündən sonra ölməz əsərlər qoyub gedən söz ustasıdır. Bütün yaradıcılığı boyu xeyirlə şəri qarşılaşdıran və ümumbəşəri xeyrin qələbəsinə öz sənətkar töhfəsini verən ədibin anadan olmasının ötən il 140 ili tamam olub.

    AZƏRTAC xəbər verir ki, bu məqsədlə Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Hüseyn Cavid” adlı biblioqrafiya hazırlayıb.

    1904-2022-ci illəri əhatə edən vəsaitdə ədibin kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunan əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapıb. Həmçinin xarici dillərdə və dünyanın aparıcı kitabxanalarında mühafizə olunan əsərləri və haqqında ədəbiyyatın biblioqrafik təsvirləri də vəsaitə daxil edilib.

    Biblioqrafik gös

  • “Hər şey hər yerdə və dərhal” filmi “Oskar” mübarizəsində liderdir

    “Hər şey hər yerdə və dərhal” komediyası (ABŞ) bu il “Oskar” mükafatına 11 nominasiya üzrə namizəddir.

    AZƏRTAC xəbər verir ki, malayziyalı aktrisa və “Hollywood” ulduzu Mişel Yeonun çəkildiyi ekran əsəri ötən ilin aprel ayında ABŞ-da prokata çıxıb.

    “Ən yaxşı film” nominasiyasına iddialılar arasında Stiven Spilberqin “Fabelmanlar” (2022), Ceyms Kemeronun “Avatar: suyun yolu”, Sara Pollinin “Qadınlar danışır”, Edvard Bergerin “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Erix Mariya Remarkın romanının ekran versiyası), Martin Makdonahın “İnişerin Banşiləri”, Baz Lurmanın “Elvis”, Todd Fildin “Tar”, Cozef Kosinskinin “Top Qan: Meverik” və Ruben Estlundun “Qəm üçbucağı” filmləri yer alır.

    “Xarici dildə ən yaxşı film” nominasiyası uğrunda isə “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Edvard Berger), “Argentina, 1985” (Santyaqo Mitre), “Sakit adam” (Kolm Bayrid), “Yaxın” (Lukas Dont) və “İa” (Yerji Skolimovski) ekran əsərləri mübarizə aparır.

  • Xalça Muzeyində ilin ilk sərgisi - “Mədəni irsə yeni baxış”

    Azərbaycan Milli Xalça Muzeyində ilin ilk sərgisi - “Mədəni irsə yeni baxış” adlı sərgi açılıb. “Azərxalça” ASC, “AFFFAIR” və Azərbaycan Milli Xalça Muzeyinin birgə əməkdaşlığı, PAŞA Holding, “PAŞA Bank” və Kapital Bankın tərəfdaşlığı ilə baş tutan sərgidə nümayiş olunan beş müasir xalça nümunəsi muzeyə hədiyyə edilib. “Azərxalça” ASC və “AFFFAIR”-in birgə yaratdığı bu müasir xalça kolleksiyası Qarabağ Zəfərinə həsr olunub.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova məlumat verib.

    Qeyd edib ki, məqsəd xalçanın xalqımız üçün əsrlərdir dəyişilməyən çox qiymətli mənəvi irs olduğunu vurğulamaq, tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

    “Tanınmış azərbaycanlı dizayner, “AFFFAIR”-in yaradıcı direktoru və təsisçisi Rüfət İsmayıl müasir modanı dünyada layiqlə təmsil edir. O həm də, yaratdığı geyim nümunələrində etnik mədəniyyəti, xalçalarımıza aid zəngin naxış elementlərini əks etdirir. Rüfət İsmayıl “Sumakh” kolleksiyası üzərində uzun zaman işləyərək, bu müddət ərzində Azərbaycan Milli Xalça Muzeyi ilə çalışmış, burada saxlanılan həm qədim, ənənəvi xalçalardan, həm də müasir peşəkar xalçaçı-rəssamların yaratdığı əsərlərdən ilhamlanıb. Sərgidə nümayiş edilən “Naxçıvan”, “Qarabağ”, “Açma-yumma” xalçaları muzeyimizdə qorunan eyniadlı xalçaların elementlərindən istifadə edilməklə yaradılıb. Əvvəlcə onlar “Sumakh” kolleksiyasına aid geyimlərin parçalarında əksini tapdı, daha sonra isə tekstildə istifadə olunan bu motivlər xalçaya qaytarıldı. 2020-ci ildə biz muzey olaraq çox maraqlı bir layihəni reallaşdırdıq. İki il sürən araşdırma nəticəsində qədim ənənəyə əsaslanan, boyanmamış yundan təbii, oxra çalarlarında 5 xalça ərsəyə gətirdik. Bunlar muzeyimizə hədiyyə edilən nadir xalça kompozisiyalarının replikaları idi. XVII əsrin sonu-XVIII əsrin əvvəlinə aid, Heydər Əliyev Fondu tərəfindən 2018-ci ildə muzeyimizə hədiyyə olunan “Naxçıvan” xalçası onlardan biri olmaqla Rüfət İsmayılı ilhamlandırmış və o da, eyni rəng çalarlarından istifadə etməklə xalçanın mərkəzi elementindən istifadə etmişdir. Sərgidə təqdim olunan “Naxçıvan” xalçası üzərində də bu element əksini tapmışdır. “Ovçuluq” adlı xalça isə “Bəndi-Rumi” bədii kompozisiyası və Xalq rəssamı Eldar Mikayılzadənin yeni “Şəki xalçaları” silsiləsinə aid “Şəbəkəli” xalçası əsasında ərsəyə gəlmişdir.

    Qeyd edim ki, Heydər Əliyev Fondunun dəstəyi ilə təqdimatı olan bu xalçalar hazırda Heydər Əliyev Mərkəzində sərgilənməkdədir. Nəhayət ziyarətçilər burada dünyanın ilk xalı nümunəsi olan “Pazırık” xalçasının mərkəzi elementləri üzərində işlənmiş müasir xalça nümunəsini də görə bilərlər. Muzeyə hədiyyə olunan bu dəyərli xalçalar tezliklə kolleksiyamızda öz yerlərini tutacaq. Sərgi fevralın 10-a kimi davam edəcək”, - deyə Şirin Məlikova qeyd edib.