Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

    Azərbaycan Teatr Xadimləri İttifaqında 27 Mart - Beynəlxalq Teatr Günü qeyd olunub.

    AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İttifaqın məsul katibi Aida Qafarova Beynəlxalq Teatr Gününün təsis olunma tarixindən söhbət açaraq teatrı sevən hər kəsi bayram münasibətilə təbrik edib.

    Tədbirdə “Qonaq Teatr" layihəsi çərçivəsində Bakıya dəvət olunan Qusar Dövlət Ləzgi Dram Teatrı Turqut Özakmanın “Adət” tamaşası ilə çıxış edib.

    Maraqla qarşılanan səhnə əsərindən sonra Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov və tamaşanın rejissoru, Əməkdar artist Xəzər Gəncəli İttifaqın fəxri fərmanı ilə təltif olunub.

  • “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

    Azərbaycan Milli Kitabxanası “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, onlayn rejimdə istifadəçilərə təqdim olunan məlumat bazasında (https://anl.az/el/emb/TEATR/index.html) Azərbaycanda teatrın yaranma tarixi, nəşrlərdə haqqında dərc olunan materiallar və bu sənət haqqında fikirlər təqdim edilib.

    Qeyd edək ki, 1873-cü il martın 10-da Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda nümayiş etdirilən ilk tamaşa Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyası olub.

  • Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

    Mədəniyyət naziri Adil Kərimli aprelin 19-da saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbul Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla keçiriləcək.

    Vətəndaşlar aprelin 16-dək Mil-Muğan Regional Mədəniyyət İdarəsinin mil-mughan@culture.gov.az elektron poçt ünvanı, (021) 235-63-97 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

  • Rafaelin yeni tapılan əsəri sərgiyə çıxarılacaq

    İntibah dövrünün məşhur rəssamı Rafaelin yeni tapılmış əsəri kilsədə nümayiş etdiriləcək.

    AZƏRTAC xəbər verir ki, əsəri 2023-cü ildə fransız kolleksiyaçı Londondan 35 000 avroya alıb. Noyabr ayında lazer analizi nəticəsində əsərin italiyalı rəssam Rafaelə (1483-1520) aid “Mariya Maqdalenanın portreti” olduğu müəyyən edilib.

    Portret Fransanın Var departamentindəki Müqəddəs Maqdalena bazilikasında aprelin 20-də nümayişə çıxarılacaq. Adının açıqlanmasını istəməyən kolleksiyaçı sərgidən sonra əsəri hansısa muzeyə hədiyyə etmək niyyətindədir.

  • “Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

    Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsinin növbəti konsert proqramı olub.

    Bu barədə AZƏRTAC-a Milli İncəsənət Muzeyindən məlumat verilib.

    M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində təqdim olunan konsertdə xormeyster, Əməkdar artist Naala Barateliyanın rəhbərliyi altında F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, həmçinin respublika və beynəlxalq müsabiqələr laureatları - solistlər Talıb İsgəndərli (bariton), Cəlil Bəşirli (tar), Lalə Əhmədova (piano), Surə Rüfət (violin), Mehin Zalıyeva (piano), Orxan Əlizadə (tenor), Orxan Mövlan (tenor), Cəlalə İsmayılzadə (cello), Abid Çələbiyev (kamança), Əli Vəliyev (piano) Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına aid məşhur musiqi əsərlərini ifa ediblər.

    Proqram F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin çıxışı ilə davam edib. Konsert proqramı çərçivəsində qonaqlar, həmçinin “Salam, Novruz!” sərgisi ilə tanış olublar.

  • “CineMastercard” kinoteatrında Türkiyə romantik dramının nümayişi başlayır

    Martın 29-dan yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində Türkiyənin “Güneşi söndürmem gerek” romantik dramının nümayişi başlayır.

    "Report" xəbər verir ki, filmin rejissoru Hande Türkeldir.

    Baş rolları Serra Arıtürk, Samet Kaan Kuyucu və Gürberk Polat canlandırıblar.

    Filmin yaş həddi "16+" olaraq müəyyənləşdirilib.

    Filmin qəhrəmanı Umut onun üçün mükəmməl ola biləcək həyat yaşayan bir gəncdir. Ancaq həyatında ən dəyərli varlığı olan sevgilisi Anılı itirdikdə hər şey alt-üst olur. Pərişan olan Umut həyatına qaldığı yerdən davam etməkdə çətinlik çəkir. Ancaq bu zaman heç gözləmədiyi bir reallıqla qarşılaşır və onunla üzləşmək məcburiyyətində qalır.

  • Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişib

    Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

    "Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) bu məqsədlə açılmış bank hesabına köçürülür. Bu vəsaitin bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

    İndiyə qədər isə sadəcə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hər bir avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı təsdiq edirdi.

  • Milli Dram Teatrı aprel repertuarını açıqlayıb

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı apreldə maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

    AZƏRTAC sənət ocağının repertuarını təqdim edir.

    5 aprel - “Qətibə inanc”

    6 aprel - “Xurşidbanu Natəvan”

    7 aprel - “Ölülər”

    10, 12, 13, 14 aprel - “Manqurt”

    11 aprel - “Küknarlara məktub”

    19 aprel - “Dantenin yubileyi”

    20 aprel - “Xurşidbanu Natəvan”

    21 aprel - “Buratino axmaqlar ölkəsində”, “Ah, bu uzun sevda yolu”

    24 aprel - “Bir, iki, bizimki…”

    25 aprel - “Dəli yığıncağı”

    26 aprel - “Filumena Marturano”

    27 aprel - “Şükriyyə”

    28 aprel - “Ah, bu uzun sevda yolu”, “Sənsiz”

  • Bu gün tanınmış aktyor Səməndər Rzayevin anım günüdür

    Bu gün Əməkdar artist, Dövlət mükafatı laureatı Səməndər Rzayevin anım günüdür.

    AZƏRTAC xəbər verir ki, ölümündən 38 il ötən Səməndər Rzayevin Azərbaycan teatr və kinosunda yaratdığı bir-birindən bənzərsiz obrazlar dünən olduğu kimi bu gün də maraqla qarşılanır.

    Səməndər Rzayev 1945-ci il yanvarın 2-də Ağsuda dünyaya gəlib. İncəsənət İnstitutunda Xalq artisti Rza Təhmasibin məktəbindən dərs alıb, Sumqayıt Teatrında çalışıb. Amma ömrünün, yaradıcılığının ən yaddaqalan illərini Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirib.

    Səməndər Rzayevin yaradıcılıq yolu çoxşaxəlidir. Burada teatr da var, kino da, radio da, televiziya da.

    S. Rzayevin səsindəki şirinlik də bu münasibətlərə özgə bir doğmalıq gətirirdi. Səməndər Rzayev Azərbaycan kinosunda dublyaj sənətinin korifeylərindən idi. O, kinostudiyanın dublyaj sexində, demək olar ki, günlərlə filmlərə səsini yazdırardı. S.Rzayev millətini, xalqını sevən sənətkar idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı. Epizodlarda belə o, azərbaycanlı idi, özü də, əsl azərbaycanlı. Səməndərin səsi, danışığı bir orkestrin ifa etdiyi simfoniyaya bərabər idi. Nə qədər ahəngli, nə qədər ürəyə yatımlı danışardı. Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə razılaşırdı. Deyirdi ki, "kiçik açarla da böyük qapılar açmaq olur". Amma elə ki, səhnədə bu böyük sənətkarın səsi eşidilirdi, bütün zal heyrətə gəlirdi. Bəzən onun kiçik rolları baş qəhrəmanları belə kölgədə qoyurdu. Səməndər Rzayev klassik aktyor sənətimizin ruhunu yaşadırdı, elə özü də klassik sənətkara çevrildi.

    "Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." Bunlar S.Rzayevin teatrda oynadığı tamaşaların cüzi bir hissəsidir. Amma onların hər birinə Səməndərin yuxusuz gecələri, gərgin yaradıcılıq axtarışları, bəzən isə hədsiz əsəbləri sərf olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. O heç vaxt pyesə doğma kimi baxmazdı. Özü obraz üçün ştrixlər axtarırdı. Rejissorları da bu "ixtiralar"ın sərfəli olduğuna inandıra bilirdi.

    Kinoya Səməndər Rzayevin hansı rolla başladığını demək çətindir. Amma onun sənət dostu, Xalq artisti Yaşar Nuri deyir ki, ilk filmi haqqında bir özü bilirdi bir də mən... "Uşaqlığın son gecəsi" filmin lap əvvəlində küçədə gəzən iki milis işçisindən biri Səməndər idi. Amma sonralar o, kinoda da öz sözünü dedi. Doğrudur, onun aktyorluq potensialı kinomuzda yetərincə istifadə olunmasa da, bir sıra yaddaqalan obrazları – Səməndərli anları kino tariximizə köçürüb. "Çarvadarların izi ilə" filmində Səməndər elə Səməndəri oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin "Körpüsalanlar" əsəri durur. Səməndər filmin çox da böyük olmayan surətlərindən biridir. Amma nəzərə çarpan, yadda qalan obrazdır. "Nəsimi" də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün böyük məsuliyyət idi. Doğrudan da, Azərbaycanın tarixində danılmaz xidmətləri olan Şirvanşah İbrahimi ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb edirdi. Film ekrana çıxanda çoxları təəccüb hissi keçirdi. Səməndər Rzayev obrazı elə özününküləşdirmişdi ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə inanırsan.

    Səməndər Rzayevin qəhrəmanları, həqiqətən, səmimi, ətrafındakılara diqqətli olan insanlardır. Bəlkə də, bu, onun öz xarakterindən doğan cəhət idi. Axı, aktyorun öz daxili "mən"ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır. Bax, Səməndər Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki, o, daxilən təmiz ruhlu adam idi. Yaratdığı rollara isə öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu. Bu yöndə yaratdığı obrazlardan "Bəyin oğurlanması" filmindəki Hidayət müəllimi xatırlasaq, yerinə düşər. "Mənəm ey, Hidayət müəllim" və ardınca da Səməndərin şaqraq gülüşü. Bunu yalnız və yalnız Səməndər Rzayev belə səmimi və təbii yarada bilərdi. Bu səhnə, bəlkə də, Səməndərin öz kəşfi idi. Hər halda klassik bir epizoddur və bu kiçik səhnə filmə xüsusi bir ovqat bəxş edir.

    Səməndər Rzayev çox rejissorlarla işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev onu böyük məmnuniyyətlə filmlərinə dəvət edirdilər. Ancaq Səməndər Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi. Teatrda işləyirdi. Televiziya filmlərində, tamaşalarında oynayırdı, "Bulaq" verilişinin isə daimi aparıcılarından idi. Şakir Şəkəroviç ("Evləri köndələn yar") hər dəfə televiziya ekranında görünəndə qəlbimizdə sevinc dolu bir dünya yaranır. Bazar günü axşamlar evə tələsirdik ki, "Bulaq" verilişində bu böyük sənətkarın bulaq kimi təmiz və şəffaf səsini dinləyək.

    Günlərin birində "Həyatın dibində" tamaşasına xəstə vəziyyətdə gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq, pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam Səməndər teatrda ən ağır və ən çətin gününü yaşayırdı. Bu, soyuq səhnədə xəstə aktyorun son oyunu idi.

  • “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xarəzm vilayətinin Ürgənc Dövlət Pedaqoji Universitetində (ÜDPU) görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, universitetin Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində keçirilən tədbiri ÜDPU-nun prorektoru professor Sərdar Xocaniyazov açaraq “Qılınc və qələm” tarixi romanının özbək dilində nəşrini Özbəkistan-Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmlənməsi istiqamətində atılmış yeni bir addım kimi qiymətləndirib.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açaraq bu istiqamətdə Mərkəzinin reallaşdırdığı layihələrindən danışıb. Özbəkistanlı oxucularda Azərbaycan yazıçılarının əsərlərinə böyük maraq olduğunu qeyd edən K. Məmmədzadə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən indiyə qədər müxtəlif mövzularda çox sayda əsərin özbək dilinə tərcümə edilərək nəşr olunduğunu diqqətə çatdırıb.

    Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov iki qardaş ölkə arasında əlaqələrinin dərin, qədim tarixi köklərindən söz açaraq ədəbi əlaqələrin də mədəni əlaqələr kimi yüksək səviyyədə olduğunu, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu sahə üzrə məqsədyönlü işlərin aparıldığını qeyd edib.

    Tədbirdə digər çıxış edən natiqlər “Qılınc və qələm” tarixi romanının özbək dilində nəşrini ədəbiyyatşünaslıq baxımından mühüm hadisə kimi qiymətləndirərək bu əsərin Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından çox dəyərli bir mənbə olduğunu vurğulayıblar.

    Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur, nəşrin redaktoru və “Ön söz” müəllifi isə özbəkistanlı alim Abdulla Uluqovdur.

    Kitabın Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına paylanması nəzərdə tutulub.