Yanvarın 27-də Azərbaycan İstiqlal Muzeyində “Vətənin qürur mənbəyi” adlı tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində reallaşacaq bu dəfə şəhid Aydın Abdullayevin xatirəsinə həsr olunacaq.
Qeyd edək ki, sözügedən layihə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədilə təşkil olunur.
“Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyi” tərəfindən Respublika Uşaq Kitabxanasında Firidun bəy Köçərlinin 160 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxana əməkdaşları görkəmli ədəbiyyatşünas alim, publisist-yazıçı və tərcüməçi F.Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.
Həmçinin tədbir iştirakçılarına Firidun bəy Köçərlinin ədəbi şəxsiyyətlər, bədii əsərlər, dərslik və tərcümələr haqqında, sülh və xalqlar dostluğu, qadın azadlığı, habelə məişət mövzularında onlarla maraqlı, aktual məqalələri ilə bağlı müxtəlif məlumatlar çatdırılıb. Bildirilib ki, o, tükənməz məhəbbətlə sevdiyi milli ədəbiyyatı bütün həyatı boyu təbliğ və tədqiq etməklə məşğul olmuş, onun həm keçmişini, həm müasir nailiyyətlərini qiymətləndirməyin gözəl nümunəsini göstərmişdir.
Qeyd edək ki, Azərbaycan türklərinin mənəvi mədəniyyətinin, xüsusən ədəbi-elmi fikrinin inkişafı tarixində böyük rol oynamış Firidun bəy Köçərliyə həsr olunmuş tədbir ənənəvi kitab sərgisi və sənədli filmin nümayişi ilə yekunlaşıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi ölkəmizin 220 cəlbedici məkanı sırasında birinci yerdə qərarlaşıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, siyahı məşhur səyahət saytı “TripAdvisor” istifadəçilərinin rəyinə əsasən hazırlanıb.
Qeyd edək ki, “TripAdvisor” platformasında dünyanın hər bölgəsində yerləşən istirahət və turizm mərkəzləri dəyərləndirilir. Turistlər bu saytı özlərinə “səyahət məsləhətçisi” bilirlər.
Dənizkənarı Milli Park ərazisində yerləşən “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. Gəmi-muzeyin ekspozisiyasında nümayiş olunan istər audio-video, istərsə çap materialları Azərbaycan, ingilis və rus dillərində sərgilənir. Burada təşkil edilən ekskursiyalar da 3 dildə aparılır.
Milli Məclisdə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin mədəniyyət komitəsinin 2023-cü ilin iş planına daxil edilib. İş planına, həmçinin Milli Məclisin komitələrindən daxil olmuş qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması daxil edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə yeni actorsagency.az saytı yaradılıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqından AZƏRTAC-a bildirilib ki, saytın icraçısı, kastinq direktoru və prodüser Səbuhi Məmmədovun 2013-cü ildən rəhbəri olduğu “Actors Agency” aktyor agentliyi Azərbaycan aktyorlarının xarici kino dünyasına çıxışı, peşəkar hüquqlarının müdafiəsi, yeni istedadlı simaların tanıdılması, teatr-kinoda kastinq və istehsal sahəsində fəaliyyət göstərir.
S.Məmmədov bu barədə məlumat verərək bildirib ki, teatrda çalışan aktyorlardan başqa, digər müstəqil fəaliyyət göstərən aktyorların, gənclərin və eləcə də ADMİU tələbələrinin hər hansı bir kataloqu yoxdur və onlar hər hansı bir internet resurslarında kino sənayesində standartlara uyğun olaraq təqdim olunmurlar: “Bu baxımdan da Azərbaycan aktyorlarının vahid internet resursunda kastinq bazasında təqdimatı üçün yaradılan actorsagency.az saytı, aktyorlar üçün vahid bir məkan olaraq nəzərdə tutulub.
Bu, aktyorların portfoliosu adlanan bir instrumentdir ki, burada şəkillər, videotəqdimat, aktyorlar haqqında olan məlumatlar yer alacaq. Bu resurslara baxaraq həmin məlumatlar əsasında aktyorların seçimi baş tutacaq. Hazırda saytda 50 aktyor haqqında məlumat yerləşdirilib. Gələcəkdə bütün aktyorlar üçün bu imkanlar yaradılacaq”.
Səbuhi Məmmədov onu da qeyd edib ki, saytın yaradılmasının təşəbbüsü, Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyova məxsusdur. Səbuhi Məmmədov bildirib ki, “İlk olaraq saytda müstəqil çalışan gənc aktyorların, tələbələrin portfoliosu yaradılacaq və müəyyən internet resursunda – actorsagency.az saytında təmsil olunacaqlar. Digər bir mərhələdə isə, yaşlı nəsil aktyorlara keçid nəzərdə tutulub. Bütün bunlar Azərbaycan aktyorlarının vahid bir internet saytında standartlara uyğun olaraq təmsil və təqdim olunması məqsədi daşıyır”.
Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, internet zamanında milli kinomuzun bütün seqmentlərinin virtual təmsilçiliyini vacib sayır və bundan sonra da aktyor fəaliyyəti ilə bağlı yeni saytın yaradılmasının aktyor seçimi və peşəkar təqdimedilmə sahəsinə dəstək olacaq.
Azərbaycanın İƏT-ə sədrliyi çərçivəsində Şuşanın 2026-cı ildə İƏT turizm paytaxtına namizədliyi irəli sürüləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, eyni zamanda, sədrlik çərçivəsində Bakıda İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin yaradılması, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yeni tamaşalardan sayılan Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı səhnə əsəri nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yanvarın 26-da teatrsevərlərin ixtiyarına veriləcək tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. İranın şahlıq quruluşunun əsarətində Cənubi Azərbaycan əhalisinin taleyi də onu həmişə düşündürür. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.
Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da tamaşada diqqət mərkəzindədir.
Dövlət sifarişi ilə hazırlanan səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu Natəvan), Rafiq Əzimov (Mirzə Ruhullah), Hacı İsmayılov (Qoca Knyaz) Kazım Abdullayev (Canişin), Əməkdar artistlər Anar Heybətov (Knyaz Xasay), Elşən Cəbrayılov (Seyid Hüseyn), Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli (Kor kamançaçı), Kazım Həsənquliyev (Məliküldövlə), Elnar Qarayev (Mamayı), Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi), Elşən Rüstəmov (Şahzadə), aktyorlar Elçin Əfəndi (Hidayət xan), Cavidan Novruz (Nəvvab), Vüsal Mustafayev (Zahir bəy), Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim), Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Tural İbrahimov (Mixaylov), Firuzə Balayeva, Corc Qafarov, Elsevər Rəhimov (Kültəvi səhnə) və iştirak edəcəklər.
Fevralın 2-də YARAT Müasir İncəsənət Mərkəzində rejissor Hikmət Rəhimovun “Çılpaq” filminin premyerası olacaq.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, film, ucqar kəndlərinin birində yaşayan ailənin sağ qalmasından bəhs edən ailə dramıdır.
Burada çətin həyat durumları və hadisələri ilə üzləşən insanların qəbul etdiyi, bəzən anlaşılmaz olan qərarlara nəzər salınır.
Filmin baş qəhrəmanı Sabir, var gücü ilə məhdud bir məkanda ailəsi üçün layiqli həyat qurmağa çalışarkən öz məsumluğunu itirir və gələcəyini puç edir.
Filmin premyerasında iştirak etmək istəyənlər https://cutt.ly/X9fURj4 linkindən qeydiyyatdan keçməlidirlər.
Bu gün Ümbülbanunun anadan olmasının 118-ci ildönümü tamam olur
Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bir çox dövlət xadimlərinin, görkəmli ziyalıların ailələri ölkəni tərk etmək məcburiyyətində qaldılar. Belə ailələrdən biri də cümhuriyyət dövründə ticarət və sənaye naziri vəzifəsini icra edən Mirzə Əsədullayevin ailəsi oldu.
Mirzə Əsədullayev məşhur Azərbaycan milyonçuları - Şəmsi Əsədullayevin oğlu və Ağa Musa Nağıyevin kürəkəni idi. Onun həyatında baş verən fırtına təbii ki, qızı Ümbülbanudan da yan keçə bilməzdi.
Ümbülbanu 1905-ci ilin yanvarında Bakıda anadan olsa da, məlum hadisələrə görə, Vətənindən didərgin salındı. O, sonralar “Banin” təxəllüsü ilə Fransa ədəbiyyatının tanınmış simalarından birinə çevrildi.
AZƏRTAC xəbər verir ki, ömrünün sonunadək Fransada yaşayıb-yaratmış azərbaycanlı yazıçı kimi məşhur olan, dostları tərəfindən “Qafqaz gözəli”, “Şamaxı şahzadəsi” adlandırılan Ümbülbanunun bu gün 118 yaşı tamam olur.
Banin öz taleyi haqqında yazırdı: “Mən doğma anamı tanımırdım. Çünki gözümü açanda o artıq dünyasını dəyişmişdi”. Onun dünyaya gəlişi kimi, sonrakı həyatı da rəvan keçmir. Hakimiyyətə gələn bolşeviklər atasını həbs edirlər, babalarının var-yoxu əllərindən alınır. O, atasını həbsxanadan qurtarmaq, ölkədən çıxmaq üçün istəmədiyi, lakin hörmətli bir şəxsə ərə gedir. O, 19 yaşında Türkiyədə əri Balabəy Qocayevdən ayrılaraq Parisə doğmalarının yanına yollanır. Fransada maneken, mağazada satıcı, dəftərxanada katibə, tərcüməçi işləyir. Sonradan Banin fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə almağa başlayır.
Onun 1946-cı ildə çap olunan “Qafqaz günləri” kitabı müəllifinə ilk uğur qazandırır. Kitab işıq üzü gördükdən sonra Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernest Yungen kimi qərb yazıçılarında Baninə rəğbət yaranır. İkinci Dünya müharibəsinin iştirakçısı, alman yazıçısı və filosofu Ernest Yungenlə Baninin dostluğu yarım əsrdən çox davam edir. Banin hətta Yungen haqqında kitab yazır.
Ümbülbanunun uşaqlığının ağlı-qaralı xatirələri “Qafqaz günləri” kitabında əks olunub. Bundan sonra yazdığı “Paris günləri”, “Ernest Yungenlə görüş”, “Mən opiumu seçdim”, “Sonra”, “Sonuncu ümidin çağırışı” və digər romanları ona geniş oxucu rəğbəti qazandırır. Son kitabı – “Mariya mənə nə danışdı” romanı 1991-ci ildə, ölümündən bir il əvvəl işıq üzü görür.
Banin Fransada təkcə romanları ilə deyil, həm də rus, ingilis, alman dillərindən gözəl tərcümələri ilə tanınırdı. O, İvan Buninin və Fyodor Dostoyevskinin yaradıcılığının ən yaxşı bilicilərindən sayılırdı.
İlk dəfə onu Azərbaycan oxucusuna diplomat Ramiz Abutalıbov tanıdıb.
Fransız mühitinə qaynayıb-qarışmasına baxmayaraq, Ümbülbanu soy-kökünü heç vaxt yaddan çıxarmayıb. O, Qarabağda baş verən hadisələri həyəcanla izləyib. Parisdəki “Azərbaycan evi” assosiasiyasının üzvü olan Banin Fransanın kütləvi informasiya vasitələrində mütəmadi olaraq Qarabağ hadisələri ilə bağlı məqalələrlə çıxış edib.
Fransanın “Fiqaro” qəzeti 1992-ci il oktyabrın 29-da olduqca kədərli bir məlumat yayır: “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib...”.
Ömrünün axırınadək Vətənə gələ bilməyən, Azərbaycan həsrəti ilə dünyadan köçən Ümbülbanu qələmi ilə Azərbaycanı dünyada və Fransada tanıdıb. Bu gün onun yazdıqları həmvətənləri və dünya oxucuları tərəfindən maraqla oxunur. Özü Vətənə qayıda bilməsə də, əsərləri bu gün bizimlədir.
Müstəqil kinematoqrafçılar tərəfindən istehsal olunan qısametrajlı “Qız qalası” filmi bir neçə nüfuzlu beynəlxalq festivalda ölkəmizi təmsil edərək kino sənayesinin inkişafına öz töhfəsini verib.
AZƏRTAC xəbər verir ki, film İtaliya, Türkiyə, ABŞ, Sinqapur, Rumıniya, Litva, Norveç və Slovakiya kimi ölkələrdə müxtəlif festivallarda qalib olub.
Hər bir insan həyatında heç olmasa bir dəfə ruh əkizinə - “öz adamına” rast gəlir. Lakin qərarsızlıq və yaxud cəmiyyətin yaratdığı yeni münasibət normaları, heç kəsdən geri qalmamaq istəyi o adamı bizə görməyə imkan vermir. Bəzən özümüz də beynimizdə yaratdığımız səhv idealın dalınca qaçıb rast gəldiyimiz həmin adama önəm vermirik.
“Qız qalası” filminin süjeti ayrı şəxsi münasibətləri olan iki fərqli insanın təsadüfən tanış olmasından bəhs edir. Tanışlıq əsnasında hər biri anlayır ki, həmin o “öz adamına” rast gəlib.
Film boyunca qəhrəmanlar seçim etməlidir: ya hər şeyi olduğu kimi saxlayıb geri dönmək, ya da “öz adamı” ilə hər birinin daxildə arzusunda olduğu yeni münasibətlərə başlamaq…
Filmin rejissoru və ssenari müəllifi Mehdi Ağayev, quruluşçu operatoru Delee, quruluşçu rəssamı Şahin Həsənli, montajçısı Əsgər Rəhimov, musiqisi isə Sevda Ələkbərzadə, Emma Ələkbərzadə və Raufa məxsusdur. Baş rolları Könül Cəfərzadə, Türkay Cəfərli və Kamran Ağabalayev ifa ediblər. Prodüserlər Mehdi Ağayev, Fariz Əhmədov, Emil Nəcəfov və Orxan Dadaşovdur.
Qeyd edək ki, müasir cəmiyyətdə mövcud olan problemləri kino dili ilə üzə çıxaran filmin Azərbaycanda premyerası 2023-cü ilin fevral ayında keçiriləcək.