Azərbaycanla İspaniya, Andorra və Bolqarıstan arasında turizm əlaqələrinin inkişaf perspektivləri Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyevin İspaniya Krallığı və Andorra Knyazlığına işgüzar səfəri çərçivəsində müzakirə edilib.
DTA-dan AZƏRTAC-a bildirilib ki, səfər zamanı Fuad Nağıyev İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən “FITUR” sərgisində iştirak edib. Sərgi çərçivəsində Fuad Nağıyevlə Andorra Knyazlığının turizm və telekommunikasiya naziri Jordi Torres Falco arasında Azərbaycan Respublikasının İspaniya Krallığı və Andora Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənovun iştirakı ilə görüş keçirilib.
Görüş zamanı ölkəmizdə qış turizminin inkişafı ilə bağlı müzakirələr aparılıb, Andorranın bu sahədə təcrübəsindən istifadə olunmasının əhəmiyyəti, qurumlar arasında qış turizminin inkişafı istiqamətində anlaşma memorandumunun imzalanması istiqamətində tədbirlərin görülməsi haqda müzakirələr aparılıb. Eyni zamanda Azərbaycan Qış İdman Növləri Federasiyasının idmançılarının Andorrada məşqlərə başladığı və ilk dəfə olaraq Dünya Kubokunda iştirak edəcəyi vurğulanıb.
Sərgidə Bolqarıstanın turizm nazirinin müavini İrena Georgiyeva ilə ikitərəfli görüş keçirilib. Görüşdə ölkələr arasında turizm əlaqələrinin inkişafı və qarşılıqlı təcrübə mübadiləsi müzakirə edilib.
Həmçinin Fuad Nağıyevlə BMT-nin Ümumdünya Turizm Təşkilatı Baş katibi Zurab Pololikaşvili ilə görüş zamanı Azərbaycanın turizm imkanlarının tanıdılması və postpandemiya dövründə bərpa istiqamətləri haqqında müzakirələr aparılıb.
Daha sonra DTA sədri Fuad Nağıyev və səfir Ramiz Həsənov Andorra Knyazlığına səfər edib. Burada Andorranın ən böyük turizm operatoru və turizm kurortlarının rəhbəri, qış turizmi üzrə dünyaca məşhur “PGİ” şirkətinin prezidenti Juan Viladomat ilə görüş keçirilib, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Qeyd edək ki, idmançılarımız xizək alpinizmi idman növü üzrə Andorra Knyazlığında start götürən Xizək alpinizmi üzrə Dünya Kubokunda iştirak edərək yarışın şaquli yürüş növündə fərdi bacarıqlarını nümayiş etdiriblər.
Şuşa xalçalarının tarixi XVIII əsrin ikinci yarısına, Şuşanın təsis edilməsindən sonrakı dövrə təsadüf edir. XVIII əsrin ikinci yarısından etibarən Qarabağın xalça istehsalı əsasən Şuşa şəhərində mərkəzləşir. XIX əsrdə Qarabağda toxunan xalça və palazların kəmiyyət və keyfiyyətinə görə Şuşa birinci olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi videoçarx hazırlayıb.
Videoçarxda qeyd edilir ki, incəliyi, zərifliyi, rəngarəngliyi ilə seçilən "Ləmpə", "Qoca", "Bulud" xalçaları və "Dəst xalı-gəbə" kimi xalça dəstləri Şuşada toxunub. Bu xalçalar xovun hündürlüyü, əlvan, şux koloritli, çox nazik, incə xüsusən də dəst xalı-gəbə kimi iri ölçülü toxunmaları ilə seçilir. Şuşa xalçalarını səciyyələndirən cəhət təbii boyaq maddələrin xalçalara verdiyi parlaqlıq, şux rəng palitrasıdır. Bir qayda olaraq bu ərazilərdə xanlara məxsus böyük sarayların və geniş malikanələrin bəzədilməsi üçün iri ölçülü xalçalar toxunub. Şuşa həm də ipək xalçaları ilə şöhrət qazanıb. Neçə-neçə minilliklərə, əsrlərə bələdçilik edən Şuşa xalçaları bu gün dünyada mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının bir qolu, Qarabağın özü kimi ayrılmaz tərkib hissəsidir. Qarabağ xalçalarını dünyaya tanıdan, “Şuşa havamdır” deyən xalçaçılıq elminin banisi Lətif Kərimov da Şuşada doğulub.
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin ötən ilin oktyabr, noyabr, dekabr aylarında görülən işləri əhatə edən nömrəsi, eyni zamanda, il ərzində olan hesabatın yerləşdiyi xüsusi buraxılışı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, rüblük informasiya bülleteninin Azərbaycan Kinematoqrafçılar İttifaqının illik fəaliyyəti haqqında xüsusi buraxılışı olan nömrəsində, il ərzində həyata keçirilən layihələr, tədbirlər, kino müzakirələri haqqında informasiyalar yer alıb.
Xüsusi buraxılışda AKİ Kino məktəbinin dinləyici qəbulu elan etməsi, “Cənubda kino günləri”, “Kino istehsalı A-dan Z-yə” layihəsinin Şəki və Bakı mərhələsi, “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsi, “Polşa kino günləri” tədbirləri haqqında məlumatlar, İttifaqa qəbul olunan yeni üzvlər və İttifaqın digər layihələri haqqında informasiyalarla tanış olmaq olar.
Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, “hesabatlılıq və şəffaflıq fəaliyyətlərinin əsas prinsiplərindəndir. Təşkilat olaraq kino ictimaiyyəti tərəfindən qazandığımız etibarı doğrultmağı ali vəzifəmiz sayırıq”.
Kino araşdırmaçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü əsasında çap edilir. Əsas məqsəd İttifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir. Bülletenin tərtibatçısı Nəriman Əbdülrəhmanlı, redaktoru Sevda Sultanova, nəşrə məsul Əli İsa Cabbarovdur.
Fevralın 6-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş “Qara Qarayev 105” adlı konsert təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə dirijor, Əməkdar incəsənət xadimi Elşad Bağırovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (solist Əməkdar artist Fəridə Məmmədova) çıxış edəcək. Konsert proqramında bəstəkarın əsərlərindən nümunələr səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" Bakıdan Volqoqrada yeni istiqamət açır.
Bu barədə Reporta "Buta Airways"dən bildirilib.
Uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.
Biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.
Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində təmir işləri yekunlaşdırılıb.
Bu barədə Report Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Belə ki, sözügedən ərazilərdə qum əsası üzərində düzülmüş kiçik ölçülü qranit daşlarının çox hissəsinin deformasiyaya uğradığı və bu səbəbdən yaranmış qüsurların nəqliyyat və piyadaların hərəkətinə ciddi maneə yaratdığı müəyyən edilib.
Nəqliyyat və piyadaların çox hərəkət etdiyi sözügedən prospekt və küçənin kiçik bir hissəsinin təmiri və saxlanılmasında yaranmış çətinlikləri nəzərə alaraq, həmin kiçik ölçülü daş örtüyünün sökülərək, yerində yeni asfalt-beton örtüyün salınması işlərinə başlanılıb.
Təmir işləri çərçivəsində Azadlıq prospektinin Füzuli küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 133 metrlik hissəsində müvafiq işlər yekunlaşdırılıb. Hazırda Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan 232 metrlik hissəsində bu istiqamətdə təmir işləri icra olunur.
Məlumata görə, “İnşaat Norma və Qaydaları”na əsasən və tərtib olunmuş qrafikə uyğun olaraq aparılan təmir işlərinin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulur.
"Heydər Əliyev ili" çərçivəsində yeni layihələrə start verilir.
Bu barədə Reporta Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı “Mədəniyyətə bağlı ömür” layihəsinə start verir. İzləyicilər layihə çərçivəsində Ulu öndər Heydər Əliyevin müxtəlif illərdə yaxından iştirak etdiyi mədəni tədbirlərdən tarixi fotoşəkilləri, mədəniyyət və incəsənət sahəsində səsləndirdiyi fikirləri ilə tanış olacaqlar.
Müxtəlif rubrikalarla təqdim olunacaq layihə nazirliyin rəsmi saytında və sosial media hesablarında təqdim ediləcək
Əməkdar artist Tünzalə Əliyeva dəfn olunub.
Report xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində xaricdən gətirilmiş yeni cins damazlıq heyvanların satışına başlanılıb.
Report nazirliyə istinadən xəbər verir ki, məqsəd fermerlərin cins heyvanlara əlçatanlığına, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaqdır.
Avropada geniş yayılmış və vətəni Şotlandiya olan cinslərdən olan ətlik istiqamətli Aberdin-Anqus inəkləri ekoloji şəraitə tez uyğunlaşan cins damazlıq heyvanlardır.
Bu heyvanlar yerli cinslərin damazlıq xüsusiyyətlərinin təkmilləşdirilməsində istifadə olunur. Aberdin-Anqus inəklərinin məhsuldarlıq göstəriciləri olduqca yüksəkdir. Bu inəklərinin ətində yağ faizi digər inəklərə nisbətən 6 dəfə aşağıdır. Yerli inəklərin ətində yağlılıq dərəcəsi 35-36%, Aberdin-Anqus inəklərində isə 6-7% olur. Törədici inəklərin çəkisi 900-1100 kiloqram, düyələrin çəkisi isə 500-600 kiloqram olur. Ət çıxımı 60-65 %-ə çatır. 12 aylıq cöngələrin çəkisi 350 kiloqrama çatır və intensiv yemləmə zamanı çəki sutkada 800-850 qram artır. Satışa çıxarılan 18-26 aylıq boğaz inəklərdir.
Rusiyanın Dağıstan bölgəsinin Mahaçqala Beynəlxalq Hava Limanından Azərbaycanın aeroportlarına aviareyslər açıla bilər.
Report bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Dağıstan aeroportu Azərbaycandan başqa Belarus, eləcə də Rusiyanın Novokuznetsk və Orenburq şəhərləri istiqamətində uçuş coğrafiyasını genişləndirmək istəyir. Hələlik isə Mahaçqaladan İsrailə, eləcə də Sibirin iri şəhərlərindən biri- Krasnoyarska birbaşa uçuşların başlanacağı elan edib.
Mahaçqala Beynəlxalq Hava Limanı bu il azı 2,8 milyon sərnişin qəbul etməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə 12% çoxdur.