Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 20 Yanvar hadisəsinin 33-cü ildönümünə həsr edilən “20 Yanvar” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin yanvarın 20-də baş verən hadisələr haqqında fikirləri, fotolar, kitablar, eləcə də mövzu haqqında dövri mətbuatda dərc olunan məqalələr nümayiş edilir.
Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) filmi növbəti beynəlxalq festivalda iştirak edib.
AZƏRTAC xəbər verir ki, ekran əsəri Çində, 6-cı Pingyao Beynəlxalq Film Festivalının (Pingyao International Film Festival – PYIFF) proqramında yer alıb. Festival Çinin şimalındakı Şansi əyalətində keçirilib.
Qeyd edək ki, 2022-ci ildə istehsal olunan “Balıqlara xütbə” bir neçə festivalda uğurla nümayiş olunub. Ekran əsəri ötən ilin avqustunda 75-ci Lokarno Film Festivalında (İsveçrə) jürinin xüsusi mükafatına, noyabr ayında isə Almaniyada – 32-ci Cottbus Film Festivalında (FFC) münsiflər heyətinin fəxri mükafatına layiq görülüb.
Azərbaycan, Türkiyə, Meksika və İsveçrə kinematoqrafçılarının iştirakı ilə ərsəyə gələn filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır. Film müharibələrin ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan bu tarixi günü anmaq məqsədilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Bir qərinə keçsə də unutmadıq!” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətən uğrunda canlarını qurban verən, şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova 20 Yanvar gününün Azərbaycan xalqı üçün tarixi əhəmiyyətindən söz açıb. O bildirib ki, hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi yaradan, yaddaşında çox dərin izlər buraxan hadisələr var: “20 Yanvar faciəsi də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən illər keçməsinə baxmayaraq 20 Yanvar faciəsi xalqımızın yaddaşında həmişə təzədir. Şəhidlərimizin xatirəsini əziz tutmaq bizim hər birimizin vətəndaşlıq və vicdan borcudur”.
Daha sonra muzeyin əməkdaşı Ümidə Hacıyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən qanlı hadisələrdən, o cümlədən xalqımızın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb.
Eyni zamanda tədbir çərçivəsində “20 Yanvar” İctimai Birliyinin üzvləri Bafadar İbrahimli, Cavid Abdullayev və Rövşən Abbasov həmin günün canlı şahidləri kimi öz xatirələrini bölüşüblər. O dəhşətli gecədə millətimizin axan qanının hədər getmədiyini, bugünkü müstəqilliyimizin bünövrəsinin elə həmin gün qoyulduğunu vurğulayıblar.
Qonaqlara muzey işçiləri tərəfindən hazırlanmış 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin bədii hissəsində isə beynəlxalq müsabiqələr laureatı, pianoçu Əli Vahidov Cavanşir Quliyevin "Fəryad" filmi üçün bəstələdiyi musiqini ifa edib. Daha sonra tədbir iştirakçıları onun ifasında öz bəstəsi olan “Matəm prelüdiyası” adlı musiqi nömrəsini dinləyiblər. Həmçinin Əli Vahidovun müşayiətilə tələbəsi Rəşad Əliyevin ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin və görkəmli şair Əhməd Cavadın məşhur “Çırpınırdın Qara dəniz” əsəri səslənib.
Yazıçı Varisin 2021-ci ildə İstanbulda, TEDEV Yayınlarında işıq üzü görmüş “Qızıl cib saatı” romanı nəhayət ki, azərbaycanlı oxucular üçün də əlçatan olacaq.
AZƏRTAC xəbər verir ki, “Azərkitab” Yayınlarında roman Xalq yazıçısı Kamal Abdullanın “Ön söz”ü ilə çap olunub.
Dünya miqyasında erməni millətçiliyinin riyakar maskasını 1893-cü ildə Osmanlı imperiyasındakı xəyanət fəaliyyətindən tutmuş 1993-cü ildə Qarabağdakı işğalçılıq fəaliyyətinədək yüz illik bir dövr ərzində açmağa hesablanmış bu roman Britaniya və Azərbaycan arxivlərinin materialları əsasında yazılıb və sırf statistik dünya oxucusuna ünvanlanıb.
Nəfəskəsici dramatizm sona qədər oxucunu gərginlik içində saxlayır, zaman, məkan və hadisələr bir-birinin içində əridikcə sonda bir tam halda birləşib bütün əzəməti ilə insanlığın əsl mahiyyətini açmağa xidmət edir.
Kitabın “Ön söz”ündə Kamal Abdulla yazır: “Roman ermənilərin yüz il öncə Bakıda törətdikləri azərbaycanlı qırğınlarına tutulan güzgü, həmçinin hazırda da davam edən Qarabağ münaqişəsinin ədalətli həlli üçün aparılan informasiya savaşında çox yaxşı silahdır. Romanda təsvir edilən ana obrazı bütün Azərbaycan analarının ümumiləşmiş insanpərvər obrazıdır. Bu obraz əksər hallarda heç bir ədəbi-bədii bənzətmələrlə deyil, sadəcə, onun əməllərinin təsviri ilə ədəbi qəhrəmana çevrilir.
Roman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işinə yardımçı olacaq deyə onun müxtəlif dillərə tərcümə edilərək xarici ölkələrdə yayılması çox yaxşı olardı. Bu işdə ədəbiyyatın gücü digər güclərdən daha təsirlidir”.
Nəfis tərtibatla çıxan kitab pirat nüsxələrinin qarşısının alınması üçün müxtəlif qoruyucu detallarla işlənmişdir. Növbəti həftədə kitabın satış şəbəkəsinə daxil olacağı gözlənilir.
Yanvarın 29-da Bakıdakı Rus Evində “Gənc istedadlar sərgisi” layihəsinə start veriləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü Xanım Tapdıqova, Səməd Vurğun adına Dövlət Akademik Rus Dram Teatrının artisti Olqa Arsentyeva, yeni başlayan rəssamlar üçün təsviri sənət müəllimi Aysel Məhərrəmovanın əsərləri nümayiş olunacaq.
Tədbir Rus Evinin dəstəyi ilə Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən təşkil olunub.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Fondun prezidenti Günay Əfəndiyeva prioritet məqsədi türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması, beynəlxalq səviyyədə təbliği və gələcək nəsillərə ötürülməsi olan rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açıb. G.Əfəndiyeva ümumtürk mədəni irsinin dərindən öyrənilməsi və tanıdılması yönündə Fondun üzv və müşahidəçi dövlətlərinin, eləcə də xarici ölkələrin müxtəlif elm ocaqları, ali təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrə böyük önəm verməsinə toxunub. Fondun prezidenti türk dünyasının bir sıra universitetləri ilə sıx əməkdaşlıq münasibətləri quraraq, ümumi şəbəkənin yaradılmasının təşkilatın planları sırasında olduğunu vurğulayıb. Fondun prezidenti təşkilatın Anlaşma Memorandumu imzaladığı bir sıra universitetlər arasında Türkiyənin Bursa Uludağ Universitetinin də yer aldığını qeyd edib.
Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türk xalqlarının qədim və zəngin mədəniyyətinin yaşadılması istiqamətində həyata keçirdiyi geniş miqyaslı layihələri təqdirəlayiq hesab etdiyini bildirib. O, Fond tərəfindən ümumtürk dəyərlərinin öyrənilməsi və araşdırılmasına maarif ocaqlarının cəlb olunmasını yüksək qiymətləndirib. Erol Özvar türk dünyasının tarixi və mədəni irsi ilə bağlı məlumatlılığın artırılması və təşviqinin mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bu səpkidə təşkilat ilə ortaq iş birliyinin önəminə toxunub.
Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.
"CinemaPlus" kinoteatrlar şəbəkəsində yanvarın 19-dan etibarən Türkiyənin “CNP film” studiyasının istehsalı olan "49" adlı hərbi film nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, rejissoru Hakan İnan, prodüseri Mehmet Canpolat, ssenari müəllifləri İlker Arslan və Barış Ərdoğan olan film real hadisələrə əsaslanaraq, Türkiyənin yaxın tarixinin ən gərgin dövrlərindən danışılır. İŞİD terror dəstələri 2014-cü ildə Mosulu işğal etdikdən sonra oradakı Türkiyə səfirliyinə də hücum təşkil edib. Nəticədə burada işləyən 49 əməkdaş terrorçular tərəfindən əsir götürülüb. Filmdə MİT-in onları xilas etmək məqsədilə keçirdiyi geniş əməliyyatdan bəhs edilir.
Ekran əsərində əsas rolları İsmayıl Hacıoğlu, Hande Doğandemir və Sinan Tuzcu canlandırıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavadın xatirəsinə film hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a bildirilib ki, AzTV-nin İctimai-siyasi proqramlar studiyasının tarix şöbəsi tərəfindən repressiya qurbanları haqqında “İş nömrəsi” adlı silsilə filmlərin çəkilişlərinə start verilib.
Filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın repressiyaya məruz qalmasından, çətin həyatından bəhs edilib. Sənədli filmdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Ə.Cavadın nəticəsi, tarixçi Nəsiman Yaqublu və digərləri iştirak edib.
Filmin ssenari müəllifi Mahir Qəribov, rejissoru isə Əli Mikayılovdur.
Məşhur fotojurnalist Reza Deqati rəsmi instaqram səhifəsində 20 Yanvarla bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda fotoqraf və ATV telekanalının birgə hazırladığı “Diqqəti çəkən həqiqət” filmi haqqında məlumat verilib.
Bildirilib ki, tezliklə yayımlanacaq filmdə Reza Deqati Qanlı Yanvar xatirələrini, yaşadığı ağlasığmaz çətinlikləri ilk dəfə olaraq ətraflı şəkildə izləyicilərə çatdıracaq.
Azərbaycan 2022-ci ildə şərab ixracını 2021-ci illə müqayisədə 50 % artıraraq 6,4 milyon ABŞ dollarına çatdırıb.
Bunu Reporta Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov bildirib.
Onun sözlərinə görə, ötən il Azərbaycan şərabının ixracı baxımından çox uğurlu olub: “İl ağır başlasa da, ilin sonuna bu bazarda müsbət dinamika müşahidə olunub. İrxacın coğrafyasında böyük dəyişiklik baş verməyib və yenə də əsas ixrac bazarımız Rusiya olub. Beləliklə ixracımızın 75 %-i Rusiya bazarının payına düşür".
Rusiya bazarına ixracı artırmaq üçün şərait yaranıb
E.Mədətov bildirib ki, Avropa və ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bizim məhsullarımızın ixracını artırmaq üçün şərait yaratdı. Bizim məhsullar Rusiyaya 2021-ci illə müqayisədə daha baha qiymətə satılır”.
Onun sözlərinə görə, xarici bazarda şərabın qiyməti artıb: “Amma bu artım tələblə bağlı deyildi, məhsulun maya dəyərinin artması ilə bağlıdır. 2022-ci ilin mart, aprel, may aylarında nəqliyyat və logistika xidmətləri kəskin bahalaşmışdı. Məsələn, hər hansı bir istiqamətdə iki dəfə artım olub Moldova, Belarus istiqamətində nəqliyyat xərcləri 2 dəfədən də çox artmışdı. Lakin iqtisadi fəaliyyət aktivləşəndən sonra nəqliyyat xərcləri azaldı, amma hazırda daşınma xərcləri 2021-ci illə müqayisədə 30 % çoxdur.
Assosiasiyanın rəhbəri bildirib ki, ötən ilin əvvəlində Rusiyada milli valyuta kəskin ucuzlaşdı: “Lakin maydan etibarən rublun ABŞ dollarına qarşı bahalaşması müşahidə olunub. Biz Rusiyadan şərabın istehsalı üçün lazım olan ləvazimatları dollarla alırıq, bu isə məhsulumuzu bahalaşdırır, çünki çap məhsulları, şüşələr və digər komponentlər 30-35 % bahalaşıb”.