Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkətdə olan elektrik qatarları istirahət günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək.
Report xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.
Yanvarın 18-də Milli Kitabxanada 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 20 Yanvar faciəsində yüzlərlə günahsız insanın canından keçdiyini vurğulayaraq, həmin faciənin səbəbkarı Sovet ordusu olsa da, məsələnin kökündə ermənilərin dayandığını bildirib. O deyib: “Bu soyqırım hadisəsi həm də Azərbaycanın qürur günü kimi yadda qalmaqdadır. Ölkəmizin firavanlığı uğrunda həm Birinci Qarabağ savaşında, həm də İkinci Qarabağ müharibəsində, eləcə də digər döyüşlərdə iştirak edən əsgərlərimiz 20 Yanvar şəhidlərindən nümunə götürüblər. Azərbaycan əsgərlərinin cəsurluğu nəticəsində Qarabağ torpaqları işğaldan azad edilib. Bu gün 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı istər Azərbaycanda, istərsə də xarici ölkələrdə, səfirliklərdə müxtəlif tədbirlər keçirilir”.
Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova 33 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli hadisədən və bu hadisənin günahsız qurbanlarından bəhs edib. O qeyd edib ki, biz heç vaxt o hadisələri unutmayacağıq: “Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisələri siyasi qiymət alıb, bu gün isə Ulu Öndərin uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan xalqı artıq bütün dünyada qalib xalq kimi tanınır”.
Sonra Milli Kitabxananın əməkdaşı Səyyarə Məmmədli çıxış edərək 20 Yanvarla bağlı şeirini iştirakçılara təqdim edib.
Tədbirin davamında Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri faciə ilə bağlı şeirlərlə çıxış ediblər. Şagirdlərə Milli Kitabxananın direktoru tərəfindən kitablar hədiyyə edilib.
Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub. Eyni zamanda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən hazırlanan “20 Yanvar – Qan yaddaşımız!” adlı Elektron məlumat bazası ilə, həmçinin “20 Yanvar – Hüzn və Milli Qürur Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə Qanlı Yanvar hadisələrini əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunub.
Fevralın 12-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılıq gecəsi keçiriləcək.
BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə yazıçının həyat və yaradıcılığından, onun əsərlərindən bəhs olunacaq.
Qeyd edək ki, Çingiz Abdullayevin əsərləri dünyanın 32 dilinə tərcümə olunaraq nəşr edilib. O, 200-dən çox kitabın müəllifidir.
Dövlət Turizm Agentliyi tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə turizm resurslarının mövcud vəziyyətinin və gələcək perspektivlərinin qiymətləndirilməsi” layihəsi üzrə bir sıra işlər həyata keçirilib. Layihə çərçivəsində Qarabağda turizmin inkişafı üçün müasir turizm-ərazi planlaşdırılması prinsiplərinin tətbiqinə imkan verəcək məlumatların toplanılması, məlumat bazasının formalaşdırılması və bölgənin gələcək turizm siyasəti, strategiya və planlarının yaradılması istiqamətində müvafiq hesabatlar hazırlanıb, eləcə də, turizm rekreasiya zonaları üzrə 14 ərazi müəyyənləşdirilərək təklif edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə əsas nəqliyyat dəhlizləri boyunca turizm resurslarının qiymətləndirilməsi işləri həyata keçirilib, turizm rekreasiya zonaları əsasında mədəni, təbiət, dağ, sağlamlıq, qış, işgüzar və s. turizm növlərinin inkişafı nəzərdə tutulub. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində iş aparılır. Xüsusilə, Suqovuşan su anbarının ətrafı, Hadrut qəsəbəsi, Tuğ və Daşaltı kəndlərində turizm infrastrukturunun qurulması üzrə işlər icra edilməkdədir.
Yanvarın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşa şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Tomas Quqler Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktorunun müavini, icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Tural Novruzovla görüşüb.
“Worldchefs” prezidenti “Güllələnmiş heykəllər”, Şuşa qalası, Bülbülün ev-muzeyi və Cıdır düzü ilə tanış olub. Ona Qarabağ mətbəxinə aid “Boyanalı aş”ın və milli mətbəximizin şahı hesab olunan “Şah plov”un hazırlanması nümayiş etdirilib. Tomas Quqler Şuşa şəhərindən ilhamlanaraq kreativ reseptlə yeni yemək hazırlayıb və onu “Şuşalı” adlandırıb.
Qeyd edək ki, Tomas Quqler Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycana səfər edib. Səfərin məqsədi qlobal mətbəxlərin kulinariya standartlarının təkmilləşdirilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı gücləndirmək, ölkəmizdə qastroturizmin inkişafı ilə bağlı müzakirələr aparmaqdan ibarətdir.
O, səfər çərçivəsində yanvarın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" mövzusunda keçirilən konfransın müzakirələrində iştirak edib.
Rusiyanın ən mənzərəli bölgəsi olan Kamçatka öz qeyri-adi gözəlliyi ilə insanı heyran qoyur. Ölkənin şərqində yerləşən yarımada Komandor adaları və Karaqinski adası, həmçinin ən böyük şəhəri olan Petropavlovsk-Kamçatski ilə birlikdə Kamçatka diyarını təşkil edir.
AZƏRTAC xəbər verir ki, geniş vulkanik yarımada olan Kamçatka fövqəladə gözəlliyə, axan çaylara, isti bulaqlara və qarlı zirvələrə malikdir.
Bölgənin ən uzun çayı Kamçatka çayıdır, cənubdan şimala təxminən 700 kilometr uzanır və yarımadanın böyük vulkanik silsilələrlə əhatə olunan mərkəzi vadisini yaradır. Ümumilikdə, burada 300-dən çox vulkan var. Bunların 36-sı aktiv və potensial aktiv vulkanlardır. Kamçatkanın vulkanları UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
Yarımadanın iqlimi sərt, qışı uzun, soyuq və qarlı, yayı isə rütubətli, sərindir. Ərazinin çox hissəsini tundra və Kamçatka qızılağacından ibarət meşələr təşkil edir. Xüsusən də dağ silsilələrini ayıran Kamçatka çayının vadisi ağcaqayın və qaraçay meşələrindən, daha rütubətli ərazilər isə qovaq və söyüd ağaclarından ibarətdir.
Qeyd edək ki, bölgənin yeganə mühüm iqtisadi fəaliyyət növü balıqçılıqdır. Kənd təsərrüfatı isə məhduddur, bəzi yerlərdə mal-qara və şimal maralı saxlanılır.
Xalq artisti Tofiq Kazımovun adı sovet teatr tarixinə nadir sənətkarlar siyahısına düşmüş bir rejissordur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov Azərbaycanın tanınmış teatr rejissoru, aktyor, Əməkdar incəsənət xadimi, Tofiq Kazımovun həyat və yaradıcılığını dəyərləndirərək ifadə edib.
Tofiq Kazımovun yaradıcılığının qiymətli irs olduğunu diqqətə çatdıran professor Cahangir Novruzov deyib ki, ümumilikdə ortaq mədəniyyətimiz bütün Türk dünyasını birləşdirir. Bu mənada böyük rejissorun yaradıcılığının araşdırılması və təbliği mühüm əhəmiyyət daşıyır.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Ankaraya səfəri çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərkan Kayalar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın türk xalqlarının qədim mədəni-mənəvi dəyərlərinin qorunması, beynəlxalq miqyasda tanıdılması və gələcək nəsillərə ötürülməsi üzrə çoxşaxəli fəaliyyətindən söz açıb. Fondun prezidenti ümumtürk irsinin yayılması istiqamətində təşkilat tərəfindən türk dövlətləri ilə yanaşı, həm də digər xarici ölkələrdə keçirilmiş müxtəlif layihələr haqqında ətraflı məlumat verib. Günay Əfəndiyeva Fond ilə TİKA arasında qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu bildirərək, əməkdaşlığın uğurla davam edəcəyinə inandığını vurğulayıb.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərkan Kayalar Türk Əməkdaşlıq Təşkilatlarından olan Fond ilə iş birliyinə əhəmiyyət verdiyini qeyd edib. Sərkan Kayalar təşkilat tərəfindən türk dövlətlərinə məxsus zəngin mədəniyyətin təbliği yönündə türk dünyasının sərhədlərindən kənarda da önəmli tədbirlərin təşkil olunmasını, kitabların nəşr edilməsini yüksək qiymətləndirib. O, Fond ilə ortaq fəaliyyətə hər zaman hazır olduğunu bildirib.
Görüşdə gələcəkdə nəzərdə tutulan mümkün birgə layihələr dəyərləndirilib.
Ötən il Azərbaycandan Özbəkistana 10,4 min vətəndaş turizm məqsədilə səfər edib.
AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, 2022-ci ildə bu ölkəni 5,2 milyon turist ziyarət edib. Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm 2021-ci illə müqayisədə 3,4 milyon və ya təxminən 2,9 dəfə çoxdur. Hesabat ilində Özbəkistanı ziyarət edənlərin siyahısında Qazaxıstan (1551,1 min nəfər) ilk yerdə, Çin (5,4 min nəfər) isə sonuncu yerdə qərarlaşıb.
Xatırladaq ki, təkcə Səmərqənddəki dünyaca məşhur Registan ansamblını ötən il 1 milyon 27 min 951 yerli və xarici turist ziyarət edib.
Yanvarın 31-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “İohann Sebastyan Baxa ithaf” adlı Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq.
AZƏRTAC xəbər verir ki, konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.
Qeyd edək ki, konsert proqramında dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi İohann Sebastyan Baxın əsərlərindən ibarət musiqi nömrələri səslənəcək.