Yanvarın 20-21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası növbəti dəfə nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərovdur.
Qeyd edək ki, səhnə əsərində baş qəhrəman yoxdur. Baş qəhrəman ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevin arxalandığı xalq və xalqın güvəndiyi ordudur. Əsərdə müəllif baş verən milli azadlıq mübarizəsini dörd ailənin timsalında təqdim edir. Azərbaycanın hər bir evində, hər bir ailədə, hətta azsaylı xalqların və ölkə vətəndaşı olan digər millətlərin nümayəndələri belə vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizəyə qalxırlar.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Bu gün Xalq artisti Eldar Quliyevin doğum günüdür
“Bir cənub şəhərində”, “Sevinc buxtası”, “Babək” və “Nizami” kimi parlaq ekran əsərləri, eləcə də çox sayda digər bədii və sənədli filmlər Eldar Quliyevin adı ilə bağlıdır. Onun çəkdiyi ekran əsərləri dünən olduğu kimi bu gün də sevilə-sevilə baxılır. Sözsüz ki, bütün zamanlarda da belə olacaq.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kino xadimi, Xalq artisti, Dövlət mükafatı laureatı Eldar Quliyevin anadan olmasının 82-ci ildönümü tamam olur.
Fərdi təfəkkürünü, dünyagörüşünü kinoda əks etdirən, mürəkkəb münasibətlərə, qəliz həyat hekayələrinə məntiqli münasibət bildirən, insanları narahat edən müxtəlif səpkili problemləri, görmək istədiyi həyat tablolarını kino sənətində canlandıran realist sənətkar Eldar Quliyevin yaradıcılıq palitrası çox zəngindir. İnsan psixologiyasını, mənəvi aləmini yaradıcılığının qayəsinə çevirən, filmlərində təhlil edən istedadlı rejissor 1966-cı ildə Moskva Dövlət Kinematoqrafiya İnstitutundan məzun olduqdan sonra böyük yaradıcılıq eşqi ilə doğma Bakıya üz tutur, istedadını Azərbaycan kinosuna həsr edir. Ömrünün 50 ildən çoxunu çətin, məsuliyyətli peşəyə sərf edən kinorejissor ilk qısametrajlı (“Biri vardı, biri yoxdu”) filmi ilə həmkarlarının və kinosevərlərin diqqətini çəkir. “Azərbaycanfilm” kinostudiyasında 20-yə yaxın bədii (“Bir cənub şəhərində”, “Vacib müsahibə”, “Var olun, qızlar…”, “Səmt küləyi”, “Ürək… ürək…”, “Sevinc buxtası”, “Babək”, “Nizami”, “Gümüşgöl əfsanəsi”, “Burulğan”, “Nə gözəldir bu dünya”, “Girov”, “İstanbul reysi” və s.), bir tammetrajlı musiqili (“Abşeron ritmləri”), bir neçə sənədli filmə quruluş verən rejissor, həmçinin bir neçə bədii və sənədli filmin ssenari müəllifidir.
Eldar Quliyev 1967-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayaraq ömrünün sonunadək burada çalışıb. O, 1987-ci ildən “Azərbaycanfilm” kinostudiyası nəzdində “Debüt” eksperimental-gənclik yaradıcılıq studiyasının bədii rəhbəri olub və 1999-cu ildə Azərbaycan Professional Kinorejissorlar Gildiyasının prezidenti seçilib.
Böyük rejissorluq məharəti Eldar Quliyevə ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət gətirib. Onun quruluş verdiyi, həmçinin ssenari müəllifi olduğu filmlər beynəlxalq kinofestivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edib, sənətşünaslar və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Eldar Quliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, rejissorların bir neçə nəslinin yetişdirilməsi işində qüvvəsini, bilik və bacarığını əsirgəməyib. Onun sənət yolu gənc kinematoqrafçılar üçün bundan sonra da örnək olacaqdır.
Rejissorun 1979-cu ildə çəkdiyi “Babək” filmi görkəmli sərkərdə və siyasi xadim Babəkə ithaf olunub. Babəkin həyat yolu və fəaliyyətini əks etdirən film, ən bahalı filmlər sırasında yer alıb. Eyni zamanda tarixi janrda çəkilən film kimi istər öz dövrünün istərsə də hazırkı dövrün qəhrəmanlıq simvoluna çevrilib. Xatırladaq ki, 60-a yaxın ölkə tərəfindən alınan “Babək” filmi “Azərbaycanfilm”lə “Mosfilm”in birgə istehsalıdır.
Eldar Quliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi” və “Xalq artisti” fəxri adlarını alıb, respublika Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatları olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilib.
Rejissoru bütün dövrlərin hadisələri, insan taleləri, həyatın inkişafına olan müdaxilə və münasibətləri düşündürüb. Buna görə də böyük həcmli, çox aktyorlu, geniş planlı filmlərin müəllifini, həmçinin (sosial mövzulu ekran əsərlərinə istinadən) hisslər rejissoru da adlandırmaq olar. Onu narahat edən prinsip və məsələlər (cəmiyyətin sosial durumu, insanların intellekt səviyyəsi, ictimai davranışı, məqsədi, məramı və s.) “Vacib müsahibə”, “Burulğan”, “Var olun, qızlar…”, “Ürək… ürək…” kimi filmlərdə əksini tapıb.
Müsahibələrində “Federiko Fellininin filmlərinə vurulmuşdum. İstəyirdim ki, çəkdiyim filmlərin hər hansı bir epizodu onun filmlərinin epizoduna bənzəsin” deyən rejissor, məşhur “Bir cənub şəhərində” filmi ilə iddialı yaradıcılığını isbatladı, məntiqli əsaslarla da davam etdirdi. Bir il rəfdə qalan film haqqında “bilirdim ki, film nə vaxtsa nümayiş olunacaq” deyən sənətkar sonrakı filmlərini də daxili intuisiyasına, məntiqinə əsasən əminliklə kinosevərlərə töhfə etdi.
E.Quliyev filmləri haqqında danışarkən bir məqamı xüsusilə qeyd edib ki, heç bir filmində yalan danışmayıb: “Filmlərimdə özümdən danışmışam. O filmlərdə mənim fikirlərim, mənim arzularımdır. Məni tanımaq istəyən adam çəkdiyim filmlərə baxsın. Bəyənmədiyim, ruhuma, estetikama uyğun olmayan filmləri qəbul etməmişəm, imza atmamışam. Rejissor bütün ömrü boyu bir film çəkir. Rejissorun filmindəki fikirlər cəmiyyətin düşüncəsi ilə üst-üstə düşməlidir”.
Eldar Quliyevin quruluş verdiyi ekran əsərləri gənc kinematoqrafçılar üçün məktəb, kinoşünaslar üçün tədqiqat obyekti, kinosevərlər üçünsə həyatın inikasıdır. Odur ki, onun ekranlaşdırdığı sənət əsərləri öz müəllifini daim yaşadacaq.
Nüfuzlu “Orphee classics” səsyazma studiyasında buraxılmış “Şuşa” musiqi albomu artıq dünya üzrə ən məşhur musiqi yayım platformaları olan “Spotify”, “Amazon” və “Apple Music”a daxil edilib.
AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə, Şuşa şəhərinin 270 illiyinə və Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş albom 2022-ci ilin oktyabrında işıq üzü görüb və musiqisevərlər arasında böyük nüfuz qazanıb. Layihənin ideya müəllifi və rəhbəri Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovadır. Layihə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Xarici İşlər Nazirliyi yanında Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ölkəmizin Polşadakı səfirliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.
Alboma görkəmli Azərbaycan və Polşa bəstəkarları - Üzeyir Hacıbəyli, Myaçeslav Karloviç, Qara Qarayev, Vitold Lutoslavski, Fikrət Əmirov və Aqşin Əlizadənin tanınmış musiqi əsərləri daxil edilib.
Bütün musiqi proqramı Polşanın dünyaşöhrətli orkestri olan “Varsoviya simfoniyası”, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən Varşava Milli Radiosunda lentə alınıb.
Diskin annotasiyasının müəllifi Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, tanınmış musiqişünas Raya Abbasovadır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün çoxsaylı kitablar müəllifi Çinarə Köçərlinin təsis etdiyi “Ting” nəşriyyatı Osmanlı tarixindən bəhs edən iki romanı çap edib.
AZƏRTAC xəbər verir ki, türkiyəli yazıçı Ufuk Tufanın qələmə aldığı “Ərtoğrul bəy və Qayılar” uşaqlarla bərabər böyüklər üçün də maraq kəsb edəcək hekayətlərdən ibarətdir. Oxucular Qayıların köç xəritəsi, Qaya Alpdan Orxan Qaziyə qədər şəcərə barədə zəngin bilgilərə sahib olacaqlar.
Müəllifin “Quruluş Osman” adlı tarixi romanı isə Osman Qazinin 1258-ci ildə başlayıb 1326-cı ildə sona çatan dastana bənzər həyatını təfərrüatı ilə təsvir edir. Yazıçının tarixi bilgilərə istinad edərək emosional təsvirlərlə qələmə aldığı roman vasitəsilə oxucular monqolların qarşısında tab gətirə bilməyən Səlcuqların axşam günəşi kimi batdığı bir vaxtda Qayı elinin Osman dövləti olaraq doğuluşuna “şahid” olacaqlar.
Qeyd edək ki, son bir il ərzində U.Tufanla əməkdaşlıq edən nəşriyyat onun “Kitabi-Dədə Qorqud” dastanının boyları əsasında yazdığı “Bamsı Beyrək divlər ölkəsində”, “Banıçiçək pərilər diyarında” nağıl kitablarını, eləcə də 8 yaşdan yuxarı uşaqlara xitab edən hekayələrdən ibarət zəngin illüstrativ nəşrləri də ərsəyə gətirib.
Yanvarın 17-də "Four Seasons Hotel Baku”da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan mətbəxinin təbliğatı istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarının qiymətləndirilməsi, eləcə də qastroturizmin inkişafı ilə bağlı məsələlər çərçivəsində "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə DTA sədri Fuad Nağıyev qastroturizmin inkişafının turizmin vacib istiqamətlərindən biri hesab olunduğunu və son illərdə Azərbaycanın qastronomiya destinasiyası kimi təbliği istiqamətində çoxistiqamətli işlərin həyata keçirildiyini qeyd edib. O bildirib ki, qastronomiya turizminin inkişafı yalnız Azərbaycanın milli mətbəxini deyil, həmçinin zəngin maddi-mədəni irsini, tarixi ənənələrini və mədəniyyətini dünyaya tanıtmağa kömək edir. Fuad Nağıyev zəngin kulinariya ənənələrimizin dünyaya çatdırılması, bu istiqamətdə təbliğat işinin gücləndirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayaraq, ölkə rəhbərliyi tərəfindən turizmin inkişafına xüsusi diqqət ayrıldığını bildirib: “Azərbaycan zəngin və qədim kulinariya ənənələrinə malikdir. Sirr deyil ki, Azərbaycan mətbəxi özünəməxsus dadları ilə seçilir. Bu gün bütün dünyada qastroturizm turizmin maraqlı və fərqli sahəsi kimi inkişaf etməkdədir. Dünya təcrübəsində qastronomik turların, eləcə də yeni dadların axtarışında olan turistlərin sayı artmaqdadır. Turistlər səfər etdikləri ölkənin milli mətbəx nümunələri ilə tanış olmaq, yeni dadlar kəşf etmək istəyirlər. Odur ki, qastroturizmin inkişaf etdirilməsi vacib istiqamət sayılır”.
Onun sözlərinə görə, Azərbaycanın zəngin təbiəti, əlverişli iqlimi, məhsuldar torpaqları burada yetişdirilən məhsulların təbiiliyinə, dadına, çeşidinə birbaşa təsir edir və özündə geniş potensial ehtiva edir. Bu potensial ölkəmizin “qastronomiya ölkəsi” kimi də tanınması üçün geniş imkanlar yaradır. Dünya təcrübəsini, beynəlxalq standartları və inkişaf istiqamətlərini əsas götürərək ölkəmizdə milli kulinariyanın inkişafı əsas məqsədlərimiz sırasındadır. Bu baxımdan son dövrlərdə Dünya Kulinariya Cəmiyyətləri Birliyi ilə tərəfdaşlıq münasibətlərimiz uğurla inkişaf edir. “Biz Dünya Kulinariya Cəmiyyətləri Birliyi ilə əməkdaşlığı, həmçinin təşkilatın dünya qastronomiyasının inkişafına verdiyi töhfələri yüksək qiymətləndiririk. Son illərdə Azərbaycanın qastronomiya destinasiyası kimi təbliği istiqamətində çoxistiqamətli işlər görülür. Beynəlxalq standartlar əsasında aşpazlardan ibarət milli komandanın yaradılması, milli mətbəx nümunələrinin tədqiqatı, qastro-tematikalı turizm məhsullarının tərtibatı, ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamızın təbliğatı və bu kimi fəaliyyətləri qeyd edə bilərəm. Ölkəyə gələn xarici turistlərə təqdim etməyə çoxçeşidli turizm məhsullarımız var. Təbiətimiz zəngindir. Əlverişli iqlim şəraiti, məhsuldar torpaqlarımız təbii məhsulların həm çeşidinə, həm dadına öz təsirini göstərir. Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamız, bu sahədə olan turizm potensialı çox geniş şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur və maraq doğurur”, - deyə F.Nağıyev qeyd edib.
Regionların unudulmuş, qədim yeməklərini üzə çıxartmaq, biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq baxımından bu kimi layihələrin önəm kəsb etdiyini bildirən F.Nağıyev, həmçinin qastronomiya turizminin ölkəmiz üçün çox vacib iki sahəni - turizm və kənd təsərrüfatını birləşdirdiyi üçün regionlarda kiçik sahibkarlığın və ailə biznesinin dəstəklənməsinə, nəticə etibarilə yerli əhalinin gəlirlərinin artması və rifah halının yüksəlməsinə də töhfə verə biləcəyini vurğulayıb: "Agentlik olaraq turizm sahəsində fəaliyyət göstərən bütün ictimai təşkilatlar kimi, kulinariya sahəsində fəaliyyət göstərən ictimai birlikləri də dəstəkləyirik. Hər zaman qeyd etdiyimiz kimi, gücümüz birliyimizdədir. Eyni hədəfə vurmaq üçün çalışmalıyıq. Hesab edirik ki, bugünkü konfrans, xüsusilə bu cəhətdən mühüm əhəmiyyət kəsb edir”.
Tədbirin əhəmiyyətindən danışan DTA sədrinin müavini Azadə Hüseynova vurğulayıb ki, bu cür konfransların keçirilməsi bu sahədə mövcud olan çatışmazlıqların aradan qaldırılmasına kömək edəcək: "Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir. Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün müəyyən vacib işlər görülüb. Hazırda kulinariya sahəsində təhsili inkişaf etdirməklə gənc, bu sahəni ürəkdən sevən, peşəkar aşpazların fəaliyyətinə dəstək verilməsi istiqamətində işlər davam etdirilir. Eyni zamanda, bununla zəngin kulinariya ənənələrimizi dünyaya çatdırmaq, bu istiqamətdə təbliğat işini gücləndirmək və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək əsas fəaliyyət istiqamətlərindəndir. Bildiyiniz kimi, ötən ilin oktyabr ayında Milli Kulinariya Konqresi baş tutdu. Düşünürük ki, konqres kulinarları və aşpazları bir araya toplayan platforma kimi birgə əməkdaşlığı və fəaliyyəti uğurla təşviq edir".
Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler DTA və “Worldchefs” arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov milli mətbəxin qorunmasının ölkəmizin identifikasiyası və milli irsi üçün önəmli amil olduğunu qeyd edib. O, mərkəzin əsas fəaliyyətinin elmi-metodoloji bazanın təkmilləşməsinə yönəldiyini, mərkəzin milli mətbəxi təşviq edən, milli yeməklərin reyestrini yaradan qurumlar üçün istinad mərkəzinə çevriləcək elmi mərkəz olmağı hədəflədiyini vurğulayıb: “Milli Kulinariya Mərkəzi özünü bu sahədə görmək istəyən aşpazları və biznes sahiblərini əməkdaşlığa dəvət edir. Çünki kulinariya bizə qalan bir irsdir və büdcəyə gəlir gətirir. Biz Milli Kulinariya Mərkəzi olaraq qapımızı hamı üçün açıq qoymuşuq. Özünü bu sahədə sınamaq istəyən hər bir kəs istənilən zaman gələ bilər və onlara dövlət qayğı göstərəcək. Amma nəzərə almaq lazımdır ki, milli mətbəximiz bizim milli irsimizdir”.
Azərbaycan Turizm Bürosunun sektor müdiri Səkinə Əsgərova tədbirin əhəmiyyətindən danışıb və milli kulinariya ənənələrinin yaşadılmasında belə mərasimlərin mühüm rol oynadığını bildirib. Turizm Agentliyinin milli mətbəx nümunələrimizin qorunması və ölkəmizin qastronomiya destinasiyası kimi təbliği istiqamətində görülən işlər barədə məlumat verən sektor müdiri, həmçinin konfransın Azərbaycan mətbəxinin təbliğatı istiqamətində beynəlxalq əməkdaşlıq imkanlarını qiymətləndirmək, eləcə də qastroturizmin inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədi daşıdığını vurğulayıb.
Qeyd edək ki, Dövlət Turizm Agentliyinin dəvəti ilə Azərbaycana gələn Tomas Quqlerin Şuşaya səfəri nəzərdə tutulub.
Azərbaycanda səfərdə olan Dünya Kulinariya Təşkilatları Assosiasiyasının (“Worldchefs”) prezidenti Tomas Quqler Şuşaya səfər edəcək, şəhərin tarixi yerləri və əsrarəngiz təbiəti ilə yanaşı, biomüxtəliflik baxımından zənginliyi və özünəməxsusluğu ilə seçilən Qarabağ mətbəxinin inciləri ilə tanış olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Tomas Quqler yanvarın 17-də Dövlət Turizm Agentliyinin keçirdiyi "Azərbaycan kulinariyasının təbliğat perspektivləri" mövzusunda konfransda deyib.
Konfransda iştirak etmək üçün Bakıya gələn qonaq rəhbərlik etdiyi qurum və Agentlik arasındakı əməkdaşlığın nəticələrindən məmnun olduğunu bildirib, azərbaycanlı kulinarlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.
Yanvarın 19-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin mənzil- muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Unutmayaq, unutdurmayaq!” adlı tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə A.Şaiqin mənzil-muzeyi yanında fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri “Bir eşq hekayəsi” adlı poetik-kompozisiya ilə çıxış edəcəklər. 20 Yanvar şəhidləri İlham və Fərizənin başına gələn hadisələrin canlandırıldığı kompozisiya, uşaqların səsləndirdiyi “Qərənfil”, “Səninləyəm Azərbaycan”, “Şəhidlər”, “Bayatılar” kimi şeirlərlə zənginləşdiriləcək.
Tamaşadan sonra A.Şaiq mənzil-muzeyinin böyük elmi işçisi E.Məmmədli “Qanlı yanvar hadisələri” adlı mühazirə ilə çıxış edəcək. Daha sonra M.Rostropoviçin “Şəhidlər xiyabanı” və məcburi köçkün düşərgələrinə etdiyi ziyarətlərindən ibarət videoçarx nümayiş olunacaq.
2019-cu ildən etibarən Tbilisi şəhərində Azərbaycana turlar və səfərlər haqqında məlumatların verildiyi “Azerbaijan.Travel” adlı qonaq mərkəzi fəaliyyətdədir. 2022-ci ilin mart ayından isə İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı olub.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, 2022-ci ildən etibarən aktiv bərpa fazasında olan Azərbaycan turizminin təbliğatı əsas hədəf bazarlarda - ənənəvi istiqamətlərlə yanaşı, Almaniya, Avstriya, İsveçrə, Polşa, Böyük Britaniya kimi Avropa ölkələrində, həmçinin Cənubi və Mərkəzi Asiya, Yaxın Şərq kimi regionlarda davam etdirilir.
Bu gün Mədinə Gülgünün anadan olmasının 97-ci ildönümü tamam olur
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli qadın şairlərindən olan, Cənub mövzusunda bənzərsiz poeziya nümunələri yaradan, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 97-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, məhrumiyyətlərə, çətinliklərə, sıxıntılara baxmayaraq, Mədinə Gülgün ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. “Yer üzündə bir evim var, Ocağı daim yanar. Onun sönməz şöləsindən, Ürəyim işıqlanar”-, deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilmişdi.
Sonradan Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları ötən əsrin 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.
Tanınmış şairin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma Vətənə övlad məhəbbətində yoğurulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.
Onun əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib.
“Şeirdi həyatda sərvətim mənim” deyən şairin yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir.
Qəlbi Cənub həsrəti ilə döyünən Xalq şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib.
Yaşının ağbirçək çağlarında Vətən dərdli şairin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopub. Şəhidlərə də ürəkdən ağlayaraq “Bu şəhid balaların ölən vaxtı deyildi!...” deyərək onların dərdini də öz dərdinə qatıb, qan-yaş töküb, fəğan qoparıb.
Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Nə qədər ömrüm var sönməyəcəkdi,
Yaşamaq, yaratmaq həvəsim mənim!-, deyən şairin məğrur, bir az da nisgilli poeziyası heç zaman öz dəyərini itirməyəcək.
Başlanğıcını “Zəfər Yolu”ndan götürən və yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşən Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşır.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun yeni torpaq yatağının və yol əsasının inşası tam olaraq yekunlaşıb.
Yolun 11-km hissəsində asfalt örtüyünün alt layı döşənib. Yolboyu atmosfer sularının ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik 15 suötürücü boru, 7 ehtiyat keçidi, həmçinin dərə sularının ötürülməsi üçün 1 dördbucaqlı su keçidinin tikintisi də sona çatıb.
Yolun 6,7 kilometrində “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində uzunluğu 18 metr, eni isə 21 metr olan bir aşırımlı körpü inşa edilib.
Füzuli-Hadrut avtomobil yolu işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçir. O, 4 hərəkət zolağından ibarətdir. Hərəkət zolaqlarına uyğun olaraq yol yatağının eni müvafiq olaraq 21,5 metr, yolun hərəkət hissəsinin eni isə 14 metr təşkil edir.