Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb

    Qız Qalasının qarşısında yerləşən körpü təmir işləri üçün bağlanıb.

    Bu barədə Reporta "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

    Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq körpü üzərində piyadaların hərəkəti məhdudlaşdırılacaq.

    Məlumata görə, körpünün aşırımlarının bərpasının 10 fevral tarixinə qədər yekunlaşdırılması nəzərdə tutulub.

    İdarə müvəqqəti narahatlığa görə İçərişəhərin sakinlərindən və qonaqlardan üzr istəyib.

  • Türk ölkələri qadın sənətkarlarının sərgi-yarmarkası keçiriləcək

    Azərbaycanın və Özbəkistan birgə təşkilatçılığı ilə Bakıda türk ölkələrinin qadın sənətkarlarının beynəlxalq sərgi-yarmarkası keçiriləcək.

    Report xəbər verir ki, bu barədə Özbəkistanın "Dunya” xəbər agentliyi məlumat yayıb.

    Bildirilib ki, bu məqsədlə Özbəkistan səfirliyinin dəstəyi ilə “Xünərmand” (İncəsənət) Assosiasiyasının Namanqan bölgəsi üzrə şöbəsinin müdiri Zohidjon Vəliyev və Azərbaycan Qadınlar Assosiasiyasının icraçı direktoru Roza Zərif arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması məqsədilə onlayn danışıqlar aparılıb.

    Məlumata görə, tərəflər Özbəkistan və Azərbaycan sənətkarları arasında sıx əməkdaşlığın qurulmasının dövlətlərarası əlaqələrin, o cümlədən mədəni-humanitar mübadilə sahələrində gələcək inkişaf dinamikasına müsbət təsir edəcəyini təsdiqləyiblər. Onlar öz fikirlərini iki qardaş xalqın qədim və orijinal tarixi, mədəniyyəti və adət-ənənələri ilə dəstəkləyiblər.

    Vurğulanıb ki, danışıqlar nəticəsində tərəflər aprelin əvvəlində Bakıda türk ölkələrinin qadın sənətkarlarının beynəlxalq əl işləri sərgi-yarmarkasının birgə hazırlanması və keçirilməsi barədə razılığa gəliblər.

  • “KazMunayQaz” və “AbuDhabi Ports” Xəzərdə birgə müəssisə yaradır

    “KazMunayQaz” və “Abu Dhabi Ports Company” arasında Xəzər və Qara dənizlərdə dəniz donanmasının və sahil infrastrukturunun inkişafı sahəsində əməkdaşlığı nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalanıb.

    “Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb.

    Bu sənəd Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı imzalanıb.

    Strateji tərəfdaşlıq sazişi əsasən, tərəflər Xəzər dənizində neft-qaz layihələri üçün dəniz xidmətlərinin göstərilməsi üçün Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında birgə müəssisə yaradacaq. Üstəlik, onlar birgə müəssisədə “Kazmortransflot” və “International Maritime Investments Ltd” törəmə müəssisələri vasitəsilə iştirak etmək niyyətindədirlər.

    Müqaviləyə əsasən, tərəflər Qazaxıstan neftinin ixracı üçün alternativ marşrutların inkişafı nəzərə alınmaqla Xəzərdə dəniz layihələrinin dəstəklənməsi üçün donanma (müxtəlif tipli kiçik gəmilər), habelə tanker donanması yaradacaqlar (Aktau limanı vasitəsilə Azərbaycan istiqamətində).

  • Dünyaşöhrətli aktrisa Cina Lollobricida vəfat edib

    Məşhur italiyalı aktrisa Cina Lollobricida vəfat edib.

    AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa 96 yaşında dünyasını dəyişib.

    Qeyd edək ki, akrisa kinoda ilk dəfə 1946-cı ildə debüt edib. Onun kino karyerası 1973-cü ildə yekunlaşsa da, 1997-ci ilə qədər filmlərdə rol alıb. C.Lollobricida, həmçinin 1947-ci ildə Miss İtaliya gözəllik müsabiqəsində üçüncü yeri tutub. 1950-1951-ci illərdə isə ardıcıl üç italyan filmində baş rollarda çəkilib. Aktrisaya dünya şöhrətini gətirən film isə fransız kinorejissoru Kristian Jakın “Fanfan-Tyulpan” filmindəki gözəl Adeline obrazı olub. Digər məşhur filmləri isə “Bir gecəlik gəlin”, “Böyük oyun” və “Dünyanın ən gözəl qadını (Gözəl, lakin təhlükəli)” adlı ekran əsərləridir. Cina Lollobricida 50 il ərzində Avropa və ABŞ-da 60-dan çox filmə çəkilib. Onun ən diqqətçəkən rollarından biri də Jan Delannuanın rejissoru olduğu “Notr-Dam Katedralı” filmindəki Esmeralda obrazı olub.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Şuşa şəhəri ilə bağlı layihələrini davam etdirir

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva dünyaca məşhur azərbaycanlı fotoqraf Reza Deqati ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum tərəfindən 2022-ci ilin dekabrında Türkiyənin Bursa şəhərində təşkil olunan “Şuşa günləri” çərçivəsində keçirilmiş Reza Deqatinin Qarabağın qədim tarixini və zəngin mədəniyyətini əks etdirən “Azərbaycanın incisi Şuşa” adlı fotosərgisini xatırlayaraq, onun Bursa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.

    Fondun prezidenti türk dünyasının çoxəsrlik zəngin irsinin geniş təbliğinin önəmindən, təşkilatın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri ilə bağlı layihələrindən danışıb.

    Reza Deqati Fondun türkdilli xalqların tarixinin, elmi-mədəni irsinin öyrənilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib.

    Görüşdə həmçinin Reza Deqatinin Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Türk Dünyasının mədəni irsinin qorunması və təbliğ edilməsi ilə bağlı gələcək layihələrində fəal təmsil olunması məsələsi müzakirə olunub.

    Görüş qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

  • Dövlət Turizm Agentliyi: İki regional turizm şurasının yaradılması nəzərdə tutulub

    “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən “Turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institusional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi” fəaliyyəti üzrə ən azı 2 regional turizm şurasının yaradılması nəzərdə tutulub.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, regional turizm şuralarının yaradılmasında əsas məqsəd turizm sektoru iştirakçılarının fəaliyyətinin mütəmadi dialoq formasında əlaqələndirilməsi mexanizminin qurulması, regional səviyyədə turizmin inkişafı ilə əlaqədar bütün tərəfləri bir araya gətirmək, əlaqələndirmək və mövcud resursları regional səviyyədə turizm inkişafına səfərbər etməkdir.

    “Hazırda regional turizm şuralarının yaradılması üçün nümunəvi əsasnamə üzrə normativ sənəd layihəsi üzərində iş aparılır. Normativ sənəd qəbul olunduqdan sonra seçilmiş regionlar üzrə regional turizm şuralarının yaradılmasına başlanacaq”,- deyə məlumatda vurğulanır.

  • Akademik Musiqili Teatr yeni premyeraya hazırlaşır

    Fevralın 4-ü Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun ad günüdür. Bu münasibətlə də Akademik Musiqili Teatrda (rus bölməsində) bəstəkarın “Nəğməmə inan” musiqili komediyası (libretto və mahnıların mətini Mixail Şerbaçenko, redaktəsi Cavid İmamverdiyevə məxsusdur) səhnələşdirilir.

    AZƏRTAC xəbər verir ki, səhnə işinin quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanov, dirijoru Səməd Süleymanlıdır.

    Səhnə əsərində rolları Fərid Əliyev (Sərvər Səttarov), Nərgiz Kərimova (Tatyana Voloşina), Emil Heydərov (Şahmar Kərimov), Mehriban Zalıyeva (Vika Petroviç), Rauf Babayev (İqor Qudimov), Boris Qrafkin (Boris Qrafkin) oynayırlar. Tamaşada xor və balet artistləri də iştirak edirlər.

    Fevralın 4-5-də premyerası nəzərdə tutulmuş tamaşada hadisələr iki yaradıcı insan arasında münasibətlərdən bəhs edir. Rejissor tamaşaçılar üçün maraqlı qalsın deyə hadisələri açmasa da, əsas ideya məhəbbət və fədakarlıqdır.

    Qeyd edək ki, bu tamaşadakı mahnıların bir qismi indi də Polad Bülbüloğlunun repertuarındadır.

  • “Wikipediya”da Xurşidbanu Natəvan haqqında özbək dilində bölmə istifadəyə verilib

    Azərbaycanın Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XIX əsr Azərbaycanın bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvan haqqında “Wikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində “Xurshidbonu Notavon” adlı bölmə istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” heyəti tərəfindən yaradılmış bölmədə şairənin həyatı və yaradıcılığı, Azərbaycan ədəbiyyatına və incəsənətinə verdiyi töhfələr, ictimai fəaliyyəti və s. məlumatlar yer alıb.

    Burada qeyd olunur ki, Qarabağ xanlığının sonuncu varisi Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci il avqustun 6-da Şuşada anadan olub və Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir.

    Bölmədə Xurşidbanu Natəvan parlaq istedada, qabaqcıl ideallara malik, habelə Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuş bir şəxsiyyət kimi təqdim edilmişdir.

    Xurşidbanu Natəvan haqqında səhifə ümumilikdə 12 bölmədən ibarətdir və hər bir bölmədə müvafiq olaraq şairənin həyatı, yaradıcılığı, ailə şəcərəsi, əsərləri, ictimai fəaliyyəti və s. məlumatlar verilib. Misal üçün, səhifənin “Meros” (İrsi) adlı bölməsində şairənin adına küçə, klub, kitabxana, məktəb yaradılması, Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılması əks olunub. Qeyd olunur ki, Xurşidbanu Natəvanın Bakı şəhərində heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi, Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində abidəsi qoyulub.

    Səhifədə 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verilib.

    Səhifədə Şuşada dövrün ədəbi mühiti və şairə Xurşidbanu Natəvanın burada yaratdığı “Məclisi-üns” (dostluq, ülfət məclisi) haqqında geniş materiallar öz əksini tapmışdır. Burada məlumat verilir ki, XIX əsrdə bölgələrdə poetik məclislərin yaranması geniş vüsət almışdır. Bakı, Naxçıvan, Şamaxı, Lənkəran, Qubada, Gəncədə poetik məclislər yaranmış və məclislərdə dövrünün tanınmış şairləri, ziyalıları bir araya gəlirdilər. Şuşada isə iki belə bir məclis yaranmışdı ki, onlardan biri “Məclisi-üns”, digəri isə Mir Möhsün Nəvvabın yaratmış olduğu “Məclisi-fəramuşan”dır. Hər iki poetik məclis də eyni dövrdə qala-şəhərdə fəaliyyətini davam etdirib.

    Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi çərçivəsində ilk dəfə olaraq 2022-ci ildə “Məclisi-fəramuşan” poeziya məclisi bərpa olunub, Azərbaycanın və Özbəkistanın şairlərinin iştirakı ilə Şuşada görüşlər, onlayn poeziya tədbirləri keçirilib.

    Bölmədə Xurşidbanu Natəvanın şeirləri, haqqında çap olunmuş kitabların siyahısı da öz əksini tapıb. Burada məlumat verilir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən də Xurşidbanu Natəvanın şeirləri özbək dilinə tərcümə olunaraq nəşr edilib.

    “Wikipediya” Elektron Ensiklopediyasında Xurşidbanu Natəvan haqqında özbək dilində məlumatlarla https://uz.wikipedia.org/wiki/Xurshidbonu_Notavon link vasitəsilə tanış olmaq mümkündür.

  • İstanbulda “Türk dünyasından Şuşaya -Şuşadan Türk dünyasına” kitabının təqdimatı keçirilib

    Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi həyata keçirilir. Layihə çərçivəsində türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub. “Türk dünyasından Şuşaya - Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan və Qırğız Respublikasından olan yazarların Şuşa mövzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb.

    Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimatı olub.

    Bu barədə AZƏRTAC-a məlumat verən Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar bildirib ki, tədbirdə Türkiyənin və Azərbaycanın ədəbiyyat adamları, media nümayəndələri və oxucular iştirak ediblər.

    Tədbiri giriş sözü ilə Türk Ədəbiyyatı Vəqfinin rəhbəri, görkəmli şair Sərhat Kabaklı açaraq Şuşa şəhərinin Azərbaycan üçün mənəvi dəyərindən, Azərbaycanın qazandığı Qələbədən, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının önəmindən bəhs edib.

    Layihənin rəhbəri, Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşar türk dünyası gənc yazarlarının Şuşaya ünvanlanmış mətnlərindən ibarət kitabın önəmindən bəhs edərək, gələcəyə ünvanlanmış bu kimi nəşrlərin artacağına ümid etdiyini söyləyib.

    Daha sonra tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən bəhs ediblər.

    Sonda Şuşa şəhərində çəkilmiş fotoşəkillərdən ibarət sərgi nümayiş olunub və layihədə fəal iştirak edənlər mükafatlandırılıb.

  • “Avatar 2: Suyun yolu” filmi növbəti uğura imza atıb

    “Avatar 2: Suyun yolu” fantastik filmi dünya üzrə 1,9 milyard dollardan çox gəlir əldə edib. Beləliklə, gəlir üzrə iki milyard dollar həddi keçmək perspektivi gerçəkləşdikcə, ekran əsərinin əvvəlcədən elan edilmiş bir neçə bölümünün istehsalına başlanılması da reallaşa bilər.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında filmin rejissoru Ceyms Kameron söyləyib. O təsdiqləyib ki, gələcəkdə tamaşaçıları oda sitayiş edən aborigen tayfaları ilə də tanış etmək niyyətindədir. O, od mövzulu “Avatar 3” bölümünün də ola biləcəyini açıqlayıb.

    "Filmin növbəti bölümündə od simvolik məqsəd daşıyır və xüsusi olaraq bu konsepsiya ətrafında qurulmuş bir mədəniyyətə toxunulacaq. Hələlik bu barədə təkcə bunu deyə bilərəm ki, növbəti filmdə izləyicilərin iki tamamilə yeni mədəniyyətlə tanış olmaq imkanı olacaq. Biz artıq Omatikaya və Metkayina ilə görüşmüşük. Növbəti filmdə isə siz Pandora dünyasında bir az daha sərbəst olan digər mədəniyyətlərlə də tanış olacaqsınız”, - deyə rejissor şərh edib.

    Qeyd edək ki, “Avatar 3”ün nümayişi 2024-cü ilin dekabrında gözlənilir.