Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərslik çap olunub

    Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” adlı dərslik işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, dərslikdə peşəkar kino-teleoperator və fotoqraflara kinematoqrafiya və foto sənətində istifadə olunan informasiya daşıyıcıları və işığahəssas qəbuledicilər, real görüntünün rəqəmsal informasiyaya və daha sonra optik təsvirə transformasiya üsulları, işığahəssas qəbuledicilərin həndəsi parametrləri, onların fotoqrafik xassələri, çəkiliş anında və yaxud sonrakı mərhələlərdə həmin xassə göstəricilərinin tənzimlənmə metodları haqqında, kino-fotolent və işığahəssas sensorların fotoqrafik xassələri arasında mövcud olan oxşar və fərqli cəhətlərlə bağlı bilgilər öz əksini tapıb.

    Rafiq Quliyev bildirib ki, son illərdə tanınmış kinooperatorların uğurlu təcrübəsinə əsasən hətta, rəqəmsal kameralardan istifadə etməklə yüksək fotoqrafik keyfiyyətə, müəlliflərin nəzərdə tutduqları psixoestetik təsirə malik ekran görüntülərinə nail olmaq mümkündür: “Bunun üçün daim təkmilləşən rəqəmsal işığahəssas qəbuledicilərin həndəsi, fotoqrafik parametrləri, onların tənzimlənmə üsulları, ilkin görüntülərin transformasiyasının, rəng ayarlamalarının düzgün aparılması ilə bağlı biliklərə yiyələnmək zəruridir”.

    Dərsliyin elmi redaktoru Əməkdar incəsənət xadimi, rejissor Cəmil Quliyev, rəyçiləri - Əməkdar incəsənət xadimləri Rəfail Qəmbərov, Adil Abbasov və Nizami Abbasovdur.

    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən dərsliyin nəşri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən maliyyələşdirilib.

    Xatırladaq ki, Rafiq Quliyev 20-dən artıq bədii, 40-a yaxın sənədli film üzərində rejissor, operator və ssenari müəllifi kimi çalışıb.

  • Filarmoniyada abonement konsertlər davam edir

    Ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təşkil olunan abonement konsertlər cari ilin yanvarında da davam etdiriləcək.

    AZƏRTAC xəbər verir ki, konsertlər hər həftənin şənbə günləri saat 15:00-da Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında keçiriləcək.

    Belə ki, yanvarın 14-də F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu “Mahnı çələngi” adlı konserti ilə dinləyicilərin qarşısına çıxacaq. Yanvarın 21-də Azərbaycan Dövlət Simli Kvartetinin Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konserti keçiriləcək. Yanvarın 28-də isə son abonement konsertində “Cadenza” orkestri məktəblilər üçün maraqlı proqram təqdim edəcək.

    Konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.

  • Milli Kitabxanada Nizami Gəncəvinin nadir əlyazmalarının digital nüsxələrinin təqdimatı olacaq

    Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Milli-mənəvi sərvətlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan böyük Azərbaycan şairi Nizami Gəncəvinin 156 nadir əlyazmasının digital (elektron) nüsxələrinin ölkəmizə gətirilməsini təmin edib.

    Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu qiymətli əlyazmaların 30 nüsxəsi hər biri 1 nüsxə olmaqla nəfis şəkildə çap olunaraq nadir kitablar fonduna daxil olunub.

    Araşdırma zamanı onların arasında dahi Nizaminin şeirlərinin də yer aldığı 1295-ci ildə köçürülən və böyük şairin ən qədim əlyazması olduğu ehtimal edilən nüsxənin olduğu və 1312-ci ildə köçürülmüş ən qədim “Xəmsə” əlyazması da aşkar olunub.

    Yanvarın 10-da Milli Kitabxanada həmin nadir nüsxələrin mütəxəssislərə, elmi və geniş ictimaiyyətə təqdimat mərasimi keçiriləcək.

  • "Azərbaycan Sığortaçılar Assosiasiyası" vətəndaşlara xəbərdarlıq edib

    "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi qarlı-şaxtalı hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

    Reportun məlumatına görə, qurum bəyan edib ki, baş verə biləcək xoşagəlməz hadisələr nəticəsində yarana biləcək maddi zərərin ödənilməsi üçün əvvəlcədən sığorta xidmətlərindən istifadə etmək - sığortalanmaq lazımdır.

    "ASA olaraq bildirmək istəyirik ki, bu kimi hava şəraitində intensiv qeydə alınan avtonəqliyyat vasitələrinin toqquşması, daşınar və daşınmaz əmlakların üzərinə buz parçası düşməsi, elektrik xətlərinin yüklənməsi ilə əlaqədar qısa qapanmalar hesabına yanğınlar sığorta hadisəsi hesab olunur. Hava temperaturunun ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacağını, bu cür havanın yanvarın 12-nə qədər davam edəcəyini nəzərə alaraq vətəndaşları diqqətli olmağa və yuxarıda qeyd etdiyimiz tövsiyələrə əməl etməyə çağırırıq", - deyə açıqlamada qeyd olunub.

    Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 9-dan 12-na qədər avtomobil yollarının (Bakı və Abşeron yarımadasının, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Qorağan-Qax-Zaqatala, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Ağdərə, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Hacıqabul-Şirvan, Masallı-Yardımlı, Lənkəran-Lerik avtomobil yollarının buz bağlayacağı gözlənilir. Bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 100-600 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.

  • AZAL Bakıdan Almatıya uçuşlara başlayır

    "Azərbaycan Hava Yolları" QSC (AZAL) martda Bakıdan Qazaxıstanın Almatı şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

    Report AZAL-a istinadən xəbər verir ki, aviareyslər həftənin çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

    Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən qüvvədə olan məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

    Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları bu ölkəyə giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://www.azal.az/az/information/covid-kazakhstan.

    Azərbaycana giriş qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

    https://www.azal.az/az/information/covid-azerbaijan.

    Hazırda AZAL-ın aşağı büdcəli törəməsi - “Buta Airways” şirkəti də həftədə üç dəfə Bakı-Almatı-Bakı marşrutu üzrə uçuşlar yerinə yetirir.

  • Azərbaycan Mərkəzi Bankı məcburi ehtiyat normalarını yeniləyib

    Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə məcburi ehtiyat normaları yenilənib.

    Report quruma istinadən xəbər verir ki, normalar aşağıdakı kimi müəyyənləşdirilib:

    - milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5%;

    - xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6%;

    - milli valyutada hüquqi şəxslərin depozitləri üzrə:

    - milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 1 milyard manata qədər olan hissəsi üzrə 5%;

    - milli valyutada hüquqi şəxslərin depozitlərinin 1 milyard manatı üstələyən hissəsi üzrə 10%;

    - xarici valyutada hüquqi şəxslərin depozitləri üzrə:

    - xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 750 milyon manat ekvivalentinə qədər olan hissəsi üzrə 6%;

    - xarici valyutada hüquqi şəxslərin depozitlərinin 750 milyon manat ekvivalentini üstələyən hissəsi üzrə 12%;

    - qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 5%.

    Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılıb.

    Qiymətləndirmələrə görə məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektoru üzrə manatla və xarici valyutada öhdəliklərin maya dəyərinə orta hesabla müvafiq olaraq cəmisi 0,16% və 0,01% artırıcı təsir göstərir.

    Qərara alınıb ki, bu aydan bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (yəni 2023-cü ilin 15 fevral tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar.

    “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılıb.

  • Aktyor Xudu Mürsəlov vəfat edib

    Aktyor Xudu Mürsəlov vəfat edib.

    Report xəbər verir ki, bu barədə sənətkarın dostları sosial şəbəkələrdə məlumat yayıblar.

    Onun ölüm səbəbi barədə məlumat verilmir.

    Allah rəhmət eləsin!

  • “Çeburaşka” cizgi filmi ən çox gəlir gətirən ilk on film layihəsində yer alıb

    Rusiyanın “Soyuzmultfilm” studiyasının hazırladığı sevimli cizgi film olan “Çeburaşka” yerli kassada yüksək gəlir əldə edərək, rekord vurmağa davam edir.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, rejissoru Dmitri Dyaçenko olan animasiya filminin nümayişindən cəmi beş gün sonra onun kassa gəlirləri iki milyard rublu keçib.

    Beləliklə, “Çeburaşka” artıq Rusiya kino bazarı tarixində ən çox gəlir gətirən ilk on film layihəsində yer alıb və davamlı pul qazanma sürətinə görə onun yaxın vaxtlarda ilk üçlükdə olmaq şansı var.

    Qeyd edək ki, indiyədək Rusiyada “Çeburaşka”nın ən yaxın rəqibləri “Zveropolis” cizgi filmi və “Karib dənizinin quldurları 5: Ölülər nağıl danışmır” filmidir.

  • Azərbaycanda enerji menecmenti sistemi üzrə dövlət standartı qəbul edilib

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu AZS ISO/IEC 50001:2022 “Enerji menecment sistemləri - Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartını qəbul edib.

    Report Dövlət Xidmətinə istinadən xəbər verir ki,standartın qəbulu ölkədə enerjidən istifadənin səmərəliliyinin yüksəldilməsi, enerji menecmenti sahəsinə dair tələblərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun formalaşdırılması, enerjidən səmərəsiz istifadənin qarşısının alınması, eləcə də bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

    Yeni standartın tətbiqi enerji effektivliyini artırmaq üçün zəruri olan sistemlər və proseslərin tətbiqinə imkan yaratmaqla, istehlakçılara və təşkilatlara maliyyə vəsaitlərinə və enerji resurslarına qənaət etməyə kömək edəcək.

  • Azərbaycanda “Elektron kredit və zəmanət” informasiya sistemi yaradılacaq

    Nazirlər Kabineti “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsini altı ay müddətində təsdiq edib ölkə prezidentinə məlumat verməlidir.

    Report xəbər verir ki, bu, dövlət başçısının işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 18 dekabr 2018-ci il tarixli fərmanında etdiyi dəyişiklikdə öz əksini tapıb.

    Azərbaycan hökuməti həmçinin fərmandan irəli gələn digər məsələləri həll etməlidir.