İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birgə təşkil etdiyi faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərracda Salyan rayonunda yerləşən “Babazənən-III” gilcə yatağının 13 hektar sahəsi istifadəyə verilib.
Bu barədə Reporta Dövlət Xidmətindən bildirilib.
Hərracın qalibi "Körpü-Bina-Tİkinti" MMC olub.
Bənzərsiz yaradıcılığı ilə özündən sonrakı aktyor nəsillərinə örnək olan, intəhasız zəhməti ilə sənətin uca zirvələrinə yüksələn sənətkarlarımızdan biri də Xalq artisti İsmayıl Dağıstanlı olub. Azərbaycanın və SSRİ-nin Xalq artisti, görkəmli sənətkar İsmayıl Dağıstanlı sənətin, səhnənin ona ehtiyacı olduğu, ən gərəkli, lazımlı vaxtlarda səhnəyə çıxıb. Məsləyinə sarılaraq müxtəlif xarakterli rolları maraqlı, koloritli təqdim etməklə çoxsaylı tamaşaçı auditoriyasının diqqətini çəkib, sevgisini qazanıb.
AZƏRTAC unudulmaz sənətkarımızın anadan olmasının 116-cı ildönümündə onun sənət dünyasına qısa nəzər salır.
1907-ci il yanvarın 6-da Qax rayonunun Zərnə kəndində dünyaya gələn İsmayıl Dağıstanlı teatr fəaliyyətinə 1925-ci ildə Şəki mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. 1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. Həmçinin 1927-ci ildən təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-1937) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933).
1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda özünəməxsus tərzdə və orijinal üslubda maraqlı obrazlar qalereyası yaradıb.
Müasirləri, görkəmli sənət adamları onun yaradıcılığını, aktyorluq qüdrətini yüksək qiymətləndiriblər. Tanınmış rejissor və pedaqoq Aleksandr Tuqanov İ.Dağıstanlı haqqında söz düşəndə deyərmiş: “İsmayıl Dağıstanlı Şekspir obrazlarını oynamaq üçün səhnəyə gəlib”.
U.Şekspirin “Otello”, A.N.Ostrovskinin “Tufan”, A.P.Çexovun “Vanya dayı”, C.Cabbarlının “1905-ci ildə”, “Od gəlini”, S.Vurğunun “Vaqif”, “Xanlar” və s. tamaşalarda ifa etdiyi baş rollar İ.Dağıstanlının geniş diapazonlu aktyor olduğunu göstərib.
Akademik Dram Teatrının aparıcı aktyorlarından olan sənətkar geniş potensiala və sənət duyumuna görə kinorejissorların diqqətini çəkib, müxtəlif janrlı 10-a yaxın filmdə yaddaqalımlı ekran obrazları yaradıb.
Kinoda görkəmli kinorejissorlardan Hüseyn Seyidzadə, Ağarza Quliyev, Rza Təhmasib, Mikayıl Mikayılov və digər sənətkarlarla işləyən aktyor yaradıcılıq qismətinə düşən rollarını dolğun və inandırıcı oynamağa müvəffəq olub.
Kinoda debüt (Səbuhi) rolunu “Səbuhi” filmində ifa edən İsmayıl Dağıstanlı Azərbaycan maarifçisi, dramaturqu, filosofu Mirzə Fətəli Axundzadənin prototipini özünəməxsus ifa və jestlərlə yaradıb. Dövrünün qabaqcıl ideyaları uğrunda mübariz kimi çıxış edən mütəfəkkirin həyat mövqeyini, düşüncələrini inandırıcı göstərməyə nail olub.
Filmdə Mirzə Fətəli Axundzadə dövrünün reallıqları fonunda xalqını kədərdən, bədbinliklərdən, əsarət içində yaşamaqdan qurtarmağa çalışan, bu yolda bilik və bacarığını əsirgəməyən mübariz ədibin nigarançılığını, ictimai mövqeyini, ədəbi və ictimai fəaliyyətini izləyirik. Obrazın təfsirində yaxın keçmişin tarixi gerçəkliklərini görür, məzlumların kədərli həyat hekayələrini müşahidə edirik.
İstedadlı aktyorun “Koroğlu” tarixi-bioqrafik filmində oynadığı vəzir surəti də orijinal üslub tərzinə görə maraqlı və baxımlıdır. Azərbaycan xalqının yadelli işğalçılara və yerli zülmkarlara qarşı apardığı mübarizədən bəhs edən filmdə vəzir obrazının təfsirində dövrünün insanlarını əsarət altında saxlayan zülmkar vəzirin insanlara yaşatdığı faciələrin şahidinə çevrilir, feodal-cəmiyyət münasibətlərini, haqsızlıqların sonsuzluğunu görürük.
Ümumiyyətlə hər bir yaradıcılığı ilə peşə bilicisi kimi tanınan İsmayıl Dağıstanlının fərdi yaradıcılığı orijinal zəmin üzərində yaranmış, özünəməxsus tərz və üslubda inkişaf etmişdir. Aktyorun digər ekran rolları, o cümlədən “Böyük dayaq” sosial dramındakı Kərəmoğlu, “Kölgələr sürünür” dram-macəra filmindəki Zahidov, “Qara daşlar” dram-macəra filmindəki Aslanov və digər rolları ekran əsərlərinin ideya-məzmununun tamamlanmasına, filmlərin maraqla izlənməsinə təkan verib.
Ömrünün 50 ildən çoxunu sənətə həsr edən, sənəti daim uca tutan aktyor bir neçə müddət pedaqoji fəaliyyət göstərib, Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Həmçinin o, bir neçə aktyor və teatr haqqında kitabların müəllifidir.
Görkəmli sənətkar sənətdə qazandığı uğurlarına görə 1940-cı ildə respublikanın Əməkdar artisti, 1949-cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Xalq yazıçısı Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesi əsasında hazırlanan tamaşadakı Kirov roluna görə Stalin mükafatı (1948), Xalq yazıçısı İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” dramındakı Böyük bəy roluna görə isə Dövlət mükafatı ilə təltif olunub (1972).
İsmayıl Dağıstanlı 1980-ci il aprel 1-də vəfat edib.
Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələn bütün səy və imkanları əsirgəməyiblər. Belə sənət adamlarından biri də tanınmış teatr və kino aktyoru, Əməkdar artist Nəcibə Behbudovadır.
AZƏRTAC xəbər verir ki, bu gün Nəcibə Behbudovanın anadan olmasından 109 il ötür.
Nəcibə Məcid qızı Behbudova 1914-cü il yanvarın 6-da Tiflisdə anadan olub. O, tanınmış müğənni Rəşid Behbudovun böyük bacısıdır. Atası Məcid Behbudov el xanəndəsi kimi tanınıb. Anası Firuzə Vəkilova isə müəllimə işləyib. Altı yaşında olanda Tiflisdəki əmək məktəbinə gedib. Nəcibə xanım doqquz yaşında olanda məktəbdə oxumaqla yanaşı, Nəriman Nərimanov adına klubun dram və rəqs dərnəklərinə üzv olub. Məktəbi 1930-cu ildə bitirib.
1931-ci ildə Bakıya gəlib və burda Hidrologiya Texnikumuna daxil olub. Dinləyici kimi Bülbülün Konservatoriyadakı sinfinə gedib və vokal ifaçılığının müəyyən peşəkarlıq xüsusiyyətlərinə yiyələnib. Hətta konsertlərdə müğənni kimi çıxış edib. Lakin 1933-cü ildə anası rəhmətə getdiyi üçün Tiflisə qayıdıb. Bir müddətdən sonra Mirzə Fətəli Axundzadə adına Tiflis Azərbaycan Teatrının truppasına daxil olub. Əvvəlcə tamaşalara dəvətli aktrisa kimi çıxış edib. 1937- 1939-cu illərdə teatrın aktyor ştatında olub.
Aktrisa 1940-cı ildə yenidən Tiflis teatrına dəvət edilib. 1941-1945-ci illərdəki Böyük Vətən müharibəsi dövründə həm teatrda aktrisalıq edib, həm də bir sıra mədəni-maarif müəssisələrində yeniyetmələrin incəsənətə yiyələnmələri sahəsində səmərəli işlər görüb. Nəcibə Behbudova Tiflis teatrında repertuarındakı sanballı tamaşalarda çıxış edib.
1947-ci ildə Nəcibə Behbudova Bakıya gəlib və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul edilib. Tipik məişət personajlarını xüsusi şövqlə oynayıb.
Nəcibə Behbudova “Ulduz” (Tamam), “Araqarışdıranlar” (Sona xala), “Bəyin oğurlanması” (Bibixanım), “Fəryad” (erməni axçısı) filmlərində çəkilib. Teatr sənətindəki xidmətlərinə görə 1974-cü ildə “Əməkdar artist” fəxri adına layiq görülüb.
Aktrisa 1999-cu il dekabrın 7-də Bakıda vəfat edib.
Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin vəfatından 85 il ötür.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.
Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:
Mən gəncəm, bilirəm, istiqbalım var,
Hələ bədr olmamış bir hilalım var,
Yelkənim açılır, qara yel, əsmə!
Mənim bu dəryada bir sandalım var
Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”
Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.
Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.
Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
Yanvarın 5-də Bakı Fotoqrafiya Evində “Sehrli Qala” festivalı çərçivəsində ölkəmizin qış mənzərələrini əks etdirən fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova sərginin əhəmiyyətindən danışaraq, Mərkəzin təşkilatçılığı ilə açılan bu sərginin 2023-cü il üçün ilk tədbirlər sırasında olduğunu bildirib. O deyib ki, “Azərbaycanın qış gözəllikləri” adlı sərginin təşkilində məqsəd ölkəmizin qış gözəlliyini nümayiş etdirmək, əhalinin diqqətini Azərbaycanın təbiətinə yönəltmək, gənclərin mənzərə fotoqraflığına marağını artırmaq və bu istiqamətdə istedadlı müəlliflərə dəstək olmaqdır.
Tədbirin kuratoru, fotoqraf Rüstəm Hüseynov və fotoqraf Aydın Mehdiyev sərgidə iştirak edən bütün fotoqrafları təbrik edərək, bu cür sərgilərin açılmasının gözəl və vacib iş olduğunu vurğulayıblar. Bildirilib ki, layihənin ideyası adətən isti mövsüm mənzərələrini əks etdirən sərgiləri ziyarət edərkən yaranıb. Düşünülüb ki, həmin sərgilərdə qış mənzərələrini də əks etdirən fotoların yer alması daha maraqlı ola bilər. Bütün bu gözəlliklər diqqətdən yayınmayıb və geniş ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, sərgi yanvarın 12-dək davam edəcək.
Qarabağ xanı İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın bibisi, tarixi qaynaqlarda haqqında Qacar xanədanından olan Fətəli şahın xanımı kimi bəhs edilən Ağabəyim ağa Cavanşir Azərbaycan, fars dillərində yazdığı lirik şeirləri ilə klassik ədəbi irsimizi zənginləşdirib. Xalqın dillər əzbəri olan, lakin zamanla müəllifi unudulan bir çox bayatı və lirik parçaların Ağabəyim ağaya aid olduğu ədəbiyyatşünaslıq tədqiqatları sayəsində təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Vəfalı xan qızı - Ağabəyim ağa” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
1780-ci ildə Şuşada anadan olan Ağabəyim ağa Cavanşir ilk gənclik illərindən “Ağabacı” təxəllüsü ilə lirik-aşiqanə şeirlər yazıb. Milli ədəbiyyatımızın bu zərif, kövrək ruhlu, əsilzadə şairinin yaradıcılığında Vətən mövzusu daha önəmli yer tutub. Onun əsərlərində Qarabağ sevgisi, el-oba həsrəti aparıcı bədii motivlər kimi diqqət mərkəzində olub.
Dönəmin siyasi hadisələri xan qızının taleyinə amansız zərbələr vuraraq onu vətənindən, doğmalarından ayrı salıb. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun qardaşı Hüseynqulu xanın oğlu Fətəli şah çıxır və öz hakimiyyətinin təhlükəsizliyini təmin etmək üçün bir sıra qərarlar verir. Həmin qərarlardan biri də Qarabağ xanlığı ilə bağlı idi. Belə ki, Fətəli şah “hər iki tərəfin xatircəmliyi üçün” İbrahim xandan öz qızı Ağabəyim ağanı hərəmxanasına göndərməsini istəyir. İbrahim xan bu nigaha razılıq verərək, istəkli qızını Qacarlar xanədanının başçısı Fətəli şaha ərə verir. Ağabəyim ağanın gənc ömrünün kədərli, vətən həsrətli günləri də bundan sonra başlayır.
Tehrana gəlin köçməzdən əvvəl o, doğulub böyüdüyü torpaqların gözəlliyini, ürəkaçan mənzərələrini son dəfə görmək, ilahi xilqətdən yaranan əsrarəngiz meşələri, gül-çiçəkli yaylaqları, yaşıl örtüklü dağları gözlərinin yaddaşına köçürmək üçün Şuşanı gəzməyə çıxır. Baxmaqdan doymadığı ana vətəninin hər qarışını beyninə həkk edir, ruhu qanadlanıb Şuşa qalasının dörd bir tərəfini dolaşır, gözyaşı kimi dumduru bulaqların buz kimi suyundan içir, xarıbülbülün ətrini son dəfə köksünə çəkir.
Fətəli şah Qacar da şair idi, “Xaqan” təxəllüsü ilə lirik, aşiqanə qəzəllər yazırdı. Onun zərif düşüncəli, şair qəlbli Ağabəyim ağaya qarşı həssaslığı digər hərəmlərinə münasibətindən kəskin surətdə fərqlənirdi. Fətəli şah böyük ehtiram əlaməti olaraq ona “Sarayın məlaikəsi” statusunu vermişdi. Buna baxmayaraq, Ağabəyim ağa Qacar sarayının divarları arasında sıxılır, öncəki azad həyatı, doğma el-obası üçün darıxdığından daim təkliyə çəkilir, incə ruhlu şeirlər yazır – dərdini, qəmini ağ vərəqlərə “yükləyirdi”.
Ağabəyim ağa dərin dərrakəli, möhkəm hafizəli, geniş dünyagörüşlü və savadlı bir qadın olub. O, ərəb, fars, fransız dillərində səlis danışır, “Quran”ı əzbərdən bilirdi. Şeirə, sənətə böyük dəyər verən Ağabəyim ağa Məhəmməd Füzuliyə böyük dəyər verirdi. Ağabəyim ağa bir neçə dil bilməsi və dərin savadı sayəsində tez bir zamanda Fətəli şahın da güvənini qazanmış, şah dövlətin diplomatik münasibətlərində önəmli olan danışıqlara və məktublaşmalara Ağabəyim ağanı da cəlb etmişdi. Vaxtilə atası İbrahimxəlil xanın vəziri Molla Pənah Vaqifdən dərs alan Ağabəyim ağa sonralar fransız dilini öyrənərək biliklərini daha da genişləndirmiş, həmçinin dövrünün bir sıra görkəmli şəxsiyyətləri ilə məktublaşmışdı. 1811-ci ildə o, Fransa imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napoleon Bonaparta məktub göndərmişdi. 1812-ci ildə isə İngiltərə səfiri Ser Qor Ouzli Tehranda danışıqlar apardığı zaman səfirin xanımı da ölkənin birinci xanımı – saray məlaikəsi ilə görüşmək istəmişdi. Həmin görüş haqqında ingilis səyyahı və diplomatı Ceymz Moriyerin yazdıqları xüsusi maraq doğurur. Sarayın məlaikəsi Ağabacı ağa ilə görüşünü təfsilatı ilə verən Moriyer yazırdı: “Kraliça Ağabacının taxtda oturduğu böyük bir saraya daxil olmaq üçün səfirin qadınına bələdçilik etdilər. Onun əynindəki geyim Qacar dövlətinin ehtişamını göstərirdi. Kraliçanın əynindəki paltarların qızıl düymələri parıldayırdı. Kraliçanın üzərində o qədər qızıl, ləl-cavahirat var idi ki, o, sərbəst hərəkət edə bilmirdi”. Bu görüşdə səfirin xanımı Ağabəyim ağaya İngiltərə kraliçasının hədiyyəsi olan ənbər – qiymətli ətir də gətirmişdi.
İranın bir çox ölkələrlə diplomatik danışıqlarının uğurlu keçməsində Ağabəyim ağanın müstəsna rolu olmuşdur. Eləcə də Rusiya və Qacarlar imperiyaları arasında münasibətlərin barışıqla nəticələnməsi işində Ağabəyim ağanın xidmətləri danılmazdır. Rus çariçası Ağabəyim ağaya göndərdiyi məktubunda onun müdrikliyi haqqında söz açır, dövrünün bu görkəmli şəxsiyyətini “şahın ikinci Zöhrəsi”, “tale ulduzu” adlandırırdı.
Gözəlliyinin şöhrəti hər tərəfə yayılan Ağabəyim ağa son dərəcə qabiliyyətli, bacarıqlı, vətənpərvər olmaqla yanaşı, həm də çox ədalətli insan idi. O, dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmünə məhkum edilənlərin əfvinə çalışır və buna nail olurdu. Ağabəyim ağanın xidmətlərinə nəzər saldıqda onu öz dövrünün insan hüquqları müdafiəçisi kimi səciyyələndirmək olar. İrəvan xanı Hüseynqulu xanın ruslara əsir düşmüş qardaşı, yüzbaşı, “sarı aslan” ləqəbli Həsən xanın azad olunması da Ağabacı ağanın köməyi sayəsində mümkün olub.
Ağabəyim ağanın ömrü, həyat yolu həm də yenilməz bir sevgi qalası, məhəbbət abidəsidir. İlk gəncliyindən əmisi Mehralı bəyin oğlu Məhəmmədə könül verən xan qızı ömrü boyu bu sevgiyə sadiq qalıb. Siyasi münasibətləri tənzimləmək məqsədilə Fətəli şah Qacara ərə verilsə də, bu nigah yalnız kağız üstündə qalıb. Ağabəyim ağa heç vaxt Fətəli şaha zövcəlik etməyib, qəlbində başqa birinə qarşı sevgi duyduğunu cəsarətlə şah ərinə bildirib. Cümhuriyyət dönəmində Türkiyədə səfir olan Yusif Vəzir Çəmənzəminlinin də bu barədə qeydləri vardır.
Ağabəyim ağanın ən böyük sevdası isə bütün qəlbi və ruhu ilə bağlı olduğu Qarabağ idi. Qarabağın həsrəti ilə yaşayan şair qərib diyarda keçən ömrün puç olduğunu düşünürdü. Bu kədərli taleyin ən gözəl yadigarı isə onu nəsillərə sevdirən poetik incilərdir. Köksündəki Qarabağ sevgisini, Şuşa həsrətini, Xarıbülbül nisgilini bir ömür yaşadan xan qızı bu dərdlə də dünyanı tərk edib, doğma vətəninə bir daha qovuşmayıb... O, 1832-ci ildə Tehranda həyatla vidalaşıb və Darül-İman adlanan Qum şəhərində dəfn olunub. Bu həmin şəhər idi ki, Fətəli şah tərəfindən ona bağışlanmış, Ağabəyim ağa ömrünün son illərini burada yaşamışdı. Tədqiqatçıların yazdığına görə, Quma gələnə qədər imamzadə Qasım məqbərəsindəki hücrəsində tənhalığa çəkilən Ağabəyim ağa Quma köçəndən sonra ətrafına Qarabağdan gətirdiyi saray xidmətçilərini toplamışdı. Vətəninin zəkalı və tanınmış şəxslərindən ibarət olan 200-dən artıq xidmətçisi ilə Qumda yaşayan Ağabəyim ağa görünür bununla vətən həsrətini qismən azaltmaq istəmişdi. Lakin bu həsrət heç vaxt azalmamış, getdikcə alovlanmış, Qarabağın Ankası (Səməndər qızı) özünü bu alovların içində yandırmışdı...
Ağabəyim ağanın vətən dərdi Fətəli şahı da ciddi şəkildə düşündürüb, rahatsız edib. Ağabəyim ağanın təkcə gözəlliyinə deyil, ağlına, dərrakəsinə, yüksək ləyaqətinə də məftun olan, onu həddən artıq çox sevən Fətəli şah çalışırmış ki, Ağabəyim ağa heç vaxt qəmlənməsin, dərd çəkməsin. Onun darıxmaması üçün əlindən gələni edən şah arvadının vətən həsrətini, dərdini azaltmaq üçün yollar axtarıb. Buna görə Tehranda onun üçün Qarabağ üslubunda saray tikdirmişdi. Hətta bu sarayın ətrafındakı bağları, bağçaları, su arxlarını, bulaqları da Şuşadakı kimi düzəltdirmişdi. Ağabəyim ağa vətən xiffəti çəkməsin deyə çalışan şahın cəhdləri isə heç bir nəticə verməmişdi.
Ağabəyim ağa üçün heç bir dəbdəbə, sərvət, yaradılan yüksək şərait Şuşanı əvəz edə bilmirdi. Deyilənə görə, bir dəfə oxuduğu, indi dillər əzbəri olan məşhur bayatını Fətəli şah da eşidib, ürəyi riqqətə gəlib:
Mən aşiqəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ...
Bu bayatı iki əsrdən çoxdur ki, vətən həsrətində qovurulanların könül rübabını səsləndirir. Böyük məna, dərin fikir yükü olan bu lirik parça Qarabağın, musiqi beşiyimiz Şuşanın simvollarından birinə çevrilib. Bu bayatını eşitdikdən sonra Fətəli şah qərar verib, gərək Tehranda elə bir bağ saldırsın ki, Şuşada bitən ağac, meyvə, gül kolları burada da olsun. Hətta torpağı da, bağbanı da Şuşadan gətizdirərək Tehranda nəhəng bir bağ saldırıb. Qarabağın hər gülünün, çiçəyinin bitdiyi, “Vətən bağı” adlanan bu bağ cənnət guşəsinə bənzəyirmiş. Həmin bağda gəzib dolaşan, Şuşanın ətrini bu məkandan alan Ağabəyim ağa bülbüllərin nəğməsinə qulaq asıb, ağacların kölgəsində vətəninin xəyalına dalıb. Bu yaşıl libaslı bağda xarıbülbüldən başqa hər bitki vardı. Çünki xarıbülbül özgə torpaqda bitmirdi... Şuşanın vəfalı qızı Ağabəyim ağa qərib eldə kök sala bilmədiyi kimi, xarıbülbülün də vətən torpağına sadiqliyi dillərdə dastandır... Ağabəyim ağa bağı ilk dəfə seyr edəndə burada xarıbülbülün olmadığını görüncə kədərli bir şeir yazıb:
“Vətən bağı” al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Ömrünün sonuna kimi vətən həsrəti çəkən Ağabəyim ağanın bir çox şeirləri həm Arazın o tayında, həm də bu tayında – doğma el-obasında dildən-dilə keçərək yaşayıb. Bəzilərinin ona məxsus olduğu uzun müddət bilinməyib. Qürbət eldə tənhalığın, doğmalarından uzaq olmağın əzabını yaşayan bu incə ruhlu xan qızının şikayət dolu namələrindən birində deyilir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Bu qəzəlin bizə bəlli olan, günümüzə qədər gəlib çatan misraları ancaq bunlardır. Güney Azərbaycanda bu qəzəlin bütöv halda olduğunu güman edirik. Çünki Ağabəyim ağa ilə bağlı fakt və bilgilər daha çox Qacar sarayı tarixçilərinin əsərlərində yer alıb. Tanınmış tədqiqatçı V.Quliyevin qeyd etdiyi kimi, İranda fars dilində Ağabəyim ağanın şeirlərinin olduğuna inanır, bir gün bu şeirlərin doğma dilimizə tərcümə edilib klassik irsimizi daha da zənginləşdirəcəyini düşünürük. Çünki Ağabəyim ağanın “Ağabacı” təxəllüsü ilə həm Azərbaycan, həm də fars dilində yazdığı lirik, aşiqanə, eyni zamanda vətən nisgilli şeirlərindən bizə yadigar qalan bir neçə bədii parça bu yaradıcılığın məzmun, bədii mündəricə zənginliyi kimi, sayca da yetərincə örnəkləri olduğunu təsdiqləyir.
Nakam taleli unudulmaz şairin həyat və yaradıcılığı hələ ki, geniş tədqiqatların mövzusu olmadığından yazdıqları gərəyincə araşdırılmamış, şeirləri toplanıb nəşr edilməmişdir. Şeirləri sadəcə dildən-dilə keçərək yaşayan Ağabəyim ağanın – incə ruhlu Ağabacının böyük bir ədəbi irsi olduğu isə şəksizdir. Bir neçə şeiri ilə yüksək istedad sahibi olduğunu müşahidə etdiyimiz şairin yazdıqlarının arxiv sənədlərində, qədim kitablarda, səyahət-namələrdə və digər qaynaqlarda mövcudluğuna inanırıq. Çünki bircə bayatısı ilə könülləri riqqətə gətirən bir şairin yaradıcılığı yalnız bu bayatıdan ibarət ola bilməz.
Xan qızının fars dilində yazdığı bir qəzəlin sətri tərcüməsi belədir: “Ta qiyamətə qədər yazılsa qurtarmaz, nə sənin gözəlliyinin dəftəri, nə mənim ayrılığımın hekayəti”. Güman etmək çətin deyil ki, bu “gözəlliyin dəftəri” Ağabəyim ağanın əbədi və solmaz eşqi olan Şuşadır! Kövrək qəlbli, zərif ruhlu xan qızının həsrətilə gözünü yumduğu Şuşa bu gün öz azadlığına qovuşub. – Sanki girov kimi Fətəli şaha ərə verilməsi xan qızına necə ağır təsir etmişdisə, Şuşanın əsirliyi də Azərbaycan övladlarının bağrını o cür yaralamışdı. Artıq ayrılıq bitdi! Zəfər bayrağının dalğalandığı Şuşamızda xan qızı Ağabəyim ağanın azad ruhu daha şad-xürrəm dolaşacaq. Qələmindən süzülən inci şeirlər sədaqətli vətən qızını nəinki Şuşada, vətənin hər guşəsində gələcək nəsillərə xatırladacaq...”.
Qeyd edək ki, İran səfərinə çıxmış İngiltərə kralı Ağabəyimin camalına və kamalına heyran olaraq öz əli ilə ona “Müqəddəs Georgi” ordeni təqdim etmişdi. Ağabəyim ağa bu mükafatı almış yeganə türk qadınıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 7-si axşamdan ayın 12-dək ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib.
Bu barədə Reporta AAYDA-dan məlumat verilib.
"Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edirik", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, ölkə ərazisində yanvarın 7-si axşamdan ayın 12-dək havanın dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.
Sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından şimal və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Alman avtomobil istehsalçısı “Mercedes-Benz” bütün dünya boyu - Şimali Amerika, Avropa və Çində öz elektrik avtomobilləri üçün yükləmə cihazları şəbəkəsini qurmaq istəyir.
Report xəbər verir ki, bu barədə “Heise” onlayn xəbər portalı məlumat yayıb.
Bildirilib ki, şirkət 2030-cu ilin sonuna kimi elektromobillər üçün 10 mindən çox sürətli enerji doldurma məntəqəsi yaratmağı planlaşdırır. İlk stansiyalar bir il ərzində Şimali Amerikada yaradılacaq və onlar təkcə “Mercedes-Benz” avtomobilləri üçün deyil, digər markaların maşınları üçün də əlçatan olacaq.
Konsernin rəhbəri Ola Kelleniusun sözlərinə görə, şirkət təkcə Şimali Amerikada buna 1 milyard avrodan çox sərmayə qoymağa hazırdır. 2027-ci ilə qədər ABŞ və Kanadada 2,5 min yükləmə cihazı olan 400-ə yaxın stansiyanın yaradılması planlaşdırılır.
Hazırda eyni şəbəkənin yaradılması üçün Avropa və Çindəki tərəfdaşlarla danışıqlar aparılır, onlar hələ başa çatmayıb.
Azərbaycan rəssamlıq sənətində bir çox ilklər Bədurə Əfqanlının adı ilə bağlıdır. Bədurə Əfqanlı Bakı Rəssamlıq Məktəbində (indiki Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində) təhsil alan ilk azərbaycanlı qadınlarımızdan biridir. O həm də teatr rəssamlığı üzrə fəaliyyət göstərən ilk azərbaycanlı qadın kimi imzasını yazdırmağı bacarıb. Onun ötən yüzilliyin əvvəllərində tərtibat-dekorasiya və geyim sənətinin inkişafında, formalaşmasında böyük xidmətləri yalnız sənətsevərlər tərəfindən deyil, dövlət səviyyəsində də yüksək dəyərləndirilib. B.Əfqanlı incəsənətin bütün sahələrinə yüksək dəyər verilən, sözün, sənətin qədri bilinən bir ailədə dünyaya göz açıb. Dövrünün tanınmış ziyalılarından olan atası Məlik Ağamalov sənət haqqında söhbətləri ilə övladlarında ədəbiyyata, mədəniyyətə, incəsənətə güclü maraq yaratmış, böyük qızı Səyyarəni heykəltaraşlığa, Bədurəni isə rəssamlığa həvəsləndirmişdi.
Bu sözlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın “Teatr və kinoda Bədurə Əfqanlı imzası” sərlövhəli yazısında yer alıb.
Bədurə Əfqanlı 1912-ci il oktyabrın 25-də Bakıda Ağamalovlar ailəsində dünyaya göz açıb. Doğulub, böyüdüyü ailədə doğma şəhərin gözəlliklərinə qarşı heyranlıq, ülvi Vətən sevgisi kiçik yaşlı Bədurənin də duyğularına hakim kəsilib. Yayda Novxanıdakı bağ evinə köçən ailə bir də məktəbdə dərslər başlayanda şəhərə qayıdırdı. Balaca Bədurə gilavarı, xəzrisi ilə dondan-dona düşən Novxanı təbiətinə, gah sakit-sakit ləpələnən, gah da kükrəyib özünü sahildəki qayalara, daşlara çırpan dalğalara, rəngdən-rəngə düşən Xəzərə heyran-heyran baxardı. Kənddə keçirilən dini mərasimlər, milli bayramlar, el şənlikləri, toylar onun xatirəsində silinməz izlər qoyur, mənsub olduğu xalqın özünəməxsus adət-ənənələrinə vurğunluq hissi yaradırdı.
Elə ki, yay tətili başa çatır, orta məktəblərdə dərslər başlayırdı, onlar şəhərə qayıdırdılar. Bədurə bütün yay boyunca gördüklərini, dönə-dönə müşahidə etdiklərini kağız üzərində rənglərlə canlandırmağa çalışırdı. Bir gün çəkdiyi rəsmlər məktəb yoldaşlarının, müəlliminin də diqqətini cəlb etməyə başladı. Məktəb yaşlarından başlayan həmin maraq onu qarşıda gözləyən uzun və əsrarəngiz sənət yoluna gətirib çıxardı. Əvvəlcə, ovaxtkı Bakı Pedaqoji Texnikumuna daxil olsa da, rəssamlığa olan sevgisi onu Bakı Rəssamlıq Məktəbində təhsil almağa, rəngkarlığın bütün sirlərinə peşəkarcasına yiyələnməyə vadar etdi. Beləliklə o, qrafika şöbəsində təhsil almağa başladı. Teatr rəssamı olmaq qərarına gələn Bədurə Əfqanlının gələcək sənət taleyi isə bütünlükdə teatrla bağlı oldu. Hələ diplom işi mövzusu kimi işlədiyi “V.Şekspirin “Otello” faciəsi” işi onu teatr sahəsində daha böyük uğurlara ruhlandırdı.
İlk tərtibat verdiyi səhnə əsəri Rza Əfqanlının (Bədurə Əfqanlının həyat yoldaşı) quruluşçu rejissoru olduğu “Qaçaq Kərəm” tamaşası idi. Onlar uzun illər birgə çalışdılar, bir çox tamaşalara uğurlu səhnə həyatı verdilər. Sevgilərindən güc alan sənət, amal dostluğu bir-birindən rəngarəng və dəyərli işlərin ərsəyə gəlməsinə ilham verdi. Həyat və sənət yoldaşlarının birgə hazırladıqları tamaşalardan “Şeyx Sənan” faciəsi, “Aşıq Qərib” operası, “1905-ci ildə”, “Sevil” pyesləri unudulmaz sənət uğurları kimi yaddaşlara həkk olundu. Hər iki sənətkar bir müddət Türkmənistanda, Aşqabad Dram Teatrında çalışsa da, doğma Vətən, el-oba sevgisi onları yenidən Bakıya qaytardı. Sənət və həyat yoldaşları olan Rza və Bədurə Əfqanlılar Bakı şəhərində milli incəsənətimizin inkişafına xidmətlərini böyük əzmlə davam etdirdilər.
B.Əfqanlı 1938-ci ildə Azərbaycan Dövlət Dram Teatrına (indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı) dəvət aldığı vaxtdan 1960-cı ilədək burada böyük şövqlə tərtibatçı və geyim üzrə rəssam kimi çalışdı. Həmçinin Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının bir sıra tamaşalarına geyim eskizləri çəkirdi. O, öz sənətinə vurğunluğun və sənət məsuliyyətinin yaratdığı tələbkarlıqla daim özünü inkişaf etdirir, işinə yeni çalarlar əlavə edərək teatr rəssamlığımızı zənginləşdirirdi. Bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyan, əhatə etdiyi dövrün tarixini, mədəniyyətini, aparıcı özəlliklərini, geyim tərzini dəqiqliklə araşdıran Bədurə Əfqanlı işinə həssaslıqla yanaşırdı. Məhz buna görə də onun verdiyi tərtibat sadəliyi, ciddiliyi və əsərin mövzusu ilə həmahəngliyi baxımından dolğun təəssürat yaradırdı. Teatr rəssamlığında Bədurə Əfqanlının dəst-xəti özündən sonra neçə-neçə məsləkdaşı üçün cığır açdı, sənət məktəbi oldu.
Onun teatr əsərlərinə hazırladığı dekorasiyalar, eskizlər tamaşaların son dərəcə uğurlu alınmasında önəmli rol oynadı. Bu cəhətdən Cəfər Cabbarlının pyeslərinin uğurlu səhnə təcəssümü özəlliklə səciyyəvi və yaddaqalandır. Həmkarları və sənət tənqidçiləri onun zahiri effektləri, geyimləri seçmə məharətinə, təqdim olunan əsərin məzmununu təbii surətdə açmaq özəlliyinə heyranlığını bildirirdi. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyündə rejissor Adil İsgəndərovla birlikdə hazırladığı “Fərhad və Şirin” tamaşasının Vaxtanqov Teatrında uğurla nümayiş olunmasında bu özəlliyin də böyük rolu vardı.
Bədurə Əfqanlı təkcə teatrda deyil, kinostudiyada da fəaliyyət göstərir, müxtəlif ekran əsərlərinə geyim eskizləri çəkirdi. “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işlədiyi 1960-cı ildən başlayaraq kino sahəsində yaradıcılığını davam etdirən Bədurə xanım burada da böyük uğurlara imza atdı. Kino rassamlığında ilk işinə “Koroğlu” filmi ilə başlayan rəssam sonralar “Leyli və Məcnun”, “Böyük dayaq”, “Dəli Kür”, “Dədə Qorqud”, “O qızı tapın”, “Məhəbbət dastanı” və başqa məşhur kinofilmlərin geyim eskizlərinin müəllifi oldu. Məşhur kinofilmlərin rəssamı kimi tanınan Bədurə Əfqanlı Soltan Dadaşov, Adil İsgəndərov, Lətif Səfərov, Həsən Seyidbəyli kimi böyük sənətkarlarla işlədi, onların əməkdaşlığından sənətimiz, mədəniyyətimiz ciddi töhfələr qazanmış oldu.
Bədurə Əfqanlı təkcə istedada güvənməyi yanlış hesab edirdi, onun üçün istedad qədər işdən əvvəl dərin araşdırma, diqqətli müşahidə və fədakarcasına zəhmət də sənət uğurunun başlıca amili idi. O, istər teatrda, istərsə kinoda bədii tərtibat verdiyi əsəri diqqətlə oxuyur, həmin dövrün tarixini, mədəni həyatını, geyim tərzini araşdırır, bu haqda zəngin bilgilər toplayır, sonra isə öz işi üzərində yorulmadan, böyük şövqlə çalışırdı.
İşləməkdən zövq alan rəssam həm də rəqs ansamblı, bədii özfəaliyyət kollektivləri üçün geyim eskizləri çəkirdi. Korifey sənətkar Rəşid Behbudovun başçılıq etdiyi Dövlət Mahnı Teatrının kollektivi də uzun illər konsertlərə onun məsləhət bildiyi geyimlərlə çıxıb.
Onun Azərbaycan milli geyimlərinin özünəxas gözəlliyini sənətin müxtəlif sahələrində təcəlla etdirən və bir çox xalqlara sevdirən yaradıcılığı diqqətləri yüksək səviyyədə cəlb edib, böyük sənət mərkəzlərinin iş təklifi ilə nəticələnib. Təsadüfi deyil ki, respublikamızın əksər bölgələrinə xas geyimlərin, habelə Quzey Qafqazda fəaliyyət göstərən müxtəlif rəqs ansambllarının geyim eskizlərini o çəkib. Azərbaycanın mahnı və rəqs ansambllarının qastrollarda qazandığı uğurlarda onların Bədurə Əfqanlının tikdiyi milli ornamentli geyimlərinin də rolu vardı. Azərbaycan gəlincikləri üçün milli eskizləri də məhz o verib.
Bədurə Əfqanlının ilk fərdi sərgisi Moskvada – “Mosfilm”də uğurla keçib. Son sərgisi isə vəfatından 5 il öncə Bakıda keçirilib. Sənətkarın əsərlərinin çoxu Azərbaycan Dövlət Teatr Muzeyində və A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində saxlanmaqdadır.
Azərbaycan teatrı və kinosu öz rənglər dünyasının sehri, mistikası üçün Xalq rəssamı Bədurə Əfqanlıya çox şey borcludur. Onun fəaliyyətindən danışarkən böyük istedadı ilə yanaşı, əməksevərliyini, hər zaman axtarışda olmasını, ən incə məqamlara belə diqqət göstərməsini, peşəkarlığını xüsusi qeyd edirlər. Görkəmli rejissorlar, dramaturqlar məhz bu cəhətdən həmişə onunla işləməyə can atıblar. Çünki Bədurə Əfqanlı sənəti ilə tamaşaçını əfsunlaya, rənglər aləminin sehrinə qərq edə bilirdi.
Xalq rəssamı Bədurə Əfqanlı ədəbiyyatımızın klassikləri Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, eləcə də XX yüzil ədəbiyyatımızın görkəmli nümayəndələrindən Mehdi Hüseyn, İlyas Əfəndiyev, Cabbar Məcnunbəyov, Məmmədhüseyn Təhmasib və keçmiş SSRİ-nin tanınmış yazıçılarından Maksim Qorki, Boris Lavrenev, Vadim Sobko və başqalarının əsərlərinin səhnə təcəssümü üçün bədii tərtibat eskizləri işləyib. Onun tamaşalara verdiyi hər yeni bədii tərtibat quruluşçu rəssam kimi dramaturqun təlqin etdiyi ideyanın özünəməxsus şəkildə açılmasına kömək edib. Eyni zamanda, onun teatr rəssamı kimi yüksək peşəkarlıq zövqünün inkişafında da rol oynayıb.
O, həmçinin teatr kostyumlarının hazırlanmasında ən tanınmış mütəxəssis kimi şöhrət qazanmışdı. İncə tapıntıları, zəngin çalarlı əlavələri ilə milli qadın geyimlərinə cazibəli yeniliklər gətirməsi rəssamın işlərinin emosionallığı, zərifliyi, lirizm aşılayan şuxluğu, poetik təravətini şərtləndirib.
Teatr tamaşaları, film və müxtəlif orkestrlərin uğurlu alınmasında ssenarist, rejissor, bəstəkar, aktyor işi ilə yanaşı, tərtibatçı rəssam işinin də, əlbəttə, böyük önəmi vardır. Teatr tamaşasının, konsertin, bədii, sənədli filmin və digər yaradıcılıq işlərinin təsirli alınmasında, yaddaşlarda iz qoyan bir təəssürat yaratmasında bədii tərtibatın – rəssam işinin yeri əvəzsizdir. Bəzən ən sadə detalın, adi dekorasiya vasitəsi sandığımız bir lampanın, rəngli bir görüntünün, geyim elementinin, silahın belə tamaşada vacib anlamı olur. Bütün vasitələr tamaşanın, filmin, konsertin uğurla başa çatmasına, əsl sənət örnəyi kimi düşüncələrə, dünyagörüşə təsir göstərməsinə xidmət edir. XX yüzilin əvvəllərində Azərbaycan teatr sənətinin inkişafında bir sıra istedadlı fırça ustaları öz əməyini əsirgəməsə də, bu sənətin ciddi inkişafına təkan verən rəssam məhz Bədurə Əfqanlı olub. Sənətsevərlərimiz Bədurə xanım Əfqanlını ilk teatr rəssamı olan azərbaycanlı qadın kimi qədirşünaslıqla xatırlayır.
Bədurə Əfqanlının xalq qarşısında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilib. Rəssamlıq sənətində qazandığı uğurlara görə ona “Əməkdar incəsənət xadimi” (1949) və uzun illər səmərəli xidmətlərinə, dərin ideyalı sənət əsərləri yaratdığına, Azərbaycan təsviri sənətinin inkişafında, kadrların hazırlanmasında böyük xidmətlərinə görə “Xalq rəssamı” (1974) fəxri adları verilib. Görkəmli sənətkar keçmiş SSRİ-nin nüfuzlu ordenlərindən olan “Şərəf nişanı” ordeni ilə təltif edilib.
İlk azərbaycanlı qadın teatr rəssamımız Bədurə Əfqanlı 2002-ci il mayın 7-də dünyasını dəyişib. O, sənətinə bağlı, sənəti ilə xoşbəxt ola bilən bir sənətkar idi. Buna görə də bütün həyatı boyu sənətlə bağlı arzuları bir-birini əvəz etdi və ömrünün sonunadək yaşayıb-yaratmaq eşqi bitib-tükənmədi. Milli geyimlərimizə həsr olunmuş albomu xəstə halında çalışıb hazırladı, amma onu maddi sıxıntılar ucbatından çap etdirə bilmədi.
Dəyərli rəssam Qarabağ bölgəmizin geyimləri barədə çəkdiyi 50 eskizi də tamamlamaq istəyirdi, ancaq ömür vəfa etmədi. Yaratdığı əsərlərin onu nə zamansa yenə xatırladacağını, açdığı cığırın yeni nəsilləri bu sənətdə xariqələr yaratmağa aparacağını düşünürdü. Zaman isbatladı ki, rəssam bu düşüncəsində əsla yanılmayıb. Özündən sonra gələn nəsillərə zəngin bir irs qoyub gedən Bədurə Əfqanlının yaratdığı eskizlər, bədii tərtibat verdiyi əsərlər teatr və kino rəssamları üçün bu gün də misilsiz bir örnək, məktəb olaraq qalmaqdadır. Onun teatr, kino rənglərinə bağlı ömrü bu günün və gələcəyin tərtibatçı rəssamlarının yolunda parlaq bir mayak kimi işıq saçır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakının Suraxanı rayonunda ümumi uzunluğu 16 km-dən çox olan 13 küçə təmir olunub.
Report xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilir ki, təmir işləri Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan məhlədaxili yollarında (1 000 metr), Mərkəzi küçəsində (1 300 metr), Bülbülə qəsəbəsində Samir Əliyev küçəsində (600 metr), Qaraçuxur qəsəbəsində Şərq yaşayış massivinin yollarında (3 900 metr), Əmircan qəsəbəsinin uzunluğu Zeynal Zeynalov (1 000 metr) və Atamoğlan Rzayev küçələrinin məhəllədaxili yolarında (650 metr), Zığ qəsəbəsində İdris Süleymanov (1 000 metr) və Hətəm Allahverdiyev (1 000 metr) küçələrində, Dədə Qorqud yaşayış massivinin məhəllədaxili yollarında (1 400 metr), Hövsan qəsəbəsində Məktəbli (1 300 metr), Oqtay Şabanov (1200 metr) küçələrinin və Südçülük yaşayış massivinin məhəllədaxili yollarında (1 000 metr), Dənizkənarı küçəsində (1 000 metr) əsaslı təmir işləri aparılıb.
Adıçəkilən ərazilərdə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18,5 km təşkil edən küçə təmir olunub.