Fevralın 19-da Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Serdar Ortaç konsert verəcək.
AZƏRTAC xəbər verir ki, ifaları ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan musiqilərlə pərəstişkarlarının qarşısına çıxacaq.
Qeyd edək ki, sənət aləminə 1994-cü ildə "Aşk için" albomu ilə daxil olan müğənni sevilən “Karabiberim” mahnısı ilə debüt edərək, uzun müddət gündəmdə qalıb. Serdar Ortaç bu uğuru ilə Kral TV Video Musiqi Mükafatlarında "Ən yaxşı çıxış edən kişi sənətçi”, 2006-cı ildə "Gitme" mahnısına görə “İlin klipi”, 2007-ci ildə Mü-Yap Musiqi Mükafatlarında "Mesafe" adlı albomu ilə “İlin ən çox satılan albomu” və 2009-cu ildə isə "Dansöz" mahnısı ilə “Ən yaxşı kişi sənətçisi” mükafatlarına layiq görülüb.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Fevralın 12-də Heydər Əliyev Sarayında sevilən sənətkar, Xalq artisti İlqar Muradovun 65 illiyi münasibətilə yaradıcılıq gecəsi keçiriləcək.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ifaları ilə qəlbləri fəth edən müğənni gecədə öz repertuarında olan mahnılarla pərəstişkarlarının qarşısına çıxacaq.
Tamaşaçılar gecədə İlqar Muradovun yeni mahnıları, xalq musiqiləri və klassik ifaları ilə yanaşı, sənət dostlarının çıxışlarını də izləyə biləcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Bu gün Əhməd Ağdamskinin anadan olmasından 138 il ötür
XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində əvəzsiz rolu olan şəxsiyyətlərdən biri də Əhməd Ağdamski olub. O, Şərqin ilk operası olan "Leyli və Məcnun" səhnəyə qoyulanda ilk dəfə olaraq operada Leylini oynamağa başlayıb və düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxıb.
AZƏRTAC xəbər verir ki, bu gün peşəkar teatr tariximizdə özünəməxsus yeri olan opera artisti, teatr fədaisi Əhməd Ağdamskinin anadan olmasından 138 il ötür.
Əhməd Ağdamski kimi tanınan Əhməd Bəşir oğlu Bədəlbəyli 1884-cü il yanvarın 5-də Ağdamda ziyalı ailəsində doğulub. Məşhur Bədəlbəyli nəslindən olan Əhməd bəy, eyni zamanda, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğma xalası oğludur. Hələ uşaq yaşlarından xalq mərasim tamaşalarında iştirak edən Ə.Ağdamskinin sənətə olan böyük marağı onu teatra gətirib çıxarıb. O, səhnə fəaliyyətinə “Nicat” xeyriyyə cəmiyyətinin teatr truppasında başlasa da, sonralar həm də “Səfa” mədəni-maarif cəmiyyətinin truppasında, Hüseynqulu Sarabskinin “Müsəlman opera dəstəsi”ndə və “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti”ndə aktyorluq edib. Lirik tenor səsə, məlahətli və geniş diapazonlu ifa bacarığına malik olduğundan, milli aktrisaların yoxluğu ucbatından əsasən opera və operettalarda qadın rollarını ifa etməklə böyük şöhrət qazanıb.
XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə cəhalətin hökm sürdüyü bir dövrdə müsəlman qadınların səhnəyə çıxması qadağan idi. Qeyri-millətlərdən olan qadın aktrisalar isə ana dilimizi səlis bilmirdilər və hər saatda inciyib tamaşanı yarımçıq qoyub gedirdilər. Bu səbəbdən də qadın rollarında kişi aktyorlarımız səhnəyə çıxmaq məcburiyyətində qalırdılar. İlk müsəlman operası olan “Leyli və Məcnun”da da elə bu hal baş verdi. Leyli rolunda ilk dəfə aşpaz şagirdi Əbdürrəhman Fərəcov, ardınca isə sonralar opera tariximizdə adı əbədi qalan Ə.Ağdamski çıxış etdi. Belə ki, premyeradan sonra Ə. Fərəcov qadın rolunu oynamaqdan imtina etdiyindən Üzeyir bəy Leyli obrazı üçün yenidən aktyor axtarışına çıxır. Həmin vaxt Əhməd bəy “Realnı” məktəbində təhsil alırmış. Bu təhsil ocağının qaydalarına əsasən tələbələrin teatrda oynaması, həmçinin axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Əhməd bəy üçün bu icazə alınır və o, Leyli rolunu oynamağa razı olur. Lakin xurafatın, nadanlığın mövcud olduğu bir zamanda Əhməd Bədəlbəyli təhqirlərə məruz qalmamaq üçün ictimai qınaqdan çəkinərək tanınmasın deyə bütün sənədlərdə adını “Miri” yazdırır. Dövrün qəzetlərində, tamaşaların proqramlarında Leyli rolunu ifa eləyən şəxs kimi “Miri” adlı birini göstərirlər. Ancaq sonradan Əhməd Bədəlbəyli “Ağdamski” təxəllüsünü götürərək şəxsiyyətini aşkar edir. Aktyorun Leyli rolunda çıxışı Üzeyir Hacıbəylinin o qədər xoşuna gəlir ki, sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir.
Ə.Ağdamskinin oynadığı qadın rolları xarakter etibarilə bir-birindən fərqlənirdi. O, bu obrazların hər birini tamam ayrı səpkidə canlandırır, tək oyun tərzini deyil, hətta səsini belə dəyişdirirdi. “Kürdü-Şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Şur”, “Bayatı-Kürd” kimi mürəkkəb muğamları, Leyli, Gülçöhrə, Şahsənəm və s. obrazların ariyalarını oxuması bunun isbatıdır. Uzun illər səhnəyə qadın qiyafəsində çıxır. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Ər və arvad”, “Rüstəm və Söhrab, “Şah Abbas və Xurşidbanu”, Zülfüqar bəy Hacıbəylinin “Aşıq Qərib” opera və operettalarında Leyli, Əsli, Gülnaz, Gülçöhrə, Minnət, Təhminə, Xurşidbanu və s. onun əsas rolları sırasına daxildir. O, hətta, 1916-cı ildə səssiz olaraq lentə alınan “Arşın mal alan” tammetrajlı bədii filmində Gülçöhrə roluna da çəkilib.
Aktyor XX əsrin 20-ci illərinin əvvəllərində doğma vətəninə - Qarabağa qayıdaraq, Ağdamda teatr truppası yaradıb. O, bir çox tamaşaların rejissoru olmaqla yanaşı, həm musiqili, həm də dram əsərlərində bir xanəndə-aktyor kimi də çıxış edib. 1934-cü ildə Ağdaşa köçüb və burada ömrünün sonunadək pedaqoji fəaliyyətlə məşğul olub.
O, fədakar əməyinin bəhrəsi olaraq 1943-cü ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
Əhməd Ağdamski 1954-cü il aprelin 1-də Ağdaş rayonunda vəfat edib.
Milli Arxiv İdarəsi dünyaşöhrətli dirijor, Xalq artisti Maestro Niyaziyə həsr olunmuş virtual sənəd sərgisini istifadəçilərin ixtiyarına verib.
İdarədən AZƏRTAC-a bildirilib ki, S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şəxsi mənşəli fondlarının sənədləri əsasında hazırlanmış bu virtual sərgi Niyazinin anadan olmasının 110-cu ildönümü münasibətilə hazırlanıb.
Maestro... Ona hər kəs bu cür xitab edirdi. İtalyan dilində “ustad” mənasında işlədilən bu kəlmə onun adının qarşısında hər zaman çəkilirdi. O, Hacıbəylilər nəslinin və Üzeyir məktəbinin görkəmli nümayəndələrindən biri idi.
Niyazinin həm keçmiş ittifaq miqyasında, həm də bütün dünyada Azərbaycan musiqisinin tanıdılmasında müstəsna xidmətləri olub. Heç şübhə yoxdur ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı da bilavasitə onun adı ilə bağlıdır. Maestro dünyanın bir sıra ölkələrinin simfonik orkestri ilə müvəffəqiyyətli çıxışlar edib.
Niyazi bəstəkarlıq fəaliyyətində demək olar ki, bütün janrlara müraciət edib. Lakin onun ən məşhur əsəri “Rast” simfonik muğamı idi.
Ölkə mədəniyyətinin inkişafında etdiyi xidmətlərinə görə 1959-cu ildə SSRİ Xalq artisti fəxri adına layiq görülmüş Niyazi bir çox orden və medallarla da təltif edilib.
Sərgi ilə tanış olmaq istəyənlər http://www.milliarxiv.gov.az/az/virtual-sened-sergileri-niyazi-110 linkindən istifadə edə bilərlər.
Yanvarın 15-16-da Heydər Əliyev Sarayında bədii qiraətçi Xəzər Süleymanlının "Məni gözəl xatırla..." adlı musiqili poeziya gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, gecədə bədii qiraətçi Xəzər Süleymanlı Azərbaycan poeziyasının ən məşhur şeir nümunələrini səsləndirəcək. Qiraətçini “Hicaz” qrupu müşayiət edəcək.
Gecədə həmçinin xüsusi qonaqların iştirakı gözlənilir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Qırğızıstanda müğənnilərə fonoqram oxumaq qadağan edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər naziri Altınbek Maksutov əmr imzalayıb.
2023-cü il yanvarın 1-dən qüvvəyə minən əmrə əsasən, Qırğızıstanda artistlərə kütləvi tədbirlərdə və bütün dövlət mədəni-maarif müəssisələrində fonoqram altında çıxış etmək qadağan olunur.
Fonoqramla bağlı qadağa teatrlarda, filarmoniya və konsert zallarında, kinoteatr, klub, muzey və kitabxanalarda, eləcə də idman müəssisələrində keçirilən tədbirlərə də şamil edilir.
Fevralın 21-də Bakı Konqres Mərkəzində rusiyalı yumorist, teleaparıcı, şoumen Maksim Qalkinin solo konserti təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, məşhur şoumen öz duzlu-məzəli yumorları ilə Bakıda pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, onun reqaliyalarının və statuslarının siyahısını geniş şəkildə sadalamaq olar. Ancaq hər şeydən əvvəl, yumor hissi və çoxşaxəli istedadın bənzərsiz birləşməsi onun solo konsertlərini daha baxımlı edir. Maksim Qalkinin yumoru aktual, çevik və gülüş doğurucudur. Yumorist tamaşaçısını hiss edir və onunla səmimi münasibət yaradır. Miniatürlər, teatr eskizlərinin reprizləri, tamamilə yeni nömrələr, eləcə də tamaşaçılar tərəfindən çoxdan tanınan və sevilən tamaşalar M.Qalkinin ifasında bədii dəyərini itirmir, eyni zamanda onun yumoru nostalji təbəssüm yaradır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyük İpək yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 82,2-ci kilometrlik Gəncə-Zəyəm-Qırılı hissəsində tikinti işlərini yekunlaşdırıb.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, layihəyə əsasən torpaq yatağının ümumi eni 27,5 metrdir. Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 hissə üzrə icra olunur. Belə ki, 39,8 kilometrlik 1-ci və 42,4 kilometrlik 2-ci hissələrin 1-ci texniki dərəcəyə uyğun inşası artıq yekunlaşıb.
Magistralın tikintisi yekunlaşmış Gəncə-Zəyəm-Qırılı hissəsində, 16 avtomobil körpüsü və yolötürücüsü, 13 yol qovşağı, 53 alt keçid, 362 dairəvi boru, 22 düzbucaqlı su keçidi, 56 dayanacaq inşa edilib.
Eyni zamanda 47,95 kilometrlik 3-cü, Qırılı-Gürcüstan sərhədi hissəsində qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, suötürücü boruların, alt keçidlərin, körpülərin inşası, əsasın tikintisi, asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Sözügedən hissədə hazırda 5 avtomobil körpüsü və yolötürücüsü, 8 yol qovşağı inşa edilir. Layihə üzrə yolboyu 25 yol qovşağı və ötürücüsü, 17 avtomobil körpüsü, 83 yeraltı keçid, 38 düzbucaqlı su keçidi, 547 dairəvi suötürücü boru, zəruri yerlərdə 84 avtobus dayanacağı olacaq.
“Azərenerji” ASC Kəlbəcər rayonunda tikilən 5 kiçik su elektrik stansiyasında (SES) işləri yekunlaşdırmağa hazırlaşır.
Bu barədə Reporta qurumun mətbuat xidmətindən bildirilib.
Bundan başqa, məlumata görə, Laçın rayonunda 2 yerdə tikilən 110 kilovoltluq yarımstansiyalarda da işlər yekunlaşmaq üzrədir.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin iştirakı ilə “Azərenerji”nin 9 obyekti tikilərək istismara verilib, 2 obyektinin təməli qoyulub, 6 obyektinin tikinisinə baxış keçirilib.
Azərbaycan Animasiya Assosiasiyası Böyük Britaniyanın Kino Klassika Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, prodüser-restavrator Daniel Bird və Polşada fəaliyyət göstərən Fixafilm ilə birlikdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş ilk uşaq animasiya filminə yeni nəfəs verib.
Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamaliyev AZƏRTAC-a bildirib ki, söhbət hələ 1969-cu ildə çəkilmiş “Cırtdan” adlı filmin müasir üsullarla restavrasiyasından gedir.
Onun sözlərinə görə, bütün restavrasiya prosesi təxminən üç il çəkib. Bərpa olunmuş “Cırtdan”ın 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında mümkün olan ən yüksək keyfiyyətdə (DCP formatında) premyerası da olub. Bərpa olunmuş film Böyük Britaniyada yerləşən “Klassiki” striminq platformasında yayımlanıb, beləliklə, onun digər beynəlxalq film festivallarında da diqqət çəkəcəyi açıq-aşkardır.
Xatırladaq ki, “Cırtdan” (1969) filminin rejissorları Ağanağı Axundov və Yalçın Əfəndiyevdir. Filmin təsviri həllinə gəldikdə maraqlı cəhət ondan ibarətdir ki, müəlliflər filmdə Azərbaycan xalçası stilistikasından istifadə ediblər. Bu animasiya filminin bütün qəhrəmanları, eləcə də, predmetlər və fonlar “xalça” üslubunda işlənib. Bu zaman xalça elementi kinematoqrafiya üslubunda istifadə edilib – xalça motivli fon predmet və personajlarla qarışmasın deyə, tez-tez fokusdan yayındırılıb. Filmin bəstəkarı Oqtay Zülfüqarov qərb musiqi alətləri ilə birlikdə tarın da səsləndiyi çox gözəl milli musiqi mövzusu düşünüb hazırlayıb. Məhz özünün yenilikçi stilistikasına görə “Cırtdan” filmi köhnəlmir və müasir tamaşaçı üçün də maraqlı olaraq qalır.