Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Sabah “Azəriqaz”ın növbəti “Açıq qapı” aksiyası keçiriləcək

    Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

    Reportun “Azəriqaz”a istinadən verdiyi məlumata görə, birlik tərəfindən abonentlərə göstəriləcək elektron xidmətlər barədə media nümayəndələrinə ətraflı məlumat veriləcək.

    Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

  • Yeni il axşamı “Televizor”a baxmağı unutmayın

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Yeni illə bağlı köhnə ənənəni geri qaytarır.

    QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sabah” Yaradıcılıq Studiyası bayramla bağlı “Televizor” adlı film ərsəyə gətirib.

    Studiyanın bədii rəhbəri və filmin prodüseri Xalq artisti Ramiz Həsənoğlu bildirib ki, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qatarda” və s. tamaşalar geniş auditoriya tərəfindən böyük rəğbətlə qarşılandığı üçün yenidən köhnə ənənəni geri qaytarmaq qərarına gəliblər. Onun sözlərinə görə, üç aya yaxın hazırlıq prosesi gedən film böyük maraq doğuracaq.

    Ekran əsərinin ssenarisi Xalq yazıçısı Elçinin “Gül dedi bülbülə” hekayəsinin motivləri əsasında yazılıb. Filmin quruluşçu rejissoru Sirac Mustafayev, quruluşçu operatoru Eldar Məmmədov, prodüseri Ramiz Həsənoğludur.

    Qeyd edək ki, film 2023 cü il yanvarın 1-də saat 18:40-da AzTV-də yayımlanacaq.

  • Filarmoniyada professor Hökümə Əliyevanın tələbələri konserti proqramı ilə çıxış ediblər

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti keçirilib.

    AZƏRTAC xəbər verir ki, konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə (bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimov) gənc istedadlar Respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri Nərgiz Hüseynzadə, Zərrin Əliyeva, Ülvi Həsənli, Nadir Eyvazov, Samir Əsədov, Ümid Mustafazadə, Səbinə Həsənzadə, Kənan Məmmədzadə öz ifalarını dinləyicilərə təqdim ediblər.

    Qeyd edək ki, konsert proqramda Bela Bartokun “Rumın rəqsləri”, Astor Piazzollanın “Oblivion”, Antonio Vivaldinin “4 violin üçün Konserti”, Corc Bize Voksmanın “Karmen fantaziyası”, Ağa Əliyevin “Adajio”, Kamil Sen Sansın “İntroduksiya və rondo kapriççiozo” və “Vals formasında etüd”, Pablo de Sarasatenin “Navarra”, Pyotr İlyiç Çaykovskinin “Skertso”, Sərdar Fərəcovun “Skertso”, Reyngold Qlierin “2 pyes”, Rəna Qədimovanın “Prelüd Nostalji” və Tofiq Bakıxanovun “İmpovizasiya” əsərləri səslənib.

  • “Fikrət Əmirov 100” müsabiqəsi başa çatıb

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində “Fikrət Əmirov 100” Gənc Pianoçuların Respublika Müsabiqəsi başa çatıb.

    AZƏRTAC xəbər verir ki, kiçik və böyük yaş qrupları üzrə keçirilən müsabiqənin bədii rəhbəri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, münsiflər heyətinin sədri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadə, təşkilat komitəsinin sədri Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundovadır.

    Müsabiqədə ilk üç yerin qaliblərinə diplomlar, şəhər və rayonlardan müsabiqəyə qatılan iştirakçılara isə sertifikatlar təqdim olunub.

  • Xoş tembrli, rəvan səsli xanəndə

    Bu gün Xalq artisti Əbülfət Əliyevin anadan olmasından 96 il ötür

    Azərbaycan musiqi tarixində öz dəst-xətti, həzin və məlahətli səsi, zəngin repertuarı ilə fərqlənən, xalqımızın əbədi məhəbbətini qazanmış muğam ifaçılarından biri də respublikamızın Xalq artisti Əbülfət Əliyev idi. Əbülfət Əliyev özünəxas məlahətli, xoş tembrli, rəvan, axıcı səsi, novator yaradıcılıq üslubu olan sənətkardan olub. Onun ifa tərzinə incə lirizm, emosionallıq, səlis və orijinal üslub xasdır.

    AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz sənətkarın anadan olmasından 96 il ötür.

    1926-cı il dekabrın 30-da Şuşa şəhərində dünyaya göz açan Ə. Əliyevin uşaqlıq illəri Cıdır düzü, Bazarbaşı məkanlarında təşkil olunan məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb. Sonradan Bakıya gələrək Azərbaycan Dövlət Filarmoniyasının solisti olub və o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verib. Görkəmli xanəndənin repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.

    1957-ci ildə ilk dəfə Opera və Balet Teatrının səhnəsinə çıxan Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.

    Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda - İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.

    Görkəmli xanəndə xüsusilə “Rast”, “Şur”, “Zabul”, “Humayun”, “Çahargah”, “Rahab” və s. muğamları, təsnif və mahnıların arasında milli vokal sənətinə məxsus müxtəlif vasitələrdən - guşələrdən, zəngulələrdən, xallardan və s. məharətlə istifadə edib. Onun repertuarında 400-ə qədər xalq və bəstəkar mahnısı vardı. O, həm də bəstəkar idi, bir neçə təsnif və mahnının müəllifi idi . Çox sevilən “Tel oynasın”, “Aşiqəm”, “Xal yanağında”, “Ay qaşı, gözü qara qız”, “Ay qız” və s. mahnılar onun bəstələridir.

    Əbülfət Əliyev 1990-cı il dekabrın 27-də vəfat edib və Bakıda ikinci Fəxri xiyabanda dəfn olunub.

  • Milli Dram Teatrı bayram günlərində uşaqları sevindirəcək

    Yeni il bayramı günlərində Akademik Milli Dram Teatrında azyaşlı tamaşaçılar üçün “Məlikməmməd” adlı uşaq tamaşası və şənlik təqdim olunacaq.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, eyniadlı Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissorları Əməkdar artist Nicat Kazımov və Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Vüqar Məmmədov və Könül Kərimovadır.

    Tamaşada Əməkdar artistlər Mehriban Xanlarova və Mətləb Abdullayev, aktyorlar Elçin Əfəndi, Şəhla İsmayılova, Vüsal Mustafayev, Corc Qafarov, Elsevər Rəhimov, Rada Nəsibova, İlahə Həsənova, Lalə Süleymanova, Tural İbrahimov, Məhsəti Tahirzadə iştirak edəcəklər.

    Tamaşanın qəhrəmanı - şahın kiçik oğlu Məlikməmməd öz atasını cavanlaşdırmaq üçün bir çox çətinliklərdən keçir. O, şər qüvvə olan ağ divə qalib gəlir, sehrli almanı atasının hüzuruna gətirir. Bunun əvəzində şah öz oğlu Məlikməmmədə padşahlığı hədiyyə etmək istəyir. Lakin qəhrəman başqa məmləkətlərdə, qaranlıq dünyalarda olan insanları divlərdən xilas etmək üçün təhlükəli səfərə yollanır.

    Yeni il şənliyi yanvarın 5-dək davam edəcək. Səhnə əsəri müvafiq olaraq 11:00, 13:00, 15:00, 17:00-da oynanılacaq. Biletlərin qiyməti 9 manatdır. Bu qiymətə azyaşlı tamaşaçılara hədiyyələr də daxildir.

  • Əfsanəvi "Anadolu atəşi" Bakıda möhtəşəm şou göstərəcək

    2023-cü il fevralın 8-də “Baku Crystal Hall”un səhnəsində Türkiyənin dünyaşöhrətli, əfsanəvi "Anadolu atəşi" rəqs kollektivinin növbəti möhtəşəm rəqs şousu təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, ansamblın öz qeyri-adi şou proqramında yüksək peşəkarlıqla ifa olunan şux və oynaq rəqslər, türk folkloru, dünya xalqlarının rəqslərindən nümunələr, səhnələşdirilmiş rəqs kompozisiyaları, qılıncoynadanların, nağaraçalanların məharətli çıxışları, habelə rəngarəng səhnə tərtibatı, solo nömrələr, kütləvi dramatik səhnələr daxildir.

    Qeyd edək ki, 2002-ci ildən qastrol səfərlərinə başlayan ansambl bütün dünyanı gəzir. Şounu 45 ölkədə 106 milyondan çox tamaşaçı izləyib. Türkiyənin "Anadolu atəşi" rəqs ansamblı daim dünya miqyaslı mərasimlərdə, tədbirlərdə də qonaq qismində iştirak edir. Kollektiv “Ginnesin rekordlar kitabı”nda iki dəfə qeyd olunub. Rəqsin ən sürətli ifası və ən böyük tamaşaçı kütləsi (Türkiyənin Ereğli şəhərində 400 min tamaşaçı) kollektivin bu günə qədər qazandığı uğurlardandır. "Anadolu atəşi” rəqs ansamblı bir neçə dəfə Azərbaycanda öz möhtəşəm proqramları ilə çıxış edib və böyük auditoriyanın rəğbətini qazanıb.

     

  • “Azərenerji” bayram günlərində iş rejimini gücləndirəcək

    “Azərenerji” ASC Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı iş rejimini daha da gücləndirəcək.

    Report quruma istinadən xəbər verir ki, bununla bağlı qabaqlayıcı tədbirlər görülüb.

    Belə ki, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, enerjinin ixracını stabil həyata keçirmək məqsədi ilə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

    Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işi, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib. Stansiya və yarımstansiya, o cümlədən ötürmə xətlərində gecə baxışları keçirilib. İdarəetmə sistemi və qurğuların, həmçinin əks-qəza avtomatikasının təlimata və rejimə uyğun normal fəaliyyəti yoxlanılıb.

  • Neftçalada 4 yaşayış məntəqəsini əlaqələndirən yollar yenidən qurulub

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Neftçalada uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının yenidənqurma işlərini yekunlaşdırıb.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, görülən işlər çərçivəsində yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib, onun eni 10 metrə qədər genişləndirilib. Yolun 8,5 kilometr uzunluğa malik Həsənabad–Neftçala hissəsində yararsız örtük qazılaraq çıxarılıb, genişləndirmə və kipləşdirmə, yeni yol əsasının inşası, asfaltlanma işləri aparılıb.

    Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa edilib. Yolun 1,5 kilometrlik Bankə–Beştalı ərazisində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir olunub. Layihənin sonuncu mərhələsində yol nişanlarının, siqnal, işıq dirəklərinin və km göstəricilərinin, dayanacaqların quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

  • Prezident gələn ilin dövlət büdcəsini təsdiqləyib

    Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2023-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.

    Report xəbər verir ki, gələn il büdcənin gəlirləri 30 774 milyon manat, xərcləri 33 353,3 milyon manat olacaq.

    Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 3,25% çoxdur.

    Son nəticədə büdcədə 2 579,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17% azalma deməkdir.

    Büdcə gəlirlərinin 30 017 milyon manatı mərkəzləşdirilmiş, 757 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 32 584 milyon manatı mərkəzləşdirilmiş, 769,3 milyon manatı isə yerli xərclərdir.