Tokionun Mequro rayonunda yerləşən “Naka Meguro TRY” mədəniyyət mərkəzində “Şuşa İli”nə və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan möhtəşəm qala konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdiyi tədbirdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Azərbaycan, türk, özbək, rus icmasının üzvləri, Cənubi Azərbaycandan olan soydaşlarımız, Tokio ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qala konsertdə əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Çoxsaylı qonaqları bu tədbirdə salamlamaqdan məmnun olduğunu bildirən mərkəzin sədri Xəlil Kələntər yola salmaqda olduğumuz ilin Azərbaycan üçün böyük uğurlarla yadda qalacağını bildirib. Cari ilin diaspor hərəkatında da mühüm əhəmiyyətli tədbirlərlə əlamətdar olduğunu vurğulayıb. Qarşıdan gələn bayramlar münasibətilə iştirakçıları təbrik edərək, onlara bu axşam gözəl əyləncə və istirahət arzulayıb.
Tədbirdə çıxış edən ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların doğma Vətənimizin maraqları naminə həmrəyliyinə və birgə fəaliyyətinə xidmət edir. Bu gün həmin həmrəylik dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün azərbaycanlıları doğma Vətənimiz ətrafında sıx birləşdirir.
Başa çatmaqda olan 2022-ci ilin Azərbaycanda “Şuşa İli” kimi tarixə düşəcəyini bildirən səfir cari ildə bu şəhərin möhtəşəm beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzlərdən birinə çevrildiyini vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafını və qazandığı uğurları xüsusi vurğulayan səfir Azərbaycanın məhz bunun nəticəsində böyük nüfuz qazandığını bildirib. Qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatmış Vətən müharibəsi bu nüfuzu və hörməti daha da yüksəklərə qaldırıb. Həmin Qələbə həm də müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın doğma Vətənimiz ətrafında daha sıx birləşməsinə səbəb olub.
Cari ildə Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini xatırladan səfir ötən dövrdə əməkdaşlığın daha da gücləndiyini, qarşılıqlı rəsmi səfərlərin sayının artdığını bildirib.
G.İsmayılzadə Yaponiyada yaşayan soydaşlarımızı və Azərbaycanın dostlarını ölkəmizin milli maraqlarının qorunması və uğurlarımızın təbliği istiqamətində daha fəal olmağa çağırıb.
İki hissədən ibarət olan qala konsertin birinci hissəsində yapon pianoçu Yusey İnuinin ifa etdiyi “Xudayar təsnifi”, tanınmış caz ustası Yamamoto Kyokonun oxudu “Ay Laçın”, “Banabana gəl” mahnıları, azərbaycanlı rəqqasə Dilarə Qazıyeva və İgit Nozakinin birlikdə oynadığı “Naz eləmə”, “Ləzginka”, “Otantik Bunka” qrupunun ifa etdiyi “Nəlbəki”, “Ağ çiçək”, “Nazlana-nazlana” rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qısa fasilədən sonra davam edən qala konsertin ikinci hissəsi Dilarə Qazıyevanın ifasında “Uzun dərə” rəqsi ilə başlayıb. Sonra Yaponiyada Azərbaycan-türk simli alətlərinin mahir ifaçısı kimi tanınmış Kiyoşi Ohiranın rəhbərlik etdiyi qrupun ifasında “Ruhani”, “Sudan gələn sürməli qız”, “Sarı gəlin”, “Gizir oğlu Mustafa bəy” xalq və aşıq mahnıları səslənib. “Kələbək Lotus” qrupunun ifasında Azərbaycan rəqslərindən ibarət popuri təqdim edilib.
Qala konsertdə Azərbaycan, türk və yapon ifaçıların ifa etdiyi mahnı və rəqslər tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Tədbirə yekun vuran diaspor təşkilatının rəhbərləri Xəlil Kələntər və Vüqar Ağayev həm ifaçılara, həm qonaqlara, həm Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə mminnətdarlıqlarını bildiriblər. Qarşıdan gələn Yeni ilin bütün dünyaya sülh və əmin-amanlıq gətirməsini arzulayıblar.
2023-cü il fevralın 19-da Heydər Əliyev Sarayında “Nataliya Başevanın teatr emalatxanası”- Kamera Dram Teatrının “Veronika ölməyə qərar verir” tamaşasının premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, tamaşa braziliyalı yazıçı Paulo Koelyonun eyniadlı romanı əsasında hazırlanıb.
"Veronika ölməyə qərar verir" tamaşası gözəl və ruhlandırıcı, parlaq şəkildə işlənmiş və ironik metaforalardan ibarətdir. Bu, yaşadığımız həyatı bir möcüzə kimi görməyə çağıran və ölümə cavab olaraq yaşamaq yanğısından bəhs edən real bir hekayədir.
Qeyd edək ki, səhnə əsərinin bədii rəhbəri Nataliya Başeva, musiqi tərtibatçısı Boris Qrebenşikovdur.
Qobustan Milli Tarix-Bədii Qoruğu bayram günləri ilə əlaqədar iş qrafikini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Qoruq dekabrın 31-də saat 10:00-dan 14:00-dǝk ziyarətçiləri qəbul edəcək.
Məlumata görə, yanvarın 1-də bağlı olacaq Qoruğun fəaliyyəti yanvarın 2-dən əvvəlki rejimdə davam edəcək.
Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dastanı” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, XTNS-nin “Azərbaycan” pavilyonunun rəhbərliyi tərəfindən təşkil edilmiş sərgidə milli koloritli natürmortlar, portretlər və Moskva vilayətinin peyzajları nümayiş etdirilir.
Pavilyonun direktoru Səadət Qədirova sərginin əhəmiyyəti barədə söhbət açaraq deyib: “Bugünkü sərgi xüsusi əhəmiyyətə malikdir, çünki o, nara həsr edilib. İstedadlı rəssam Əsgər Məmmədovun maraqlı taleyi var. Bildiyimiz kimi, həyatın sınaqları ilə üzləşdiyi insanlar istedadlı olur. Biz “Azərbaycan” pavilyonunda Əsgər Məmmədovun nara həsr edilmiş sərgisini açırıq. Nar bərəkət və sərvət rəmzidir. Mənim fikrimcə, nar dənələrinin bir-birinə bağlılığı biz azərbaycanlıların hamısı üçün birlik rəmzidir”.
Rəssam Əsgər Məmmədov Qarabağda keçmiş uşaqlıq illərini xatırlayaraq qeyd edib ki, simvolizm baxımından nar azərbaycanlıların həyat tərzini ifadə edir. O deyib: “Buna görə də yaradıcı fəaliyyətimin son illərini nara həsr etmişəm”.
Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək və qurumun iş vaxtı 1 saat uzadılacaq.
Bu barədə Reporta “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə günün tələbinə uyğun müvafiq dəyişikliklər ediləcək: “Dekabr ayının sonu və 2023-cü il yanvarın 4-dək davam edəcək bayram və istirahət günlərində şəhər mərkəzinə, həmçinin bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq. Sərnişin axını nəzərə alınmaqla, bayram günlərində qatarların hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bununla əlaqədar dekabrın 31-i qeyri-iş günü hesab olunsa da, saat 9:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsində hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə, 2023-cü ilin 1-4 yanvar tarixlərində isə 3 dəqiqəyə bərabər olacaq. Lakin mümkün sərnişin sıxlığı nəzərə alınmaqla, günün istənilən vaxtında xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq”.
B. Məmmədov bildirib ki, “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən xahiş olunur ki, dekabr 31-i şənbə, sonrakı qeyri-iş günlərində isə bazar gününə uyğun cədvəllərdən istifadə etsinlər.
O qeyd edib ki, 2023-cü il yanvar ayının 1-nə keçən gecə Yeni ilin gəlişi ilə əlaqədar ənənəvi şəhər gəzintisinə çıxacaq şəhər sakinləri və qonaqların maraqları nəzərə alınaraq, Bakı metropoliteninin iş rejimi 1 saat uzadılacaq: “Bu səbəbdən bütün stansiyalar yanvar ayının 1-i saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Qatarlar sonuncu sərnişinlər metropoliten stansiyalarını tərk edənə qədər xətlərdə hərəkət edəcək".
“Bakı Metropoliteni” QSC bayram günlərinin xoş ovqat şəraitində keçirilməsi, neqativ hallara yol verilməməsi, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılması üçün istifadə qaydalarına, ictimai asayişin tələblərinə, sanitar-gigiyenik normalara ciddi riayət edilməsini xahiş edir, B. Məmmədov vurğulayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonu ərazisində Elvin Şükürlü və Zeytunluq küçələri əsaslı təmir edib.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, ümumi uzunluğu 5 kilometr təşkil edən sözügedən küçələrdə aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, yeni yol yatağı tikilib, küçələr profilə salınıb, yol əsası işlənilib, yeni asfalt-beton örtüyü döşənib. Bundan başqa yeni səkilərin inşası, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması, yağış barmaqlıqlarının quraşdırılması işləri icra olunub.
Sonda üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb.
Dekabrın 30-dan 31-nə keçən gecədən etibarən yanvarın 4-ü axşam saatlarına qədər Bakının "20 Yanvar dairəsi"ndən Ziya Bünyadov prospekti istiqamətində (yalnız yolötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb paytaxtın Nəsimi rayonunun Alı Mustafayev küçəsində - "3-cü mikrorayon dairəsi"ndəki yol ötürücüsündə aparılacaq təmir işləridir.
Bu gün Bakıda Qırğızıstan Ticarət Evinin açılış mərasimi keçirilib.
Report xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Twitter”də bildirib.
"Ticarət Evi ölkələrimiz arasında işgüzar əməkdaşlığın inkişafına töhfə verəcək, ticarətin artmasına müsbət təsir göstərəcək", - o deyib.
Gələn ildən Azərbaycan vətəndaşları Mərakeşə elektron viza ilə səfər edə biləcəklər.
Report xəbər verir ki, bu barədə Mərakeşin Azərbaycandakı səfirliyi məlumat yayıb.
2023-cü il yanvarın 10-dan Azərbaycan və digər beş ölkənin vətəndaşları elektron viza almaqla Mərakeşə səfər etmək imkanı əldə edəcəklər.
Azərbaycan vətəndaşları viza üçün eyni zamanda Mərakeşin Bakıdakı səfirliyinə də müraciət edə bilərlər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Akademiyanın “Fortepiano, Orqan və Klavesin” kafedrasının fəaliyyətinin 70 illiyinə həsr olunmuş təntənəli konsert təşkil edilib.
BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsertin bədii rəhbəri “Fortepiano, Orqan və Klavesin” kafedrasının müdiri, professor Afaq Rüstəmovadır. Rəngarəng konsert proqramında yerli və xarici bəstəkarların əsərləri səsləndirilib.
Xalq artisti, professor Xuraman Qasımova və musiqişünas, BMA-nın dosenti Xatirə Həsənzadə tədbir barədə məlumat verərək, kafedranın 70 illiyi ilə əlaqədar bütün kollektivi təbrik ediblər.
Konsertdə BMA-nın professor-müəllim heyəti, Xalq artistləri Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova və Əməkdar incəsənət xadimi Kəmalə Neymanova, Könül Hüseynova, Əməkdar müəllim Adilə Mailova, dosentlər Dilşad Əliyeva, Tofiyə Cavadova, Aynur Xəlilova, İdris Zeynalov, Əməkdar artist, baş müəllim Nigar Məlikova, Lalə Atakişiyeva, müəllim Gülnar Mirqasım, tədbirin qonaq ifaçıları Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi orkestrinin solisti, Əməkdar artist Aynur İsgəndərli, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Atəş Qarayev, “Muğam” televiziya müsabiqəsinin qalibi Babək Şuşalı, eyni zamanda BMA-nın tələbələri Gülbacı Muradova, Erol Rzayev, Leyla Baxışova, həmçinin BMA-nın Tələbə kamera orkestrinin bədii rəhbəri və dirijoru Üzeyir Məmmədov əsrarəngiz çıxışlarını tamaşaçılara təqdim ediblər.
Qeyd edək ki, bayram ab-havalı konsert gecəsi maraqla qarşılanıb.