İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu gün dünya ictimaiyyətinin geniş şəkildə qeyd etdiyi Ümumdünya Teatr Günü münasibətilə müraciət yayıb.
AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə teatr sənətinin bəşəriyyətin mədəni irsinə verdiyi misilsiz töhfə vurğulanıb. ICESCO-nun müraciətində deyilir: “Hər il martın 27-də teatr sənətinin bir ilham mənbəyi kimi dünyada incəsənətin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqində rolunu, müxtəlifliyi və bəşər tarixinə mədəni təsirini təşviq edən, habelə onun qeyri-maddi sivilizasiya irsinin ayrılmaz hissəsi olduğunu vurğulayan Ümumdünya Teatr Günü qeyd edilir.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı bu fürsətdən istifadə edərək, teatr sənətini dəstəkləmək, mədəni dialoqu təşviq etmək və təşkilata üzv dövlətlərdə teatr artistlərinin bacarıqlarını inkişaf etdirmək öhdəliyini təzələyir. Təşkilat, eyni zamanda, elmi nəşrlər və simpoziumlar vasitəsilə, xüsusən də süni intellektin yaratdığı problemlər və onun insan yaradıcılığının azaldılmasına təsiri fonunda əcdadların mirası olan bu vacib sənətin rolunun gücləndirilməsi istiqamətində göstərilən səyləri vurğulamağa çalışır”.
ICESCO vurğulayıb ki, bununla əlaqədar olaraq, təşkilat İslam dünyasında teatrın mədəni kimliyini möhkəmləndirməyə yönəlmiş bir sıra bələdçi nəşrləri, habelə məktəblilər üçün bədii və teatr təhsili üzrə rəhbər tədqiqatın hazırlanması üzərində işləyir.
Müraciətin sonunda qeyd olunub: “ICESCO Ümumdünya Teatr Günündə xüsusi ehtiyacı olan insanların teatr tamaşalarına inteqrasiyası və sosial birliyin möhkəmləndirilməsi ilə yanaşı, bu sənət növünü inkişaf etdirmək, artistlərin hazırlanmasını təşviq etmək və səhnə sənətinin qoruyub saxlamaq üçün üzv dövlətlərinin səylərini dəstəklədiyini bir daha təsdiqləyir.
Ümumdünya Teatr Günü 1961-ci ildə Beynəlxalq Teatr İnstitutu (ITI) tərəfindən təsis edilib. Beynəlxalq qeyri-hökumət təşkilatı olan ITI 1948-ci ildə UNESCO və beynəlxalq teatr ictimaiyyəti tərəfindən yaradılıb.
Bu gün dünyaşöhrətli musiqiçi Mstislav Rostropoviçin doğum günüdür
Bu gün dünyaşöhrətli musiqiçi, XX əsrin ən böyük violonçel ifaçısı Mstislav Rostropoviçin anadan olmasından 97 il ötür.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə dünyaşöhrətli musiqiçi və görkəmli ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi, SSRİ Xalq artisti Mstislav Rostropoviçin anadan olmasının 90 illiyi Azərbaycanda dövlət səviyyəsində qeyd edilib.
Mstislav Leopoldoviç Rostropoviç 1927-ci il martın 27-də Bakıda dünyaya gəlib, uşaqlıq və gənclik illərini burada keçirib. O, dörd yaşında ikən anasından fortepianoda, on yaşında isə atası, tanınmış violonçel ifaçısı Leopold Rostropoviçdən bu alətdə çalmağı öyrənib. İkinci Dünya müharibəsi illərində Mstislav Rostropoviçin ailəsi Orenburqa, daha sonra 1943-cü ildə Moskvaya köçüb.
Mstislav Rostropoviç 16 yaşı olanda Moskva Konservatoriyasına qəbul olunub və orada fortepiano, violonçel ifaçılığı ilə yanaşı, dirijorluq və bəstəkarlıq ixtisaslarına da yiyələnib. Bu təhsil müəssisəsində Dmitri Şostakoviç və Sergey Prokofyev kimi böyük sənətkarlardan dərs alıb.
Gənc Mstislav Rostropoviç ilk violonçel konsertini 1942-ci ildə verib, üç il sonra isə SSRİ-də ilk dəfə keçirilən gənc musiqiçilərin birinciliyində qızıl medala layiq görülüb. Sovet İttifaqında şöhrət qazanmış gənc və son dərəcə istedadlı Mstislav Rostropoviç Leninqrad (indiki Sankt-Peterburq) və Moskva konservatoriyalarında pedaqoji fəaliyyətlə məşğul olub, çoxsaylı ifaçıların yetişməsində böyük əmək sərf edib. O, 1964-cü ildə Qərbi Almaniyada çıxışı ilə dünya klassik musiqisevərlərinin rəğbətini qazanıb, həmin illərdə Qərbi Avropanın bir neçə qabaqcıl bəstəkarları ilə tanış olub.
Mstislav Rostropoviç 1967-ci ildə Böyük Teatrda P.Çaykovskinin “Yevgeni Onegin” operasına yüksək dirijorluq istedadını da nümayiş etdirib.
Dünyaşöhrətli musiqiçiyə D.Şostakoviç, S.Prokofiyev, B.Britten, A.Şnitke və digər bəstəkarlar əsərlər yazıb. Mstislav Rostropoviç D.Şostakoviçin violonçel üçün konsertlərinin ilk ifaçısıdır. O, dahi bəstəkarın “Birinci konserti”ni London musiqisevərlərinə təqdim edib.
Mstislav Rostropoviç 1977-1994-cü illərdə Vaşinqtonda ABŞ Milli Simfonik Orkestrinin bədii rəhbəri və dirijoru kimi fəaliyyət göstərib, Svyatoslav Rixter və Vladimir Horovits kimi məşhur musiqiçilərlə çalışıb. O, həmçinin Mstislav Rostropoviç Musiqi Festivalının təsisçisi və Birləşmiş Krallıqda B.Britten və Piter Pirsin təsis etdikləri Aldeburq Festivalının mütəmadi iştirakçısı olub.
Mstislav Rostropoviç sovet ideologiyasının ən təhlükəli illərində belə demokratik ideyaları çəkinmədən səsləndirib.
Dünyaşöhrətli musiqiçi çoxsaylı mükafatlara və ordenlərə, o cümlədən “Heydər Əliyev” ordeninə, Fransanın “Şərəf Legionu” ordeninə, müxtəlif universitetlərin fəxri doktoru adına və digər mükafatlara layiq görülüb. Mstislav Rostropoviç UNESCO-nun səfiri kimi bir çox təhsil, tədris və mədəni layihələri dəstəkləyib. O, həyat yoldaşı Qalina Vişnevskaya ilə birlikdə Azərbaycanda da bir sıra sosial layihələrdə yaxından iştirak edib.
2002-ci il martın 4-də Bakıda dahi sənətkarın ev-muzeyi açılıb. M.Rostropoviç həyat yoldaşı ilə Azərbaycana vaxtaşırı gəlib və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təkmilləşmə sinifləri təşkil etməklə Azərbaycan musiqi sənətinə də dəyərli töhfələr verib.
Mstislav Rostropoviç 2007-ci il aprelin 27-də Moskvada vəfat edib.
Müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkar - Mstislav Rostropoviçin əziz xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq.
Milli Kitabxanada Xalq yazıçısı Mehdi Hüseynin 115 illiyi münasibətilə kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Xalq yazıçısı Mehdi Hüseyn - 115” adlı sərgidə yazıçının əsərləri yer alıb. Həmçinin, dünya ədəbiyyatından tərcümələri və redaktə etdiyi, haqqında yazılmış kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunub.
İctimai dövlət xadimi, şərəfli ömrünü vətəninə və xalqına həsr edən əbədiyaşar yazıçı 1909-cu il martın 22-də Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olub.
Mehdi Hüseyn ədəbiyyat və mədəniyyətimizi sənət inciləri ilə zənginləşdirən, əsərlərində bəşəri fikir və ideyaları əks etdirən istedadlı sənətkardır. “Daşqın”, “Kin”, “Fəryad” kimi povestlərin, “Tərlan”, “Abşeron”, “Qara daşlar”, “Səhər”, “Yeraltı çaylar dənizə axır” adlı romanların müəllifidir.
Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.
AZƏRTAC xəbər verir ki, yaranmasının 151-ci ildönümü qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.
Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.
Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.
Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.
Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub, 30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət edilib.
Azərbaycan teatrını qarşıda yeni uğurlar gözləyir. Əminliklə demək olar ki, teatrlarımız biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı auditoriyası toplayacaq və milli mədəniyyətimizin inkişafına yeni töhfələr verəcəklər.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.
Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 105 illiyi münasibətilə Milli Kitabxanada ədibin həyat yolu, fəaliyyəti və yaradıcılığı ilə bağlı “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı geniş kitab sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtib və redaktə etdiyi kitablar, haqqında yazılmış Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Xalq yazıçısı İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub.
İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixinə böyük həcmli əsərləri ilə bərabər, həm də hekayələri, publisist və tənqidi, ədəbi prosesləri əks etdirən məqalə və çıxışları, dərslik və tərcümələri ilə daxil olan görkəmli yazıçı, alim-pedaqoq, ədəbiyyatşünasdır. O, daim xatırlanan, ən çox oxunan, yerli və xarici oxucuların diqqətini cəlb edən, əsərləri müxtəlif xalqların dilinə tərcümə olunan yazıçılardandır.
İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlsə də, ancaq özünü nəsrdə tapıb və müasir ədəbiyyatımızda nəsrin ən görkəmli nümayəndəsi kimi şöhrət qazanıb. Yazıçının “Kerç sularında”, “Dağlar səslənir”, “Daşkəsən”, “Ayrılan yollar”, "Dəli Kür”, "Ölən dünyam” və sair əsərləri ədibə ümumxalq məhəbbəti qazandırıb.
“Dəli Kür” romanı nəsrimizin şah əsərlərindən sayılır və yazıçı istedadının nələrə qadir olduğunu, səviyyəsini ortaya qoyur.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aprel repertuarını təqdim edib.
AZƏRTAC xəbər verir ki, sənət ocağı repertuarında xüsusi yer tutan tamaşalarla teatrsevərlərin qarşısına çıxacaq.
4 aprel - “Aysedora”
5 aprel - “Qadınım”
6 aprel - “İki küpəgirən qarı”, “Leyli və Məcnun”
7 aprel - “Bir dayan, canavar!”, “Nəğməmə inan”
12 aprel - “Amerikalı kürəkən”
13 aprel - “Qırmızı papaq”, “Lara Martin’s Jazz Club”
14 aprel - “İki küpəgirən qarı”, “Sevənlərindir dünya”
19 aprel - “Anamın kitabı”
20 aprel - “Qızıl cücə”, “Paris Notr-Dama ithaf”
21 aprel - “İki küpəgirən qarı”, “Kimyagər”
25 aprel- “Utancaq qız”
26 aprel - “Molla Nəsrəddinin beş arvadı”
27 aprel - “Dəcəl çəpişlər”, “O olmasın, bu olsun”
28 aprel - “İki küpəgirən qarı”, “Psix”.
Azərbaycan Milli Kitabxanasında “27 mart - Beynəlxalq Teatr Günü” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə müxtəlif dillərdə teatr tarixində iz qoymuş görkəmli şəxslərin həyat və yaradıcılığına dair kitablar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.
Beynəlxalq Teatr Günü Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub.
Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Mərziyə Davudova kimi yüzlərlə siması yetişib. Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində göstərir.
Martın 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında "Novruz" musiqili tamaşası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan incəsənət xadimləri, Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin və ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak ediblər.
Çərşənbələrin oyanışını özündə əks etdirən dörd hissəli tamaşanın keçirilməsində əsas məqsəd Azərbaycanın tarixi qədər qədim olan Novruz bayramının, onun çoxminillik adət-ənənələrini təbliğ etmək, uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri gələcək nəslə ötürməkdir.
Tamaşada azyaşlı uşaqlar da aktyor qismində iştirak ediblər.
Qeyd edək ki, musiqili tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. O, həm də yazıçı İlqar Fəhmi ilə tamaşanın ssenari müəllifliyini də paylaşır. Tamaşaya məxsusi olaraq bəstələnən musiqi isə bəstəkar Azər Hacıəsgərliyə məxsusdur.
Martın 19-da Azərbaycan Milli Xalça Muzeyində Novruz bayramı münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə xalqımızın qədim ənənəsi, həmrəyliyimizin rəmzi olan bahar nəfəsli Novruzun zəngin ənənələri, mərasimləri, personajları və simvollarını əks etdirən oyunlar, tamaşalar və rəqslər ifa edilib. Həmçinin xüsusi istedadlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi nümayiş olunub.
Tədbir tematik ekskursiya, Novruz atributları və xalça ornamentlərinə aid ustad dərsləri ilə davam edib.
Şənlik muzeyin Uşaq Birliyinin üzvlərinin, Laçın rayonu M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin, Füzuli şəhəri Seyid Şuşinski adına 1 nömrəli incəsənət məktəbinin şagirdlərinin, “Röya” və “Dozado” rəqs qruplarının iştirakı ilə təşkil olunub.
UNESCO-nun Parisdəki mənzil-qərargahında qurumun İcraiyyə Şurasının 219-cu sessiyası davam edir.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun 219-cu sessiyası çərçivəsində bu təşkilata üzv ölkələrin milli komissiyalarının iclası keçirilib. İclasda ölkəmizi UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev təmsil edib.
İclasda üzv ölkələrin milli komissiyalarının həyata keçirdiyi layihələr haqqında məlumat verilib. UNESCO üzrə Azərbaycan Milli Komissiyası bu təşkilatın bütün prioritet istiqamətləri üzrə fəaliyyətini uğurla davam etdirir. Həmçinin Azərbaycan Milli Komissiyası bu təşkilata üzv ölkələrin milli komissiyaları ilə əlaqələrinin inkişafında, müştərək proqram və tədqiqat işlərində fəal iştirak edir.
2025-ci ilədək İcraiyyə Şurasının üzvü olacaq Azərbaycan təşkilatla mədəniyyət, təhsil, elm, informasiya və kommunikasiya sahələrində geniş əlaqələr qurub, UNESCO ailəsinin nüfuzlu üzvünə və donor dövlətinə çevrilib.
Xatırladaq ki, UNESCO İcraiyyə Şurasının 219-cu sessiyası martın 27-dək davam edəcək.