Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • "TuranBank" “ASAN Məktub”la birgə uşaqların arzularını gerçəkləşdirib

    Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan "TuranBank" ASC Yeni il bayramı münasibəti ilə növbəti xeyriyyə aksiyasına imza ataraq aztəminatlı, o cümlədən şəhid və qazi övladlarının arzularını gerçəkləşdirib.

    Belə ki, “ASAN Məktub” sosial proqramı çərçivəsində "TuranBank" əməkdaşları ASAN Könüllülərlə birlikdə öz arzularını yazan uşaqların görüşünə gedib, uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edib. Adıçəkilən sosial layihə çərçivəsində Bank Quba şəhəri və Xaçmaz rayonunun Köhnə Xaçmaz, Gülalan kəndlərinin kiçik sakinlərini sevindirib.

  • Azərbaycanda "Yaşıl Kart"la bağlı birdəfəlik ödəniş və sığorta haqları müəyyən edilib

    Azərbaycan Mərkəzi Bankının Kollegiyası "Yaşıl Kart" sığorta sistemi çərçivəsində fəaliyyət göstərmək istəyən sığortaçıların İcbari Sığorta Bürosu tərəfindən formalaşdırılan cari öhdəliklər ehtiyatı ilə bağlı hesaba ödədikləri birdəfəlik pul vəsaitinin məbləğinin və sistem çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə qərar qəbul edib.

    Report xəbər verir ki, qərarı qurumun sədri Taleh Kazımov imzalayıb.

    Qərara əsasən, “Yaşıl Kart" üzrə birdəfəlik ödəniş 10 000 müəyyən edilib.

    Bundan başqa, "Yaşıl Kart" müqavilələri üzrə Türkiyə və İrana gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 12-440 manat, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 10-400 manat, digər ölkələrə gedən Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 30-1200 manat, Türkiyə, İran, Belarus, Moldova, Rusiya və Ukraynaya gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 15-1 630 manat, digər ölkələrə gedən Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinə münasibətdə nəzərdə tutulan sığorta haqları 30 - 2 389 manat müəyyənləşdirilib.

    Qərar gələn il yanvarın 1-dən qüvvəyə minir.

    AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

  • Xalq artisti Fərhad Bədəlbəyli “Şərəf” ordeni ilə təltif edilib

    Prezident İlham Əliyev dekabrın 26-da Xalq artisti Fərhad Bədəlbəylinin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, orden Xalq artistinə Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.

    Anadan olmasının 75-ci ildönümü tatam olan Xalq artisti Fərhad Bədəlbəylinin Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında layiqli yeri var. O, müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdəndir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş auditoriyaya tanıdıb və sevdirə bilib. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan F.Bədəlbəyli, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. O, mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir.

    Qeyd edək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 1965–1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) təhsil alıb.

    F.Bədəlbəyli, eyni zamanda, 1986–1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyəti İdarə Heyəti sədrinin birinci müavini olub. Onun təşəbbüsü ilə 1987–1996-cı illərdə rəhbəri olduğu Bakı İncəsənət Mərkəzi və hazırda sədri olduğu Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti yaradılıb. Fərhad Bədəlbəyli 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur. O, 1997-ci ildə "Şöhrət", 2017-ci ildə isə "İstiqlal" ordenləri ilə təltif edilib.

    Əlamətdar yubiley münasibətilə AZƏRTAC-ın kollektivi Fərhad Bədəlbəylini təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq işində uğurlar arzulayır.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Qazaxıstanla tərəfdaşlıq perspektivləri müzakirə olunub

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana rəsmi səfəri çərçivəsində ölkənin xarici işlər nazirinin müavini Adil Tursunov ilə görüşüb.

    Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Adil Tursunov qonağı salamlayaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk xalqlarının mədəni irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə verilən töhfələri yüksək qiymətləndirib. Adil Tursunov Fond ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinin önəmini vurğulayaraq, həyata keçirilən layihələri dəstəkləməyə hazır olduğunu bildirib.

    Günay Əfəndiyeva Fondun qurucu üzv dövləti, Türk dünyasının ayrılmaz parçası Qazaxıstanın qədim və zəngin dəyərlərinin öyrənilməsi, qorunması və beynəlxalq səviyyədə tanıdılması yönündə təşkilatın fəaliyyətindən söz açıb. Fondun prezidenti təşkilatın növbəti il üzrə qarşısına qoyduğu məqsədlərindən, eləcə də Qazaxıstanla əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində planlarından bəhs edib.

    Görüş tərəflər arasında tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.

  • Gənc pianoçuların respublika müsabiqəsi başlayır

    Dekabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Prezident İlham Əliyevin Sərəncamına əsasən Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində “Fikrət Əmirov 100” Gənc pianoçuların respublika müsabiqəsinə start veriləcək.

    AZƏRTAC xəbər verir ki, dörd gün davam edəcək müsabiqədə kiçik, eləcə də böyük yaş qrupu üzrə dinləmələr keçiriləcək.

    Müsabiqəsinin bədii rəhbəri Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, münsiflər heyətinin sədri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor Murad Adıgözəlzadə, təşkilat komitəsinin sədri Xalq artisti, BMB-nın prorektoru Yeganə Axundovadır.

  • Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş növbəti konsert

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında Xalq artisti, tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

    Tədbirdə ustad tarzənin həyat və yaradıcılığından danışılıb və onunla bağlı xoş təəssüratlar bölüşülüb. Bildirilib ki, görkəmli sənətkar Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib.

    Musiqi salnaməmizə mühüm səhifələr yazmış tarzən Əhməd Bakıxanova həsr olunmuş konsertdə "Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov, Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xəzər Universitetinin Kamera Orkestri, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İnarə Babayeva, estrada müğənnisi İlqar Xəyal, beynəlxalq müsabiqələr laureatı Kamal Nuriyev və bəstəkar Sevda Rəhimovanın çıxışları alqışlarla qarşılanıb.

  • Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb

    Cari ildə “Christie's”, “Sotheby's” və “Phillips” hərrac evləri tərəfindən satılan incəsənət əsərlərinin ümumi dəyəri demək olar ki, 18 milyard dollara çatıb. Bu da incəsənət sahəsi üçün rekord göstəricidir.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, satışların statistikası üzrə ən bahalı rəsm əsərlərinin siyahısı açıqlanıb.

    Reytinqdə birinci yeri amerikalı rəssam Endi Uorholun ən məşhur əsərlərindən biri olan Merilin Monroya həsr olunmuş “Shot Sage Blue Marilyn” portreti qazanıb. Rekord satış məbləği 195 milyon dollar olan portret ən bahalı sənət əsəri kimi siyahıda yer alıb.

    İkinci yerdə Corc Seuratın “The Models” rəsm əsəri durur. Cari ilin noyabrında “Christie's” hərracında fransız rəssamın əsəri 149 milyon dollara satılıb.

    Üçüncü yerdə isə fransız postimpressionist Pol Sezannın “Seint-Viktuar dağı” rəsmi qərarlaşıb. Bu rəsm əsəri üçün 138 milyon dollar ödənilib.

  • “Yeni adlar” layihəsi davam edir

    Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” musiqi layihəsi davam edir. Layihə çərçivəsində istedadlı gənclər böyük səhnələrdə ölkəmizin aparıcı kollektivlərinin müşayiəti ilə öz məharətlərini göstərirlər.

    AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirilib.

    Gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc musiqiçilər, respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun) və Hüseyn Quliyev (tar) maraqlı musiqili proqramla çıxış ediblər. Orkestr tərəfindən Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamından fraqment və Niyazinin "Qaytağı" əsəri böyük şövqlə təqdim edilib.

    Konsertdə Aişə Əmrahovanın ifasında H.Xanməmmədovun “Tar və simfonik orkestr üçün 2 nömrəli konsert”i, Hüseyn Quliyevin təqdimatında isə H.Xanməmmədovun "Kamança və simfonik orkestr üçün konsert”i alqışlarla qarşılanıb. İstedadlı gənclər orkestrin müşayiəti ilə hər iki əsəri həm peşəkarlıq, həm də sevgi ilə səsləndiriblər.

  • Xalq artisti Sərxan Sərxanın 3 illik fasilədən sonra Bakıda növbəti konserti

    Xalq artisti, klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Sərxan Sərxan Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert proqramı ilə çıxış edib.

    AZƏRTAC xəbər verir ki, tədbirdə BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov çıxış edərək Sərxan Sərxanı klassik estrada sənətimizin canlı korifeyi adlandırıb və ona yeni uğurlar arzulayıb.

    Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı, repertuarındakı retro və müəllif, dillər əzbəri olan hit mahnıları ilə tamaşaçıların qarşısına çıxıb.

    Böyük alqışlarla qarşılanan müğənni tamaşaçıları “Salam, Bakı şəhərim” ifası ilə salamlayıb. Xalq şairləri Nəbi Xəzrinin şeirinə “Nə dedim”, Nəriman Həsənzadənin sözlərinə “Kinoda” və Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın sözlərinə bəstələdiyi “Ay gecikən məhəbbətim” mahnıları isə zala xüsusi ovqat bəxş edib. Konsert boyu tamaşaçılarla səmimi ünsiyyət quran Xalq artisti hər bir mahnısı haqqında məlumat verərək həm də öz təəssüratlarını bölüşüb.

    Anşlaqla keçən konsert tamaşaçıların gur alqışları ilə yekunlaşıb.

    Qeyd edək ki, bu, 3 illik fasilədən sonra ifaçının böyüyüb boya-başa çatdığı Bakıda növbəti konserti idi.

  • Azərbaycanda turizmlə bağlı ailə biznesi quran sahibkarların sayı artır

    Yeni açılmış bəzi qonaq evləri, fərqli qonaqlama tipi təqdim edən istirahət yerləri keyfiyyət baxımından seçilir və fərqlənməyə çalışırlar.

    Bu sözləri  AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.

    O qeyd edib ki, ailə biznesi quran sahibkarlar qonaqlara yüksək səviyyədə xidmət göstərirlər. Bunun sosial mediada paylaşılması digər turistlərin də marağını cəlb edir. Belə sahibkarların sayı artmağa başlayıb və bu, çox sevindiricidir.