Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı-Quba yolunun bir hissəsinin açılışı olub

    Bu gün Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulmasından sonra açılışı olub. 

    "Report" xəbər verir ki, açılışı mərasimində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, onun I müavini Əvəz Qocayev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak edib. 

    12:08

    Bu gün Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulmasından sonra açılışı olacaq.

    Report xəbər verir ki, açılışda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi iştirak edəcək.

    Xatırladaq ki, aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton dağıdılaraq ərazidən kənarlaşdırılıb, yol əsasının yararsız qruntu çıxarılıb. Qazıntı işləri ərazidən asılı olaraq 2.5 metrə qədər dərinlikdə icra olunub.

    Daha sonra qazılmış əraziyə yararlı qruntun tökülməsi və xüsusi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülüb, yeni yol yatağı, yeni yol əsasının tikintisi aparılıb. Kipləşdirmə dərəcəsini yoxlamaq məqsədi ilə ərazidən xüsusi texnikanın köməkliyi ilə nümunələr götürülərək, labarator şəraitdə yoxlanılıb. Kipləşdirmə əmsalına uyğun tikinti ərazisində yenidənqurma işləri görülüb.

    Görülən işlərə paralel olaraq yol nişanları, məlumatverici lövhələr, siqnal dirəklərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin çəkilməsi işləri də yerinə yetirilib.

  • Bakı metrosunun ikinci yerüstü stansiyası ilk sərnişinlərini qarşılayıb

    Bu gün Bakı metropoliteninin yerüstü ikinci, ümumilikdə isə 27-ci stansiyası olan "Xocəsən" stansiyası sərnişinlərin istifadəsinə verilib.

    Report xəbər verir ki, bu barədə stansiyanın açılışında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

    "Xocəsən" stansiyası "Bənövşəyi" xəttin dördüncü stansiyası olaraq bu gün ilk sərnişinlərini qarşılayıb.

    "Belə ki, Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun ərazisində eyniadlı yerüstü stansiya istismara verilib. Bu, metropolitenin sayca 27-ci və 2-ci yerüstü stansiyasıdır. Layihəni “Bakı Metropoliteni” QSC-nin “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanıb və stansiyanın tikintisi inşaat işlərinin ikinci mərhələsinə planlaşdırılırdı, lakin ərazinin sürətli sosial-iqtisadi inkişafı, əhalinin məskunlaşma tempi və yol infrastrukturunun şaxələnməsini nəzərə alaraq, birinci mərhələyə keçirilib. Eyni zamanda 25 hektar ərazini əhatə edən "Xocəsən" deposunun da inşaat işlərinin birinci mərhələsi sona çatdırılıb", - H. Məmmədov bildirib.

    Onun sözlərinə görə, "Bənövşəyi" xətt 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulduğundan xəttin sayca 4-cü stansiyasının platforması da 144 metr uzunluğundadır: "2016-cı ildə istismara buraxılmış xətdə məhz “Xocəsən” stansiyasının istifadəyə verilməsi ilə ilk dəfə yeddivaqonluq qatarlar hərəkət etməyə başlayıb. Buna qədər sərnişindaşıma həcminin tələbatına uyğun olaraq, xətdə beşvaqonluq qatarlar hərəkət edib. Sərnişinlər "Avtovağzal" stansiyasından "8 Noyabr" stansiyasına, eləcə də "Xocəsən" stansiyasına gediş-gəliş həyata keçirə bilərlər. Bugünki dövr üçün ərazidə yaşayan sakinləri sayı nəzərə alınaraq qatarların ilkin intervalı 16 dəqiqə təyin edilib".

    Qeyd edək ki, stansiyanın giriş sahəsində vestibül yerləşir. Burada sərnişin avtomatikası, o cümlədən, avtomat nəzarət-buraxılış məntəqəsi mövcuddur. Vestibüldən sərnişin platformasına qədər 59 metr uzunluğunda keçid dəhlizi inşa olunub. Sərnişinlərin platforma səviyyəsinə qalxması üçün Almaniyanın “Thyssen Krupp” şirkətinin istehsalı olan “Tugela FT-945” tipli iki müasir eskalator və pilləkənlər quraşdırılıb. Eskalatorun qalxma hündürlüyü 4,8 metr, lentinin uzunluğu 12 metrdir.

    Tunellərdən çıxışda yerləşən portal sahəsindən stansiyayadək 806 metr dəmiryol xətti çəkilib. Yollar dəmir-beton şpallar, yoldəyişdiricilər isə dəmir-beton tirlər üzərində qurulub. Bu, iqtisadi və praktiki cəhətdən daha səmərəli və uzunömürlü olmaqla, qulluğu asan, ən əsası, qatarların hərəkət rəvanlığını və təhlükəsizliyini təmin edir.

    "Xocəsən" stansiyasının rəisi Seyfulla Vəliyevdir. O daha əvvəl "Memar Əcəmi" stansiyasının, bu təyinata qədər isə "Nəriman Nərimanov" stansiyasının rəisi vəzifəsində çalışıb.

  • Şuşaya alternativ mənbədən su verilməsinə başlanılıb

    "Azərsu" ASC Şuşa şəhərinə alternativ mənbədən suyun verilməsinə başlayıb.

    Report bu barədə ASC-yə istinadən xəbər verir.

    Məlumata görə, Şuşa rayonunun Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmər inşa edilib. Artıq nasos stansiyası işə salınıb və mənbədən götürülən su Şuşa şəhərindəki mövcud anbarlara qaldırılaraq buradan şəhər şəbəkəsinə ötürülür.

    Nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən 4 ədəd aqreqat quraşdırılıb. Hazırda şəhərin tələbatına uyğun olaraq 2 aqreqat istismar olunur. Sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür. Bununla da şəhərdəki obyektlər, hotellər və digər ictimai-iaşə müəssisələri, yaşayış olan evlər və dövlət qurumlarının inzibati binaları 24 saat içməli su ilə təmin edilir.

    Şuşa şəhərinin içməli su mənbələri olan Kiçik Kirs və Zarıslı mənbələrində qış və yay aylarında məhsuldarlığın azalması müşahidə olunur. Yeni yaradılmış alternativ mənbə həmin dövrlərdə şəhərin içməli su təchizatının fasiləsiz rejimdə aparılmasına hesablanıb.

    Xatırladaq ki, Şuşa şəhəri işğaldan azad olunan zaman şəhəri içməli su ilə təmin edən magistral su kəmərləri məqsədli şəkildə sıradan çıxarılmışdı. Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri qısa müddətdə bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə suyun verilməsi təmin olunub, şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb. “Azərsu” Şuşa şəhərində, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.

  • Prezident Kitabxanasının “Zəngəzur” elektron resursu istifadəçilərə təqdim edilib

    Azərbaycanlıların qədim dövrlərdən etibarən yaşadıqları Zəngəzur bölgəsi zəngin tarixi keçmişə malikdir. XX əsrin əvvəlində Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi nəticəsində Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı salınması ilə xalqımıza qarşı tarixi ədalətsizlik edilib. Ümummilli Lider Heydər Əliyev çıxışlarında bu tarixi ədalətsizliyə qarşı öz münasibətini bildirmişdir. Prezident İlham Əliyev dövlətin strateji hədəfinin tarixi torpaqlarımıza sahib çıxılması olduğunu vurğulayaraq demişdir: “Ermənistan dövləti tarixi Azərbaycan torpaqları üzərində qurulub. Bu, bizim tarixi dədə-baba torpaqlarımızdır. Bütün toponimlər Azərbaycan mənşəlidir. Bunu bilmək üçün XX əsrin əvvəllərində çar Rusiyasında tərtib olunan xəritələrə baxmaq kifayətdir. Orada bir dənə də erməni toponimi tapmaq mümkün deyil. İndiki Ermənistanda bütün kəndlərin 80 faizi Azərbaycan mənşəli adlar daşıyır. Yəni, bu, bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Başqa cür mümkün deyil. Bu, bizim strateji hədəfimizdir və biz bu hədəfə çatmaq üçün çalışırıq, çalışacağıq. İqtisadi, siyasi, hərbi gücümüz, demoqrafik vəziyyətimiz bunu deməyə əsas verir”.

    Şərqi və Qərbi Zəngəzura ayrılan vahid Zəngəzurun bu günümüzədək bütün dövrlərini əhatə edən elektron resurs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan, ingilis və rus dillərində hazırlanan bu resursun “Ümumi məlumat” fəslində Zəngəzurun tarixi coğrafiyası, əhalisi, oykonimləri, oronimləri, hidronimləri, flora və faunası, təbii ehtiyatları haqqında mətnlər ayrı-ayrı başlıqlar altında təqdim edilir. Bu fəsildə, həmçinin qədim dövrlərdən bu günədək Zəngəzuru əhatə edən “Xəritələr” əks etdirilir. Həmin xəritələrdə Zəngəzurdakı toponimlərin azərbaycanlılara məxsus olduğu əyani şəkildə görünür.

    Elektron resursun “Tarix” fəslində “Zəngəzur qədim və orta əsrlərdə”, “Rusiya işğalı dövrü”, “1905-1906-cı illər qırğınları”, “1918-1920-ci illər qırğınları”, “Qərbi Zəngəzurun Ermənistana verilməsi”, “Repressiya və deportasiya illəri”, “1988-1989-cu illər deportasiyası”, “Şərqi Zəngəzur işğal illərində” başlıqlı mətnlər istifadəçilərə təqdim edilir.

    44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilən Şərqi Zəngəzur rayonları haqqında, yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumatlar “Azad Şərqi Zəngəzur” bölməsində xronoloji ardıcıllıqla öz əksini tapır.

    Elektron resursun “Tarixi-memarlıq abidələri” bölməsində həm Şərqi Zəngəzurda, həm də Qərbin Zəngəzurda mövcud olan tarixi-memarlıq abidələri haqqında şəkilləri də daxil olmaqla dolğun məlumat verilir.

    Kitabxananın fonduna daxil olan Zəngəzur haqqında kitab və məqalələrin elektron versiyaları “E-resurslar” fəslində əks etdirilir.

    Resursun “Biblioqrafiya” bölməsində Zəngəzur haqqında kitabların və məqalələrin, habelə ayrı-ayrı məcmuələrdə dərc edilən materialların biblioqrafik təsvirləri verilir.

    “Fotoqalereya” bölməsində Zəngəzurun mənzərəli yerlərinin, erməni vandalları tərəfindən dağıdılmış memarlıq abidələrinin şəkilləri, habelə Şərq Zəngəzurda və Zəngəzur dəhlizində həyata keçirilən bərpa-quruculuq işlərini özündə əks etdirən fotolar xronoloji ardıcıllıqla təqdim edilir.

    https://zangazur.preslib.az domenində yerləşdirilən “Zəngəzur” elektron resursu mütəmadi olaraq yenilənir.

  • “Bakcell”dən nəqliyyat üçün ağıllı həllər

    "Bakcell" şirkəti korporativ abunəçilərinə nəqliyyat vasitələri üçün ağıllı həllərdən istifadə etmək imkanı yaradır. “GPS+” adlanan bu yeni xidmət şirkət və təşkilatlara məxsus nəqliyyat vasitələrinin GPS izlənməsini təmin edir.

    Xidmətə qoşulan korporativ abunəçilər nəqliyyat üçün nəzərdə tutulan ağıllı həllərdən istifadə etməklə onun yerləşdiyi yer, sürəti, yanacaq sərfiyyatı, işləmə rejimi və səyahət etdiyi məsafəyə 24 saat ərzində nəzarət edə biləcəklər.

    Monitorinq korporativ avtomobillərə quraşdırılan GPS avadanlığı vasitəsilə həyata keçirilir.

    Xidmət barədə ətraflı məlumat üçün https://business.bakcell.com/az/smart-solutions-for-transport səhifəsinə daxil olun.

    "Bakcell" şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ abunəçilərini üstün mobil rabitə xidmətləri və texnoloji həllərlə təmin edir.

    2022-ci ildə "Bakcell" şəbəkəsi növbəti dəfə Ookla® tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınıb.

  • “40 yaşdan sonrakı qadın” kitabının təqdimatı olub

    Dekabrın 22-də Azərbaycan Yazıçılar Birliyində yazıçı-jurnalist, "Sport Time" jurnalının baş redaktoru Jalə Rzabəylinin qələmə aldığı “40 yaşdan sonrakı qadın” kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə müəllif kitab barədə məlumat verib.

    Bildirib ki, kitabda qadınlar üçün faydalı məsləhətlər və nikbin düşüncə gücü, eyni zamanda, Mövlana Cəlaləddin Rumi, Hüseyn Cavid, Cemal Süreya kimi söz ustalarının qısa fikirləri də yer alıb: "Kitab qadınların sağlam həyat və düşüncə tərzindən, sosial-psixoloji durumundan, sağlam qidalanma, idman, eyni zamanda uğur psixologiyasından bəhs edən motivasiya xarakteri daşıyır. Bu kitab həmçinin ömrünün ikinci baharını yaşayan 40 yaşlı qadınlar üçün lazımlı informasiyalar verir".

    Kitabın təkcə qadınlar üçün deyil, eyni zamanda kişi oxucular üçün də nəzərdə tutulduğunu bildirən Jalə Rzabəyli belə nəşrlərin qadınların maarifləndirilməsi, özünə olan güvən hissinin yaradılması baxımından lazımlı olduğunu vurğulayıb: "Ümid edirəm ki, "40 yaşdan sonrakı gadın" kitabı həm xanımların, həm də xanımlara dəyər verən kişilərin sevimli kitabına çevriləcək".

    Təqdimatda çıxış edənlər kitabın məziyyətlərindən söz açıb, motivasiya xarakteri daşıyan kitabın əhəmiyyətindən və müəllifin yazı üslubundan danışıblar.

    Vurğulanıb ki, həyatının ikinci mərhələsini yaşayan qadınlar üçün belə kitablar dəyərli mənbədir.

  • Azərbaycanın turizm potensialını artırmaq üçün hədəflər açıqlanıb

    Azərbaycanın turizm potensialının cəlbediciliyini artırmaq üçün əsasən - keyfiyyətli kadrların hazırlanmasını, yerlərdə düzgün təlimlərin və maarifləndirmə işlərin aparılmasını, bazarı araşdırıb ondan sonra otellərin açılmasını (məqsədə uyqun), bütün turizmlə əlaqəli sahibkarların keyfiyyət və xidmət standartlarının yüksəltməsini və sair hədəfləri müəyyənləşdirmək lazımdır. Hava limanından, yəni ölkəyə girişdən artıq turistin həmin ölkə haqqında təsəvvürü yaranır. Bu o deməkdir ki, hər bir vətəndaşın üzərinə iş düşür.

    Bu barədə AZƏRTAC-a açıqlama verən Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib ki, nəqliyyat vasitəsindən, bələdçisindən, oteldə qəbul şöbəsindən, restorandaki ofisiantdan, mağaza satıcısından tutmuş hər kəs ölkəni təmsil edir və gələn qonaqda təəssürat yaradır: “Sadəcə otel, turizm şirkəti və bələdçi deyil, sadaladığım hər kəs əl birliyi ilə çalışarsa Azərbaycanda turizm inkişafı daha da yüksələr. Əsasən də regionlarda infrastruktur işləri görülməlidir. Turist sadəcə ölkəyə oteldə qalmağa gəlmir, həm də özü ilə təəssürat aparmaq istəyir”.

  • Gənclər Kitabxanasında Ömər Faiq Nemanzadə haqqında silsilə materiallar hazırlanıb

    Bu il Azərbaycan ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist, pedaqoq, "Qeyrət" mətbəəsinin sahibi və "Molla Nəsrəddin" jurnalının həmtəsisçisi Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən ədibin 150 illik yubileyi ilə əlaqədar silsilə materiallar - “Ömər Faiq Nemanzadə-150” adlı virtual sərgi, videomaterial və metodik vəsait hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videomaterialda ictimai-siyasi xadim, mollanəsrəddinçi, publisist Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığı, elmi fəaliyyəti, əsərləri, Molla Nəsrəddin jurnalındakı fəaliyyəti haqqında məlumatlar əks olunub. Həmçinin ədibin haqqında dövri mətbuatda çıxan məqalələr və görkəmli ictimai xadimlərin onun haqqında söylədiyi dəyərli fikirlər də yer alıb.

    “Ömər Faiq Nemanzadə-150” adlı virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın mətni, Nemanzadənin türk dilinin inkişafındakı rolu, haqqında yazılmış kitablar və publisistin müəllifi olduğu kitabların biblioqrafik təsviri öz əksini tapıb.

    Kitabxana əməkdaşları tərəfindən hazırlanan və respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları üçün nəzərdə tutulan “Ana dilinin yorulmaz təbliğatçısı” adlı metodik vəsaitdə isə ədibin mübarizə tariximizdə, xalqımızın ictimai və milli şüurunun oyanması və formalaşmasında olan xüsusi mövqeyi, dahi ziyalının irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, ədibin həyat və fəaliyyətinin əsas tarixləri öz əksini tapıb.

    Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.

  • Günay Əfəndiyeva Astanada Mərkəzi Asiya Media Forumunda iştirak edir

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda iştirak edir.

    Fonddan AZƏRTAC-a bildirilib ki, forumun açılışında Qazaxıstan Respublikasının mətbuat və sosial inkişaf naziri Darxan Kıdırali, dövlət müşaviri Yerlan Karin, Qırğız Respublikasının dövlət katibi Suyinbek Kasmambetov, Türkiyənin və Monqolustanın sabiq prezidentləri Abdullah Gül və Nambarın Enkbayar çıxış ediblər.

    Tədbirdə regional identikliyin ölçülməsi, yeni medianın inkişafı, süni intellekt texnologiyaları, Mərkəzi Asiyada yaradıcı sənayelərin gələcəyi, eləcə də informasiya təminatı üçün regional və qlobal əməkdaşlıq imkanları kimi məsələlər müzakirə edilib.

  • Azərbaycan Hotellər Assosiasiyası: Ölkəmizdə 3 ulduzlu otellərin sayı artır

    Pandemiyadan ən çox zərər çəkən sektorlardan biri də turizm sahəsidir. Sözsüz ki, dünyadakı siyasi və iqtisadi problemlər də bu sektorun inkişafına təsir göstərir. Otellər iqtisadi cəhətdən dəymiş zərəri il ərzində bərpa etməyə çalışıblar. Əgər belə tendensiya davam edərsə, gələn il üçün böyük inkişaf gözlənilir.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.

    Onun sözlərinə görə, cari ildə keyfiyyətli və zövqlü otellər açılıb, ulduz təsnifatı ilə bağlı işlər görülüb. Artıq ölkəmizdə 3 ulduzlu otellərin sayı artmağa başlayıb. Gələcəkdə daha çox otelin ulduz təsnifatından keçməsi nəzərdə tutulub.