Ölkəmizdə ilk otel biznesinin inkişafı 2011-2013-cü illərə təsadüf edir. Pandemiyadan sonra yenə də bu sektorda böyük canlanma müşahidə olunur. Yaxın bir ildə Azərbaycanda 6 beynəlxalq brend hotelin açılması gözlənilir ki, bu da yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam deyib.
Onun sözlərinə görə, yeni otellər xarici turistlərin ölkəmizə cəlb olunmasında böyük rol oynayacaq.
“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Xalq artisti Fikrət Verdiyev vəfat edib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Fikrət Verdiyev 1947-ci ildə Gəncədə anadan olub. Hələ tələbə ikən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayıb. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub.
O, 1969-cu ildə “Göygöl” xalq çalğı alətləri ansamblını yaradıb. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər.
Qeyd edək ki, Fikrət Verdiyev dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli olub.
Amerikanın Kino Sənəti Akademiyası “Oskar” mükafatına iddiaçıların 10 kateqoriya üzrə siyahısını təqdim edib. 95-ci mükafatlandırma mərasimi 2023-cü il martın 12-də keçiriləcək
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında mükafata mümkün namizədlərin siyahısına rejissor Daniel Roerin “Navalnı” filmi də daxildir. Ümumilikdə, 144 sənədli filmdən bu kateqoriyada 15 film seçilib və onlardan yalnız beşi mükafata namizəd olacaq. Müraciət edənlər arasında Şaunak Senin “Nəfəs alan hər şey”, Marqaret Braunun “Nəsil”, Laura Poytrasın “Bütün gözəllik və qan tökülməsi” və digər filmlər yer alıb.
“Oskar” mükafatına “Ən yaxşı xarici film” kateqoriyasında da 15 film iddialıdır. Bundan başqa, ən yaxşı qısametrajlı sənədli film, qrim və saç düzümü, musiqi, mahnı, qısametrajlı animasiya filmi, qısametrajlı bədii film, səs, vizual effektlər kateqoriyaları üzrə də filmlərin namizədliyi irəli sürülüb.
Maliyyə Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib.
Reportun xəbərinə görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli və “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 oktyabr tarixli 842 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Dəyişikliklə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq hesabat almayacaq.
Əvvəl isə Nazirlik öz vəzifələrini həyata keçirmək üçün büdcə təşkilatları və dövlət büdcəsindən dotasiya, subsidiya, subvensiya və digər maliyyə yardımları alan təşkilatlardan həmin vəsaitlərdən istifadə barədə müəyyən olunmuş qaydada aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifat üzrə hesabatlar almaq hüququna malik idi.
“Caspian Energy Club” 21 dekabr tarixində “Caspian Business Award 2022” – VII Beynəlxalq Mükafatının təqdimetmə mərasimini təşkil edib.
“Caspian Business Award 2022” – Beynəlxalq Mükafatının nominantları “Caspian Energy Club”-a daxil olan şirkətlərin rəhbərləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib. Sorğunun nəticələrinə görə, “İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi” nominasiyasının qalibi - “Azpetrol” şirkəti seçilib.
Təqdimetmə mərasimində dövlət qurumlarının, “Caspian Energy Club”- a üzv şirkətlərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi - "Buta Airways" 2023-cü ilin yay cədvəli çərçivəsində (martın 26-dan oktyabrın 29-na qədər) 9 istiqamət üzrə 29 avroya bilet satdığını elan edib.
Report bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, aviabiletlərin bu gün saat 16:00-da bütün hava limanı rüsumları daxil olmaqla, minimal “Büdcə” tarifi ilə onlayn satışına başlanılacaq. Bu təklif Ankara, İzmir, İstanbul (Sabiha Gökçen Hava Limanı), Tbilisi, Aktau, Həştərxan, Mineralnıye Vodı, Kazan və Ufaya uçuşlar üçün keçərlidir.
"Büdcə" tarifi ilə əldə olunan biletlərə ödənişsiz baqajın və ya əl yükünün daşınması daxil deyil, lakin təyyarənin göyərtəsinə ölçüləri 30x35x10 sm-ə qədər bel çantası, qadın əl çantası və ya kişi portfeli götürmək olar.
Aviadaşıyıcının reyslərində “Büdcə” tarifindən əlavə, müvafiq olaraq 10 kq və 23 kq baqajın daxil olduğu “Standart” (55 avrodan) və “Super” (75 avrodan) tarifləri ilə də bilet əldə etmək imkanı təklif olunur.
İcbari Sığorta Bürosu (İSB) yerli sığorta şirkətlərinin Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sürücülərinə "Yaşıl Kart" satması üçün Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə razılıq əldə edib.
Bu barədə Reporta İSB-dən bildirilib.
Məlumata görə, Büro bu barədə BBŞ-yə rəsmi müraciət göndərib. Razılığa əsasən, gələn il yanvarın 1-dən Azərbaycan sığortaçıları adı çəkilən ölkələrin nəqliyyat vasitələrinin sahiblərinə "Yaşıl Kart" sığorta şəhadətnamələri satacaqlar. Xidmət ixracı anlamına gələn bu fəaliyyətdən yerli sığorta şirkətlərinin böyük mənfəət əldə edəcəyi gözlənilir.
Bu ilin yanvar-noyabr aylarında İSB "Yaşıl Kart" sığorta sistemi üzrə Azərbaycan vətəndaşlarının xaricdə törətdiyi sığorta hadisələrinə görə 531 min manata yaxın, xarici vətəndaşların ölkə ərazisində törətdiyi sığorta hadisələrinə görə 95 min manatdan çox ödəniş edib. Xaricdə Azərbaycan vətəndaşlarının iştirakı ilə baş vermiş yol qəzaları arasında ən böyük ödəniş Almaniya ərazisində qeydə alınmış hadisəyə görə verilib və 31 586 manat təşkil edib. Xarici vətəndaşların iştirakı ilə ölkə ərazində baş vermiş yol qəzaları arasında isə ən böyük ödəniş isə Rusiya vətəndaşının törətdiyi hadisəyə görə verilib və 23 000 manat təşkil edib.
BMT-nin Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində fəaliyyət göstərən "Yaşıl Kart" sığorta sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün yaradılıb. İSB 1 yanvar 2016-cı ildən milli "Yaşıl Kart" Bürosunun funksiyalarını həyata keçirir, bu sistem üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə, Beynəlxalq "Yaşıl Kart" sığorta sistemində Azərbaycanı təmsil edir.
Mədəniyyət Nairliyinin Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Fikrət İbrahimlinin “Ruhumun təqdimatı – Ömür səhifələrim” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva, Mədəniyyət Nazirliyinin Sərgi və qalereyalar sektorunun müdiri Murad Məmmədov, Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Abdulqappar Qırğızbayev, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin “Dünya tarixi” kafedrasının professoru, Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov və rəssam Fikrət İbrahimli çıxış ediblər. Sərginin koordinatoru və aparıcısı Əkbər Qoşalı olub.
Fərdi sərgi rəssamın yaradıcılığının 50 illiyinə həsr olunub.
Neftçalada anadan olan tanınmış rəssamı Fikrət İbrahimli əvvəlcə rəssam ixtisas təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində alıb. O, müəllimi, Xalq rəssamı Toğrul Nərimanbəyovu hər zaman böyük minnətdarlıq hissi ilə xatırlayır. T.Nərimanbəyov “Ulduz” jurnalının 1980-ci il, 10-cu nömrəsində xeyir dua mahiyyətli yazısında istedadlı tələbəsi Fikrət İbrahimliyə uğurlu yol arzulayırdı. Rəssamın əsərləri ölkəmizdə və xaricdə muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır.
Fikrət İbrahimlinin yaradıcılığı əsasən rəngkarlıq sahəsində yaradılmış əsərlərdən ibarətdir. O, süjetli tablo, portret, mənzərə və natürmort janrında yaradılmış bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır. Rəssamın yaradıcılığında İçərişəhər mövzusu ayrıca yer tutur. Tarixi İçərişəhərin müxtəlif guşələri rəssam təxəyyülü ilə kətanda öz uğurlu bədii həllini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük savaşda göstərmiş olduqları qəhrəmanlıqlar, igid zabit və əsgərlərimizin şücaəti rəssamın yaradıcılığında müvəffəqiyyətlə təcəssüm olunub. Fikrət İbrahimlinin alınmaz qala - Şuşaya həsr olunmuş rəngkarlıq nümunəsi ayrıca qeyd olunmağa layiqdir.
Fikrət İbrahimlinin mənzərə janrında yaratdığı əsərlər onun yaradıcılığında geniş yer tutur və rəssamın bədii yaradıcılıq dünyasını və rəssam təxəyyülünü tam aydınlığı ilə büruzə verir. Abşeron bağları, üzüm tənəkləri, əncir ağacları, bağ evləri, dəniz mənzərəsi rəssamın palitrasında özünəməxsus duyumla təsvir olunub.
Fikrət İbrahimlinin uğurlu yaradıcılıq nümunələrindən “Muğam”, “İçərişəhər”, “Neftçala. Limanda”, “Kür qırağında”, “Kür çayı”, “Fatmayı”, “Bağ evi-Novxanı”, “Abşeron motivi”, “Abşeron günəbaxanları”, “Nişan. Rəfiqələr”, “Kəndimizin qızları”, “Xonça aparırlar”, “Gəlin gətirməyə”, “Toy”, çoxsaylı portret, avtoportret və natürmortların adlarını qeyd etmək olar.
Sərgidə Fikrət İbrahimlinin rəngkarlıq və qrafika sahəsində yaratmış olduğu, rəssamın yaradıcılığının müxtəlif dövrlərinə aid 60 yaxın sənət nümunələri nümayiş olunub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi olan “Atabəylər: Şəmsəddin Eldəniz”in musiqi tərtibatının (soundtrack) hazırlanması üçün dekabrın 25-dən 2023-cü il yanvarın 25-dək müsabiqə elan edir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ekran əsərində möhtəşəm döyüş səhnələri, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, sevinc, təlaş və sair mövzular yer alacaq. Bu baxımdan, bəstələrini təqdim edən iştirakçılar müsabiqə üçün musiqilərin leytmotivini filmin mahiyyətinə uyğunlaşdırmalıdırlar. Müsabiqənin şərtlərinə əsasən hər bir iştirakçı ən azı 1 və ən çoxu 5 musiqi parçası, eləcə də fərqli leytmotivlər təklif edə bilər. Bir və ya bir neçə qalib gələn iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür. İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Qalib gələn iştirakçılarla musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.
Qeyd edək ki, iştirakçılar öz bəstələrini info@shahdagfilm.az elektron ünvanına MP3 formatında göndərməlidirlər. Məktubda iştirakçının adı, soyadı və əlaqə nömrəsi mütləq qeyd edilməlidir. Müsabiqə 1-ci yerin qalibi 1.500 manat, 2-ci yerin qalibi 1.000 manat, 3-cü yerin qalibi isə 500 manat məbləğində mükafat alacaq. Qaliblər Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəssislərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və onların adları ictimaiyyətə açıqlanacaq.
Bu gün Xalq artisti Tükəzban İsmayılovanın doğum günüdür
Milli musiqimizin görkəmli nümayəndələri sırasında Xalq artisti Tükəzban İsmayılovanın da adı var. Onun ifa etdiyi muğamlar və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub.
T.İsmayılova 85 illik ömrünün 65 ilini Azərbaycan xalqının zəngin musiqi irsinə, muğam sənətinə, onun inkişafı və təbliğinə həsr edib. Tükəzban xanımın şaqraq səsi insanların qəlbini ovsunlayıb, onlara muğamlarımızı, xalq mahnılarımızı sevdirib. Özünəməxsus ifası ilə oxuduğu muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirməyə xidmət edib. Bir çox mahnı və təsniflərimiz məhz onun təkrarsız ifası ilə yaddaşlara köçüb.
AZƏRTAC xəbər verir ki, bu gün milli musiqimizin inkişafında özünəməxsus yer tutan Xalq artisti Tükəzban İsmayılovanın anadan olmasından 99 il ötür.
Tükəzban İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Musiqiyə uşaqlıq illərindən həvəs göstərib. Bu həvəs onun Asəf Zeynallı adına Musiqi Texnikumuna gətirib çıxarıb. Səs və ifa üslubu qısa zamanda onu musiqiçilər sırasında fərqləndirib. Muğam ifaçıları arasında tezliklə seçilib, dinləyicilərin qəlbinə yol tapıb.
1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi çalışmağa başlayan Tükəzban İsmayılova sonrakı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1956-cı ildə filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra T.İsmayılova 1962-ci ilə qədər burada çalışıb. Muğam ifaçısı Azərbaycan Dövlət Filarmoniyasının, “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, sonralar İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib. Tükəzban xanım ifaçılığa başladığı illərdən ta səhnə ilə vidalaşdığı illərə qədər yetişdiyi Bakı muğam məktəbinin ənənələrini öz sənətində yaşadıb və davam etdirib. Sirlərini mənimsədiyi sənətkarlıq məktəbinə həmişə minnətdarlıq edib. Tükəzban xanım klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alıb. Dahi Üzeyir bəy müğənninin şaqraq səsini, gözəl vokal imkanlarına malik ifasını, dolğun zəngulələrini eşidib onun üçün məxsusi olaraq "Qaragöz”, "Şəfqət bacısı” və s. mahnıları yazıb. T.İsmayılovanın özünəməxsus üslubda oxuduğu "Qatar”, "Xaric segah”, "Şahnaz”, "Kürdün gözəli”, "Yeri, dam üstə yeri”, "Qarabağ şikəstəsi” və s. muğam və mahnılar milli musiqi xəzinəmizi xeyli zənginləşdirib. Azərbaycan bəstəkarlarının mahnıları onun repertuarında əsas yer tutub. Bir çox muğam, mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb. T.İsmayılovanın repertuarı hər nəsildən olan dinləyicinin zövqünü oxşamağı bacarırdı. Müğənninin ifaları arasında Ələkbər Tağıyev, Tamella Məmmədzadə kimi bəstəkarların da müxtəlif üslublu əsərləri vardı. "Sənin vüqarın mənəm”, "Sənsən”, "Ceyran”, "Qonşu qız”, "Sən mənimlə get”, "Çiçək” kimi bəstələr 60-70-ci illərin dinləyicilərinin ən çox sevdiyi mahnılar idi.
Tükəzban xanımın yaradıcılığının ilk illəri qanlı-qadalı müharibə illərinə təsadüf edib. ikinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitlərimizi vətənpərvərliyə ruhlandırıb. Cəbhənin qanlı-qadalı illərində o da bir əsgər olub.
Tükəzban İsmayılova, həmçinin dünyanın bir çox ölkələrinə - Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s. qastrol səfərlərinə çıxıb və hər yerdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. Görkəmli ifaçının ölkəmizdə gənc xanəndələr nəslinin yetişdirilməsində də xidməti olub. 1994–2004-cü illərdə İncəsənət Gimnaziyasında dərs dediyi illərdə gənc musiqiçi nəslinin yetişməsində rol oynayıb. Böyük sənətin sirlərini onlardan əsirgəməyib, uğurlarına bir ustad kimi sevinib.
T.İsmayılovanın muğam və mahnılarının çoxu "Qızıl fond”da saxlanılır. "Kəsmə şikəstə”, "Yetim segah” kimi muğamların yanıqlı səslə ifasına görə o, əvəzolunmaz ifaçı sayılırdı. "Tükəzban İsmayılovanın "Kəsmə şikəstə”sinin də ayrı bir yanğısı, ayrı bir hekayəti vardı. Əksər qadın xanəndələrin repertuarında yer alan bu nisgilli şikəstənin onun səsindəki özəlliyi hissli, içdən oxumasında idi” deyə musiqişünaslar bildirirdilər. "O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan da məhz Tükəzban İsmayılovadır.
Tükəzban İsmayılova uzun səhnə fəaliyyətini öz həyat yoldaşı, onu tarda müşayiət edən Xalq artisti Həbib Bayramovun ölümündən sonra dayandırıb.
İfaçının Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Sənətkarın təltifləri arasında "Şöhrət” ordeni vardı. Xalq onu sevirdi. "Ömrümü mənalı edən insanların mənə sevgisidir. Tamaşaçı sevgisi olmasa sənətkar heç vaxt şöhrət qazana bilməz. Bizi yaşadan budur…” deyirdi.
Muğamlarımızın mahir ifaçısı Tükəzban İsmayılova 2008-ci il martın 24-də Bakıda vəfat edib.