Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanlı rejissorun filmi ABŞ-da film festivalında nümayiş olunacaq

    Azərbaycanda istehsal olunmuş “COVID–19” bədii-sənədli filmi daha bir uğura imza atıb. Belə ki, ekran əsəri 14 ildir keçirilən ABŞ-ın “Shockfest” Film Festivalında seçilmiş filmlər siyahısında yer alıb.

    Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi, rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.

    Bildirilib ki, ekran əsəri dekabrın 27-də beynəlxalq festivalda nümayiş olunacaq və ölkəmizi təmsil edəcək.

    Qeyd olunub ki, rejissorun digər işi olan “Acı xatirə” bədii-sənədli filmi İtaliyada “Naples Film Awards” Festivalının seçilmiş filmləri siyahısında yer alıb. Ekran əsəri dekabrın 31-də nümayiş olunacaq.

    Ölkəmizi beynəlxalq festivalda təmsil edəcək daha bir ekran əsəri isə “Şollerin arxivi” bədii filmidir. Bu film “Bolivia Black Cat Award International Film” Festivalının seçilmiş filmləri siyahısında yer alıb.

    Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

  • Bayram günlərində Bakı-Gəncə-Bakı qatarlarının sayı artırılacaq

    “Azərbaycan Dəmir Yolları” QSC qarşıdan gələn Yeni il bayramı günlərində Bakı-Gəncə-Bakı qatarlarının sayını artıracaq.

    Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, həmin günlərdə qurumun bütün strukturları gücləndirilmiş iş rejimində çalışacaq. Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq xəttə əlavə qatarlar buraxılacaq.

    Qatarlar Bakıdan 30 dekabr saat 19:00-da, 31 dekabr saat 09:00-da, 3 yanvar saat 19:00-da, Gəncədən isə 31 dekabr saat 09:00-da və saat 14:30-da, 4 yanvar tarixində isə saat 09:00-da yola düşəcək.

    Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Qrafik üzrə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.

    Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində qeyri-iş günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.

  • Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım edib

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 illik yubileyi ilə əlaqədar paylaşım edib.

    Report xəbər verir ki, paylaşımda deyilir:

    “Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!

    Dərin hörmət və sevgilərlə, MEHRİBAN”

  • Astarada ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib

    Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Astara rayonunda ilin yekun Aqrar İnnovasiya Festivalı keçirilib.

    Report bu barədə nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, tədbirdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

    Festivalda kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiyalar nümayiş olunub. Müxtəlif texnika, avadanlıq və kənd təsərrüfatı bitkilərinin nümayiş olunduğu festival sərgi, startap zonalar, dəyirmi masa, təlim və məlumat sessiyalarından ibarət olmaqla təşkil olunub. Festival ərzində fermerləri maraqlandıran bir sıra prioritet məsələlər üzrə məlumat sessiyası və təlimlər keçirilib. “Sitrus meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin təşkili”, “Kökəltmə təsərrüfatlarında intensiv yemləmənin təşkili” təlimləri, eləcə də “Kənd təsərrüfatında sığortalanan bitkilər” mövzusunda keçirilən məlumat sessiyasında mütəxəssislər fermerləri maraqlandırılan sualları cavablandırıb.

    Həmçinin, festivalda “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin ilkin nəticələrinin müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib. Dəyirmi masada elmi-tədqiqat institutlarının və aqrar sahənin müxtəlif sahələri üzrə fəaliyyət göstərən şirkət rəhbərlərinin iştirakı ilə çayçılıq, subtropik meyvəçilik və çəltikçiliyin istehsalı və emalı ilə bağlı məsələlər müzakirə edilib.

    Festival ərzində regionlarda yaşayan gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə “Kənd təsərrüfatı sahəsində ideya sahiblərinə startap qurmağın əsasları” mövzusunda stimullaşdırıcı “workshoplar” təşkil edilib.

    Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bu il Quba, Ucar, Qobustan, Ağstafa, Zaqatala, İmişli, Şəmkir rayonlarında təşkil olunan festivallarda 4 000-dən çox fermer müxtəlif kənd təsərrüfatı təyinatlı innovativ məhsul və texnologiya ilə tanış olmaq imkanı əldə edib.

  • Filarmoniya maarifləndirici konsertlər silsiləsini davam etdirir

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Bakı Kamera Orkestrinin konserti keçirilib.

    AZƏRTAC xəbər verir ki, Filarmoniyanın gündüz konsertləri çərçivəsində təşkil olunan tədbirdə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə tərəfindən İ.S.Baxın, Y.Haydnın, S.Raxmaninovun əsərləri tamaşaçılara təqdim edilib.

    Azərbaycan fortepiano məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Fərhad Bədəlbəylinin, eyni zamanda Xalq artisti Murad Adıgözəlzadənin birgə çıxış etməsi tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

    Qeyd edək ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının keçirdiyi gündüz konsertləri əsasən tələbələr üçün nəzərdə tutulub. Bu konsertlər gənc nəslin tərbiyəsində, dünyagörüşünün formalaşmasında, milli dəyərlərimizin qorunmasında böyük rol oynayır.

  • Pakistan Azərbaycanda Ticarət Evi açmağa hazırlaşır

    Yaxın 5-6 ay ərzində Pakistanın Azərbaycanda Ticarət Evi açılacaq.

    Bunu Reporta açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Bilal Haye deyib.

    Onun sözlərinə görə, hazırda bununla bağlı iş aparılır.

    Səfir qeyd edib ki, Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi azdır və Ticarət Evinin açılması ilə bu sahədə ciddi artım olacağına ümid edirlər.

    “Biz iki ölkə arasında ticarət dövriyyəsindən məmnun deyilik, ümid edirik ki, Ticarət Evinin açılması ilə ikitərəfli ticarətdə təxminən 3 dəfə artım olacaq. Səfirlik olaraq ticarət dövriyyəsini artırmaq üçün görüşlər təşkil edirik. Ötən həftə Pakistan Düyü İxracatçıları Assosiasiyasının Azərbaycana biznes missiyası baş tutdu. 18-19 əsas şirkətin nümayəndələri Azərbaycana səfər etdilər və burada görüşlər keçirdilər", - deyə o qeyd edib.

    B.Haye həmçinin xatırladıb ki, hazırda iki ölkə Preferensial Ticarət Sazişinin imzalanmasına dair iş aparırlar: “Bu sənəd imzalandıqdan sonra Pakistandan bir neçə məhsul Azərbaycana güzəştlə daxil olacaq. Bu, bizim ikitərəfli ticarətimizə çox böyük təkan verəcək və ümid edirik ki, qarşıdakı illərdə illik ticarət dövriyyəmiz 50 milyon ABŞ dolları dəyərində olacaq. Sazişlə 20-dən çox məhsula güzəştlər tətbiq ediləcəyinə də ümidimiz var. Bu, çox mürəkkəb prosesdir. Məsləhətləşmələr başa çatdıqdan sonra siyahılar mübadilə ediləcək və təsdiqlənəcək”.

    Azərbaycanda 2 238 Pakistan şirkəti fəaliyyət göstərir. Pakistan indiyə qədər Azerbaycanın qeyri-neft sektoruna 4,2 milyon ABŞ dolları investisiya yatırıb. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 2020-ci illə müqayisədə 11,6 % azalaraq 11 milyon 729 min ABŞ dolları təşkil edib. Bu ilin yanvar-oktyabr aylarında isə iki ölkə 19 milyon 045 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

  • Sahibkarlığın İnkişafı Fondu Küveytin qurumları ilə əməkdaşlıq edə bilər

    İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) Küveytin müxtəlif qurumları ilə əməkdaşlıq edə bilər.

    Report SİF-ə istinadən xəbər verir ki, bu məsələ Fondun İdarə Heyətinin sədri Osman Xaliyevlə Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi arasında keçirilmiş görüşdə müzakirə olunub.

    Görüşdə SİF-in fəaliyyəti və sahibkarlar üçün həyata keçirilən dəstək mexanizmləri barədə məlumat verilib. Səfir Azərbaycan-Küveyt əlaqələrinin inkişaf etdiyini qeyd edib, Fondla əməkdaşlığın Küveytin müvafiq qurumlarına tövsiyə ediləcəyini bildirib.

  • “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı”: Topxana meşəsi

    “Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa-Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə çərçivəsində müxtəlif mövzular üzrə təqdimatlar davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti təqdimat Şuşa təbiətinə gözəllik, zənginlik verən Topxana meşəsinə həsr olunub.

    Topxana meşəsi Şuşanın qədim tarixə malik nadir sərvətlərindəndir. Şuşa rayonu ərazisindəki torpaqların 20 faizini əhatə edən bu meşədə yaşı bilinməyən palıd, qarağac, fıstıq ağacları, zəngin heyvanat aləmi, gözəl çəmənləri, şirin bulaqları vardı. Bir sözlə, əsl təbiət möcüzəsi idi. Lakin ermənilər işğal zamanı təbii sərvətlərimizi, meşələrimizi, bağlarımızı da viran qoyublar.

    30 ilə yaxın işğal müddətində Topxanadan minlərlə palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib. Bu müddət ərzində meşə, demək olar ki, dağıdılıb, bitki örtüyü, heyvanat aləmi məhv edilib. Bu terrorun başlandığı tarix isə 1988-ci ilin noyabr ayına təsadüf edir.

    Ermənistan SSR-in Alminium zavodlarından birinin filialının tikintisinə başlamaq məqsədilə Topxana meşəsi yandırılıb, nadir ağaclar buldozerlərlə məhv edilib, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edilərək, ekoloji soyqırımı həyata keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası istiqamətində işlər davam etdirilir. İşğalçı Ermənistan tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpası istiqamətində lazımi tədbirlər görülməkdədir. Topxana meşəsi də istisna deyil.

  • Azərbaycan Turizm Bürosu beynəlxalq əlaqələri genişləndirir

    Dekabrın 20-də Azərbaycan Turizm Bürosu (ATB) ilə Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, memorandum sənədini ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və “Flynas” aviaşirkətinin beynəlxalq satış üzrə vitse-prezidenti Abdulilah Aleidi imzalayıb.

    Sənəd özündə qarşılıqlı təcrübə mübadiləsi, hər iki ölkə arasında turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanmasını ehtiva edir.

    Florian Zenqstşmid müxtəlif turist təcrübələri, sadələşdirilmiş elektron viza prosesi və birbaşa uçuşlarla daha çox Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycana cəlb edilməsinin hədəfləndiyini qeyd edib.

    O bildirib ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 93 min 611 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 dəfə artım deməkdir. Həmçinin bu rəqəm pandemiyadan sonrakı dövrdə bərpanın 91 faizini təşkil edir.

    “Flynas” rəsmisi Abdulilah Aleidi təmsil etdiyi şirkətin 2018-ci ildən etibarən Səudiyyə Ərəbistanından Azərbaycana uçuşlar həyata keçirən ilk hava yolları şirkəti olduğunu və imzalanan memorandumun Azərbaycana ediləcək səfərlərə öz müsbət töhfələrini verəcəyini qeyd edib.

  • Görkəmli tarzən Ramiz Quliyevin 75 illiyi qeyd ediləcək

    Dekabrın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xalq artisti, görkəmli tarzən Ramiz Quliyevin 75 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

    BMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə tarzənin həyat və yaradıcılığı haqqında videoçarx təqdim olunacaq. Eyni zamanda 13 nömrəli uşaq musiqi məktəbinin şagirdləri musiqi nömrələri ilə çıxış edəcəklər