Dekabrın 23-25-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş uşaqlar üçün "Sirli sandıq" adlı konsert proqramı təqdim ediləcək.
Uşaq Filarmoniyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsertdə filarmoniyanın nəzdində fəaliyyət göstərən "Yuvam" musiqili uşaq teatrı, "Sədəf" xalq çalğı alətləri ansamblı, "Şəms" uşaq xoru, vokal sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqili nömrələri ilə çıxış edəcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Dekabrın 20-də mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov Azərbaycanda keçirilən Türk kinosu günlərinin əhəmiyyətini qeyd edib, nümayiş olunan filmlərin tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını bildirib. Nazir bu kimi layihələrin, festivalların ənənə halını almasının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Nazir Bakıda Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının ikinci iclasının keçirilməsi və mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıqla bağlı əhəmiyyətli müzakirələrin aparılmasından məmnunluğunu bildirib.
Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasına iki ölkənin mədəni əməkdaşlığı kontekstində böyük önəm verdiklərini deyib. Türkiyəli qonaq komissiyanın iclaslarının il ərzində iki dəfə keçirilməsi təklifini səsləndirib. Bildirib ki, konkret sahələr üzrə sıx şəkildə fikir mübadiləsi aparılması əməkdaşlığın dinamik inkişafına daha yaxşı töhfə verə bilər.
Söhbət zamanı birgə komissiya çərçivəsində muzey, kitabxana, mədəni irs və onun qorunması, təbliği ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunulub.
Anar Kərimov qeyd edib ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən vandalizmə məruz qalmış tarix-mədəniyyət abidələrinin bərpası və yenidən qurulması sahəsində Türkiyənin təcrübəsinə ehtiyac var. Bu sahədə fəaliyyət göstərən insanlar üçün qardaş ölkənin mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi faydalı olardı. Nazir qeyd edib ki, muzey əşyalarının bərpa və konservasiyası, mədəni irsin ixracı və idxalı, bu prosesin tənzimlənməsi mexanizmi və digər məsələlərlə əlaqədar Türkiyə ilə əməkdaşlıqda maraqlıyıq.
Görüşdə Azərbaycanda yaradıcı sənayelərin inkişafı, eləcə də Yaradıcı Sənayelər Assosiasiyasının fəaliyyəti barədə söz açılıb, mədəni turizm sahələrinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Anar Kərimov hazırda işğaldan azad olunan ərazilərdə, eləcə də digər regionlarımızda aparılan arxeoloji qazıntılara türkiyəli mütəxəssislərin də cəlb olunduğunu bildirib. Deyib ki, bu sahədə ölkəmizdə insan resursları yetərli olsa da, müvafiq laboratoriyaların azlığı müşahidə olunur. Türkiyədə isə bu sahədə 10 laboratoriya mövcuddur və ölkəmizdə aparılan araşdırmaların nəticələrinin müəyyənləşdirilməsində qardaş ölkənin imkanlarından istifadə edilir.
Dədə Qorqud Türk Dünyası Film Festivalından danışan Anar Kərimov festivala gənclərin daha çox maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib. Deyib ki, bu festival Türk dünyası kinosunun ölkələrimiz arasında daha yaxşı təbliği baxımından diqqətəlayiq layihədir.
Ahmet Misbah Demircan da sözügedən festivalı yüksək dəyərləndirib, gələcəkdə “Dədə Qorqud Kino Akademiyası”nın yaradılması ilə bağlı təşəbbüslə çıxış edib. Bildirib ki, türk dövlətlərində kino nümayişinin vahid bir platforma üzərindən həyata keçirilməsi əhəmiyyətli olar. Nazir müavini, həmçinin Türk dünyası ölkələrini və xalqlarını əhatə edən kino məktəbinin açılması məsələsini də gündəmə gətirib. O, Azərbaycan və Türkiyənin bu layihənin əsas təşəbbüskarı kimi çıxış etməsinin önəmini vurğulayıb.
Daha sonra görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında iki gün ardıcıl nümayiş olunan “Kod adı V.X.A” tamaşasının premyerası anşlaqla keçib.
AZƏRTAC xəbər verir ki, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyinə və repressiyaya məruz qalmış görkəmli fikir adamlarının xanımlarına, eləcə də repressiya qurbanlarının 85 illiyinə həsr olunmuş yeni tamaşada teatrın 70 nəfərlik böyük heyəti rol alıb.
Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinad edərək, ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edib.
Şükriyyə Axundzadənin timsalında 26 min qadının məşəqqətli həbs və sürgün həyatına həsr olunmuş sənədli, bədii, tarixi hadisələrdən bəhs edən yeni səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərlidir. İşıq üzrə rəssamı Vadim Kuskov, plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.
Premyeradan sonra nazir Anar Kərimov səhnəarxası görüş keçirərək, yaradıcı heyəti təbrik edib və onlarla xoş təəssüratlarını bölüşüb.
Dövlət Tərcümə Mərkəzinin yeni nəşri – klassik ədəbiyyatlarda, qədim yunan əsatirlərində yer alan söz və ifadələrin, məkan, tanrı və bədii əsər qəhrəmanı adlarının toplandığı irihəcmli “Mifoloji lüğət” kitabı işıq üzü görüb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, kitabın tərtibçiləri Mərkəzin dil və tərcümə mütəxəssisləri Bəhlul Abbasov, Mahir Qarayev, Nəriman Əbdülrəhmanlı, redaktorları Rəbiqə Nazimqızı və Şəfiqə Quliyeva, “Ön söz” müəllifi Etimad Başkeçiddir.
Qeyd edək ki, lüğət humanitar sahələrdə çalışan elm adamları, müəllimlər, bilavasitə əlaqədar ədəbiyyatların tədrisi və tədqiqatı ilə məşğul olan mütəxəssislər və geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.
Rəssamlıq sənətini seçən insanlar adətən özləri də qəribə xarakterli olurlar. Rənglər kimi onların da təbiəti müxtəlif çalarlıdır. Bu insanlar zəngin daxili aləmə, həssas qəlbə və bir də sərt xarakterə malik olurlar. Hər dəfə rənglərin çoxçalarlı dünyasına səyahət edəndə orada özlərini tapır, hisslərinə, duyğularına hakim kəsilən rənglərdən möcüzələr yaradırlar. Bu, sadəcə, ilahi bir vergidir. Elə Xalq rəssamı Oqtay Sadıqzadə də təbiətən rəssam doğulmuşdu, yaşadığı aləmin gözəlliyini, xalqın qüdrətli sənətkarlarının portretlərini rənglərin dili ilə canlandırmaq onun sənət dünyasında özünəməxsus yer tutur.
AZƏRTAC xəbər verir ki, bu gün müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı Oqtay Sadıqzadənin vəfatından 8 il ötür.
Oqtay Sadıqzadə 1921-ci il fevralın 21-də Xızıda, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri - yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib.
1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib.
Təhsilini başa vurduqdan sonra Bakıda “Azərnəşr”də bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb.
Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın ayrı-ayrı janr və mövzularda yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsi olub, təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə səciyyələnərək incəsənət tariximizdə özünəməxsus yer tutub.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Milli Tarixi Muzeyinin, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun və Bülbülün ev-muzeylərinin tərtibatında rəssamın əsərlərinə xüsusi yer verilib. Rəssamın Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin portretlərindən ibarət rəsmlər qalereyası milli mədəniyyətimizə dərin hörmət aşılamaqla yanaşı, nadir kolorit bütövlüyü və səlisliyi ilə səciyyələnib.
Onun obrazların təkrarolunmazlığı, kompozisiya üsullarının müxtəlifliyi və rəngkarlıq həllinin mükəmməlliyi ilə seçilən “Nizami Gəncəvi və dünya mədəniyyəti” adlı monumental silsilə əsərləri, Qətran Təbrizinin, Xurşidbanu Natəvanın portretləri, “1937-ci il repressiyasının qurbanları” tablosu və “Hüseyn Cavidin aləmi” triptixi məhz bu qəbildəndir.
Sənətkarın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, eləcə də Tretyakov Qalereyası kimi mötəbər mədəniyyət mərkəzində nümayiş etdirilib, Amerika Birləşmiş Ştatları, Almaniya, Kanada, İsrail və digər ölkələrdəki şəxsi kolleksiyalarda saxlanılır.
Azərbaycanda müasir rəssamlıq məktəbinin təşəkkülü və inkişafında Oqtay Sadıqzadənin böyük xidmətləri var. Pedaqoji sahədə səmərəli fəaliyyət göstərməklə o, özünün zəngin bilik və təcrübəsini gənc rəssamlar nəslinin yetişdirilməsi işinə həsr edib.
Oqtay Sadıqzadənin yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və dövlət tərəfindən yüksək qiymətləndirilib. Rəssamın müstəqil respublikamızın ali mükafatları olan “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edilməsi onun sənətinə, şəxsiyyətinə diqqət və ehtiramın parlaq ifadəsidir. O, 2014-cü ildə təsviri sənətin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
Oqtay Sadıqzadə 2014-cü il dekabrın 20-də Bakı şəhərində vəfat edib.
Heydər Əliyev adına İdman-Konsert Kompleksi təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edib.
Report bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Xatırladaq ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksi 1976-1990-cı illərdə inşa edilib, Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biridir. Obyekt istifadəyə verildikdən 25 il sonra - 2015-ci ildə yenidən qurulub.
"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Bakıdan İstanbula və əks istiqamətdə olan uçuşlarda iki aviabilet əldə edərkən üçüncü aviabileti hədiyyə olaraq təqdim edir.
Bu barədə Reporta "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.
Yeni il aksiyası dekabrın 26-dan yanvarın 8-dək yerinə yetirilən J2-077/078 və J2-079/080 axşam reyslərinə həm bir tərəfə, həm də gediş-dönüş aviabiletlərin alınması zamanı şamil olunur. Aviabiletlərin satışı 7 yanvar 2023-cü il tarixi daxil olmaqla davam edəcək.
Aviabiletləri AZAL aviaşirkətinin akkreditə olunmuş bütün agentliklərində və ya aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə sorğu göndərməklə rəsmiləşdirmək mümkündür.
Aksiya çərçivəsində hədiyyəli biletin vergi və rüsumları ödənilir. Biletlərin yenidən təxsis edilməsi və ya qaytarılması yalnız eyni vaxtda həyata keçirilə bilər.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Fərid Ələkbərov küçəsinin Hüseyn Cavid prospekti ilə Süleyman Dadaşov küçəsi arasında yerləşən hissəsini təmir edib.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, ortalama eni 8 metr olan sözügedən hissənin təmiri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yeni asfalt-beton örtüyü döşənib, 300 p/m köhnə səki daşları bərpası edilib, 600 p/m yeni bordür daşı düzülüb.
Eyni zamanda yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb və yeni baxış qapaqları, həmçinin yağış barmaqlıqları qoyulub. Küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunub.
Bu il rayon üzrə ümumi uzunluğu 6 kilometr olan 5 küçə, ötən il isə 3,5 kilometr olan küçələr təmir edilib.
Dekabrın 19-da Bakıda Azərbaycan Türkiyə birgə Mədəniyyət Komissiyasının ikinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan və Türkiyə Mədəniyyət nazirlikləri arasında protokol imzalanıb.
Sənəddə iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi məsələləri əks olunur.
Prezident İlham Əliyevin Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamı ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Ömər Faiq Nemanzadə-150” adlı elektron metodik vəsait hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan metodik vəsaitdə Azərbaycan milli mətbuatının inkişafına dəyərli töhfələr vermiş görkəmli maarifçi-ziyalının həyat və fəaliyyəti haqqında məlumat verilərək, onun irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair metodik tövsiyələr əks olunub. Eyni zamanda Ömər Faiqə aid edilən imzalar, təxəllüslər, həmçinin qəzet və jurnallardakı yazıları öz əksini tapıb.
Qeyd edək ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır.