Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Muzeylər üçün vahid bilet satışı tətbiq olunacaq

    Muzeylər üçün vahid bilet satışı tətbiq olunacaq

    Mədəniyyət Nazirliyi tərəfindən muzeylərdə hazırki bilet qiymətləri və satış sisteminin monitorinqi aparılıb.

    Nazirlikdən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, növbəti mərhələdə monitorinq nəticələrinə əsasən vahid bilet satışı sistemi ilə bağlı təkliflər hazırlanacaq və yaxın vaxtlarda tətbiqinə başlanılacaq.

  • Şuşa mədəniyyətinin inciləri: Qasım bəy Zakir

    Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Qasım bəy Zakirə həsr olunub.

    Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.

    Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur.

    Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "İlan, Dəvə, Tısbağa", "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında", "Tısbağa, Qarğa, Kəsəyən, Ahu" adları ilə təmsili çap olunub.

    Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib.

    O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilib.

  • Gənclər Kitabxanasında növbəti elektron baza - “Xurşidbanu Natəvan-190”

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın 190 illiyi ilə əlaqədar “Xurşidbanu Natəvan-90” adlı elektron baza hazırlayıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron bazada Xurşidbanu Natəvanın 190 illik yubileyinin keçirilməsi haqqında imzalanan Sərəncamın mətni, şairənin həyat və yaradıcılığını əks etdirən məlumatlar, onun haqqında söylənilən dəyərli fikirlər yer alıb. Burada Xan qızının irsi, soykökü, müəllifi olduğu əsərlər, onun haqqında dövrü mətbuatda çıxan məqalə və məcmuələr, şairəyə ithaf edilən incəsənət əsərləri və filmoqrafiya haqqında məlumatlar təqdim edilib.

    Bazada, həmçinin Xurşidbanu Natəvan haqqında yazılan dissertasiya və referatlar, sözlərinə bəstələnən musiqi əsərləri də yer alıb.

  • Xalq artisti Ənvər Sadıqov ilk böyük solo konsertə hazırlaşır

    Dekabrın 23-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqov ilk böyük solo konserti ilə musiqisevərlərin qarşısına çıxacaq.

    Sarayın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsertdə “Qaytağı" instrumental ansamblının iştirakı ilə Ənvər Sadıqov və Emil Əfrasiyabın yeni layihəsi təqdim olunacaq.

    Konsertin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə etmək olar.

    Qeyd edək ki, Azərbaycanın görkəmli musiqiçisi, "Qaytağı" instrumental ansamblının bədii rəhbəri, virtuoz qarmon və akkordeon ifaçısı, Xalq artisti Ənvər Sadıqov bir çox fərqli musiqi janrları olan xalq musiqisi, muğam, klassik, eləcə də caz musiqilərini məharətlə ifa edərək, bu janrlar arasında gözəl körpü və sintez yaradır. O, 2017-ci ildən Azərbaycan Milli Konservatoriyasında müəllim vəzifəsində çalışır və 2019-cu ildən isə konservatoriyanın “İnstrumental-muğam" kafedrasında Azərbaycan qarmonu aləti üzrə ixtisas-muğam fənnindən baş müəllim kimi dərs deyir. 2001-ci ildən başlayaraq Ə.Sadıqov lap gənc yaşlarından arzusunda olduğu yeni Azərbaycan qarmonu üzərində eksperimentlər apararaq çalışıb və nəhayət 2007-ci ildə "ReneveR" adlı üç oktavalı, eləcə də yeni registrli qarmonun yaranmasına nail olub. Alət 2013-cü ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiqlənib, eyni zamanda 2018-ci ildə isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində ixtira kimi qeydiyyatdan keçərək patentləşdirilib. Bu yeni qarmon səs diapazonunun geniş olmasından əlavə, həm də daha bir səs registrinin olmasına görə Azərbaycan qarmon ifaçılığı üçün yeni imkanlar yaradaraq, gənc ifaçilar arasında geniş yayılmaqdadır.

  • Nizami Gəncəvi haqqında film yaxın vaxtlarda təqdim olunacaq

    Cari ilin sonuna kimi dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında çəkilmiş “Sevgi hekayəsi” adlı bədii filmin təqdimatı olacaq.

    AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

    O bildirib ki, ekran əsərinin təqdimatı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq. Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir.

  • Kənan Quluzadə: Bu ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək

    Bu ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək.

    AZƏRTAC xəbər verir ki, bu fikri Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.

    K.Quluzadə bildirib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1,4 milyon xarici vətəndaş gəlib. Pandemiyanı nəzərə alsaq bu, müsbət rəqəmdir. Bu, əvvəlki illə müqayisədə 2 dəfə çox olsa da, 2019-cu illə müqayisədə 2 dəfə azdır. Məqsədimiz pandemiyadan əvvəlki ilə qayıdıb, ondan bir addım da irəli getməkdir. Planlarımıza görə, yaxın 4 ildə Azərbaycana 4 milyon turist axını olacaq.

    Onun sözlərinə görə, Turizm Agentliyi bu ilin yay aylarından yeni paketlər hazırlayır, Azərbaycanın tanıtım işlərini aparır: “Daha çox Asiyadan turistləri cəlb etməyə çalışırıq. Regionda geosiyasi dəyişiklər baş verdiyi üçün Rusiyadan gələnlərin sayı kəskin azalıb. Qış turizmi ilə bağlı təbliğat işini ənənəvi bazardan kənar - Avropa, ən çox da almandilli ölkələrdə aparmışıq”.

  • Azərbaycanda qış turizmi mövsümünə start verilib

    Dekabrın 18-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda qış turizmi mövsümünün açılışı münasibətilə “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, mediaturun məqsədi Azərbaycanda qış turizmi növlərinin və məhsullarının təşviqi, insanların turizmin bu sahəsinə marağının artırılması, həmçinin “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, qış mövsümü ərzində turistlərə göstəriləcək xidmətlər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.

    Mediatur çərçivəsində Azərbaycanda qış turizminin imkanları, Dövlət Turizm Agentliyinin bu sahədə gördüyü işlər, eləcə də “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti və potensialı ilə bağlı təqdimat keçirilib.

    Təqdimatda çıxış edən Azərbaycan Turizm Bürosunun Turizm məhsulu sektorunun müdiri Günel Bədəlova media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən qış turizm mərkəzləri üzrə statistik göstəricilər, xizəkçilik imkanları, qış turizm komplekslərində mövcud qış əyləncələri və digər turizm məhsulları haqqında məlumat verərək, 2023-cü il üçün görüləcək işlər və planlar barədə danışıb.

    “Şahdağ” Turizm Mərkəzinin ölkənin qış turizminin inkişafında əhəmiyyətli rol oynadığını deyən direktor Rüstəm Nəcəfov kompleksdə aparılan yenidənqurma və infrastruktur işləri, Mərkəz ərazisində yerləşən hotellər və digər turizm obyektlərinin fəaliyyəti, qonaqlara təklif olunan əyləncə növləri və gələcək planlar haqqında ətraflı məlumat verib.

  • “Soyuq əllər, isti ürək” yarmarkasında 30-a yaxın KOB iştirak edir

    Dekabrın 1-dən Bakının Fəvvarələr Meydanında fəaliyyətə başlamış “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dəstək Proqramı çərçivəsində 30-a yaxın mikro sahibkarın və sənətkarların məhsul və xidmətləri təqdim olunur.

    Report bu barədə KOBİA-ya istinadən xəbər verir.

    KOB-lar üçün ayrılmış yerdə çaylar, orqanik qidalar, quru meyvələr, müxtəlif ədviyyatlar, əl işləri, toxunma oyuncaqlar, bijuteriya, vitrajlar, kiçik rəsmlər, taxtadan suvenirlər, orqanik sabunlar və s. sərgilənir və satılır.

    Qeyd edək ki, “Soyuq əllər, isti ürək” yarmarkası “Nargis” Fondunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il təşkil olunur. Yarmarka sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.

    2023-cü ilin yanvarın 15-dək davam edəcək yarmarka hər gün saat 11.00-dan 23.00-dək açıqdır.

  • AAYDA hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-nə keçən gecədən etibarən 21-i gündüzədək hava şəraitinin dəyişəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Agentlik gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını, mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyə edib.

  • Azərbaycan bir sıra ölkələrlə vahid turizm paketləri yaradır

    Vahid turizm paketlərinin yaradılması ilə bağlı işlər gedir.

    Reportun məlumatına görə, bunu Dövlət Turizm Agentliyi (DTA) sədrinin müşaviri Kənan Quluzadə deyib.

    O bildirib ki, bu sahədə həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə işlər aparılır.