Memarlıq abidələrinin qorunub saxlanılması və istifadəsi arxeoloji abidələrdən fərqli olaraq, fiziki və özünəməxsusluğunun qorunması ilə yanaşı, həm də ona məxsus ətraf mühit ruhunda qorunub saxlanılmalıdır. Bu olduqca çətin məsələdir və həll olunmadığı halda açıq səma altında muzey eksponatına çevrilir. Bu məsələnin həlli yaşayış məkanlarının qorunması və zamanımızda mövcud olması üçün olduqca önəmlidir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Bayramov Daşkənddə keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində “MDB-nin ən son mədəni kodu: əməkdaşlığın inkişafı vektorları” adlı panel iclasda Azərbaycanda memarlıq abidələrinin qorunması ilə bağlı təqdimatında deyib.
“Mədəni sərvətlər, o cümlədən memarlıq və arxeoloji abidələr əsrlər boyu mövcud olmuş və bizə miras qalmışdır. Onları qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur”, - deyən memar bildirib ki, abidələrin qorunub saxlanması ilə onlara yeni həyatın verilməsi daima gündəmdə duran məsələdir. “Abidələrdən istifadə edərkən biz onlara ziyan vurmamalıyıq, onların özünəməxsusluğunu qorumalıyıq. Bu halda mədəni sərvət ona məxsus olan ətraf mühitlə birlikdə qorunmalıdır”, - deyə Rizvan Bayramov vurğulayıb.
Aşkar olunan arxeoloji abidələr barədə danışan R.Bayramov bildirib ki, həmin abidələr tədqiq olunur, onların açıq saxlanması və insanlara dəyərinin çatdırılması üçün nümayış obyektlərinə çevrilərək istifadə olunur. Bu halda onlar açıq havada qalaraq, təbiətin yaratdığı şıltaqlıqlardan (yağış, qar, külək, şaxta və s.) qorunmalıdır. Bəzi hallarda abidənin üzəri irihəcmli yüngül konstruksiyalar ilə qapanaraq böyük tarixi-mədəni məkan yaradılır: “Arxeoloji abidələrin üzərində ziyarətçilər üçün keçidlərin yaradıldığı halda onlara ziyan vurulmamalıdır. Bununla yanaşı ziyarətçilər və abidə mühafizəçiləri üçün qurulacaq tikililər ətraf mühitə ziyan vurmamalıdır”.
Dekabrın 17-də Beynəlxalq Muğam Mərkəzində ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illik yubileyi münasibətilə konsert proqramı təqdim olunacaq.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Muğam axşamları” layihəsinin sənətkara həsr olunan konsertində Xalq artisti, tarzən Ramiz Quliyev çıxış edəcək. Həmçinin Əməkdar artist Sevinc Sarıyeva və tələbələrinin ifasında muğamlarımız səslənəcək.
Nizami Gəncəvi Vəqfinin yaradılmasından bir il ötür.
AZƏRTAC xəbər verir ki, Vəqfin əsas məqsədi dünya mədəniyyətinin görkəmli nümayəndəsi Nizami Gəncəvinin tərənnüm etdiyi universal dəyərləri, o cümlədən ölkəmizin tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoq ənənələrini təbliğ etmək, dahi şairin vəfatından sonra Gəncə-Qarabağ bölgəsində fəaliyyət göstərmiş “Şeyx Nizami Vəqfi”nin mənəvi varisi olaraq bu irsi yaşatmaqdır.
“Xəmsə” məsnəvilər toplusunun müxtəlif dillərə tərcümə olunmasına çalışan Nizami Gəncəvi Vəqfi 2022-ci ildə Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən şairin “İsgəndərnamə” məsnəvisinin tam mətninin ilk dəfə olaraq fars dilindən türk dilinə tərcüməsinə dəstək göstərib. “Genceli Nizami. İskendername. Şerefname-İkbalname. Hazırlayan ve çeviren: prof. dr. Nimet Yıldırım” adlı kitab Türkiyədə “Dergah” Yayınları tərəfindən çap olunub. Əsər türk oxucularının böyük rəğbətini qazanıb.
Nizami Gəncəvi Vəqfi gənclərin dünyagörüşünün formalaşmasına, sosial məsuliyyət hissinin və komanda daxili əməkdaşlıq vərdişlərinin aşılanmasına xüsusi önəm verərək “Kəşf et, ünsiyyət qur, inkişaf et!” şüarı ilə xüsusi “Gənclər konsepsiyası” da hazırlayıb.
Vəqfin eyni zamanda Beynəlxalq Ekspertlər Şəbəkəsi (BEŞ) də yaradılıb. BEŞ adlandırılan bu elmi platformaya nüfuzlu elm adamları, ekspert və mütəxəssislərin üzvlüyə qəbulu prosesi davam etməkdədir.
Beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Nizami Gəncəvi Vəqfi bu il türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Türkiyənin Bursa şəhərində “Uluslararası Kozadan Kumaşa İpek Festivalı” adlı beynəlxalq tədbirdə ilk dəfə Azərbaycan ipəyini təqdim etmək məqsədilə Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi təşkil edib.
Nizami Gəncəvi Vəqfi növbəti il ərzində də bir sıra nüfuzlu beynəlxalq təşkilat və analoji beyin mərkəzləri ilə ortaq layihələrin keçirilməsini hədəfləyir.
Xatırladaq ki, Nizami Gəncəvi Vəqfi “Nizami Gəncəvi İli” çərçivəsində Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları tərəfindən 2021-ci il dekabrın 30-da təsis edilib.
Laçında Həkəri çayının sahilində “Campingpark Hakari – Lachin” istirahət parkının yaradılması planlaşdırılır. Layihənin baş planı “Sevara Group” şirkəti tərəfindən işlənib və yaxın vaxtlarda Azərbaycan hökumətinə təqdim ediləcək.
Bu barədə AZƏRTAC-a şirkətin təsisçisi və direktoru Rəşad Quliyev məlumat verib.
O bildirib ki, bu cür istirahət parkı Azərbaycanda bir ilkdir: “Layihə Həkəri çayı sahilində, turizmin inkişafına yönələn işlər çərçivəsində gözəl təbiətimizdən həm yerli, həm də xarici turistlərin zövq alması, Zəngəzur və Qarabağın zəngin flora və faunasını dünyaya tanıtmaq məqsədi daşıyır. Turistlər burada şəxsi və ya kirayə götürülmüş campervanlarda (mobil ev) gecələyə və füsunkar təbiətimizin qoynunda istirahət edə biləcəklər. Həmçinin ərazidə açıq və qapalı məkanlarda bir çox tədbirlərin keçirilməsi mümkün olacaq. Layihə dekabrın 17-də geniş ictimaiyyətə təqdim ediləcək. “Campingpark Hakari – Lachin” nəinki xarici turistlərin axınına, həmçinin ölkədə yeni bir istirahət mədəniyyətinin formalaşmasına təkan verəcək”.
Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “Christmas Jazz Concert” adlı caz kompozisiyalardan ibarət konsert proqramı təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, caz ifaçıları Rain Sultanov və Şahin Növrəslinin musiqi qrupunun müşayiəti ilə bayram konserti paytaxt sakinləri və qonaqlar üçün ən gözəl Yeni il hədiyyəsi olacaq.
Konsertdə ifaçılar sevilən Milad musiqilərini yeni və özünəməxsus tərzdə təqdim edəcəklər.
Dekabrın 19-da YARAT Müasir İncəsənət Mərkəzində Türkiyənin məşhur kinorejissoru, ssenarist və kinoprodüser Semih Kaplanoğlu ilə görüş keçiriləcək.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində dünya kino sahəsindəki hazırkı vəziyyət müzakirə olunacaq, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq.
Qeyd edək ki, Semih Kaplanoğlunun filmləri metafizik mövzular və kinematoqrafiyada fərqli müəllif üslubundan istifadə ilə xarakterizə olunur. O, türk kinosunun ən istedadlı və nüfuzlu rejissorlarındandır. Dünya üzrə 30-dan çox beynəlxalq mükafata layiq görülüb.
2013-cü ildə Kann Film Festivalında “Cinefondation” və “Qısa filmlər” bölmələri üzrə münsiflər heyətinin üzvü olub. O, Avropa Film Akademiyası, eləcə də Asiya Sakit Okean Kino Akademiyasının üzvüdür.
Semih Kaplanoğlunun “Hər kəs öz evində” debüt tammetrajlı filmi 2001-ci ildə Sinqapur Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Kinodakı əsas məşğuliyyətləri ilə yanaşı, 1987-2003-cü illərdə plastik incəsənət və kino haqqında məqalələr də yazıb. Bu məqalələr incəsənətlə bağlı dövri mətbuatda dərc edilib və müxtəlif xarici dillərə tərcümə olunub.
Xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aparılan profilaktik və texniki tədbirlərlə əlaqədar olaraq "Azəristiliktəchizat" ASC-nin 956 “Çağrı Mərkəzi” müvəqqəti fəaliyyət göstərməyəcək.
Bu barədə Reporta qurumdan bildirilib.
Məlumata görə, müvəqqəti fasilə zamanı vətəndaşların müraciətləri “Azəristiliktəchizat”ın sosial şəbəkə hesabları vasitəsilə cavablandırılacaq.
Ağdam rayonundakı "Xaçınçay" su anbarında təmir-bərpa işlərinin gələn ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.
Report xəbər verir ki, bunu anbara təşkil olunmuş mediaturda "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov bildirib.
"Anbar 1964-cü ildə Xaçınçay üzərində tikilib. Bu çay Azərbaycan ərazisində formalaşır, onun mənbəyi dəniz səviyyəsindən təqribən 1 800 metr hündürlükdəki qrunt, yeraltı və yağış sularıdır. Anbarın hesabına Ağdamda 7 min hektar əkin sahəsi su ilə təmin edib. 2020-ci ildə Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyulduqdan sonra ölkə prezidenti Dövlət Su Komissiyası yaradıb. Komissiyanın sədri və üzvləri dəfələrlə bu ərazidə olublar. Su anbarı ilə yerində tanış olanda o çox bərbad vəziyyətdə idi və demək olar ki, tamamilə dağıdılmışdı. Eyni zamanda buradakı bənd qəzalı vəziyyətdə idi. Bununla bağlı komissiya iclaslar keçirdi və təcili tədbirlər görülməsi barədə müvafiq tspşırıqlar verildi. İlk növbədə ərazi minadan təmizləndi, daha sonra iqtisadi-texniki əsaslandırmanın və layihə smeta sənədlərinin hazırlanması tapşırıldı, müsabiqə elan olundu. Müsahibənin qalibi "Körpü Bina Tikinti" şirkəti 2 ay öncə işə başlayıb. Təkcə bəndin yamacının beton hissəsi 80 min kv metrə yaxın aşınmışdı. Aşınan hissə sökülüb çıxarılıb. 80%-ə qədər hissədə bərpa işləri tamamlanıb. Hazırda ərazidə 20-30 sm qalınlığında beton vurulur", - deyə o qeyd edib.
"Yamacda görülən işlərə yanaşı suqəbuledici qurğularla da bağlı işlər aparılır. Həmin qurğular çox pis vəziyyətdə idi, mənfur qonşularımız qapıları söküb aparmışdı. Qapıların, estakadanın, suqəbuledici qurğuların bərpası paralal həyata keçirilir. Digər tərəfdən bəndin qəza sutullayıcısında bərpa işləri həyata keçirilir. Bununla yanaşı, magistral kanalın 7 kilometr hissəsində suburaxma qabiliyyəti saniyədə 3,2 kubmetrdir. Burada betonlama işlərinə başlanılıb. Nəzərdə tuturuq ki, işlər gələn ilin oktyabr ayına qədər tamamilə başa çatsın. Suyun yığılmasını təmin edək və 2024-cü ilin payız suvurmasını bu anbar vasitəsilə təmin edək. Hazırda ərazidə iki növbəli iş rejimi tətbiq olunur", - R.Aslanov əlavə edib.
“Bakı” Rəsm Qalereyasında “Çəmən ayrısı” adlı sərgi açılıb. Sərgi Azərbaycanın repressiya olunmuş qadın şairi Ümmgülsüm Sadıqzadənin xatirəsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, qalereyanın direktoru Eldəniz Babayev sərginin əhəmiyyətindən danışıb.
Bildirilib ki, Ümmgülsüm Sadıqzadə ağır faciəli həyat sürüb. Gənc yaşlarından o, azadlıq haqqında şeir yazıb və bir çox qəzet və jurnallarda nəşr olunub. Şairənin yaradıcılığının ən səmərəli dövrü 1918-1920-ci illərə - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrə təsadüf edir. Onun ürəyi Azərbaycanla döyünürdü. Şeirlərində o xalqımızın milli müstəqilliyə qovuşduğunu tərənnüm edirdi.
Vurğulanıb ki, Məmməd Əmin Rəsulzadənin ədəbi-filoloji irsinin tanınmış tədqiqatçısı, jurnalist Nəcibə Bağırzadənin sayəsində bu gün görkəmli şairə Ümmgülsüm Sadıqzadənin xatirəsi yad edilib.
Öz növbəsində Rəis Rəsulzadə tədbirə qoşulduqlarına görə iştirakçılara təşəkkürünü bildirib və qeyd edib ki, müstəqillik dövrünün şairləri Azərbaycan ədəbiyyatında xüsusi yer tuturlar.
Şair Paşa Qəlbinur vurğulayıb ki, bu tədbir Ümmgülsüm Sadıqzadənin timsalında bütün repressiya qurbanlarına həsr olunub: “O Vətən və azadlıq uğrunda fədakarlıqla döyüşən ilk qadın olub. Yaşadığı çətinliklər şeirlərində əksini tapıb”.
Daha sonra çıxış edənlər şairənin həyat və yaradıcılığı, Azərbaycan ədəbiyyatına verdiyi töhfələr haqqında danışıblar.
Azərbaycan İstiqlal Muzeyi tərəfindən "Şuşa İli" çərçivəsində həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihənin növbəti təqdimatı Şuşanın sənətkarlığına həsr olunub.
AZƏRTAC xəbər verir ki, təqdimatda şəhərin sənətkarlıq həyatı haqqında ətraflı məlumat verilir.
Şuşa Azərbaycan sənətkarlığının müxtəlif sahələrinin daha çox inkişaf etmiş şəhərlərindən biri idi.
Şuşada sənətkarlığın mühüm növlərindən biri də daşişləmə sənəti olmuşdur. Sənətkarlar daşdan müxtəlif məmulatlar (hörgü daşı, tac və sütun daşı, bəzək daşı, künc və zeh daşı, tavan daşı, minarə və günbəz üçün daş və sair) hazırlayırdılar. Şuşada istehsal olunmuş daşlar İran bazarında çox yüksək alıcılıq qabiliyyətinə malik idi. Azərbaycanda sənətkarlıq məhsulları istehsalının mühüm sahələrindən biri olan metalişləmə sənəti Şuşada da inkişaf etmişdi. Burada silahsızlıq, dəmirçilik, misgərlik və zərgərlik kimi sahələrlə məşğul olan sənətkarlar çalışırdılar.
Şuşada daha rəvan inkişaf etmiş sənət sahələrindən biri də zərgərlik olmuşdur. Şuşa zərgərləri yüksək əyarlı qızıl və gümüşdən müxtəlif məmulatlar hazırlanmasına daha çox üstünlük verirdilər. Qızıl və gümüşdən hazırlanmış məmulatlar (üzük, sırğa, boyunbağı, bilərzik, toqqa və sair) xarici bazarlara baha qiymətə satılırdı. Şuşa zərgərləri özlərinin gözəl əl işləri ilə Azərbaycanı xarici dövlətlərdə tanıtmışlar.
Papaqçılıq Şuşa sənətkarlarının qədim sənəti olmaqla, XX yüzillik boyu da davam etmişdir. “Girvənkə”, “Qarabağı”, “Dairəvi”, “Buxara”, “Şirazi” papaqları həm Azərbaycanın müxtəlif bazarlarında, həm də Şərq ölkələrində satılırdı.
Şuşa həm də gön-dəri məmulatı istehsalı mərkəzlərindən biri hesab olunurdu. Gön-dəri aşılayanlar (dabbağlar) öz emalatxanalarını (dabbağxanasını) şəhərin kənar hissəsində axar su üzərində qururdular.
Şuşada keçəçilik də inkişaf etmişdi. Məişətdə çox böyük əhəmiyyət kəsb edən keçə məmulatları Şuşada lazımi səviyyədə istehsal olunur və yerli əhalinin tələbatını tamamilə ödəyirdi.