Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bu gün Vaqif Mustafazadənin anım günüdür

    Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. O, 43 il bundan öncə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

    AZƏRTAC xəbər verir ki, V.Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

    1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.

    1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.

    Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.

    Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

    Hər il anım günü silsilə tədbirlərlə qeyd olunan Əməkdar incəsənət xadimi Vaqif Mustafazadə bu gün də musiqisevərlər tərəfindən yad olunacaq və Heydər Əliyev Mərkəzində Vaqif Mustafazadəyə həsr olunan konsert keçiriləcək.

  • Gənclər Kitabxanasında akademik Həsən Əliyev haqqında silsilə materiallar hazırlanıb

    Bu gün Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Həsən Əliyevin anadan olmasının 115-ci ildönümü tamam olur.

    Bu münasibətlə Cəfər Cabbarlı adına Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Təbiət vurğunu alim Həsən Əliyev-115” adlı virtual sərgi və “Təbiətin xilaskarı Həsən Əliyev” adlı videoçarx hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videomaterialda Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi xadim Həsən Əliyevin 110 illiyi ilə əlaqədar imzaladığı Sərəncam, alim Həsən Əliyevin həyat və yaradıcılığı, elmi fəaliyyəti, Azərbaycan torpaqşünaslıq elminin inkişafındakı rolu və elmə verdiyi töhfələr haqqında məlumat verilib. Hazırlanan materialda akademik Həsən Əliyevin təltif olunduğu medal və mükafatlar, müəllifi olduğu əsərlər, alimin xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar da yer alıb. Videoçarxda görkəmli elm xadimlərinin onun haqqında söylədikləri dəyərli fikirlər, xatirələr işıqlandırılıb.

    “Təbiət vurğunu alim Həsən Əliyev-115” adlı virtual sərgidə Həsən Əliyevin həyat və yaradıcılığı, beynəlxalq fəaliyyəti, Böyük Vətən müharibəsində iştirakı haqqında məlumatlar öz əksini tapıb. Burada, həmçinin Həsən Əliyev haqqında yazılmış “Elin oğlu”, “Təbiətin yanar şamı” “Vətən, səslə oğlunu” adlı kitabların, alimin Azərbaycan təbiəti və kənd təsərrüfatı mövzusunda müəllifi olduğu “Həyəcan təbili”, “Kənd təsərrüfatı və təbiət mühafizəsi” “Azərbaycan Antroponimikasının inkişaf mərhələləri” kitablarının biblioqrafik təsviri verilib.

    Materiallarda yazı məlumatları ilə yanaşı, görkəmli alimin foto və videogörüntüləri də nümayiş olunub.

    Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.

  • Türk dünyasının rəssamları “Qızıl Alma və Böyük Turan”da birləşəcək

    2023-cü ilin aprel ayında Bakıda möhtəşəm bir layihənin təqdimatını keçirəcəyik. Yeni layihəmizin ilkin örnək əsərləri artıq hazırdır.

    Bu sözləri AZƏRTAC-a açıqlamasında layihənin kuratoru və ideya müəllifi Qalib Qasımov deyib.

    Onun sözlərinə görə, türk dünyası rəssamlarını birləşdirəcək bu möhtəşəm layihə “Qızıl Alma - Böyük Turan” adlanır.

    Eyniadlı sərgi “Qızıl Alma” və “Böyük Turan” ideyaları və fəlsəfəsini əks etdirən yeni rəsm əsərlərinin yaradılması məqsədilə təşkil olunacaq.

  • Azərbaycan və Xorvatiyanın sənət adamlarının birbaşa təması mədəni əməkdaşlıq üçün vacibdir

    Mədəniyyət naziri Anar Kərimov Xorvatiya Respublikasının ölkəmizdəki səfiri Branko Zebici ilə görüşüb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Görüşdə Xorvatiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivlərindən danışılıb.

    Nazir Anar Kərimov iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün mədəniyyət sahəsində qarşılıqlı tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycan və Xorvatiyanın sənət adamları, musiqi kollektivləri arasında birbaşa təmasın yaradılması mədəni əməkdaşlıq üçün vacib əhəmiyyət daşıyır.

    Səfir Barnko Zebic qəbul üçün nazirə minnətdarlığını bildirərək bu görüşün ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı baxımından uğurlu bir addım olduğunu diqqətə çatdırıb.

    Barnko Zebic xorvat şairi və diplomatı Draqo Stambukun Azərbaycan dilində çap olunan “Zefir” şeirlər kitabını Anar Kərimova hədiyyə edib.

    Görüşdə mədəniyyət sahəsində əməkdaşlıq, beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

  • Azərbaycanın turizm potensialı Yaponiyada təbliğ edilir

    Dekabrın 14-də Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) təşkilatçılığı ilə Yaponiyanın 45 aparıcı tur operatoru və turizm agentliyi üçün seminar təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, beş yerli tərəfdaşın və ATB-nin əməkdaşlarının iştirak etdiyi seminar təkbətək görüşlərlə başlayıb. Sonra ölkəmizin turizm potensialı və müxtəlif turizm məhsulları iştirakçılara təqdim edilib. Təqdimatlarda ATB, həmçinin Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Paşa Travel, Vahid Azərbaycan Turizm Agentliyi və ENC Tours şirkətlərinin nümayəndələri yapon qonaqlara ölkəmizin turizm potensialı barədə ətraflı məlumat veriblər.

    Seminardan sonra Azərbaycan mədəniyyətinin təbliğ edilməsi məqsədilə qala gecəsi təşkil edilib.

    Gecədə çıxış edən Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə cari ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu xatırladıb. Qeyd edib ki, ötən dövr ərzində ölkələrimiz həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq əlaqələri qurub.

    Gecədə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yapon turizm şirkətlərinin nümayəndələrini Tokioda salamlamaqdan məmnun olduğunu bildirib. Son iki gündə keçirilən tədbirlərin iki ölkənin turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük təkan verəcəyinə əminliyini ifadə edib.

    Gecədə dünyaca məşhur pianoçu İsfar Sarabski, o cümlədən tanınmış tarzən, Azərbaycanın Əməkdar artisti Şəhriyar İmanov öz triosu ilə çıxış ediblər.

    Nümayəndə heyətinin Yaponiya səfəri davam edir.

  • Milli Kitabxanada “Əhməd Bakıxanov-130” adlı virtual sərgi açılıb

    Bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 ili tamam olur. Bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Əhməd Bakıxanov-130” adlı virtual sərgi hazırlanıb.

    Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Əhməd Bakıxanovun müəllifi olduğu əsərlər, eləcə də onun haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Qeyd edək ki, Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.

  • Azərbaycanla Yaponiyanın turizm agentlikləri əlaqələri genişləndirir

    Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Yaponiyada işgüzar səfərdə olan Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (AATA) İdarə Heyətinin sədri və bir sıra nümayəndələri iki ölkənin turizm təşkilatları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı əlaqələrin inkişafı məsələlərinin müzakirəsi ilə bağlı bir sıra görüşlər keçiriblər.

    Bu barədə AZƏRTAC-da ATAA-dan məlumat verilib.

    Aparılan görüşlərdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Yaponiyanın turizm şirkətlərinə və turoperatorlara ATAA-nın fəaliyyət istiqamətləri, üzvləri, Azərbaycanın turizm potensialı və turizm məhsulları haqqında məlumat verib.

    Görüş çərçivəsində, həmçinin yerli turoperatorlar və turagentlər arasında qarşılıqlı turizm məhsullarının təşviqi, təcrübə mübadiləsinin aparılması, tanıtım məqsədli birgə infoturların təşkili, eləcə də turizm agentlikləri və turoperatorlar arasında kommunikasiya əlaqələrinin gücləndirilməsi, turist cəlbediciliyinin artırılması məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

  • Sənətin Məcnunu

    Bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin doğum günüdür

    Azərbaycan təsviri incəsənət tarixində doğma təbiətin gözəlliklərini tərənnüm edən sənətkarlar az olmamışdır. Azərbaycan mənzərəsinin füsunkar gözəlliyini öz əsərlərində əks etdirən yaradıcı sənətkarlar sırasında Behzadın, Soltan Məhəmmədin, Bəhruz Kəngərlinin adları çəkilə bilər. Həssas sənətkar qəlbinə malik olan bu rəssamlar öz incə təsvirlərilə insanda təbiətə qarşı böyük məhəbbət hissi yaratmağa qadir olmuşlar. Elə buna görə də onların əsərləri xalqın, qədirbilən tamaşaçıların, oxucuların və dinləyicilərin şüurunda, qəlbində dərin iz salaraq əbədi yaşayır, xalqın mənəviyyatında, bədii yaradıcılığında, estetik təkamülündə mühüm rol oynayır. Bu mənada Xalq rəssamı Səttar Bəhlulzadənin ölməz irsi təsviri sənətimizdə yeni və unudulmaz səhifələr yaradıb. O, doğma təbiətimizi tərənnüm edən istedadlı mənzərə ustalarımızdan biridir. Öz vətəninin gözəlliklərinə valeh olan bu rəssam Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 113 il ötür.

    Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Orta təhsil aldıqdan sonra o, 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə artıq yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunub. Lakin ustadı ona qabiliyyətini boyakarlıqda sınamağı, bunun üçünsə təhsilini davam etdirməyi məsləhət görüb.

    Beləliklə, gənc Səttar Moskvaya yollanır və Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Burada o, 1933-1940-cı illərdə məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında ümumən rəssamlıq sənətini, o cümlədən də boyakarlığın sirlərini öyrənir. Vətənə qayıdar-qayıtmaz rəssam faşist Almaniyasının SSRİ-yə hücuma keçməsi xəbərini eşidir. Respublikamızın elm və mədəniyyət xadimləri ilə birlikdə, Azərbaycan rəssamları da bu dövrdə bütün qüvvələrini xalqımızı qələbəyə ruhlandıran sənət əsərləri yaratmağa sərf edirlər. Siyasi-təşviqat plakatları çəkir, səyyar rəsm sərgiləri yaratmaq sahəsində yorulmaq bilmirlər. Vətən müharibəsi, yadelli qəsbkarlara nifrət rəssamlarımızın əsas mövzuları idi. 1941-1945-ci illərdə Səttar Bəhlulzadə “Babək üsyanı”, “Fətəli xan” əsərlərini çəkir. Bu əsərlərdə o, torpaqları uğrunda canlarını fəda etməyə hazır olmuş tarixi şəxsiyyətləri təsvir edib. “Bəzz qalasının müdafiəsi” lövhəsi boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir, eyni zamanda, Vətən torpağına məhəbbət hissi aşılayır. Müharibədən sonrakı illərdə Səttar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyil getdikcə güclənir, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində rəssamın Abşeron etüdləri – “Buzovnada neft mədənləri”, “Əmircan”, “Bakıda atəşfəşanlıq” və s. əsərləri nümayiş etdirilir.

    Tənqidçilər yeni üslubda işləyən istedadlı rəssamın getdikcə daha artıq püxtələşdiyini qeyd edirlər. Səttar Bəhlulzadə təəssürat rəssamıdır. Təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları Səttar Bəhlulzadə yalnız ona məxsus xüsusi məharətlə verə bilirdi. Onun “Qədim atəş”, “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” mənzərələrində fərdi təəssüratdan doğan lirik hisslər, həyəcanlar həlledici rol oynayır.

    Azərbaycanımızın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaradıb. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rənglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı”, “Cıdır düzü”, “Dumanlı dağlar”, “Yaşıl xalça” lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində canlandırıb.

    Müşahidəçi rəssam hər dəfə yeni-yeni mənzərə motivləri tapır, təbiətin gözəlliklərini insan əməyi ilə əlaqələndirirdi. Bu mənada rəssamın Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur. Həmin silsilə Xəzərdə salınmış əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür yaradır. Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər gözəli”, “Suraxanı atəşgahı”, “Əfsanəvi torpaq” əsərlərində rəssam tədricən rəng palitrasını zənginləşdirmiş, koloritin dekorativliyinə nail olmuşdur. “Xəzər üzərində axşam” mənzərəsi rəssamın geniş şöhrət qazanmış əsərlərindəndir. Mavi, gümüşü dumanlar arasından göy dənizin səthi üzərində yüksələn əfsanəvi estakada və neft buruqları sanki zühur edir.

    Bu qəribə mənzərə təbiətin sənaye ilə vəhdətini göstərən şairanə nəğmə kimi səslənir. Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olmasını 1947-1953-cü illərdə yaratdığı “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, həmçinin “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında” mənzərələri birmənalı şəkildə təsdiqlənib. O, real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirməyi bacarıb.

    Mənzərələrin koloritində açıq rənglərin vəhdəti (ağ, mavi, çəhrayı, yaşıl və s.) əsas yer tutur. “Muğanda bahar”, “Bağlar arasında”, “Çiçəklənən torpaq”, “Torpağın arzusu”, “Nağıl” və s. əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət elə ilk baxışdaca aşkar duyulur.

    Məhsuldar fəaliyyətinə və yüksək sənətinə görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan SSR Xalq rəssamı fəxri adlarına layiq görülmüş rəssama 1972-ci ildə yekdilliklə Azərbaycan SSR Dövlət mükafatı verilib. O, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib. Səttar Bəhlulzadənin tabloları respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində göstərilib, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində nümayiş etdirilib. 1964-cü ildə Praqada onun qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub.

    Görkəmli rəssam, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadə 1974-cü ildə Moskvada vəfat edib, Əmircana gətirilərək doğma kəndində dəfn olunub.

  • Azərbaycan filminin beynəlxalq festivalda uğuru

    Londonda “Cineworld Cinema”da ölkənin aparıcı kino, təsviri incəsənət, memarlıq, dəb ustalarının iştirakı ilə tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, “British Film Festival” hər il keçirilən və həm sənət dairələrinin, həm də Britaniya ictimaiyyətinin böyük diqqətini cəlb edən mühüm hadisədir. Festivalda bir neçə kateqoriyada Britaniya və Avropa filmləri rəqabət aparıb. Sənədli filmlər kateqoriyasında Azərbaycan istehsalı, rejissor Şamil Əliyevin “Yaradıcılar” (“Creators”) filmi birinci yerə layiq görülərək mükafat qazanıb.

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən ekran əsəri müasir Bakımızın simasını dəyişməsindən bəhs edir.

  • "WizzAir" Romadan Bakıya uçuşlara başlayacaq

    Macarıstanın aşağıbüdcəli aviaşirkəti - "WizzAir" gələn il mayın 1-dən İtaliyanın paytaxtı Romadan Bakıya və əks istiqamətdə uçuşlara başlayacaq.

    Report aviadaşıyıcıya istinadən xəbər verir ki, uçuşlar hər həftənin bazar ertəsi və cümə günləri həyata keçiriləcək.

    Artıq aviabiletlərin satışına başlanılıb.

    Xatırladaq ki, "WizzAir" hazırda Macarıstanın paytaxtı Budapeştdən və Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidən Bakıya aviareyslər yerinə yetirir.