Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanda gömrük xidmətləri ilə bağlı suallar operativ cavablandırılacaq

    Dövlət Gömrük Komitəsi vətəndaşların müraciətlərinin operativ cavablandırılması üçün xüsusi alqoritm əsaslı çat sisteminin tətbiqinə başlayıb.

    Reportun komitəyə istinadən verdiyi məlumata görə, komitənin rəsmi veb səhifəsində, elektron xidmətlər portalında və mobil tətbiqində çat-bot vasitəsilə gömrük xidmətləri ilə bağlı suallarınız artıq qısa vaxt ərzində cavablandırılacaq.

    Bunun üçün qurumun internet səhifəsində və mobil tətbiqində “çat-bot” pəncərəsinə daxil olmaqla ad, soyad və elektron poçtu qeyd etmək kifayətdir.

    "Bu yenilik vətəndaşlar üçün xidmət səviyyəsinin yüksəldilməsi ilə yanaşı, gömrük xidmətləri ilə bağlı yaranan sualların operativ və müfəssəl cavablandırılmasını təmin edəcək", - deyə komitə bəyan edib.

  • Mədəniyyət naziri respublikanın kino ictimaiyyəti ilə görüş keçirib

    Mədəniyyət naziri Anar Kərimov respublikanın kino ictimaiyyəti ilə görüş keçirib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Dövlət Film Fondunda gerçəkləşən görüşdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və digər ictimai təşkilatların təmsilçiləri, eləcə də yaşlı, orta və gənc nəsil kinematoqrafçılar, film istehsalı ilə məşğul olan dövlət və özəl sektor üzrə qurumların – kinostudiya, şirkət və prodüser mərkəzlərinin, kinoteatrlar şəbəkələrinin nümayəndələri iştirak ediblər.

    Görüşdə kino sahəsindəki mövcud vəziyyət, o cümlədən son iki ildə görülən işlər və qarşıya çıxan problemlərlə bağlı açıq və səmimi ortamda ətraflı fikir mübadiləsi aparılıb. Nazir bu xüsusda mülahizələrini bölüşüb, görüş iştirakçılarının fikir, təklif və qeydlərini dinləyib.

    Anar Kərimov Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması istiqamətində iki ilə yaxın aparılan işləri mərhələlərlə diqqətə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) yaradılması kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə atılan çox mühüm bir addımdır. 2022-ci il noyabrın 16-da dövlət başçısının Fərmanı ilə ARKA-nın Nizamnaməsinin də təsdiq edildiyini bildirən nazir hazırda agentliyin praktik fəaliyyətə başlaması üçün müvafiq işlərin görüldüyünü deyib.

    Yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqi sahələrində ARKA-nın qarşısında duran vəzifələr barədə söhbət açılıb.

    Görüş iştirakçıları ölkədə kino sənayesinin inkişafı və milli kinematoqrafiyanın təşviqi üçün vacib olan belə bir təsisatın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    ARKA-nın səmərəli fəaliyyəti üçün həm dövlət, həm də özəl sektor üzrə kinematoqrafçıları birgə əməkdaşlığa çağıran nazir bu istiqamətdə uğurlu layihələrin təqdim ediləcəyinə ümidvar olduğunu deyib. Bildirib ki, agentliyə təqdim edilən layihələrin hər biri diqqətdə saxlanılacaq.

    Görüşdə kino sənayesinin istehsal prosesindən filmlərin kütləvi yayımının təşkilinə, bu sahə üzrə normativ bazadan praktik fəaliyyətədək müxtəlif sahələr ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahizələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.

    Səslənən fikirlərə münasibət bildirən Anar Kərimov kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını deyib. Nazir eyni zamanda ölkədə kino sənayesinin inkişaf etdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik və normativ aktlarla bağlı məsələlərin araşdırılması, boşluqların aradan qaldırılması üçün təkliflərin verilməsində kino ictimaiyyətini daha təşəbbüskar və fəal olmağa çağırıb.

    Nazir vurğulayıb ki, kino sahəsində səmərəli fəaliyyətə mane olan problemləri aradan qaldıraraq, bir neçə istiqamətdə – həm Azərbaycanın yerli bazarı, həm də beynəlxalq festivallar və xarici kino bazarında nümayiş üçün ən uğurlu filmlərin istehsalı bizim üçün prioritet vəzifələrdən biridir.

    44 günlük Vətən müharibəsini əks etdirən filmlərin çəkilişi, bu yöndə vətənpərvərlik mövzusunda ekran əsərlərinin meydana gəlməsinə dəstək veriləcəyi və şərait yaradılacağı xüsusi qeyd edilib. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın, müştərək layihələrin əhəmiyyətini vurğulayan Anar Kərimov vurğulayıb ki, bu əməkdaşlıqda, həyata keçiriləcək layihələrdə həm bədii, həm də texniki heyətin əksəriyyət etibarilə Azərbaycan kinematoqrafçılarından ibarət olması əsas şərtdir.

    Bədii, sənədli kino ilə yanaşı, milli animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin də inkişafına xüsusi diqqətin ayrılacağını bildirib.

    Görüşün sonunda Anar Kərimov ölkənin kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirərək, Mədəniyyət Nazirliyinin, mədəni həyatın bütün sahələri kimi, kino milli kinematoqrafiyanın, kino sənayesinin inkişafına zəmin və təkan olacaq bütün fikirləri, təklif və tənqidləri dinləməyə, qarşılıqlı müzakirələrə hər zaman açıq olduğunu vurğulayıb. Nazir görüş iştirakçılarına və onların simasında ölkəmizdə kino sahəsində çalışan hər kəsə uğurlar arzulayıb.

  • Şuşanın müqəddəs ocaqları

    “Şuşa İli” ilə əlaqədar İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə uğurla davam edir.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşa şəhərindəki müqəddəs ocaqlara həsr olunur.

    Şuşa şəhərində 17-ə yaxın müqəddəs dini ocaq vardı. Adətən dini ocaqlar məscidlərin yanında yerləşirdi. Bu ocaqlardan Seyid Xəlil ocağı Cıdır düzünə gedən yolun üzərində yerləşirdi. Ocaq bütün Qarabağ camaatının, o cümlədən də şuşalıların müqəddəs seyid kimi tanıdıqları Seyid Xəlilin adı ilə bağlı idi. Bütün bayram və yas mərasimləri və toy zamanı bişirilən təamların ilki Seyid Xəlilə gətirilərdi.

    Saqqaxana ocağı Çuxur məhəllədə idi. Ocağın lap yaxınlığında böyük gəvriş ağacı əkilmişdi. Ziyarətə gələnlər gəvriş ağacının dibindən torpaq götürər və həmin torpağı suya salıb, sonra xəstələrə içirdərdilər. Suyu içənlər tezliklə xəstəlikdən xilas olardı.

    Şahlıq ocağı Köçəri məhəlləsində yerləşirdi. Müqəddəs ocağa gələnlərin sayı-hesabı yox idi. Ziyarətə gələnlər arasında Cənubi Azərbaycandan gələn zəvvarlar da olardı.

    Mir Fəseh ocağı Cıdır düzündə yerləşirdi. Bura ziyarətə gələnlər qadın zəvvarları idi.

    Şami Qəriban ocağı. Bu ocaq İmam Hüseynin şəhidliyi gününə xatirə olaraq adlandırılmışdı. Burada dualar oxunur, mərsiyələr deyilirdi.

    Qurdalar ocağı Şuşa şəhərinin aşağı ərazisində Qurdlar məhəlləsində yerləşirdi. XX əsrin 30-cu illərinə qədər fəaliyyət göstərmişdir.

    Sərqa ocağı Çuxur məhəllədə yerləşirdi. Ocağın torpağı yaralara məlhəm hesab olunurdu.

    Seyid Ocağı, Əli Ocağı da məşhur ocaqlardan idi. Bu ocaqlar da XX əsrin əvvəllərinə qədər fəaliyyət göstərib.

  • Heydər Əliyev Sarayı 50 illiyini qeyd edir

    Sarayın kollektivi Ulu Öndərin məzarını ziyarət edib.

    Bu gün Heydər Əliyev Sarayının fəaliyyətə başlamasından 50 il ötür.

    AZƏRTAC xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Sarayının rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb.

    Sonra Şəhidlər xiyabanına gələn Sarayın kollektivi ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi Məşəl” abidə kompleksinin önünə əklil qoyublar.

    Qeyd edək ki, Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Sarayı paytaxtımızın memarlıq simasında xüsusi yeri olan möhtəşəm məkan, həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. İllər boyu ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bu gün də qaynar həyatını yaşayır.

    Sarayın tikintisi məhz Ümummilli Liderimiz Heydər Əliyevin qayğısı nəticəsində reallaşıb. Bu gün öz qurucusunun, Ulu Öndərin adını daşıyan Saray məhz 1972-ci il dekabrın 14-də öz qapılarını tamaşaçıların üzünə açıb. O tarixi gündən uzun illər keçsə də, bu gün Azərbaycan mədəniyyətinin və incəsənətinin nümayiş olunduğu əsas tarixi səhnə məhz Heydər Əliyev Sarayıdır.

  • Gənclər Kitabxanasında Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi münasibətilə silsilə materiallar hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Əhməd Bakıxanov-130” adlı virtual sərgi və “Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz rolu olan Əhməd Bakıxanov-130” adlı videoçarx hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan videomaterialda Əhməd Bakıxanovun həyat və yaradıcılığı, Azərbaycan muğamının inkişafındakı müstəsna əməyi, muğamımıza gətirdiyi yeniliklər, geniş pedaqoji fəaliyyəti müddətində yetişdirdiyi tələbələr və mətbuatda öz əksini tapan məqalələri haqqında geniş və maraqlı məlumatlar yer alıb.

    “Əhməd Bakıxanov-130” adlı virtual sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əhməd Bakıxanovun 130 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncam, Bakıxanovun həyat və yaradıcılığı, təltif və mükafatları, “Muğam, mahnı, rəng”, “Ömrün sarı simi”, “Azərbaycan xalq rəngləri”, “Oxu tar”, “Əhməd Bakıxanov xatirələrdə” kimi 20-yə yaxın kitabın biblioqrafik təsviri verilib. Materialda tanınmış mədəniyyət və ədəbiyyat nümayəndələrinin ustad tarzən haqqında dəyərli fikirlər, xatirələr yer alıb.

    Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.

  • “Şuşa İli” Milli Dram Teatrı üçün əlamətdar olub

    Bu il Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb. İlk olaraq Vətən müharibəsində qazandığımız tarixi qələbəyə həsr olunan “Zəfər yolu” tamaşasının premyerası maraqla qarşılanıb. Tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

    Bu sözləri ilin yekunları ilə əlaqədar AZƏRTAC-ın sorğusuna cavab olaraq teatrın mətbuat katibi Cavid Zeynallı deyib.

    O bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə ərməğan olan bu yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

    “Akademik Milli Dram Teatrı mayın 5-9-da Türkiyədə keçirilən Qara dəniz ölkələrinin 22-ci Beynəlxalq Teatr Festivalında V.Şekspirin “On ikinci gecə, yaxud hər nə istəsəniz” tamaşası ilə Azərbaycanı təmsil edib və səhnə əsəri böyük uğurla təqdim olunub. Milli Teatr festival təşkilatçılarının və tamaşaçıların xahişi ilə öz səhnə əsərini iki dəfə Trabzon Dövlət Teatrının Haluk Ongan səhnəsində nümayiş etdirib.

    İl ərzində teatrda görkəmli sənətkarlar Ağasadıq Gəraybəylinin, İsmayıl Osmanlının, İsmayıl Dağıstanlının yubiley tədbirləri təşkil olunub. Bundan başqa, Akademik Milli Dram Teatrı 4.4 Qısa Tamaşalar Festivalında “Küknarlara məktub” tamaşası ilə iştirak edib”, - deyə Cavid Zeynallı söyləyib.

    O qeyd edib ki, sənət ocağının yaradıcı kollektivi azyaşlı tamaşaçıları da unutmayıb, onlar üçün bir-birindən maraqlı tamaşalar hazırlayıb.

    Novruz bayramı günlərində nümayiş olunan səhnə əsərinin quruluşçu rejissoru gənc rejissor Emil Əsgərov olub.

    C.Zeynallı əlavə edib ki, teatrın bu il üçün son premyerası “Xurşidbanu Natəvan” tamaşası olub: “Bildiyiniz kimi, 2022-ci ildə Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Teatrımız “Şuşa İli” və Natəvanın yubileyi münasibətilə bu tamaşanı teatrsevərlərə təqdim edib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnəyə qoyulan eyniadlı yeni yaradıcılıq işi dövlət sifarişi ilə hazırlanıb. Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Dilbər İsmayılovadır. Akademik Milli Dram Teatrı növbəti ildə də yeni-yeni səhnə əsərləri ilə öz tamaşaçılarını sevindirəcək”.

  • Xalq artisti yaradıcılıq gecəsinə hazırlaşır

    Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı repertuarındakı retro və müəllif mahnılarını, eləcə də Azərbaycanın korifey sənətkarlarının əsərlərindən olan ifaları ilə tamaşaçıların qarşısına çıxacaq.

    Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Sərxan Sərxan Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, həmçinin Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb, eləcə də bir neçə filmə çəkilib. Həm Azərbaycan, həm də rus dillərində mahnılar təqdim edən müğənninin “Ay gecikən məhəbbətim”, həmçinin “Yalqızam, yalqız”, “Sevgilim” və digər mahnıları dinləyicilər tərəfindən sevilir.

  • Azərbaycan, Türkiyə və Türkmənistan arasında viza rejimi sadələşdiriləcək

    Azərbaycan, Türkiyə və Türkmənistan arasında imzalanmış “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" üç ölkə arasında və ərazilərindən tranzit keçməklə həyata keçirilən multimodal daşımaların inkişafına, nəqliyyatın rəvan hərəkəti üçün administrativ və viza prosedurlarının sadələşdirilməsinə, avtodaşıyıcılar üçün səmərəli şəraitin yaradılmasına xidmət edəcək.

    Report xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Tvitter"də bildirib.

    Xatırladaq ki, sözügedən sənəd azərbaycanlı nazir, Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu, Türkmənistanın Nazirlər Kabineti yanında Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədxan Çakıyev imzalayıblar.

  • Bakıda məşhur rusiyalı rəssam Anna Zverevanın sərgisi açılıb

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon mərkəzləşdirilmiş kitabxana sistemi rəssam Anna Zverevanın Yeni il öncəsi virtual sərgisini açıb.

    AZƏRTAC xəbər verir ki, rəssam A.Zverevanın əsas əsərlərinin kataloquna 221 xalq və dekorativ-tətbiqi sənət əsəri daxildir. O, həmçinin geyim modelləri yaratmaqla bərabər, mozaika qobelenlərinə qədər müxtəlif sahələrdə və janrlarda işləyir.

    Rusiya Rəssamlar və Jurnalistlər ittifaqlarının üzvü, Yakutiyanın Xalq artisti Anna Zvereva "Rus ədəbiyyatına sədaqətli xidmətə görə" A.P. Çexov medalı ilə təltif olunub. 1991-ci ildə rəssam Yakutiya Milli İncəsənət Muzeyinin bazasında respublikada ilk Yakut xalq sənətkarlığı yaradıcılıq studiyasını açır. Bu gün Yakutiya ərazisində onun üç müəllif məktəbi fəaliyyət göstərir, rəssamın tələbələrinin arasında Rusiya Rəssamlar İttifaqının üzvləri, sənət ustaları, Rusiya və beynəlxalq rəsm sərgilərinin laureatları, diplom sahibləri və iştirakçılar var.

    Onun avanqard axtarışları dünya miqyasında tanınmış yeni bir janr olan toxuculuq mozaikasının yaradılmasına səbəb olub.

    Qeyd edək ki, rəssam Anna Zvereva 10-dan çox kitabın, albomun, kataloqun və təsviri incəsənət dövri nəşrlərində 200-dən çox nəşrin, həmçinin televiziya və radio verilişlərinin müəllifidir.

  • IEA 2022-2023-cü illər üzrə qlobal neft hasilatı proqnozunu artırıb

    2023-cü ildə dünyada neft hasilatının artım tempi 0,77 milyon barel artaraq sutkada 100,8 milyon barelə çatacaq.

    “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dekabr hesabatında deyilir.

    “OPEC+ üzvü olmayan ölkələrdə hasilat sutkada 1,9 milyon barel artacaq. Burada yenə də ABŞ öndə gedir və orada gündəlik 970 min barel artım olacağı gözlənilir”, - hesabatda deyilir.

    2022-ci ildə qlobal neft hasilatının artımı ilə bağlı proqnozlar gündəlik 100 milyon barel olacaq. Artım 4,7 milyon barel olacaq. Artım lideri, proqnozlara görə, sutkada 1,6 milyon barel artım təmin edəcək Səudiyyə Ərəbistanı olacaq.

    Noyabrda agentlik cari ilin sonunda dünya neft hasilatının sutkada 4,6 milyon barel artaraq sutkada 99,9 milyon barelə, gələn il isə 0,74 milyon barel artaraq 100,7 milyon barelə çatacağını gözləyirdi.