“CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 15-dən etibarən son illərin ən çox gözlənilən filmlərindən biri olan “Avatar 2: Suyun Yolu” filminin nümayiş olunacaq.
Bu barədə Reporta kinoteatrdan məlumat verilib.
Bildirilib ki, yeni Avatarın hərəkəti - eynilə 2009-cu il filmi kimi - yerli na`vi xalqının varlığının təhlükə altında olduğu Pandora planetində baş verir.
Rejissor Ceyms Kemeron,Avatar film seriyasında daha üç filmi çəkməyi planlaşdırır.
Filmin ikinci seriyasında birinci filmdə baş rolları canlandıran aktyorlar Sem Uortinqton və Zoi Saldana yenidən çəkilib. Ekrana, qəhrəmanı ilk lentdə ölən Siqurni Uiver qayıdır.
Onlara Cek Çempion, Ceyms Fletters, Triniti Co-Li Bliss və “Oskar” mükafatçısı Keyt Uinslet qoşulur.
“Avatar: Suyun Yolu” filminin büdcəsi 350 milyon dollardan çox olub.
Filmin haqqında qısaca: Avatar formasını aldıqdan sonra, əsgər Ceyk Salli, Navi xalqının lideri olur və yeni dostlarını iş adamlarından qorumaq missiyasını öz üzərinə götürür. İndi onun uğrunda mübarizə aparacağı biri var - Ceyk ilə gözəl sevgilisi Neytiri də mübarizəyə qoşulub. Ağır silahlanmış dünyalılar Pandoraya qayıtdıqda, Ceyk cavab verməyə hazırdır.
Film birinci hissəsi 2009-cu ildə ənənəvi 3D formatında nümayiş edilib. O illərdə müasir 4DX texnologiyası yox idi. Bütün Cənubi Qafqaz ölkələri arasında yeganə təmsilçi olan “CinemaPlus” kinoteatrı eksklüziv olaraq filmi bu formatda nümayiş edəcək.
4DX texnologiyası tamaşaçıları böyük ekranda baş verən hadisələrə sövq etməklə, kino sənayəsində ən valehedici formatlardan biri hesab olunur.
4DX istifadəyə verildikdən sonra tamaşaçılar kinoteatra böyük həvəslə gəlir və istirahətdən parlaq xatirələr əldə edirlər. Çünki hər kəs özünü kinonun bir hissəsi kimi hiss etmək istəyir.
Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsində film 3 dildə: rus, ingilis və türk dillərində nümayiş olunacaq.
Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu bu gün MDB ölkələrinin Gənclər Simfonik orkestrinin Daşkənddə keçiriləcək konsertinin solisti olacaq.
AZƏRTAC xəbər verir ki, dirijor pultunda Rusiyanın xalq artisti Sergey Skripka, azərbaycanlı dirijor Murtuza Bülbüloğlu, özbək dirijor Alibek Kabduraxmanov və onun türkmən həmkarı Rəsul Kliçev öz məharətlərini nümayiş etdirəcəklər.
Konsert MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində təşkil olunur. Dekabrın 14-dək davam edəcək Forumda Birlik üzvü olan ölkələrin tanınmış incəsənət xadimləri, idmançıları və alimləri iştirak edirlər.
Qeyd edək ki, orkestr 2007-ci ildə MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə yaradılıb.
"Şuşa İli" ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat Şuşanın kitabxanalarına həsr olunub.
Qədim Şuşada tarixən ilkin kitabxanaların yaradılması, günümüzə qədər fəaliyyəti və inkişafı azərbaycanlılar tərəfindən həyata keçirilib.
Qarabağ ərazisində ilk kitabxana-qiraətxana məhz Şuşada yaradılıb. Şuşa Realnı Məktəbinin fransız dili müəllimi Əhməd bəy Ağaoğlu 1896-cı ildə Şuşada müsəlman qiraətxanası adı ilə şuşalılar üçün yeni kitabxana açmışdır. Bəzi mənbələrdə qiraətxananın 3 il ərzində fəaliyyət göstərdiyi və kitab fondunun 500 nüsxəyə çatdığı da bildirilir.
Şuşa əsrlərdən bəri xalqımızın mədəniyyət mərkəzi kimi tanınmış və ilk kitabxana kimi ilk kitab çapı da Şuşada baş tutmuşdur. Belə ki, o zaman Şuşada məktəb şəbəkəsinin genişlənməsi dərs kitablarına tələbatı artırmış və bu da öz növbəsində kitab çapını zəruri etmişdir. Dövrünün görkəmli şəxsiyyətlərindən, mütərəqqi ziyalılarından biri olmuş Mir Möhsün Nəvvab 1884-cü ilin əvvəlində daşbasma (litoqrafiya) üsulu ilə kitab çap edən mətbəə təşkil etmiş və burada dərs kitablarını, özünün, eləcə də müasirlərinin bir sıra məcmuələrini, dini risalələri çap etmişdir. Kitab çapı genişləndikcə onların toplandığı və istifadə edilə biləcəyi bir məkana da ehtiyac duyulurdu. Elm öyrənmənin, kitabın, mütaliənin əhəmiyyətini anlayan ziyalımız M.M.Nəvvab 1903-cü ildə Gövhərağa məscidinin həyətində növbəti kitabxana qiraətxananı da açmışdır. Hətta mənbələrdə bu kitabxanada onun oğlu Miriş ağanın da çalışması barədə məlumatlar qeyd edilib. Nəvvabın mətbəəsində çap edilən kitablar Şuşa kitabxanalarında mühafizə edilir və geniş oxucu kütləsinə təqdim edilirdi. Dövrünün alimləri həmin kitabxanalarda toplaşır və elm, təhsil, ədəbiyyat barədə müzakirələr aparırdı. Beləliklə, Şuşada elmi, mədəni, ədəbi mühit formalaşırdı.
“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Yusif Vəzir Çəmənzəminliyə həsr olunub.
XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub.
İlk təhsilini Şuşada Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində "Fokusnik" adlı aylıq yumoristik jurnal çıxarıb.
1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur "Məlik Məmməd" nağılını qələmə alır. O, "Çəmənzəminli" təxəllüsündən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.
1912-ci ildə Kiyevdə, 1919-cu ildə İstanbulda müxtəlif vəzifələrdə çalışıb. Bu dövrlər ərzində də ədəbi yaradıcılığını uğurla davam etdirib.
Vətəninə qayıdan Yusif "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir.
1938-ci ildə Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub.
1940-cı ildə həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.
Bu gün Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayevanın doğum günüdür.
Bu münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Nərgiz Paşayeva” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Nərgiz Paşayevanın müəllifi olduğu əsərlər, eləcə də tərtibçisi və redaktoru olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Nergiz_Pasayeva/index.htm linkindən istifadə edə bilərlər.
Dekabrın 16-dan saat 10:00-dan 18 dekabr saat 22:00–dək Bakının Binəqədi rayonu "Baksol" yolunda avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, buna səbəb aparılan təmir işləridir.
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.
“Nar” paytaxtda ve regionlarda yerləşən daha 3 mağazasını yeni konseptə uyğunlaşdırıb. Müasir tələblərə uyğun olaraq təqdim edilən “Nar” mağazaları şəhər və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır. Mağazalar Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Fətəliyev 40, Yevlax şəhəri, Nizami Gəncəvi prospekti və Beyləqan şəhəri, Magistral küçəsində yerləşir. Mağazalarda ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlifxidmətlər təqdim edilir. Həmçinin mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir.
“Nar” müştəri yönümlülük dəyərlərinə sadiq qalaraq, bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Mobil operator həmçinin ilin sonuna kimi 13 mağazasını tamamilə yeni konseptə uyğunlaşdırmaqla ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edəcək. Mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənmək olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counza “Dostluq” ordeni təqdim edib.
Reportun məlumatına görə, “Dostluq” ordeni Azərbaycan Prezidentinin bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində təqdim edilib.
“Bizim daha bir vacib mərasimimiz var. Qari Counz təqribən iki ay yarım əvvəl “Dostluq” ordeni ilə təltif edilib. Hesab edirəm ki, bu gün həmin ordeni təqdim etmək üçün ən yaxşı fürsətdir”, - Prezident İlham Əliyev bildirib.
Ölkə başçısı deyib ki, o, buna həqiqətən layiqdir: “Bu, sizin Azərbaycanın neft-qaz sənayesinin inkişafına verdiyiniz mühüm töhfəniz, dostluğunuz və Azərbaycanın yaxşı sakini olduğunuza görədir. Siz demək olar ki, vətəndaşımızsınız və xalqımızın təməl ehtiyaclarını anlayırsınız. Bizimlə Şuşaya səfər etdiyinizə və bütün heyətinizin gördüyü işlərə görə sizi məmnuniyyətlə təltif etdim. Təltif sentyabrın 19-da olub, ancaq mən fürsət gözləyirdim və zənnimcə, bu gün əla gündür. Bu nəhəng qurğunun önündə sizə bu ordeni təqdim edirəm”.
Q. Counz isə bunun, onun üçün gözlənilməz olduğunu bildirib və Prezidentə təşəkkür edib: “Çox təşəkkür edirəm. Bu, mənim üçün böyük şərəfdir. Şəxsən öz adımdan və bütün BP heyəti adından Sizə minnətdarlığımı bildirirəm”.
Dekabrın 25-də İsrailin “Hayfa Krieger Auditorium”unda görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, proqramda Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Hayfa Simfonik Orkestri və tanınmış pianoçu Murad Hüseynovun ifasında bəstəkarın “Azərbaycan kapriççiosu”, “Kürd-ovşarı” simfonik muğamı və digər əsərlər səslənəcək.
Dekabrın 13-də Yaponiyanın Nara şəhərində Dövlət Turizm Agentliyi (DTA) ilə Yaponiya Turizm Agentliyi arasında “Turizm sahəsində Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb.
DTA-dan AZƏRTAC-a bildirilib ki, memorandum sənədini Azərbaycan tərəfindən DTA sədri Fuad Nağıyev, Yaponiya tərəfindən Yaponiya Turizm Agentliyinin rəhbəri Koiçi Vada imzalayıb.
Sənəd qarşılıqlı turizm əlaqələrinin inkişaf etdirməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri çərçivəsində imzalanıb.
Anlaşma memorandumunda iki ölkənin vətəndaşları arasında dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də iki ölkənin turizm qurumları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Həmçinin memoranduma əsasən, turizm məhsullarının təbliğatı sahəsində hər iki tərəf turizm sahəsində təcrübə və məlumat mübadiləsinin, həmçinin təbliğat materiallarının mübadiləsinin aparılması, turizm ekspertləri arasında kommunikasiyanın gücləndirilməsi, turizm agentliklərinin və turizm xidmətləri təminatçılarının beynəlxalq turizm sərgiləri və digər tədbirlərdə qarşılıqlı iştirakının dəstəklənməsi, Ümumdünya Turizm Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi kimi məsələlərdə razılığa gəliblər.
Görüşdə Fuad Nağıyev səfərin məqsədinin Yaponiya ilə turizm sahəsində əməkdaşlığın əsasının qoyulması olduğunu bildirərək, Yaponiyadan Azərbaycana səfər edən turistlərin sayının az olduğunu və birbaşa uçuşların olmadığını qeyd edib. O, memorandumun Azərbaycan-Yaponiya turizm əlaqələrinin inkişafına böyük töhfə verəcəyinə inamını ifadə edib və yaponiyalı turistlərin ölkəmizə cəlb edilməsi üçün geniş turizm potensialının mövcudluğunu diqqətə çatdırıb.
Yaponiya Turizm Agentliyinin rəhbəri Koiçi Vada Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 30 illiyində belə bir tədbirin baş tutmasından məmnunluğunu ifadə edərək, imzalanmış memorandumun ölkələrin qarşılıqlı tanıtımında yeni inkişaf istiqaməti kimi əhəmiyyətini vurğulayıb.
Səfər çərçivəsində Fuad Nağıyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Yaponiyanın Nara şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının Qastronomiya Turizmi üzrə 7-ci Dünya Forumunun açılışında iştirak edib.
Həmçinin Forum çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə ilə Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili arasında görüş keçirilib.
Görüşdə Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı Prosesi” təşəbbüsü və gələn il ölkəmizdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında fikir mübadiləsi aparılıb. Turizmin dünyada sülhün və mədəniyyətlərarası dialoqun təmin edilməsində rolunun gücləndirilməsi, eləcə də Ümumdünya Turizm Təşkilatının bu prosesdə ənənəvi tərəfdaşlığının təmin edilməsi məsələsi diqqətə çatdırılıb.