Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Şübhə” romanında erməni cəlladlarının Şamaxıda törətdikləri cinayətlərdən bəhs olunur

    Yazıçı, şairə və publisist Mətanət Ulu Şirvanlının yeni kitabı işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, “Elm və təhsil” nəşriyyatında çap olunan “Şübhə” romanı yazıçının növbəti nəsr əsəridir. Əsər XIX əsrin sonları və XX əsrin əvvəllərində baş vermiş hadisələrin fonunda qələmə alınıb. Kitabda elat tayfalarının həyatı, etnoqrafiyası, qədim və unudulmuş adət-ənənələrindən söhbət açılır.

    Romanda hadisələrin böyük bir qismi 1918-ci ildə erməni cəlladlarının Şamaxıda törətdikləri cinayətlərdən bəhs edir. Baş vermiş hadisələri tarixi faktlar əsasında qələmə alan müəllif ermənilər tərəfindən Şamaxı əhalisinin amansız qətliamını və şəhərin acı taleyini oxucuların gözü önünə gətirir.

  • Heydər Əliyev – müstəqil Azərbaycanın qurucusu və memarı

    Dekabrın 12-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir təşkil edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Heydər Əliyev – müstəqil Azərbaycanın qurucusu və memarı” adlı tədbirdə Ulu Öndərin ömür yolundan və gördüyü böyük işlərdən danışılıb.

    Kitabxananın direktoru Aslan Cəfərov çıxışına Prezident İlham Əliyevin “Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədəkarlıq nümunəsidir. Onun mirası bugünkü müstəqil Azərbaycandır” sözləri ilə başlayaraq, Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, fenomen, bənzərsiz dahi şəxsiyyət olduğunu söylədi. Bütün həyatını xalqının azad, firavan, xoşbəxt rifahına, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətlərinin misilsiz olduğunu, Azərbaycanın müstəqil dövlət kimi dirçəlməsində, dünya miqyasında tanınmasında, demokratik, hüquqi dövlətin qurulmasında, əsrlik tarixə malik olan milli, mənəvi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsində, ilk milli Konstitusiyamızın qəbul edilməsində, vətəndaş cəmiyyətinin formalaşdırılmasında və yeni, uğurlu iqtisadi kursun müəyyənləşdirilməsində Ümummilli Liderimiz Heydər Əliyevin danılmaz əməyinin olduğunu vurğulayıb. Müstəqil ölkəmizin bugünkü nailiyyətlərinin, şanlı Qələbəsinin Heydər Əliyev strategiyasının təntənəsi olduğunu və Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

    Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva, Metodiki təminat və layihələrlə iş şöbəsinin müdiri Tamella Məmmədova, Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva, İnformasiya təminatı və media ilə iş şöbəsinin müdiri Günay Həsənova müasir Azərbaycanın Ulu Öndər tərəfindən yaradılan fundamental təməl üzrə ucaldığını, beynəlxalq arenada nüfuzlu mövqe tutduğunu, qalib ölkə kimi dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada durduğunu bildiriblər. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinin onun fəaliyyətinin bütün mərhələlərini əhatə etdiyini, Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndərimizin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlərinin olduğunu söyləyiblər. Dahi şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyevin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etdiyini bildirərək, Ulu Öndərin gənclərə olan qayğısından, gənclərin mədəni, iqtisadi, siyasi sferalarda bir mütəxəssis kimi yetişmələrinə göstərdiyi daimi dəstəkdən, Azərbaycanda Gənclər Gününün və Gənclər Forumunun təsis edilməsindən danışdılar. Heydər Əliyevin, həmçinin müasir gənclər siyasətinin banisi olduğunu bildirdilər.

    Tədbirdə kitabxana əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı virtual kitab sərgisi nümayiş olunub.

    Virtual kitab sərgisində dünyaşöhrətli siyasətçi Heydər Əliyevin siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edilir. Materialda dünyaşöhrətli siyasətçilərin, dövlət xadimlərinin Ümummilli Lider haqqında söylədikləri dəyərli fikirlər, Ulu Öndərin əziz xatirəsinin əbədiləşdirilməsi haqqında geniş və ətraflı məlumat verilib. Hazırlanan materialda Ümummilli Liderin foto və videogörüntüləri ilə yanaşı, Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş kitablar da sərgilənib. Belə ki, materialda “Xalqın xilaskarı”, “Fəxr edirəm ki, azərbaycanlıyam”, “Heydər Əliyev və Hüseyn Cavid”, “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”, “Heydər Əliyev və nitq mədəniyyəti”. “Heydər Əliyev və Nizami Gəncəvi”, “Mahir siyasətçi, müdrik rəhbər” kimi çox sayda kitabın biblioqrafik təsviri təqdim edilib.

  • Xalq artisti Azər Zeynalov “Əsrin bir fəsli” solo konsertində

    Dekabrın 13-də Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında Xalq artisti, professor Azər Zeynalovun “Əsrin bir fəsli” adlı solo konserti keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, gecədə ifaçı lirik nəğmələri ilə tamaşaçıların qarşısına çıxacaq.

    Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə bir çox xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.

  • Regionda seminar: Saatlıda “Muzey dəfinələri”ndən danışılıb

    Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi yaranmasının 65 illiyi çərçivəsində regionlarda silsilə sərgi-seminarları davam etdirir.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, növbəti tədbir Saatlı Tarix-Diyarşünaslıq Muzeyində reallaşıb.

    “Muzey dəfinələri” adlı tədbirdə bir sıra maarifləndirici məlumatlar əldə olunub.

    Sərgi-seminarda Mərkəzin Hacıqabul, Şirvan, Sabirabad, Saatlı tarix-diyarşünaslıq muzeylərinin, Heydər Əliyev mərkəzlərinin və Saatlı Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.

    Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin Saatlı rayonu üzrə baş məsləhətçisi İlkin Zeynalov və muzeyin direktoru Sürəyya Zeynalova çıxış edərək belə bir təşəbbüs üçün minnətdarlıqlarını bildiriblər.

    Tədbirdə numizmatika nümunələrinin mühafizə problemləri və yolları barəsində müzakirələr aparılıb, tövsiyələr verilib, Mərkəz tərəfindən aparılan "Bir rublun tarixçəsi" adlı elmi araşdırma təqdim edilib.

    Sonra bərpaçı-rəssamlar Gündüz Məmmədov və Rasim Cəfərov tədbir iştirakçılarının suallarını cavablandırıblar.

    Sonra muzeyə və fotosərgiyə baxış olub.

  • Azərbaycan səhnəsinin ilk Hamleti

    Bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin doğum günüdür

    1935-ci ildə Xalq artisti adına layiq görülən Azərbaycan teatrının korifeylərindən olan, görkəmli kino və teatr rejissoru Abbas Mirzə Şərifzadə iki ildən sonra 1937-ci ildə xalq düşməni kimi ən ağır cəzaya - ölüm hökmünə məhkum edilib. “Ümumiyyətlə, mən teatr, kino, səhnə-sənətdən başqa bir şey bilmirəm, vəssalam!”, - deyən aktyorun son sözləri belə olub. Ömrünün və sənətinin çiçəklənən dövründə - 44 yaşında qətlə yetirilən Şərifzadəni unutdurmağa, yaddaşlardan silməyə çalışanlar təəssüf ki, bir şeyi unudublar. Unudublar ki, xalqını bütöv varlığı ilə sevən və xalqın sevdiyi əsl sənət fədailəri heç vaxt yaddaşlardan silinmir.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti Abbas Mirzə Şərifzadənin anadan olmasının 129-cu ildönümü tamam olur.

    A.M.Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olub. O, aktrisa Mərziyyə Davudovanın həyat yoldaşı, aktrisa Firəngiz Şərifovanın atasıdır. “Eurovision– 2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət qazandırmış Eldar Qasımov isə görkəmli səhnə ustasının nəticəsidir.

    Abbas Mirzə Şərifzadə Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir istedadlardandır. İlk gənclik illərindən aktyorluq sənətinə yiyələnmiş, sonralar həm də rejissor kimi püxtələşmişdi. A.M.Şərifzadə orijinal siması olan sənətkarlardan idi. Teatra yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Böyük ideyalarla yaşayırdı. Yaradıcılığında həmişə ciddi məsuliyyət hiss edirdi. Təbii ki, xalqın yüksəlişinə çalışan bir sənətkar dövrün sərt rejimi tərəfindən təqib olunmaya, ədalətsiz hücumlara məruz qalmaya bilməzdi. Bütün bunlara rəğmən isə Şərifzadə yeni ruhlu novatorluq cəbhəsində əzmlə irəliləməyi bacarırdı.

    Abbas Mirzənin atası Mirzə Rəsul geniş dünyagörüşünə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin “Üsuli-Cədid” məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.

    1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.

    1908-ci ildə Abbas Mirzə Molyerin “Zorən təbib” əsərindəki epizodik rolla ilk dəfə səhnəyə çıxır. İki il sonra “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir-birinin ardınca yeni rollarda çıxış edir. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü artıq peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu “Şah Qacarın padşah yaradıcısı” adlandırırdı.

    A.M.Şərifzadə Azərbaycanın ozamankı teatr həyatının məhvəri sayılırdı. O, mahir aktyor olmaqla yanaşı, həm də təşkilatçılıq bacarığı ilə fərqlənirdi.

    Şərifzadənin obrazlar qalereyasına ötəri nəzər salaq: Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur Ağa, Səyavuş, Eyvaz, Dəli Knyaz, Hamlet, İblis... Bunlar bir-birindən tam fərqlənən obrazlardır. O, bunların hər birini fərdi yanaşma ilə yaradırdı. Lakin bütün bu müxtəlifliyi birləşdirən yeganə oxşarlıq aktyor oyunundakı təbiilik idi. Başqa sözlə desək, Abbas Mirzə səhnədə özünü unudaraq gah şeyxə, gah ağaya, gah da sevən gəncə çevrilirdi.

    A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olub. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulmuşdu. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi.

    Ümumiyyətlə, C.Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçir. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona “Oqtay Eloğlu” əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir.

    Abbas Mirzənin yaradıcılıq imkanları çox geniş idi. Məhz bunun sayəsində o, Azərbaycanın mədəniyyət tarixinə təkcə aktyor deyil, həm də rejissor kimi daxil olub. Görkəmli sənətkar “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd şah Qacar”, “Qaçaq Kərəm” kimi tamaşalara rejissorluq edib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarına quruluş verib. O, çox ilklərə imza atıb. İlk kino rejissorumuz olub. “Bismillah”, “Hacı Qara”, “Gilan qızı”, “Məhəbbət oyunu” filmlərini çəkib.

    Görkəmli teatr xadimi təkcə istedadına güvənən sənətkar deyildi. Daim öz üzərində işləyirdi, irəliyə can atırdı. Yenilikləri sevir və onlara həvəslə yiyələnirdi. Bu, onun aktyor və rejissor ustalığını artırır, uğurlarının, qələbələrinin sayını çoxaldırdı.

    Beləliklə, qısa bir ömürdə çox böyük, çox zəngin sənət yolu keçən, təkrarsız obrazlar yaradan, monoloqları ilə teatr salonlarını lərzəyə gətirən Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub.

    Haqqında uydurulan saxta ittihamlar, barəsində deyilən yalan və böhtanlar Abbas Mirzə sənətinin və şəxsiyyətinin qarşısında duruş gətirə bilmədi. Tarixin ədalətli hakim olduğu bir daha özünü göstərdi. Zaman, Abbas Mirzəyə Şərifzadə və onun kimi neçə-neçə saxta ittihamlarla günahsız yerə həbs olunan, güllələnən işıqlı simaların, böyük zəkaların haqqını özünə qaytardı. Onlar bu gün də mənsub olduqları xalqın yaddaşındadır və onların tutduqları yol, başladıqları iş bu gün də uğurla davam etdirilməkdədir.

  • Horadiz-Ağbənd dəmir yolu xəttində işlər 40 %-dən çox icra edilib

    “Azərbaycan Dəmir Yolları” QSC Horadiz-Ağbənd dəmir yolu xəttində işləri 40%-dən çox icra edib.

    Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

    “Xəttin keçdiyi ərazidə minatəmizləmə işləri demək olar ki tamamlanıb. Hazırda təmas və mühafizə zolaqlarının minalardan təmizlənməsi prosesi gedir. Tikinti işlərində proqres 40 %-dən artıqdır”, - deyə o qeyd edib.

  • "Azərbaycan Dəmir Yolları" daha 10 yeni qatar alır

    "Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlayıb.

    Report xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib.

    Onun sözlərinə görə, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək.

    "Yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək", - sədr deyib.

  • Yaponiyanın kosmik gəmisi Aya göndərilib

    Yapon kosmik gəmisi "Hakuto-R" "Falcon 9" raketindən istifadə edərək Yerin təbii peykinə buraxılıb.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, buraxılış ABŞ Kosmik Qüvvələrinin Floridadakı Kape Kanaveral bazasındakı 40-cı buraxılış kompleksindən həyata keçirilib.

    Orbitə buraxıldıqdan 47 dəqiqə sonra qurğu "Falcon 9" raketinin ikinci pilləsindən ayrılaraq Aya tərəf getməlidir.

    "Hakuto-R" Aya uğurla enən ilk şəxsi kosmik gəmi ola bilər.

    Yaponiyanın “iSpace” şirkəti enmə qurğuları yaratmaq üçün robot-kosmik gəmi texnologiyasını inkişaf etdirir.

    Yerin təbii peykinin görünən tərəfindəki Atlas kraterinə bir tonluq aparatın enişi 2023-cü ilin aprelinə planlaşdırılır. Bir sıra elmi cihazlarla təchiz edilmiş aparat stasionar zond qismində tədqiqat funksiyalarını yerinə yetirəcək.

    Yaponiyanın enmə aparatı ilə birlikdə Aya Birləşmiş Ərəb Əmirliklərinin lunoxodu da göndəriləcək. Məhəmməd bin Rəşid Kosmik Mərkəzi tərəfindən yaradılmış bu mikrorover iki kamera, mikroskop, teplovizor və Lenqmür zondu ilə təchiz edilib.

  • Azərbaycan Bəstəkarlar İttifaqında Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

    Dekabrın 12-də Azərbaycan Bəstəkarlar İttifaqında katibliyin Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin vəfat etməsinin 19-cu ildönümünə həsr olunmuş geniş iclası keçirilib.

    Bəstəkarlar İttifaqının mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Heydər Əliyevin nurlu simasının Azərbaycan xalqının yaddaşında həmişəlik qalacağını qeyd edib. Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında öz görkəmli xidmətləri ilə hələ sağlığında ümumxalq sevgisi qazanaraq əfsanəvi şəxsiyyətə çevrilmişdi. Onun parlaq siması və son dərəcə mühüm fəaliyyəti incəsənətin bir çox sahələrində, o cümlədən Azərbaycan bəstəkarlarının əsərlərində öz əksini tapıb. Cövdət Hacıyev, Arif Məlikov, Musa Mirzəyev, Tofiq Bakıxanov, Firəngiz Əlizadə, Azər Dadaşov, Vasif Allahverdiyev, Sərdar Fərəcov, Oqtay Rəcəbov və digərləri öz iri simfonik əsərlərini Heydər Əliyevə həsr ediblər. Onun siması başqa janrlardan olan əsərlərdə - çoxsaylı kantata, oda və mahnılarda da əks etdirilib.

    İttifaqın katibi, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov vurğulayıb ki, Azərbaycan Bəstəkarlar İttifaqı 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını ürəkdən alqışlayır. Bu, Azərbaycanın ictimai və siyasi həyatında ən əlamətdar hadisələrdən biridir. Hər il Azərbaycan Bəstəkarlar İttifaqında Heydər Əliyevin doğum və xatirə günü qeyd olunur, musiqişünaslığa dair elmi konfranslar keçirilir, Dahi Liderə həsr olunmuş yeni əsərlər dinlənilir və müzakirə olunur. “Heydər Əliyev İli” və Ümummilli Liderin 100 illiyi ərəfəsində Azərbaycan Bəstəkarlar İttifaqının rəhbərliyi yaradıcı birliyin bütün üzvlərini dahi siyasi və dövlət xadiminə həsr olunmuş yüksək bədii səviyyəli musiqi əsərlər yaratmağa səsləyib.

  • Polad Bülbüloğlu MDB Gənclər Simfonik Orkestrinin konsertinin solisti olacaq

    Azərbaycanın Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Özbəkistanın paytaxtı Daşkənd şəhərində konsert proqramı ilə çıxış edəcək. O, Birlik ölkələrinin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində bu gün keçiriləcək MDB Dövlətləri Gənclər Simfonik Orkestrinin konsertinin solisti olacaq.

    “Report” “Sputnik-Özbəkistan”a istinadən xəbər verir ki, orkestr 2007-ci ildə MDB Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə yaradılıb.

    Dirijor podiumunda Rusiyanın Xalq artisti Sergey Skripka, azərbaycanlı dirijor Murtaza Bülbüloğlu, özbəkistanlı dirijor Alibek Kabduraxmanov və onun türkmənistanlı həmkarı Rəsul Klıçev olacaq.

    Xatırladaq ki, MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu dekabrın 14-dək davam edəcək. Forumda Birlik üzvü olan ölkələrin tanınmış incəsənət xadimləri, idmançıları və alimləri iştirak edirlər.

    Forumun mövzusu “Humanitar əməkdaşlıq – 30 ilin təcrübəsi və inkişaf perspektivləri”dir. Tədbir çərçivəsində “Birliyin Ulduzları” Dövlətlərarası Mükafatının və “Debütlər Birliyi” Beynəlxalq Mükafatının təqdimetmə mərasimi keçiriləcək.