Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycanda yeni BOKT yaradılıb

    İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Caspian Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.

    Report bu barədə nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15, mənzil 42, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Samir Xangiz oğlu İsgəndərovdur.

    O, vaxtilə "Embafinans" QSC BOKT-un İdarə Heyətinin sədri olub, hazırda isə "Optimal Finance" MMC BOKT-un Müşahidə Şurasının sədridir.

  • Teatr Muzeyi “Cənnətim Qarabağ” layihəsinə yekun vurub

    Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi “Şuşa İli” ilə bağlı müvafiq Sərəncamdan irəli gələn tədbirlər planına uyğun olaraq, bu ilə müxtəlif layihələrlə öz töhfəsini verib.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə il ərzində bir sıra silsilə layihələr - tədbirlər, sərgilər, elmi-praktiki konfranslar həyata keçirilib.

    Bunlardan biri də sosial şəbəkələr üzərindən paylaşılmış “Cənnətim Qarabağ” layihəsi olub.

    “Bu layihə çərçivəsində qədim Qarabağ torpağının yetişdirdiyi ayrı-ayrı incəsənət xadimlərinin həyat və yaradıcılığına həsr olunmuş otuzdan artıq təqdimat olub. Muzeyin fondunda qorunan nadir eksponatlar əsasında hazırlanan rubrikaya son videoçarxla yekun vurulub”, - deyə verilən məlumatda qeyd olunub.

  • Prezident İlham Əliyev: Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur

    Çoxəsrlik bir yol keçən və özünəməxsus dəst-xətti ilə hər zaman seçilən Azərbaycan memarlığı xalqımızın mədəniyyət salnaməsində layiqli yer tutur. Sənətkarlarımızın klassik Şərq ənənə və prinsiplərinə sədaqətlə yaratdıqları misilsiz memarlıq inciləri dünya mədəni irsinin ayrılmaz hissəsi olaraq hər birimiz üçün qürur mənbəyidir. Bitkin kompozisiyalı bu abidələrin təbii və mədəni landşaftla unikal ahəngdarlığı heyranlıq doğurur.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin dekabrın 9-da Bakıda işə başlayan Azərbaycan memarlarının XX qurultayının iştirakçılarına müraciətində yer alıb.

    Dövlətimizin başçısının müraciətində vurğulanıb ki, dövrün arxitektura üslublarını və milli memarlığın böyük təcrübəsini özündə birləşdirən uğurlu layihələr əsasında ötən müddət ərzində Azərbaycanda şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik qiymətli nümunələri meydana gətirilmişdir. Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə memarlıq və şəhər quruculuğu sahəsindəki yeni təzahürlər modern üslublu tikililərin və monumental komplekslərin dizayn həllində özünü qabarıq göstərmişdir.

  • YARAT 20 rəssamın əsərini “METAKOD”da bir araya gətirib

    YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “METAKOD” adlı sərgini sənətsevərlərin ixtiyarına verib.

    YARAT-dan AZƏRTAC-a verilən məlumata görə, sərgidə müxtəlif nəsillərdən olan Azərbaycan rəssamları – Rasim Babayev, Rəşad Babayev, Hüseyn Cəlilov, Teymur Daimi, İrina Eldarova, Leyli Ələkbərova, Ənvər Əsgərov, Hüseyn Haqverdiyev, Orxan Hüseynov, Fərhad Xəlilov, Zaur Kantemirov, Leyla Qabulova, Tərlan Qorçu, Sənan Qurbanov, Aida Mahmudova, Məmməd Mustafayev, Altay Sadıqzadə, Mir Nadir Zeynalovun və “043” (Mövsüm və Ramil) yaradıcı kollektivinin əsərləri nümayiş olunur.

    Kuratorları Fərəh Ələkbərli, Şirin Məlikova və Sabina Şıxlinskaya olan sərgi gələn ilin aprel ayının 30-dək ziyarətçilər üçün açıq qalacaq.

    Bəşəriyyət ən qədim dövrlərdən bəri, vizual dildən istifadə edən zaman, ideyaları ötürmək üçün müxtəlif təsvirlər yaratmaqla, öz düşüncəsini “verballaşdırıb”. İncəsənət və mədəniyyət tarixi boyunca vizual dil, məna və amillərdən “kodlaşdırmaq” üçün istifadə edilib. Xəyali vəziyyətlərə reaksiya vermək qabiliyyəti isə, abstrakt (mücərrəd) düşüncənin inkişafının əsasını təşkil edib.

    “METAKOD” sərgisi öz əsərlərində millətin “mədəni kodlarını” üzə çıxaran, müxtəlif dövrlərə aid 20 Azərbaycan rəssamının əsərlərini birləşdirir. Bu layihə-tədqiqatın kurator konsepsiyasının əsasında, müxtəlif incəsənət sahələrində bu günə qədər gəlib çatan xətlər və simvolların “gizli dili” qismində mədəni kodun transformasiyası haqqında nəzəriyyə dayanır.

    Ekspozisiyaya yeni əsrin rəssamları ilə birgə dialoqda, “yenidənqurma” (“perestroyka”) dövrünün rəssamlarının əsərləri də daxildir.

  • Elgün Cavadov: Qarabağ ərazilərini turizm məkanına çevirmək əsas prioritetlərimizdəndir

    Dövlət Turizm Agentliyi tərəfindən 2021-ci ilin yanvarından etibarən, mütəmadi Qarabağ ərazilərinə səfərlər təşkil olunub. Bu səfərlər zamanı ilkin olaraq turizm potensialının dəqiqləşdirilməsi ilə bağlı işlər aparılıb. Sonrakı dövrdə isə türkiyəli mütəxəssislərlə birgə çalışaraq Qarabağ ərazilərinə yenidən səfər təşkil olunub, daha da planlı yanaşma ortaya qoymağa başlanılıb. Demək olar ki, bu gün Qarabağda 15-ə yaxın ərazidə turizm zonalarının yerlərini müəyyənləşdirmişik. Bunun sayəsində də gələcəkdə bu ərazilər potensial otel investisiyası və tikintisi üçün əhəmiyyət kəsb edən yerlərdir.

    Bu sözləri  AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov söyləyib.

    O bildirib ki, Qarabağ ərazilərində turizmin inkişaf etdirilməsi əsas hədəflər sırasındadır: “Qarabağa qayıdış proqramı çərçivəsində həmin ərazilərdə yaxın gələcəkdə məskunlaşma olacaq. Həmçinin o ərazilər turist cəlb etmək potensialına da malikdir. Bu barədə növbəti illərdə müvafiq addımlar atılacaq. İndiki mərhələdə isə bizim əsas prioritetlərimiz bu yerləri və orada ola biləcək turizm resurslarını müəyyənləşdirməkdən ibarət olub ki, bu da gələcək strategiyamıza aiddir. Ümumilikdə isə Qarabağda əsas yerləşmə vasitələri üçün əhəmiyyətli məkan hələ ki, Şuşa şəhəridir. Eyni zamanda Şuşa şəhərinə gedən Zəfər yolu ilkin turizm marşrutu olaraq təyin edilib. Bu turizm marşrutu gələcəkdə inkişaf etdirilərək, turizm investisiyalarını qeyd edilən ərazilərə cəlb edəcək. Həmçinin paralel olaraq biz Suqovuşanda turizmin inkişafı konsepsiyası üzrə işlər aparırıq. Görüləcək bu işlərlə bağlı turizm konsepsiyalarımız var, onlar hazırda layihələndirmə prosesindədir”, - deyə Dövlət Turizm Agentliyinin şöbə müdiri vurğulayıb.

  • “Şuşa, sən azadsan” filmi bu dəfə Qaradağda göstərilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Şuşa, sən azadsan” adlı sənədli film nümayiş olunub.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, filmin nümayişində 106, 139 nömrəli tam orta məktəblərin, habelə 166 nömrəli məktəb-liseyin şagird və müəllim kollektivi iştirak edib.

    Tədbirin aparıcısı Nuranə Davrinbəyova Azərbaycan əsgərinin şücaət və mərdliyindən, qanları ilə yazdıqları qəhrəmanlıq dastanından söz açıb.

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan film Zəfər bayramı ərəfəsində çəkilib. İkinci Qarabağ müharibəsinin ən mühüm döyüşlərindən olan Şuşa əməliyyatının maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Ekran əsərində Şuşa əməliyyatını həyata keçirən əsgər və zabitlərin müsahibələri, əməliyyat zamanı çəkilmiş kadrlar yer alıb.

  • “Palitranın 65 rəngi” Müasir İncəsənət Muzeyində

    Müasir İncəsənət Muzeyində tanınmış rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssamlıq kafedrasının dosenti Nailə Əhmədovanın əsərlərindən ibarət sərgi açılıb.

    AZƏRTAC xəbər veririk, “Palitranın 65 rəngi” adlı sərgi rəssamın anadan olmasının 65 illiyi çərçivəsində gerçəkləşib. Rəssamın 40 ildən artıq uğurlu yaradıcılıq yolunun məhsulu olan seçilmiş əsərləri özünəməxsus üslubun bütün keçidləri ilə sərgidə təqdim edilib.

    Nailə Əhmədova artıq neçənci dəfədir ki, özünəməxsus tərzdə, fərdi sərgisi ilə sənətsevərlərin qarşısına çıxır.

    Klassik rəssamlıq məktəbinin parlaq nümunələrindən ibarət və bir neçə müasir tablolardan toplanmış əsərlərlə yanaşı, sərgidə məxsusi olaraq Azərbaycanın Qarabağ müharibəsindəki Qələbəsinə həsr olunmuş silsilə də nümayiş olunub.

    Sərgi ziyarətçilər üçün iki gün açıq qalacaq.

    Təhsilini Ukraynanın Xarkov şəhərində alan rəssam özünü pedaqoji fəaliyyətə və sərbəst yaradıcılığa həsr etmək üçün Bakıya qayıdıb. Rəssamın əsərləri dünyanın 20-dən çox ölkəsində və bir çox şəxsi kolleksiyalarda təqdim olunub.

  • Dövlət Xidməti: Ölkədə 154 tarix-mədəniyyət abidəsinin pasportlaşdırılması yekunlaşıb

    Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Xidmətindən məlumat verilib.

    “Respublikanın müxtəlif rayonlarında yerləşən 154 tarix-mədəniyyət abidəsinin pasportu, mühafizə zonaları üzrə isə 107 layihənin hazırlanması yekunlaşdırılıb. Onlardan 42 abidənin pasportunun hazırlanması və 9 abidənin mühafizə zonasının müəyyənləşdirilməsi işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələrinin payına düşür.

    Bu sənədlər cari ildə aidiyyəti orqanlara (pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyasına, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) göndərilib və bütün sənədlərin aidiyyəti orqanlarla razılaşdırılması işi bitmək üzrədir”,- deyə məlumatda bildirilir.

  • Azərbaycanda “Regional tərəfdaşların inkişafı” adlı layihəyə start verilib

    İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı ilə “Regional tərəfdaşların inkişafı” adlı layihəyə start verilib.

    Reportun Şimal-qərb bürosunun məlumatına görə, layihənin məqsədi regionlarda fəaliyyət göstərən sahibkarları maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri – güzəştli kreditlər, subsidiyalar barədə məlumatlandırmaq, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.

    Bu gün Şəki şəhərində layihənin təqdimatı ilə bağlı konfrans keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, Bakıdan və Şəki-Zaqatala iqtisadi rayonundan 200-dən çox sahibkar iştirak edib. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı Vüqar İskəndərov sahibkarlara göstərilən dəstək tədbirləri, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyə resurslarına çıxışı istiqamətində yeniliklər barədə məlumat veriblər.

    Konfrans Bakı və region sahibkarlarını bir araya gətirməklə, onlar arasında netvörkinq və birgə investisiya təşəbbüslərinin reallaşdırılması üçün də imkan yaradıb.

    Tədbir çərçivəsində həmçinin “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları” mövzusunda panel müzakirə təşkil olunub, mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

    “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti aylarda Gəncə, Astara və Qubada da maarifləndirici tədbirlər keçiriləcək.

  • Bakının 2030-cu ilə qədər regional inkişaf planı hazırdır

    Azərbaycan paytaxtının 2030-cu ilə qədər regional inkişaf planı artıq hazırdır.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Memarlar İttifaqının 2017-2022-ci illər üzrə fəaliyyəti barədə İdarə Heyətinin hesabatında qeyd edilib.

    Plana əsasən, yeni Bakı aqlomerasiyası Bakını Abşeron rayonu və Sumqayıt şəhəri ilə birləşdirməli və beləliklə, faktiki olaraq bütün Abşeron yarımadasını və ətraf aqlomerasiyanı əhatə etməlidir.

    "Azərbaycan şəhərlərinin memarlığı günü-gündən dəyişir, daha cazibədar olur və təkrarsızlığı ilə görənləri sevindirir. Bu gün memarlıq ölkənin inkişafında prioritet istiqamətlərdən biridir. Müstəqil Azərbaycan son illər ərzində yeni inkişaf mərhələsinə qədəm qoymuş və böyük uğurlara imza atıb. Yaxın gələcəkdə bizi daha böyük dəyişikliklər gözləyir", - hesabatda bildirilib.