Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək

    Dekabrın 16-da Bakıda elektron ticarətə dair ilk dəfə “ECOM Azerbaijan 2022” adlı beynəlxalq konfrans keçiriləcək.

    Report bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

    Məlumata görə, konfransda Türkiyə və Azərbaycanın elektron ticarət və rəqəmsal marketinq sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətləri iştirak edəcək. Tədbir Azərbaycanın aparıcı banklarından birinin ə Türkiyənin tanınmış “Trendyol” ticarət platformasının əsas təşkilatçılığı ilə reallaşdırılacaq. Təşkilati dəstəkçilər arasında "Azexport" portalı da var.

    Konfransdakı panel müzakirələrdə 10-dan artıq yerli və xarici spiker “Azərbaycanda e-ticarətdə innovativ ödəniş sistemlərinin gələcəyi” mövzusunda danışacaq. Həmçinin “Dünyada e-ticarət tendensiyaları və uğur üçün məsləhətlər”, “E-ticarətdə dönüşüm nisbətini necə artırmaq olar?”, “Fərdi marketinq konsepsiyası”, “Elektron ticarətdə əsas gəlir amilləri” mövzuları müzakirə olunacaq.

  • Azərbaycanda avtobus marşrutlarına onlayn bilet satışı portalı istifadəyə verilir

    Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı istifadəyə verilir.

    Report xəbər verir ki, bu portal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində hazırlanıb.

    Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir. Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.

    Sistemin “Biletim” mobil tətbiqi də istifadəyə verilir. Mobil cihazlar üçün tətbiqi “App Store” və “Google Play”dan yükləmək mümkündür.

    Biletlər 10 gün əvvəldən satışa çıxarılacaq.

    Sərnişinlər bilet əldə etmək üçün biletim.az saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. QR-kod əsaslı bilet kağız və ya elektron formatda səyahət öncəsi təsdiq üçün sürücüyə və ya perron nəzarətçisinə təqdim olunmalıdır.

    Vətəndaşlar dekabrın 15-dən etibarən “biletim.az” portalı üzərindən onlayn biletləri əldə edə bilərlər.

  • Azərbaycanda “Turist çağrı-məlumatlandırma mərkəzi” yaradılır

    Azərbaycanda 3 dildə “Turist çağrı-məlumatlandırma mərkəzi” (848) işə başlayacaq.

    AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də məlumat verib.

    Onun sözlərinə görə, Azərbaycan, rus və ingilis dillərində xidmət göstərəcək “Turist çağrı-məlumatlandırma mərkəzi” turizm sənayesinin inkişafına müsbət təsir edəcək.

  • İTV “Avroviziya-2023” üçün ifaçı seçiminə başlayıb

    Avroviziya beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçiminə başlayıb.

    İTV-dən AZƏRTAC-a bildirilib ki, seçimlərdə iştirak etmək istəyən ifaçılar və bəstəkarlar dekabr ayının 31-nə qədər öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və Avroviziya üçün hazırlanmış yeni mahnılarını song@eurovision.az elektron ünvanına göndərə bilərlər.

    Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və Avroviziya mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədi ilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.

    Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi Liverpulda 9, 11 və 13 may tarixlərində baş tutacaq.

    Müsabiqədəki Azərbaycan nümayəndə heyətinin rəhbəri İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini Vasif Məmmədovdur.

  • Fuad Nağıyev: Şuşaya turizm məqsədilə səfərlər təşkil olunacaq

    Qarşımızda duran ən müqəddəs vəzifələrdən biri Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir.

    Qəhrəman Ordumuzun döyüşərək geri qaytardığı torpaqlarda insanlarımızın yaşayışını təmin edəcəyik və turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq.

    Artıq bu yöndə bir neçə layihənin icrasına başlanılıb.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də səsləndirib.

    “Bu ilin mart ayında Suqovuşanda cənab Prezidentin iştirakı ilə turizm kompleksinin təməlqoyma tədbiri keçirildi. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm üzrə ilkin rekreasiya infrastrukturu qurulub. Şuşa şəhərinin və Daşaltının, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin turizm imkanlarının qiymətləndirilməsi aparılıb və müvafiq inkişaf strategiyaları və fəaliyyət planlarına inteqrasiya edilib. Yaxın günlərdə Şuşaya turizm məqsədli səfərlərin təşkili üçün işlərimizi yekunlaşdırmaq üzrəyik. Artıq vətəndaşlarımız digər yerlərə olduğu kimi, Şuşaya da turizm məqsədli səfərlər edə biləcəklər. Bir sözlə, Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur”, - deyə Agentlik sədri qeyd edib.

  • Ölkəmiz 2023-2027-ci illərdə ÜTT-nin İcraiyyə Şurasında təmsil oluna bilər

    Yaxın Şərq, MDB regionu, Cənubi Asiya və eləcə də Avropa bazarlarında geniş təbliğat fəaliyyətimiz, sərgilərdə, seminarlarda və bu kimi tədbirlərdə iştirakımız öz müsbət nəticələrini göstərməkdədir. İkitərəfli turizm əlaqələrimizin inkişafı üçün müxtəlif dövlətlərlə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə sazişlər, müqavilələr, anlaşma memorandumları bağlayırıq.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Azərbaycan Turizm Sammiti 2022”də səsləndirib.

    Qeyd edib ki, ötən ildən İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyətdədir və ikitərəfli turizm əlaqələrimiz inkişaf etməkdədir:

    “Yaxın günlərdə Yaponiya ilə turizm sahəsində anlaşma memorandumunun imzalanması planlaşdırılır. Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq əlaqələrimiz genişlənir.

    Bu yaxınlarda ölkəmizin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasında 2023-2027-ci illərdə təmsil olunması üçün namizədliyini vermişik.

    Bu kimi beynəlxalq təmsilçilik imkanları ölkəmizin tanıdılması, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi üçün mühüm platformadır”.

  • Bakıda “Azərbaycan Turizm Sammiti 2022” işə başlayıb

    Dekabrın 8-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti 2022” öz işinə başlayıb.

    AZƏRTAC xəbər verir ki, tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edirlər.

    Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sammitin əhəmiyyətindən danışıb və 2022-ci ildə turizm sektorunda əldə olunmuş nailiyyətlərdən söz açıb.

    Sammit panel iclaslarla davam edib. İclaslarda “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, "Turizm mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar", “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılıb.

  • Səhnəmizin sönməz ulduzu – Mərziyə Davudova

    Xalq artisti Mərziyə Davudovanın anadan olmasından 121 il ötür

    Azərbaycan teatrında bir sıra əvəzolunmaz aktrisalar var ki, zaman keçdikcə onlar daim teatr tarixində əbədi olaraq qalacaqlar. Belə sənətkarlar səhnədə bir sıra möhtəşəm, yaddaşlardan silinməyən obrazlar qalereyası yaradıblar. Onlar nəinki özləri iştirak etdikləri tamaşalarda, hətta iştirak etmədikləri tamaşaların da müvəffəqiyyətinə seviniblər. Bütün tamaşaların uğurlu alınmasında ürəkdən çalışıblar. Belə sənətkarlardan biri də Mərziyə Davudova idi.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti Mərziyə Davudovanın anadan olmasından 121 il ötür.

    Mərziyə Yusif qızı Davudova 1901-ci il dekabrın 8-də Həştərxan şəhərində dünyaya göz açıb. Onun anası Qaşqa-Camal elmə, ədəbiyyata meyilli bir insan idi. O, qızı Mərziyəni 1908-ci ildə kəndlərində fəaliyyət göstərən dördillik “Darültəhsil” tatar məktəbində oxutdurub. Məktəbi bitirəndən sonra M.Davudova Həştərxanda “Qaliyə” məktəbində təhsilini davam etdirib. 1915–1918-ci illərdə "İqbal" rus-tatar məktəbində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynayıb.

    XX əsrin əvvəlində N.Vəzirovun, N.Nərimanovun əsərləri tatar dilinə tərcümə olunur və Hüseyn Ərəblinski, Mirzağa Əliyev kimi böyük səhnə ustaları yerli həvəskarlarla qastrol tamaşalarında çıxışlar edirlər. Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və onu Bakıya dəvət edib. 1919-cu ildə anasını itirdikdən sonra Bakıya gəlib. İlk dəfə Birləşmiş Dövlət Teatrı nəzdində Türk Dram Teatrı kollektivinə aktrisa qəbul edilib. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olub. Əksər Azərbaycan, rus, Qərbi Avropa dramaturgiyasının baş qəhrəmanlarına səhnə həyatı verib. Həvəskar aktrisalıqdan SSRİ Xalq artisti səviyyəsinə yüksələn Mərziyə Davudova 1962-ci ildə yanvarın 5-də altmış yaşında həyat ilə vidalaşıb, Birinci Fəxri xiyabanda dəfn olunub.

    Mərziyə Davudova hələ gənc yaşlarında səhnəni böyük məhəbbətlə sevib, bütün həyatını səhnə sənətinə həsr edib. Neçə on illər tamaşaçılar Mərziyə Davudovanın böyük sənətindən zövq alıb, böyük bir aktrisalar nəsli ona baxaraq səhnəyə gəlib. Mərziyə xanımın aktrisalıq şöhrəti o qədər parlayıb ki, onu Azərbaycandan çox-çox uzaqlarda da tanıyırdılar. Onun yaradıcılığı müsbət və mənfi obrazlar ilə zəngindir. Aktrisa üçün obrazın böyük və kiçikliyi, mənfi və müsbətliyi olmayıb. Aktrisa ona tapşırılan obrazı öz sənət süzgəcindən keçirib, yüksək sənətkarlıqla tamaşaçılara təqdim edib.

    Onun ifa etdiyi Sevil, Gültəkin, Firəngiz, Gülnisə, Yaxşı, Gülsabah, Solmaz, Nabat, Şəmsa (“Sevil”, “Aydın”, “Oktay Eloğlu”, “Solğun çiçəklər”, “Almaz”, “Dönüş”, “Od gəlini”, “1905-ci ildə”, “Trablis müharibəsi”), Xuraman, Qızyetər, Şirin, Səhər (“Vaqif”, “Xanlar”, “Fərhad və Şirin”, “İnsan”), Südabə, Xumar, Jasmen, Anjela (“Səyavuş”, “Şeyx Sənan”, “Knyaz”, “Uçurum”), Səlimə, Sona (“Pəri cadu”, “Dağılan tifaq”), Həyat, Lina (“Həyat”, “Madrid”), Həcər (“Qacaq Nəbi”), Gülzar (“Şərqin səhəri”), Məshəti (“Nizami”), Ülkər (“Vəfa”), Nüşabə (“Nüşabə”), Gertruda, Dezdemona, Qonerilya, Ledi Maqbet (“Hamlet”, “Otello”, “Kral Lir”, “Maqbet”), Luiza (“Mərk və məhəbbət”), Joziana (“Gülən adam”), Kriçinina, Kabanixa (“Günahsız müqəssirlər”, “Tufan”), Vassa Jeleznova (“Vassa Jelezniva”), Lambrini (“Gözəllik və sevgi adası”) və s. obrazlar Azərbaycan teatr tarixinin qızıl fonduna daxil olub.

    Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlı deyib ki; “Mərziyə yetkin sənətkardır, aktrisa, səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir”.

    Mərziyə Davudova yaradıcılıqda nə qazanıbsa, hamısını gərgin əmək sayəsində əldə edib. Onun həyatı, obraz üzərində böyük təmkinlə işləyən, xarakterin bütün təfərrüatını dərindən mənimsəyən zəhmətkeş bir insanın həyatıdır. O, zəngin xarakterlər, qüvvətli ehtiraslar ustası idi. O, qırx illik yaradıcılıq dövründə yüzlərlə rəngarəng, unudulmaz səhnə qəhrəmanları yaratmışdır. O, görkəmli səhnə xadimi kimi, birdən-birə meydana gəlməmişdir. Sənətkarlığın yüksək pilləsinə zəhmətlə, əziyyətlə yüksəlmişdir.

    Mərziyə Davudovanın ifasındakı zəngin boyalar onun ifaçılıq sənətini fərqləndirən əsas əlamətlərdəndir. Aktrisanın ifa üslubu son dərəcə çətin və mürəkkəb idi. Görkəmli teatr rejissoru, pedaqoq Mehdi Məmmədov “Teatrlar, aktyorlar, tamaşalar” kitabında Mərziyyə Davudovun səhnə fəaliyyəti haqqında deyirdi: “O, müxtəlif cəhətlərin, başqa-başqa üsulların, bəzən təzadların uyuşmasından, vəhdətindən istifadə edir. Romantik ünsürlər onun oyununda məişət boyaları, faciə ünsürləri isə yumor boyaları ilə uzlaşır, o, qəhrəmanlığı göstərmək üçün adilikdən, monumentallığı sezdirmək üçün təfərrüatdan istifadə edir. İlham dəqiqələrində biz səhnəmizin sönməz ulduzu Mərziyə xanımın oyununda böyüklüyün sadəliyini və sadəliyin böyüklüyünü az görməmişik”.

    Mərziyə xanım səmimi aktrisa idi. O, obrazı özününkü etməmiş səhnəyə çıxmazdı. Bu da onun tamaşaçılara hörmətindən irəli gəlirdi. O, səhnədə çıxış etdiyi hər sözün arxasında axtarışlarla dolu olan, gərgin duyğular dayanmışdı. Bu cəhət Mərziyə Davudovanı tamaşaçılara sevdirməsinin əsas şərtlərindən biri idi. Onun ifa etdiyi obrazlar heç biri digərinə bənzəmir. O, obrazı tamaşadan tamaşaya təkmilləşdirir, onu canlı insan şəklinə salırdı. Mərziyə xanım obrazın inkişaf dinamikasını düzgün müəyyənləşdirə bilirdi, əsərdə baş verən hadisələrə onun münasibətini göstərirdi. Bu böyük aktrisanın səhnə fəaliyyəti illər boyu parlamış, Azərbaycan teatr tarixində nadir hadisəyə çevrilmişdir. Onun ifa etdiyi zəngin obrazlar indi də öz bədii dəyərini itirməmişdir.

    Mərziyə Davudova dram artisti olmaqla yanaşı, öz istedadını Azərbaycan kinosunda da sınayıb. O, otuzuncu illərdən başlayaraq ömrünün sonuna qədər irili-xırdalı bir neçə filmə (“Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bəxtiyar”, “Həqiqi dost”, “Bir məhəlləli iki oğlan”, “Koroğlu”) çəkilib. Xüsusən onun “Bir ailə”, “Bakının işıqları” və “Koroğlu” filmlərində yaratdığı müxtəlif xarakterli ana obrazları öz bədii dəyəri ilə seçilən sənət nümunələridir. Nə qədər Azərbaycan incəsənəti yaşayır, Mərziyə Davudovanın böyük sənəti də yaşayacaq.

  • Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb

    İndiyədək Qarabağda 411 tarixi abidənin monitorinqi aparılıb.

    AZƏRTAC verir ki, bu sözləri Azərbaycanın mədəniyyət naziri Anar Kərimov “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı söyləyib.

    Nazir bildirib ki, Vətən müharibəsində qazandığımız Qələbə nəticəsində mədəniyyətimiz geri döndü. Şuşanın mədəniyyət paytaxtına çevrilməsi mədəniyyətimizin geri dönüşünün rəmzinə çevrilib. Azad olunan ərazilərdə monitorinqlər zamanı bəzi abidələrin qəsdən dağıdıldığı, mənimsənildiyi, abidələrdən hərbi məqsədlər üçün istifadə edildiyi aşkarlanıb.

    “Ermənistan bununla Qarabağda qeyri-qanuni cinayət əməlləri törədib. Bu abidələrdən 178-i yeni aşkar olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdəki 864 mədəni müəssisənin də monitorinqi aparılıb”, - deyə nazir vurğulayıb.

  • Yazıçı Əlabbasın yeni kitabı çap olunub

    Yazıçı Əlabbas Bağırovun yeni kitabı çap olunub.

    Bu barədə Reporta müəllif özü məlumat verib.

    Ankarada işıq üzü görmüş "Köçəri quşların nəğməsi" adlı kitabda yazıçının müxtəlif illərdə qələmə aldığı beş povest yer alıb.

    Qeyd edək ki, Əlabbas Bağırov 1980-ci illərdən etibarən ədəbi mühitdə tanınmağa başlayıb. Yazıçı onlarla hekayənin, "Qiyamçı" və "Qaraqovaq çölləri" kimi məşhur romanların müəllifidir. "Mən Qarateli sevirdim" və "Dağların duman çağı" isə onun publisistik yazılarının toplandığı kitablardır. Əsərləri ingilis, türk, qazax, özbək, qırğız, rus, gürcü və fars dillərinə tərcümə olunub.

    "Köçəri quşların nəğməsi" yazıçının on beşinci kitabıdır.

    Tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun ön sözü ilə işıq üzü görən kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.