Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində Şuşa Günləri keçirilir. Tədbir çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək.
AZƏRTAC xəbər verir ki, tədbirin ilk günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və Bursa valisi Yakup Canbolat “Bursa İli” çərçivəsində ortaq mədəniyyətimizi özündə əks etdirən festivalların, idman oyunlarının, təbliğat proqramlarının və bir çox digər tədbirlərin keçirildiyini, bununla əlaqədar türk dünyasından çox sayda siyasətçinin, mədəniyyət və elm xadimlərinin Bursaya gəldiklərini deyiblər.
“Türk dünyasının mədəniyyət paytaxtı” statusunun gələn il Şuşaya keçəcəyini xatırladan çıxışçılar iştirakçılara Şuşa haqqında geniş məlumat veriblər.
Bildirilib ki, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhəri 30 illik işğaldan sonra 44 günlük Vətən müharibəsi nəticəsində şanlı Zəfərlə azad edilib və bu hadisə türk tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir.
Qeyd edilib ki, işğal dövründə ermənilər tərəfindən Şuşanın mədəni-mənəvi irsi, o cümlədən tarixi abidələri və məscidləri dağıdılıb, şəhər viran qoyulub. Hazırda Azərbaycan dövləti bu ərazilərdə bərpa-yenidənqurma işləri aparır. Yaxın zamanda vətəndaşlarımızın doğma yurd-yuvalarına köçürülməsi dövlətimizin əsas məqsədlərindən biridir.
Qəhrəmanlıq, fədakarlıq və eşqin dastanı olan Şuşanın mədəni irsi, əsrarəngiz təbiəti, bəşəri mirasa böyük fikirlər bəxş edən şairləri, yazıçıları və dahi musiqiçiləri kimi tarixi şəxsiyyətləri ilə dünyada tanındığını deyən natiqlər şəhərin işğaldan azad edilməsi ilə yenidən həyata qaytarıldığını, mədəni və tarixi mirasımıza yenidən bəxş edildiyini vurğulayıblar.
Bildirilib ki, Azərbaycan xalqı üçün xüsusi məna kəsb edən Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, eyni zamanda, türk dünyası xalqları arasında birlik və bərabərliyin daha da möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın tarixini özündə əks etdirən açıq havada muzeydir. Bundan sonra Şuşada Xarıbülbülün qoxusu hiss ediləcək, Qarabağ atları qamətini görəcək və Azərbaycan mədəniyyətinin paytaxtı dünyaya layiqli şəkildə nümayiş olunacaq.
Türkiyə-Azərbaycan münasibətlərinə toxunan natiqlər Türk dünyasının hər dövlətinin Türkiyə üçün əhəmiyyətli olduğunu qeyd ediblər. Bildirilib ki, xüsusilə Azərbaycanın bütün məsələlərini Türkiyə hər zaman öz məsələsi kimi qəbul edib. Ölkələrimiz arasında birliyin əsas memarları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. İki dahi liderin nümayiş etdirdiyi birlik dünya üçün nümunədir.
Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” statusunun Bursadan Şuşaya keçməsi məqsədilə Bursada keçirilən Şuşa Günlərinin təşkilində əməyi olanlara təşəkkürnamələr və xüsusi plaketlər təqdim edilib.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, dövlət qurumlarının nümayəndələri və digərləri iştirak ediblər.
İki gün davam edəcək Şuşa Günləri çərçivəsində Azərbaycanın mədəniyyətini, milli dəyərlərini və geyimlərini özündə əks etdirən tədbirlər təşkil olunacaq.
Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan Özbəkistan kino nümayəndələrindən ibarət heyəti qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qonaqları səmimi salamlayan nazir iki qardaş ölkə arasındakı mədəni və dostluq əlaqələrindən söz açıb. Bildirib ki, son illərdə türk dövlətləri ölkə rəhbərləri səviyyəsində bir-biri ilə daha sıx əlaqələr qurur. Bu da dərinləşən əməkdaşlığa, xalqlarımızın daha da yaxınlaşmasına öz töhfəsini verir. Nazir deyib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi böyük məmnunluq doğurur. Gerçəkləşən birgə tədbirlər, incəsənət ustalarının səfərləri bunun bariz nümunəsidir.
Nümayəndə heyətinin rəhbəri, Özbəkistan Respublikası Kino Agentliyinin direktoru Firdavs Abdulxaliqov səmimi qəbula görə Anar Kərimova təşəkkür edib. O, Azərbaycan Dövlət Film Fondu ilə tanış olduqlarını və burada çoxsaylı özbək filmlərinin də qorunmasından məmnunluqlarını bildirib.
F.Abdulxaliqov iki ölkə arasında kino sahəsində təcrübə mübadiləsi və Azərbaycan-Özbəkistan-Türkiyə üçtərəfli film layihəsinin reallaşmasının mümkünlüyünü vurğulayıb.
Anar Kərimov III Dədə Qorqud Türk Dünyası Film Festivalının 2023-cü ildə Şuşada keçiriləcəyini diqqətə çatdırıb, Özbəkistanın da bu festivala qatılmasından məmnun olacaqlarını bildirib.
Söhbət zamanı Daşkənd Film Festivalında Azərbaycan kino xadimlərinin iştirakı, eləcə də gənc kinematoqrafçılar arasında əlaqələrin qurulmasından söz açılıb.
Görüşdə özbək və Azərbaycan ədəbiyyatı, mədəniyyəti mövzusunda müzakirə aparılıb, hər iki xalqın tanınmış yaradıcı şəxsiyyətlərinin, ortaq dəyərlərinin birgə təbliği ilə bağlı layihələrin reallaşdırılmasının əhəmiyyəti qeyd olunub.
Qeyd edək ki, nümayəndə heyəti 7-10 dekabr tarixlərində Bakıda keçirilən Özbəkistan kinosu günləri ilə bağlı ölkəmizə gəlib.
Azərbaycanda 2 ildir ki, həyata keçirilən Milli Ulduz Təsnifatına indiyə qədər 150 hotel müraciət edib, onlardan 100-ə yaxının müraciətinə baxılıb və 44 hotel 5, 4 və 3 ulduz dərəcəsinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.
“Turizm haqqında” yeni qanuna görə hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz dərəcəsi üçün müraciət etməlidir. Koronavirus pandemiyasına görə hotellərə ulduz verilməsi ləngisə də, yeni qanun bu prosesi sürətləndirib. Ulduz sertifikatına malik olan hotellərin sayının artması sağlam rəqabəti stimullaşdıracaq və bu da nəticə etibarilə hotelçilik sənayesinin inkişafına təkan verəcək, tələb və təklif qanununun daha dolğun realizə edilməsinə gətirib çıxaracaq”,-deyə Agentliyik sədri vurğulayıb.
Dekabrın 6-da Heydər Əliyev Sarayında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə “Bu həyat qədər” adlı estrada-caz konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, “Qaya” Dövlət Ansamblı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, həmçinin tanınmış xalq artistləri və gənc ifaçılar R.Hacıyevin bəstəsi olan mahnılarla çıxış ediblər.
Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.
Qeyd edək ki, Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. R.Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində də aydın təzahürünü tapıb.
“Şuşa İli” çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən başladılan “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti təqdimat görkəmli memar Kərbəlayi Səfixan Qarabağiyə həsr olunur.
Kərbəlayi Səfixan 1817-ci ildə Şuşada anadan olub. Onun atası gözəl əl qabiliyyətinə malik bənna idi. Hələ kiçik yaşlarından atasının yanında tikinti işlərinə meyl göstərən Səfixan dərin zəkaya, ağıla, düşüncəyə malik olduğunu büruzə verirdi. Ailəsi ilə birlikdə bir müddət Cənubi Azərbaycanda yaşadığı üçün burada bəzi şəhər və kəndlərdə tikilən binalarda Səfixanın imzası - daş möhürü indiyədək qalmaqdadır.
XIX əsrin ortalarında Şuşanın gündən-günə çiçəklənərək inkişaf etməsi, ailənin yenidən doğma Şuşaya qayıtmasına səbəb olub. Hər yana şöhrəti yayılan memar Səfixanın Vətənə dönməsi həmyerlilərini çox sevindirdi. Qarabaği təxəllüsünü götürən memar doğma vətənində sənətini davam etdirdi. O, inşa etdiyi tikililərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.
Qarabağ memarlığının inkişafında, Şuşanın yenidən bərpa olunmasında onun xüsusi xidməti olub. Şuşanın rəmzinə çevrilmiş məşhur Gövhər Ağa məscidinin xonçaşəkilli kitabəsində bu sözlər yazılmışdı: “Qarabağlı memar Kərbəlayi Səfixanın işidir (1883)”.
Şuşada “Aşağı Gövhər Ağa məscidi” (1889-1890), məhəllə məscidləri, mədrəsələr, imarətlər, hamamlar və s. onun tərəfindən inşa edilib. 1868-ci ildə Bərdədə inşa etdiyi İmamzadə məscidi Azərbaycanda ilk dördminarəli məbəddir. Şuşalı memarın yaratdığı gözəl sənət əsərlərinə Füzulidə, Ağdamda, Tərtərdə, digər rayonların kənd və qəsəbələrində rast gəlmək olar.
Dövrünün ən məşhur memarlarından olan Səfixan Odessada, Aşqabadda, Orta Asiyada da bir çox tikililərin müəllifidir.
Kərbəlayi Səfixan Qarabaği 1910-cu ildə Saatlı məscidini təmir edərkən minarədən yıxılaraq vəfat edib və Şuşadakı “Mirzə Həsən” məzarlığında dəfn olunub.
Memarın iki oğlu və bir qızı olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu il Bakının Xətai rayonunda ümumi uzunluğu 13 260 metr olan 9 küçədə təmir işləri aparıb.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, təmir işləri Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900 metr), Şahin Səmədov (1250 metr), Cavanşir (1400 metr), Nazim Şükürov (980 metr), ümumi uzunluğu 5 000 metr olan Elvin Şükürlü və Zeytunluq küçələrində, həmçinin Boru keçidinin döngələrində (1650 metr) aparılıb.
Xətai rayonunda 2019-2020-ci illər ərzində 41,5 kilometr, 2021-ci ildə isə 14,2 kilometr uzunluğa malik yolda təmir-tikinti işləri aparılıb.
Rusiya paytaxtı Moskvada MDB-nin ən böyük müalicə-sağlamlıq turizmi forumu olan “Med Tourism-2022” keçirilib. Dörd gün davam edən tədbirdə iştirakçı ölkələrin tibbi turizm fəaliyyəti ilə məşğul olan əsas qurumları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, ölkəmiz forumda Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü Ruslan Quliyev tərəfindən təmsil olunub. Tədbirin ilk günü Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan sağlamlıq turizmi assosiasiyalarını birləşdirən alyansın yaranması elan edilib. Yeni yaradılan qurum üzv ölkələrin tibbi turizmin aparıcı peşəkar assosiasiyaları arasında əməkdaşlığı koordinasiya edəcək. Sonrakı günlərdə forum panel müzakirələri ilə davam etdirilib.
“Rusiya və Yaxın Şərq” adlı paneldə çıxış edən təmsilçimiz Ruslan Quliyev bildirib ki, bu gün belə tədbirlərin keçirilməsi çox vacibdir. Çünki turizm o qədər həssas sahədir ki, dünyada baş verən kataklizmlər, təbiət hadisələri, pandemiya riskləri, iqtisadi və siyasi böhranlar, müharibələr həm qlobal, həm də regional miqyasda ona dərhal təsir edir: “2020-ci ilin əvvəlindən bütün dünyanı qorxu altında saxlayan COVID-19 pandemiyası qısa müddətdə qlobal turizm iqtisadiyyatını iflic vəziyyətinə salıb. Qitələrarası logistika və rabitə sahəsində qlobal məhdudiyyətlər turizm sektorunda trilyonlarla vəsaitin itirilməsinə və 100 milyon iş yerinin bağlanmasına səbəb olub. Nəzərə alsaq ki, qlobal turizm sənayesində çalışanların 75 faizi 25 yaşa qədər gənclər və bir o qədər də qadınlardır, onda bu problemin nə qədər ciddi olduğunu başa düşə bilərik”.
Ruslan Quliyev, həmçinin Azərbaycanın öz tibbi turizmini necə inkişaf etdirməsi ilə bağlı məlumat verərək qeyd edib ki, 2016-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Təbii müalicə sərvətləri, müalicə yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər dövlət proqramları bu sahəni inkişaf etdirmək istiqamətində ölkəmizin sağlamlıq turizminə xüsusi diqqət yetirdiyini göstərir. Diqqətə çatdırıb ki, Azərbaycanın tibbi turizm sahəsində olduqca böyük potensialı mövcuddur: “Min bir dərdin dərmanı olan Naftalan nefti, Qalaaltı sanatoriyası, Naxçıvanda Duzdağ, Masallıda istisu mənbələri hələ sovet dövründən indiki MDB ölkələrində tanınıb və sevilib. 2020-ci ilin Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanın turizmin digər istiqamətləri ilə yanaşı tibbi turizm imkanlarını bir qədər də genişləndirib. Belə ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da zəngin turizm ehtiyatları hazırda öyrənilir, bu istiqamətdə gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir”, - deyə R.Quliyev bildirib.
Qeyd edək ki, “Med Tourism-2022” forumu çərçivəsində iştirakçı ölkələrin tibbi turizm qurumları arasında əməkdaşlıq memorandumları da imzalanıb. Bu əməkdaşlıq həm assosiasiyalar, həm də tibb müəssisələrini əhatə edib.
Dekabrın 15-16-da Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin ənənəvi qış konsertini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Emin dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi musiqi sənətinin dühalarından ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri də yer alıb. Daha sonra Eminin 2007-ci ildə “İncredible” adlı albomu işıq üzü görüb və albomdakı “Don't cry” mahnısı sevilən mahnılar sırasında yer alaraq, eyni zamanda, film musiqisi kimi də tanınıb. Daha sonra isə dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb.
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq İzmir Teatr Festivalında Azərbaycanı təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və İncəsənət Fondu (TAKSAV) tərəfindən keçirilən festivala ƏSA Teatrı “Çıxış yoxdur” tamaşası ilə dəvət olunub. Jan-Pol Sartrın “Bağlı qapı arxasında” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində teatrın aktyorları Elşən Əsgərov, Lalə Süleymanova, Səmayə Qulamzadə, İmran Lalayev, Aysel Feziyeva, Amin Əsgərov və Gülçin Qasımova çıxış edirlər. Teatrının kollektivi İzmir Sənət Mərkəzinin səhnəsinə dekabrın 10-da çıxacaq.
Bu il 10-cu dəfə keçirilən Beynəlxalq İzmir Teatr Festivalında Türkiyənin 25-ə yaxın teatrı ilə birlikdə Azərbaycan, Uruqvay, İraq, Ukrayna, Almaniya və digər ölkələrin nümayəndələri də iştirak edəcək.
Bakı Nəqliyyat Agentliyi (BNA) 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlayıb.
Report xəbər verir ki, bu barədə Agentliyin fərdi nəqliyyat vasitəsi sürücülərinə və avtomobil sahiblərinə müraciətində bildirilir.
Qurum bəyan edib ki, artıq ərazidə zəruri infrastruktur işləri yekunlaşıb. Dekabrın 11-dən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir. Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək.
"Bir daha sürücüləri və avtomobil sahiblərini paytaxtın əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə tətbiq edilən xüsusi zolaqların tələbinə anlayışla yanaşmağa dəvət edirik. Bu zolaqları təşkil etməkdə məqsəd, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət cədvəllərində stabilliyi təmin etmək, əhalinin ictimai nəqliyyatdan istifadəyə marağını artırmaqla keyfiyyətli sərnişindaşınma xidməti göstərməkdir.
Zolaqların təşkili ilə həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı, operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla maneəsiz hərəkəti təmin olunacaq ki, bu da həyati vacib sahələrə müsbət təsir göstərəcək", - müraciətdə qeyd olunub.