Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoru üzrə Yol Xəritəsində İşçi Qrupun diqqət mərkəzində olacaq məsələlərdən biri milli vergi qanunvericiliyinə fokuslanmaqla vergilərin dərəcə strukturundakı sabitlik səviyyəsinin qiymətləndirilməsi, korporativ gəlir vergisi (mənfəət vergisi) ilə bağlı dəyişikliklərin tezliyinin dəyərləndirilməsidir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə (DVX) istinadla xəbər verir ki, bu barədə DVX-nin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə əsas işlər xərc komponentləri üzrə qiymətləndirmə və təhlillərin aparılması, bu sahədə mütərəqqi xarici təcrübənin öyrənilməsi, bununla bağlı sahibkarlıq subyektləri, assosiasiyalar və dövlət orqanlarının iştirakı ilə görüşlərin keçirilməsi və müvafiq məsələlərin müzakirə edilməsinə yönəldiləcək: “Müzakirələrin nəticəsi olaraq, bu istiqamətdə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsinə dair layihənin hazırlanması nəzərdə tutulur. Lakin bu məsələ yalnız biznes dairələri ilə müzakirələrdən və mümkün risklərin təhlilindən sonra mümkün olacaq”.
DVX rəsmisi qeyd edib ki, eyni zamanda, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübə öyrəniləcək. Həmin istiqamətdə hibrid avtomobillərin idxalı və satışı üzrə vergi təşviqlərinin davam etdirilməsi, əhatə dairəsinin genişləndirilməsi, əhali qrupuna daxil olan aktiv istehlakçıların bərpaolunan enerji mənbələri hesabına istehsal etdikləri elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlirə münasibətdə güzəştlərin müəyyən edilməsi və sair kimi məsələlər iş planına daxildir.
Bakıdakı Rus Evində “açıq mikrofon” formatında növbəti yaradıcılıq gecəsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rus Evindəki ədəbiyyat klubunun iştirakçıları olan gənc şairlər Aydan Allahyarova, Olqa Şalayeva, Dilarə Mehdiyeva, Nina Tişşenko, Günatay Hüseynova, Tamilla Şıxəmirova, Tatyana Zorina, Aysel İbrahimova, Esmira Atluxanova, Alyaska, Bayram Məhərrəmov, Türkan Bayramzadə öz şeirlərini və tanınmış şairlərin əsərlərini oxuyublar.
Bakıdakı Rus Evində fəaliyyət göstərən ədəbiyyat klubunun növbəti yaradıcılıq gecəsi dekabrın 9-da keçiriləcək.
YARAT Müasir İncəsənət Məkanı musiqisevərlərin həzz alacağı xoş bir səyahətə hazırlaşır.
Dekabrın 13-də YARAT-da reallaşacaq konsertdə Kuba musiqisinin müxtəlif üslublarının Azərbaycan muğamı ilə sintezini dinləmək imkanı olacaq.
Bu barədə YARAT-dan AZƏRTAC-a məlumat verilib.
İştirakçılar Kubanın ecazkar musiqi zənginliyinə daxil olan “Punto-quaxiro”, “Ça-ça-ça”, “Bolero”, “Quaraça”, “Mambo” kimi janrlardan da eşidə biləcəklər.
Layihənin məqsədi - musiqinin bütün dünyada danışılan universal dil olduğunu bir daha vurğulamaqdır.
Musiqili gecədə Əməkdar artist Sevinc Sarıyeva (xanəndə), artist Cubano (gitaraçı-bəstəkar), Yusif Cəfərbəyli (xanəndə) və Məsim İslamov (tar) iştirak edəcəklər.
Mədəniyyət naziri Anar Kərimov Nizami Kino Mərkəzində gənc kinematoqrafçılarla görüşüb. Görüşdə Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov və kinorejissor, Əməkdar incəsənət xadimi Elçin Musaoğlu da iştirak ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Anar Kərimov çıxış edərək mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb. Mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və cəmiyyətin inkişafına yönəlmiş infrastrukturun qurulmasında yaradıcı gənclərin də dəstəyinə ehtiyac duyulduğunu bildirib.
Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsinin təsdiq edildiyini söyləyən Anar Kərimov qurumun ölkəmizdə kino sənayesinin inkişafına təkan verəcəyini vurğulayıb.
Kino sahəsinin inkişaf etdirilməsi üçün Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin, festivalların vacibliyini diqqətə çatdıran nazir gənc kino xadimlərini bu prosesdə aktiv iştirak etməyə səsləyib.
Görüşdə gənclərin fikirləri dinlənilib. Gənc kino sənətçiləri Azərbaycan kinosunun bugünkü vəziyyəti barədə fikirlərini bölüşüblər. Gənclər milli kinonun inkişaf etməsi, beynəlxalq arenaya çıxarılması və yeni ideyalara açıq olması barədə arzu və təkliflərini diqqətə çatdırıblar.
Görüş qarşılıqlı fikir mübadiləsi şəklində davam edib.
Bakıdakı Rus Evində Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Rusiyanın muzey, kitabxana və teatrlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin ikinci katibi Pavel Kuznetsov Azərbaycanla Rusiya arasında uzun illərdir davam edən mədəni əlaqələrdən danışıb. Bu il ölkələrimiz arasında imzalanmış “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməyə toxunan P.Kuznetsov bunun ikitərəfli münasibətlərin inkişafına təkan verəcəyini qeyd edib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin tarixindən danışıb, Milli Kitabxananın Rusiyanın bir çox aparıcı kitabxanaları, xüsusən də Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Prezident Kitabxanası, Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə sıx əməkdaşlıq etdiyini, məlumat və təcrübə mübadiləsi apardığını vurğulayıb. O qeyd edib ki, Milli Kitabxana dünyanın 60 ölkəsi ilə beynəlxalq kitab mübadiləsi aparır, kitabxananın beynəlxalq əməkdaşlıq zalında müxtəlif ölkələrin ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair nəşrlər və bir çox başqa kitablar təqdim olunub.
K.Tairov bu il ölkəmizdə keçirilən 8-ci Bakı Beynəlxalq Kitab Sərgisindən, Milli Kitabxananın sərgi çərçivəsində keçirdiyi tədbirlərdən danışıb. O, gələn il Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin qeyd olunacağını və yubiley çərçivəsində Bakıda Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclasının keçiriləcəyini bildirib.
Tədbir çərçivəsində “Rusiya və Azərbaycanın mədəniyyət xadimləri arasında dialoq. 30 illik uğurlu əməkdaşlıq” mövzusunda plenar iclas və kino sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa keçirilib. Plenar iclas zamanı qarşıdakı illər üçün mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Beynəlxalq “Lenovo” texnoloji şirkətinin Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndəliyi genişləndirilərək Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ərazisini əhatə edən regional mərkəzə çevriləcək.
Report xəbər verir ki, bunu “Lenovo ISG”-nin baş vitse-prezidenti Vilfredo Sotolonqo rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşdə bildirib.
Eyni zamanda Azərbaycanda birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması ilə bağlı təkliflər səsləndirilib.
Görüş zamanı nümayəndə heyətinin rəhbəri şirkətin fəaliyyəti haqqında geniş məlumat verib.
Bildirilib ki, infrastruktur həlləri, serverlər, məlumat saxlama sistemləri və digər müasir texnoloji avadanlıqların istehsalı ilə məşğul olan “Lenovo” 180-dən çox bazarda fəaliyyət göstərir.
Öz növbəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Lenovo” şirkətinin nümayəndələrinə hökumətin İT şirkətləri üçün biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, xüsusilə xarici investisiyaların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması barədə məlumat verib. Nazir vurğulayıb ki, vergi, miqrasiya, gömrük qanunvericiliyinə və “Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklər hazırlanıb. Bu dəyişikliklər sayəsində sistem inteqrasiyası və proqram təminatının hazırlanması ilə məşğul olan İT şirkətləri Azərbaycanda fəaliyyət göstərərkən xeyli imtiyazlar əldə edəcəklər.
Xatırladaq ki, bu günlərdə Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə beynəlxalq İT istehsalçılarının nümayəndələrini və Azərbaycanın korporativ sektorunun 200-dən çox təmsilçisini bir araya gətirən “Lenovo Day Baku” adlı tədbir keçirilib. İştirakçılar regionda rəqəmsal biznes transformasiyasının tendensiyalarını və mövcud problemləri müzakirə ediblər. Tədbir çərçivəsində Azərbaycanda müəssisələrin rəqəmsal ekosistemlərini dəstəkləmək üçün uğurla tətbiq olunan texnoloji həllər və yeni biznes modelləri təhlil olunub.
Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda dekabrın 10-11-də bu ölkənin Kino Günləri keçiriləcək.
Bu barədə "Report"a səfirlikdən məlumat verilib.
Bildirilib ki, Bakı tamaşaçılarına “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq.
Filmləri “Kenje Kiz” cizgi filminin rejissoru İvan Ardaşov və “Alga” filminin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcək.
Giriş pulsuzdur.
Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hər il Əlillər Günü Xalça Muzeyi tərəfindən müxtəlif fiziki məhdudiyyətli insanlar üçün xüsusi proqramlar hazırlanır və hazırda muzeydə sərhədsiz muzey adlı proqram həyata keçirilir.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli bildirib ki, bu gün ölkədə fiziki məhdudiyyətli insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır. Ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməkliyi ilə əlillər üçün xüsusi mərkəzlər tikilir, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir və bir çox xeyirxah işlər görülür. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir. Bundan əlavə, ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Tədbirdə Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva, “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova və digər çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan insanların yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən bəhs ediblər.
Sonra sərgiyə baxış keçirilib.
Sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. nümayiş olunub. Tədbirin bədii hissəsində isə sənətkarlar tərəfindən müxtəlif ustad dərsləri, həmçinin xüsusi internat şagirdlərinin çıxışlarından ibarət konsert proqramı təşkil edilib. Bundan başqa, tədbir zamanı sosial videoçarxlar təqdim olunub.
Prezident İlham Əliyev dekabrın 6-da Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcək.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi XVI Avrasiya Film Festivalının beynəlxalq müsabiqə proqramına seçilib.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, festival dekabrın 12-dən 18-dək Qazaxıstanın Almata şəhərində keçiriləcək. Proqramda ümumilikdə 15 film iştirak edir.
Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Ekran əsərində əsas rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
“Mərmər soyuğu” eyni zamanda Estoniyanın Tallin şəhərində 26-cı PÖFF - Tallinn Black Nights Film Festivalı çərçivəsində dünya premyerasını edərək, "Ən yaxşı aktyor" (Qurban İsmayılov) mükafatına layiq görülüb.
Qeyd edək ki, film həmçinin nüfuzlu kinofestivallardan hesab edilən, Hindistanın Qoa əyalətində keçirilən IFFI Goa - 53-cü Hindistan Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında da iştirak edib.
Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.