“Warner Bros.” kino şirkəti rejissor Bong Cun Honun “Mikki 17” filmindən ilk videogörüntü paylaşıb.
AZƏRTAC xəbər verir ki, ssenarisi ilə “Ən yaxşı film”, “Ən yaxşı xarici film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı ssenari” nominasiyalarında Oskar mükafatına layiq görülən Cənubi koreyalı rejissor Bong Cun Ho bu dəfə də olduqca maraqlı bir ekran əsri ortaya qoyub. Filmdə bir ekspedisiya koloniyası Mikki adlı klonu buzlu Niflhaym planetinə təhlükəli bir tapşırıq dalınca göndərir. Məntiq sərhədlərini aşan əsərin süjetinə görə, Mikki ölsə belə yenidən klonlana və keçmişdə baş verənlərin çoxunu xatırlaya bilər. Filmdə Mikkinin bir missiya zamanı qəza nəticəsində öldüyü güman edilir, buna görə də onun yeni klonu işə salınır, ancaq Mikki həyatdadır. Yaranan paradoksal vəziyyətdən sonra Mikki və onun yeni klonu arasında böyük mübarizə başlayır.
Ekran işində baş rolu isə məşhur ingiltərəli aktyor Robert Patinson canlandırır. Filmin heyətində Mark Ruffalo, Toni Kollette, Stiven Yeun, Naomi Akki kimi simalar da yer alır.
Film 2024-cü ilin martın 9-da nümayiş olunacaq.
Bakıda dekabrın 10-11-də Qazaxıstan Kino Günləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, nümayişlər Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək.
Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq. Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.
Hər iki film ingilis subtitrləri ilə rus dilində nümayiş olunacaq.
Giriş sərbəstdir.
Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə "İstedad sərhədsizdir" adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 8-dək davam edəcək sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. əl işləri nümayiş olunacaq. Sərgidə həmçinin sənətkarların ustad-dərsləri və bədii hissə də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməyə başlanılıb. Bu gün ölkədə fiziki imkanlarından məhrum olan insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir.
Dekabrın 14-də Azərbaycan Teatr Xadimləri İttifaqının böyük səhnəsində Lənkəran Dövlət Dram Teatrı Xalq yazıçısı Kamal Abdullanın "Casus" pyesi əsasında rejissor Anar Babalının quruluş verdiyi eyniadlı tamaşa ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, tamaşa İttifaqın 125 illiyinə həsr olunmuş “Milli klassika” teatr festivalı çərçivəsində müsabiqədənkənar qonaq qismində oynanılacaq.
Qeyd edək ki, “Casus” sirr və onun açılması üzərində qurulub. Əsərdə Dədə Qorqud obrazı hadisələrin axarını istiqamətləndirir. O, Oğuz tayfaları arasında casusluq edənin kim olduğunu Qazan xana söyləyir. Həmçinin Boğazca Fatmanı da məsələdən xəbərdar edən özü olur. Dədə Qorqud Oğuzun təəssübkeşi kimi çıxış edir. Məhz bu səbəbdən casusun kim olduğunu söyləsə də, o biri yandan da məsələyə insani mövqedən yanaşır, Boğazca Fatmanı onun casus oğlunun başına gələcək fəlakətdən xəbərdar edir, ona ölümdən xilas yolunu göstərir. Niyə, nə səbəbə? Oğuz elinin bilicisi niyə Oğuz elinə xəyanət edən bir casusu hifz edir? Bu sualların cavabı səhnə əsərində süjetin ana xəttinin açılması ilə tamaşaçılara məlum olur.
Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olmuş filmlərin çəkilişləri yekunlaşıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.
“On bir layihə əsasında 11 film çəkilib. Münsiflərin açıq səsverməsi yolu ilə keçirilmiş prosesdə 11 layihə (5 bədii, 4 sənədli, 2 animasiya film layihələri) qalib seçilib. Qalib ssenarilər onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə dəstəyi əsasında istehsal olunub. Artıq layihənin iki filmi - “Tarix” və “Qarabağ nağılı” animasiya filmləri nümayiş etdirilib”, -deyə nazirlikdən bildirilib.
Azərbaycan Milli Xalça Muzeyi “Tanınmış simalarla virtual tur” adlı layihənin təqdimatına hazırlaşır. Muzeyin yaradılmasının 55 illiyinə həsr edilən layihə milli mədəni irsimizin təbliği işinə töhfə məqsədi daşıyır.
Bu barədə AZƏRTAC-a Milli Xalça Muzeyindən bildirilib.
“Ölkəmizdə ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən tanınmış media və incəsənət nümayəndələrinin iştirakı ilə ərsəyə gətirilən layihədə muzeyin tarixi, burada qorunan milli mədəni irs nümunələri və onlarla bağlı maraqlı adət-ənənələrdən bəhs olunur. Layihədə məşhur televiziya aparıcıları Dilarə Səlim, Emil Şahzadə, Leyla Quliyeva, Könül Arifqızı, Dəniz Tacəddin, Fariz İlyasov, Tural Əsədov, Şəbnəm Turan və Əməkdar artistlər Nərgiz Kərimova, Oleq Əmirbəyov muzeyin ekspozisiyasını təqdim edirlər.
Layihəsinin ssenari müəllifi Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, muzeyin yutub səhifəsində yerləşdirilən virtual tur layihəsi surdo-tərcümə ilə müşayiət olunur. Bu layihə respublikamızda muzey işi sahəsində inklüziv proqramların həyata keçirilməsində növbəti uğurlu addımdır.
Qeyd edək ki, dekabrın 15-nə nəzərdə tutulan layihənin təqdimat mərasiminə qatılmaq istəyənlər üçün giriş sərbəstdir.
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında" kitabı nəşr olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabda Şuşa ilə bağlı 1827-1915-ci illərdə ABŞ və Böyük Britaniya mətbuatında dərc edilən seçilmiş materiallar, onların tərcümə və şərhləri toplanıb. Əsərdə Şuşada keçirilən məhərrəmlik mərasimindən, 1905-1906-cı illərdə ermənilərin türk-müsəlman əhalisinə qarşı Şuşada törətdiyi soyqırımlardan, aclıq çəkən əhaliyə göndərilən humanitar yardımları əngəlləmək üçün onların törətdikləri vəhşiliklərdən, çar Rusiyasının Şuşada ruslaşdırma siyasəti və bu tədbiri pərdələmək üçün atdığı addımlardan bəhs olunur.
Layihə rəhbəri və “Ön söz”ün müəllifi professor Kərim Tahirov, tərcümə və şərhlərin müəllifləri tarixçi-alimlər Elnur Nəciyev və Ədibə İsmayılova, nəşrin redaktoru isə Günay Nəciyevadır.
Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsi çərçivəsində çap olunmuş “Türk dünyası gəncləri- Nizami Gəncəvi dühası” kitabının və eyniadlı sosial çarxın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, layihə rəhbəri, şair-publisist İntiqam Yaşar açaraq iştirakçılara kitab haqqında məlumat verib. O, Nizami irsini Türk dövlətlərinin ortaq dəyəri adlandırıb və qeyd edib ki, sözügedən layihə çərçivəsində qardaş ölkə gəncliyinin nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.
Tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, yazıçı Kənan Hacı, şair publisist Fərid Hüseyn, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, Çuvaşistan-Azərbaycan dostluq cəmiyyətinin sədri Aqil Əliyev, şərqşünas -yazıçı Əli Rzazadə, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" Birliyinin sədri Arzu Bağırova və başqaları çıxış edərək kitabın türk dövlətləri gəncliyini bir-birinə yaxınlaşdırmaq baxımından yüksək qiymətləndiriblər. Nizami irsinin tanıdılması üçün önəmli olan layihənin ərsəyə gəlməsində əməyi keçənlərə öz minnətdarlıqlarını bildiriblər.
Kitabla eyni adı daşıyan çarx şeirsevərlərə təqdim olunub. Çarxda türk dövlətlərindən olan ədəbiyyat nümayəndələri Nizami Gəncəvinin şeirlərini öz türkcələrində səsləndiriblər.
Bundan əlavə kitabda yer alan müəlliflər, tərcüməçilər və çarxda şeir qiraət edənlər diplomla təltif olunublar. Eyni zamanda, iştirakçılara "Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası" kitabı hədiyyə edilib.
Bu gün Xalq artisti Həsənağa Salayevin doğum günüdür
Azərbaycan kinosunda özünəməxsus yaradıcılıq üslubu ilə fərqlənən və sevilən aktyorlardan biri də Həsənağa Salayev olub. Yaratdığı obrazlar qalereyasına görə onu haqlı olaraq romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar adlandırırlar.
AZƏRTAC xəbər verir ki, bu gün romantik və realist personajları, mürəkkəb psixoloji dramatik obrazları məharətlə yaratmış Xalq artisti Həsənağa Salayevin anadan olmasının 101-ci ildönümü tamam olur.
Bakıda dünyaya göz açan Həsənağa Salayev 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Bir ildən sonra 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə müharibəyə gedib, bir ildən sonra yenidən doğma teatra qayıdıb.
Həsənağa Salayev Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri kimi yaratdığı obrazların xarakterik cəhətlərinin bədii təcəssümünə görə sənətsevərlərin yaddaşında dərin iz qoyub. İstedadlı aktyor demək olar ki, teatrda səhnələşdirilən tamaşalarda baş və ikinci dərəcəli rolları ifa edib. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Uilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar) və onlarla digər tamaşalarda xarakterik səhnə surətləri yaradıb.
Həsənağa Salayevin kinoda yaratdığı xarakterik rolları isə bu gün də tamaşaçılar tərəfindən baxılır, sevilir. Aktyor "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmdə rol alıb. O, "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Həsənağa Salayev çılğın ehtirası, vüqarlı görünüşü, sərbəst səhnə davranışı, əzəmətli boy-buxunu, tamaşada tərəf müqabillərinə diqqəti ilə seçilirdi. Gurultulu və cingiltili səsini məharətlə tənzimləyən aktyor romantik rollarla realist personajları, mürəkkəb psixoloji dönüşlü dramatik obrazları eyni məharətlə oynaya bilirdi. O, klassik və tərcümə əsərlərində ifa etdiyi obrazları çağdaş dövrün ictimai-sosial, mənəvi-əxlaqi problemləri ilə ustalıqla əlaqələndirirdi.
Görkəmli kinorejissor Rza Təhmasibin 1960-cı ildə çəkdiyi “Onu bağışlamaq olarmı?” bədii filmində aktyora ikinci planlı rol olan kapitan Qüdrət obrazı həvalə edilir. Filmdə ictimai asayişin keşiyində duran Qüdrətin sözü az olsa da, ictimai davranışın, nizam-intizam qaydalarının formal cəhətini, ailə və məişətdə, cəmiyyətdə şəxsiyyətini ali səviyyədə təsdiqləmək prinsiplərini peşəkar aktyor lirik və psixoloji nüanslarla göstərib. Filmdə biz Qüdrəti gah vəzifə başında cinayətin izinə düşərək araşdırma aparan, gah da dostu və məsləkdaşı olan Qayanın təlatüm, səksəkə içərisində yaşayan ailəsində təmkinli, səmimi davranışlarını görürük. Dram janrında çəkilən filmin bəzi kadrlarında gənclərin (Qüdrətlə Qumrunun) məhəbbət münasibətlərinə xəfif bir eyham da var. Bu kadrlarda aktyorun orijinal maneraları, replikaları, obraza uyğun vizual görünüşü dramatik hadisələrin gərginliyinin qismən də olsa azalmasına, məişətdə və ailədə mehribançılığın, qarşılıqlı anlaşmanın həyatın ən qiymətli hadisəsi kimi tamaşaçıya təqdim edilməsinə şərait yaradır. Dram aktyorunun psixoloji təsiretmə bacarığı filmin mahiyyətini genişləndirir, tamaşaçını bir anlıq da olsa, canilərin qaranlıq dünyasından, cinayət aləmindən uzaqlaşdırır, hadisələrin seyrçi yaddaşında hərtərəfli təhlil olunmasını təmin edir.
Aktyorun kino yaradıcılığındakı psixoloji nüansları dəqiq çatdırma bacarığını tamaşaçı Səməd Vurğunun “Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun 1960-cı ildə çəkdiyi eyniadlı bədii televiziya filmində də görür.
Əsərin televiziya filmi kimi ekranlaşdırılması nəzərdə tutulsa da, ssenarini yazan Kamil Rüstəmbəyov ona bədii film kimi quruluş verib. Bununla da Kamil Rüstəmbəyovun adı Azərbaycan kino tarixinə ilk bədii televiziya rejissoru kimi daxil olub. Filmdə əsas rollardan birini - Əmirxan obrazını yaratmaq H.Salayevə həvalə edilib. Az sayda aktyorun yer aldığı filmdə tərəf-müqabillərinin ekran dueti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
“Aygün” bədii televiziya filmi yeni ailə qurmuş gənclərin sosial həyat şəraitindən, qarşılıqlı münasibətlərindən bəhs edir. Filmin mövzusu bu gün də aktualdır. Çünki bu gün də ailədə gender bərabərsizliyini yaradan, evdə öz hökmranlığını bayağı şəkildə yeridən Əmirxanlar az deyil.
Yüksək qazanc əldə etdiyinə görə özünü qüsursuz kişi sayan Əmirxan vaxtının çoxunu əyyaş dostlarına sərf edir, ali təhsilli xanımının cəmiyyət arasına çıxmasına lüzum görmür, yeganə övladı ilə maraqlanmağa vaxt tapmır. Əmirxanın ailədən uzaqlaşıb içki dostlarına yaxınlaşması onun sevgi ilə qurduğu yuvasını itirməsi ilə nəticələnir.
Filmdə Əmirxan köhnəliyin, mövhumatçılığın, Aygün isə tərəqqipərvərliyin, yeniliyin nümunəsi kimi göstərilib. Əmirxan gec də olsa, cəmiyyətin cılız şəxsiyyəti olduğunun fərqinə varır. O, karyerasına ciddi yanaşmaqla ətrafındakıların hörmətini yenidən qazandıqdan sonra ailəsinə qayıdır. Lakin buna qədər tamaşaçı filmdə yetkinlik yaşına çatan qızını tək böyüdən ananın - Aygünün (Nəcibə Məlikova) məşəqqətlərini görür. Bu gün də aktuallığını itirməyən filmin yaradıcı heyəti qarşılarına qoyduqları məqsədin, yəni Azərbaycan ailəsinin davranış etikasını, bütövlük, dağılmazlıq prinsipini maksimum səviyyədə tamaşaçılara çatdıra biliblər.
H.Salayev yaratdığı hər bir obrazın xarakterik cəhətlərini kiçik ştrixlərinə qədər açır. O, Əmirxan rolunun tipik cəhətlərini çox kadrda monoifası ilə göstərərək aktyorluq potensialının çoxcəhətliliyini, fərdi iş üslubunu göstərmiş oldu. Sonda həyata sağlam düşüncə ilə baxan Əmirxan yalnız müsbət xarakterlərin, sağlam psixologiyanın həmişə insanlığı dəyərləndirən əsas səbəb olduğunu göstərməklə vicdan təmizliyinin varlığını təsdiqləyir. Psixoloji dram janrında çəkilən filmdə hadisələrin ziddiyyətlərinin açılması, əsərin mənasının tamaşaçıya çatdırılması məhz Həsənağa Salayevin yaratdığı Əmirxan obrazının üzərinə düşür. Onun kino yaradıcılığında daim nəzərəçarpan obrazların dəqiq mövqelərini çatdırmaq prinsipiallığı çəkildiyi bütün filmlərdə özünü göstərib.
Aktyorun epizodik rolları da yaddaqalan olurdu. Məsələn, “Görüş” filmində aktyorun yaratdığı Musa obrazı mülayim, səmimi keyfiyyətlərə malik olan bir personajdır. Üçüncü planlı rol olan Musanın insani keyfiyyətləri, həyatdakı dəqiq mövqeyi filmin hadisələrin axıcılığına rəvac verir, rejissor və müəllif ideyalarını səmimi formada tamaşaçıya çatdırır. Filmin baş qəhrəmanı Kamilin cahil hərəkətlərindən sonra ekranda görünən Musa obrazı mənfiliklə-müsbətin, yalanla-doğrunun təzadlı anlayışı kimi diqqəti cəlb edir. Musa məsləyinə, sevgisinə, insanlarla münasibətində dəqiq olan bir personajdır. Onun müsbət keyfiyyətləri, əsl azərbaycanlı kişisinə məxsus xarakterik cəhətləri filmin ideyasına tamlıq gətirirdi.
H.Salayev “Azərbaycanfilm” kinostudiyasında çəkilən bir neçə filmin səsləndirilməsində də iştirak edib. Aktyorun səsləndirdiyi rolların mənfi və ya müsbət olmasından asılı olmayaraq onun ahəngdar səs tembri obrazların şəxsi mənini, daxili aləmini tamaşaçıya tamlıqla çatdırır, dublyaj sənətinin ən azı kinonun özü qədər ciddi bir sənət növü olduğunu göstərirdi.
Həsənağa Salayev aktyorluq sənətində qazandığı uğurlara görə 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Yaradıcılığının ən müdrik çağında, 54 yaşında Həsənağa Salayev qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 1981-ci il oktyabrın 2-də dünyasını dəyişib.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı görkəmli müğənni, Xalq artisti Rəşid Behbudova həsr olunub.
Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Əslən Şuşalıdır.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır.
1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub.
1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək oranın solisti və bədii rəhbəri olub.
Dahi sənətkar 1989-cu il iyunun 9-da vəfat edib.